Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-238/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Balakən rayonu, Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 “NBC” bankda girovda olan “Mercedes Vito” markalı avtomobili girovdan çıxardıb həmin avtomobillə onu turizm şirkətinə sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib 2018-ci ilin mart ayının əvvələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə M.Araz küçəsinin kəsişməsində yerləşən “Görüş” kafesində hissə-hissə olmaqla 7000 manat pulunu, 14 mart 2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanın qarşısında 8200 manat pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 15.200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 “Finca” banka olan borcunu bağlayacağına dair yalan vəd verib 2018-ci ilin sentyabr ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Səməd Vurğun’' bağının qarşısında 1200 manat pulunu, daha sonra isə Zərərçəkmiş şəxs2 “Hilton” otelinə sürücü işinə düzəldəcəyinə dair yalan vəd verib 2018-ci ilin sentyabr ayının sonlarında eyni ünvanda 1000 manat pulunu alaraq verdiyi vədlərə əməl etməyib, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 2200 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 ona hərrac vasitəsilə “Kia Cerato” markalı avtomobil alacağına dair yalan vəd verib 01 oktyabr 2018-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 4 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin inzibati binasının qarşısında 1500 manat pulunu, 05 oktyabr 2018-ci il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanında yerləşən “Ana Kürüm” kafesində 1000 manat pulunu alaraq vədinə əməl etməyib, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2500 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid onun əsgər yoldaşı olmuşdur. Zərər çəkmiş şəxslərlə Ramilin arasında iş söhbəti olmuşdur. O, zərər çəkmiş şəxslərə onları işə düzəldəcəyinə dair, eləcə də Ramilin onları işə düzəldə biləcəyinə dair vəd verməmişdir. Ramil özü zərər çəkmiş şəxslərə onları işə düzəldəcəyini bildirmiş və bunun əvəzində onlardan pul almışdır. Pulların verilməsi zamanı orada olmamışdır. Ramil həmin pulları onunla bölüşməmiş, ümumiyyətlə, bu məsələlər Ramillə zərər çəkmiş şəxslərin öz aralarında olmuşdur. Sonradan zərər çəkmiş şəxslər Ramili tapa bilməmişlər. Ramil də onun tanışı olduğu üçün onun vasitəsi ilə tapmaq istəmişlər. Ona görə də ondan şikayət vermişlər. Həmçinin o, ibtidai istintaqda verdiyi ifadə kimi qeyd olunanlarla razı deyildir. Belə ki, o, latın hərflərini oxuya bilmir. O, sadəcə, ona imzalaması üçün verilən sənədlərə imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə almaqla məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Ceyhunla birlikdə Bakı şəhəri 27 saylı marşrut üzrə hərəkət edən avtobusda sürücü işləmişdir. Həmin vaxtdan onların tanışlığı yaranmışdır. 2018-ci ilin sentyabr ayının sonlarında Ceyhun ona zəng vuraraq, iri tutumlu avtobusa sürücü işi olduğunu, əgər işsizdirsə onu ora düzəldə biləcəyini demişdir. Ceyhun ona bu işi Ramil adlı tanışının həll edəcəyini bildirmişdir. O, işsiz olduğu üçün Ceyhunun təklifi ilə razılaşmışdır. Belə ki, elə həmin günün səhərisi o, Ceyhun və Ceyhunun tanışı olan Ramil adlı şəxslə Azadlıq metrosunun çıxışında görüşmüşdür. Ceyhun onu Ramillə tanış etmiş və yaxın tanışı olduğunu bildirmişdir. Ramil ona işin mahiyyəti barədə məlumat vermiş və bildirmişdir ki, sürəcəyi avtobus turistlər üçündür, aylıq əmək haqqı 800 manat olacaqdır. Ramil ona avtobusun pulunun bir hissəsini verdiyini, bir hissəsini isə banka salmaq şərti ilə verəcəyini demişdir. Ramil ona avtobusu bankda kreditə salmaq üçün Bakı qeydiyyatı olan bir nəfər lazım olduğunu bildirmiş və ona avtobusu onun adına qeydiyyata alıb bankdan kredit götürməyi təklif etmişdir. O, fikirləşmişdir ki, avtobus onun adına qeydiyyata alındıqdan sonra götürülmüş kredit ödənilməsə belə, ən pis halda avtobus əlindən alınacaq. O, razılıq vermişdir. İlk öncə Ramil ona istənilən «ASAN» xidmətdən adına olmuş kreditlərin siyahısını götürməli olduğunu demişdir. O, 1 saylı «ASAN» xidmətdə adına olan kreditlərin siyahısı barədə arayışı alaraq Ramilə vermişdir. Ramil arayışı ondan götürmüş, həmin günün səhərisi o, Ramillə görüşmüşdür. Ramil ona onun 2012-2013-cü illər gecikməsi olan krediti olduğu üçün adına yenidən kredit götürmənin mümkün olmadığını demişdir. Lakin Ramil ona bu işi həll edə biləcək “Xəyyam” adlı tanışının olduğunu və bunun üçün 1.500 manat pul lazım olduğunu demişdir. O, Ramilə demişdir ki, pulu tapsın, məsələ həll olunsun. Ramil isə pulunun olmadığını bildirmişdir. O, həmin vaxt «BMW 318» markalı **-NP-*** qeydiyyat nişanlı avtomobil idarə edirdi və həmin avtomobil ona məxsus idi. Ramil ona demişdir ki, onun avtomobilini içarəçi yanına qoyub pul götürərək bank məsələsini həll etsinlər və bankdan götürəcəkləri pul ilə onun avtomobilini qaytarsınlar. O, işsiz olduğu üçün Ramilin təklifi ilə razılaşmışdır. Belə ki, 01 oktyabr 2018-ci il tarixdə ona məxsus olan «BMW 318» markalı **-NP-*** qeydiyyat nişanlı avtomobili BDYPİ-də alqı-satqı əsasında Ramilgilin tapdığı digər Ceyhun adlı icarəçinin tanışının adına qeydiyyata aldırmış, bunun müqabilində Ceyhun onlara 2.200 manat pul vermişdir. Belə ki, onlar həmin pulun əvəzində 3300 manat pul ödəməli idilər. Həmin pulun 1500 manatını o, elə BDYPİ-nin həyətində Ramilə vermişdir. Bir neçə gün sonra Ramil ona zəng vuraraq avtobus məsələsinin alınmadığını bildirmiş, hərrac vasitəsilə ucuz qiymətə az işlənmiş “Kia Cerato” markalı avtomobil almasını təklif etmişdir. O, Ramilə pulu olmadığını demiş, Ramil isə ona onlarda olan 1.500 manat pulun üzərinə 1.000 manat da qoysa qapısında vuruğu olan, akkumulyatoru olmayan 2013-cü il buraxılışlı, qara rəngli “Kia Cerato” markalı avtomobil ala biləcəyini demişdir. Bundan başqa, Ramil ona ilkin ödənişdən əlavə, 36 ay aylıq 280 manat pulu ödəməli olduğunu demişdir. O, çarəsiz olduğu üçün Ramilin təklifi ilə razılaşmışdır. O, pul taparaq 05 oktyabr 2018-ci il tarixdə, saat 16 radələrində Nizami metrosunun yaxınlığındakı çayxanada Ceyhunun yanında Ramilə 1.000 manat pul vermişdir. Ramil ona 2-3 gün ərzində avtomobilin onda olacağını demişdir. Həmin gündən bir gün əvvəl qohumu X5 onunla telefon əlaqəsi saxlayıb onun üçün təxminən 6000-7000 manat dəyərində yaxşı vəziyyətdə olan Mercedes C-klass və E-klass markalı avtomobil tapmağını xahiş etmişdir. O, Ramilə bir nəfər tanışının da avtomobil istədiyini, əgər avtomobil varsa köməklik etməsini, onun üçün də almalarını demişdir. Ramil ona “Kia Cerato” markalı avtomobil olduğunu, qohumuna zəng vurub onunla danışmasını demişdir. O, Səxavətə zəng vuraraq, bu barədə ümumi məlumat vermişdir. Daha sonra telefonu Ramilə vermişdir. Ramil Səxavətə telefonda banka gecikməsi olduğunu, sonradan sahibinin əlindən alınmış, saz vəziyyətdə 2013-cü il buraxılışlı, ağ rəngli “Kia Cerato” markalı avtomobil olduğunu bildirmişdir. Həmin avtomobilə görə ilkin ödəniş 5.500 manat, 34 ay isə 240 manat pul verilməlidir. Səxavət Ramilin şərti ilə razılaşmışdır. Elə həmin gün o, Ramillə birlikdə İnşaatçılar metrosunun yaxınlığında Səxavətlə görüşmüş və Səxavət onun yanında Ramilə avtomobilə görə 5.500 manat pul və şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Ramil Səxavətə bu gün beşinci gün olduğunu, sabah hərrac olacağını, birinci gün isə avtomobili onun adına sənədləşdirəcəklərini demişdir. Ramil həmçinin öz mobil nömrəsini də Səxavətə vermişdir. 08 oktyabr 2018-ci il tarixdə o, Ramilə zəng vuraraq məsələnin nə yerdə olduğunu soruşmuş. Ramil ona görüşmək lazım olduğunu demişdir. O, Səxavətlə birlikdə Nizami metrosunun yaxınlığında olan çayxanada Ramillə görüşmüşdür. Görüş zamanı Ramil ona əvvəllər kredit götürdüyünü və həmin krediti ödəmədiyi üçün bankların qara siyahısında olduğunu, buna görə hələ işlərin alınmadığını bildirmişdir. O, həqiqətən də gecikdirilmiş kreditinin olduğunu bildirmişdir. Səxavət Ramilə hələ ki, onun işini düzəltməsini, sonra Elçinin işini düzəltməsini demişdir. Ramil Səxavətə avtomobilləri hərracdan satan “Elvin” adlı şəxsin avtomobilləri tək deyil, bir yerdə satdığını, ona görə də, onun işinin tək düzəlməyəcəyini bildirmişdir. Ramil onlara köməklik edə biləcəyini, onun adını bankların qara siyahısından çıxarda biləcəyini, lakin bunun üçün əlavə olaraq 2.000 manat pul lazım olduğunu bildirmişdir. Onlar Ramilə avtomobillərlə bağlı əlavə olaraq 2.000 manat da pul vermək qərarına gəlmişlər. Belə ki, 2018-ci ilin oktyabr ayının 9-dan 21-dək Səxavət onunla birlikdə 6 dəfəyə ümumilikdə 450, 400, 250, 200, 200 və 500 manat olmaqla, 2000 manat pulu Nizami metrosunun yaxınlığında olan çayxanada Ramilə vermişdir. Həmin pulların hamısı Səxavətə məxsus idi. Onlar 2.000 manat pulu tam şəkildə Ramilə verib qurtardıqdan sonra Ramil onlara 22.10.2020ci il tarixdə avtomobilləri onların adına sənədləşdirəcəyini demişdir. 22.10.2018-ci il tarixdə səhər saatlarında o, Səxavətlə birlikdə Nizami metrosunun yaxınlığıda olan çayxanada Ramillə görüşmüşdür, Ramil onlara onun adını qara siyahıdan çıxarmağın mümkün olmadığını demişdir. Ramil həmçinin onlara demişdir ki, hərrac işini görən “Elvin” adlı şəxs ona, əgər 3-cü avtomobil alınsa digər avtomobilləri də almağın problem olmayacağını demişdir. Onlar yenə də Ramilin təklifi ilə razılaşmışlar. Ramil onlara 3-cü avtomobilin ağ rəngli, 2015-ci il buraxılışlı “Hyundai Elentra” markalı avtomobil olduğunu, həmin avtomobilə görə ilkin ödəniş 6.200 manat, 34 ay isə aylıq 280 manat ödəniş edilməli olmasını bildirmişdir. Ramil həmçinin onların 2.000 manat pul verdikləri üçün ilkin ödəniş kimi 4.200 manat pul verəcəklərini demişdir. Onlar Ramillə razılaşmış, elə həmin gün Səxavət yaşadığı evdən 4.200 manat pulu götürüb, onunla birlikdə Nərimanov rayon ərazisində yerləşən “Tonqal” restoranının qarşısında saat təxminən 16 radələrində Ramillə görüşmüşdür. Səxavət onun yanında Ramilə qalan 4.200 manat pulu vermiş, Ramil sabah avtomobillərin hərracdan çıxacağını demişdir. 23.10.2018-ci il tarixdə o, yenidən Ramilə zəng vurmuş, Ramil ona narahat olmamasını, bu gün həll edəcəyini demişdir. Lakin həmin gün o, yenidən Ramillə əlaqə saxlasa da, Ramil onun telefon zəngələrinə cavab verməmişdir. O gündən sonra o dəfələrlə Ramilin istifadəsində olan mobil nömrəyə zəng vursa da, Ramilin telefonu cavab verməmiş, ya da ki, müxtəlif bəhanələr gətirərək işin tezliklə həll olunacağını demişdir. Daha sonra isə artıq Ramil telefonlara cavab verməmişdir. O da məcbur olub şikayət vermişdir Ona dəymiş ziyan ödənilmişdir. O, Ceyhuna pul verməmişdir və ondan heç bir şikayəti yoxdur. Ramillə əsgər yoldaşı olublar deyə Ramili tapmaq üçün Ceyhundan istifadə etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ramili təxminən bir ildən artıqdır ki, tanımışdır. Belə ki, o, Ramili əsgər yoldaşı olan və onun həmkəndlisi olan Elşən Qarayev vasitəsilə tanımışdır. 2018-ci ilin sentyabr ayında tanışı Elşən onunla əlaqə saxlayaraq bir nəfər dostuna sürücü lazım olduğunu və məsləhət bildiyi üçün əlaqə nömrəsini ona verdiyini, həmin şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Birazdan bir nəfər şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünü Ramil adı ilə tanış etmiş və işlədiyi şirkətə sürücü lazım olduğunu, 800 manat aylıq maaş alacağını bildirmişdir və ona həmin şirkətə sürücü kimi işə düzəltməsini təklif etmişdir. O, da onun təklifi ilə razılaşmış və həmin gün Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən çay evinə gəlmiş, həmin Ramil adlı şəxslə tanış olmuşdur. Həmin vaxt Ramil yanında olan bir nəfər Ramil həmin şəxsi ona təqdim edərək adının Ceyhun olduğunu bildirmişdir. Orada olan zaman Ramil ona, avtosalondan “X9” markalı avtomobilləri alıb ona və başqa bir neçə nəfər sürücüyə verəcəyini və bundan sonra onu “Hilton” otelinə sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Ramil ondan həmin işə düzəlməyi üçün sağlamlıq arayışı, özünə məxsus olan sənədlərinin kserosurətini və digər sənədləri istəmişdir. Bundan əlavə, Ramil onun banka borcunun olubolmadığını soruşmuşdur. O da “Finca” banka 1200 manat borcu olduğunu demişdir. Ramil ona əgər banka borcu varsa alacağı avtomobili onun adına qeydiyyata sala bilməyəcəyini demişdir. Ramil 1200 manat pulu ona verilməsini və o, özü bankın işçisi ilə danışıb banka olan borcunu ödəyəcəyini bildirmişdir. Bu məqsədlə də, o, 2018-ci ilin sentyabr ayının ortalarında Nəsimi rayonu, S.Vurğun bağının yaxınlığında Ramillə görüşərək ona 1200 manat pul vermişdir. Həmin vaxt ikisindən başqa orada başqa heç kim olmamışdır. Bu vaxt Ramil ona təxminən 2-3 günə kimi işini həll edəcəyini və onun “Hilton” otelində sürücü kimi işə başlayacağını söyləmişdir. Sonra yenidən Ramil ona avtomobil salonundan aldığı və onun idarə edəcəyi “X9” markalı avtomobili onun adına sənədləşdirməli və bunun üçün də 1000 manat pul verməli olduğunu demişdir. Həmin vaxt Ramil ona işə çıxdıqdan sonra 2 aylıq maaşının ona birdəfəlik veriləcəyini qeyd etmişdir. O da Ramilin vədlərinə inanmış və bir neçə gün sonra həmin 1000 manat pulu Nəsimi rayonu, S.Vurğun bağının yaxınlığında Ramilə vermişdir. Bundan bir neçə gün sonra Ramil onunla əlaqə saxlamış, Nəsimi rayonu, Səməd Vurğun bağında görüşmüş və Ramillə birlikdə DİN-nin BDYPİ-nə getmişlər. O, çöldə gözləmiş və Ramil özü DİN-in BDYPİ-nin inzibati binasına girmişdir. Təxminən yarım saat sonra Ramil çölə çıxaraq ona almaq istədiyi avtomobilin texniki baxışdan keçirilmədiyini və sığortası olmadığını, buna görə də həmin gün avtomobili adına sənədləşdirə bilməyəcəyini demişdir. Onlar geriyə qayıtmış və Ramil özü onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən iki-üç gün sonra o, Ramil ilə əlaqə saxlamış və Ramil ona müxtəlif bəhanələr gətirərək yalan vədlər verməyə başlamışdır. Bir müddət sonra o, Ramillə əlaqə saxlayıb işinin olmadığını və dolana bilmədiyini demiş, ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Ramil isə özündə bir “VAZ 2106” markalı avtomobil olduğunu və həmin avtomobili taksi fəaliyyəti ilə məşğul olmağı üçün müvəqqəti ona verə biləcəyini, söz verdiyi işi həll etdikdən sonra isə onun avtomobilini qaytarmasını təklif etmişdir. O, da Ramil ilə razılaşmış və onlar görüşmüşlər. Ramil onun yanında mobil telefonla kiməsə zəng edərək danışmışdır. Səhərisi gün Ramil onunla əlaqə saxlayıb avtomobilin gəldiyini, lakin avtomobilə quraşdırılmış əlavə avadanlıq olduğuna görə avtomobilin yol polisi əməkdaşları tərəfindən saxlanılaraq Badamdar qəsəbəsində yerləşən DYP-nin cərimə meydançasında olduğunu bildirmiş və bir az gözləməyi, yaxın müddətdə ona pul gələcəyini və gedib avtomobili çıxararaq ona idarə etməyi üçün verəcəyini demişdir. Bir qədər keçdikdən sonra Ramildən xəbər çıxmadığı üçün o, təkrar onunla əlaqə saxlamış və işin nə yerdə qaldığını soruşmuşdur. Həmin vaxt Ramil gedib DYP-nin cərimə meydançasından VAZ-2106 markalı avtomobili çıxarmağı təklif etmişdir Həmin gün Nəsimi rayonu, Səməd Vurğun bağında Ramillə görüşmüş və onlar birlikdə Badamdar qəsəbəsində yerləşən DYP-nin cərimə meydançasına getmişlər. Orada Ramil ona göy rəngli dövlət qeydiyyat nişanına fikir vermədiyi bir avtomobil göstərib dediyi avtomobilin bu olduğunu bildirmiş və gedib DYP əməkdaşları ilə danışacağını demişdir. Bundan sonra o, orada avtomobilin yanında gözləmiş və Ramil harasa getmişdir. Təxminən 20 dəqiqə sonra Ramil gəlib iş qurtardığı üçün sabah avtomobili cərimə meydançasından çıxarçağını bildirmişdir. Onlar oradan şəhərə qayıtmışlar. Bundan sonra o, dəfələrlə Ramillə əlaqə saxlayıb işinin nə yerdə qaldığını soruşsa da o, hər dəfə ona müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Sonra o, ondan artıq işə düzəlmək istəmədiyini bildirmiş, verdiyi cəmi 2200 manat pulu qaytarmasını tələb etmişdir. Ramil bir neçə dəfəyə hissə-hissə ona 450 manat pul qaytarmışdır. Lakin, sonradan onun zənglərinə cavab verməmiş və nəticədə onu “Hilton” otelinə sürücü kimi işə düzəldəcəyi ilə bağlı və idarə edəcəyi avtomobili onun adına sənədləşdirəcəyi ilə bağlı verdiyi vədlərə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. O, Ramil tərəfindən aldadıldığını başa düşdükdən sonra polisə bu barədə məlumat vermişdir. Sonra Ramil onun pulunu qaytarmış, o da şikayətini geri götürmüşdür. O, Ceyhunu Ramilin vasitəsilə tanımışdır. Onun Ceyhunla heç bir işi olmamışdır. Ceyhun sadəcə hadisələr zamanı Ramilin yanında olmuşdur. Onun Ceyhundan heç bir şikayəti olmamışdır və hazırda da yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2 il bundan əvvəl iş yoldaşı Samirlə söhbət edən zaman ona iş axtardığını bildirmişdir. Samir də bir nəfər Ceyhun adında tanışının olduğunu və camaata müxtəlif işlər düzəltdiyini bildirmiş və ona həmin Ceyhun adlı şəxslə görüşməyi təklif etmişdir. O da razılaşmışdır. Samir onun nömrəsini Ceyhuna vermiş, özünün ona zəng edəcəyini demişdir. Ceyhun və Ramillə birinci dəfə Bayıl qəsəbəsində görüşmüş, oradan da Şamaxinka adlanan yerə getmişlər. Ceyhun turizm işi olduğunu, sürücü kimi işləyə bilib-bilməyəcəyini soruşmuşdur. O işsiz olduğundan razılıq vermişdir. Sonra maşının yiyəsinin banka borcu olduğundan maşının girovda olduğunu və girovdan çıxarmaq üçün pul lazım olduğunu demişlər. O, pulu tapıb maşını çıxarmalarını təklif etmiş, lakin onlar 65.000 manatdan çox pul lazım olduğunu, pulun yarısının olduğunu, qalanını da tapsalar maşını çıxara biləcəklərini demişlər. Əvvəlcə Ramil 7.200 manat lazım olduğunu bildirmişdir. O də hissə-hissə tapıb o pulu vermişdir. Sonra da evin qızıllarını lombarda qoyub 8.000 manat pul götürüb vermişdir. Cəmi 15.200 manat pul vermişdir. O, pulları Ramilə vermişdir. Ceyhuna isə sayması və pulun məbləğinə şahid olması üçün vermişdir. Ceyhun pulları sayaraq Ramilə vermişdir. Lakin sonra onlardan heç bir xəbər çıxmamış, onları tapa bilməmişdir. Buna görə də atası bu barədə polisə məlumat vermişdir. Ceyhundan heç bir şikayəti yoxdur. Ramili tapa bilmədiklərindən və Ceyhun vasitəsilə tapmaq istədiklərindən Ceyhundan da şikayət vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə əsgərlikdə olarkən tanış olmuş və onunla həmin vaxtdan yaxşı münasibəti yaranmışdır. Novruzov X6 iş yoldaşı olmuşdur. Elçinlə Ceyhun kafedə bir stol arxasında oturan zaman onların oturduğu stola yaxınlaşmış, Elçinlə həmin vaxt tanış olmuşdur. Söhbət vaxtı turizm şirkətinə sürücü lazım olduğunu demiş, Elçin də onu həmin işə düzəltməyini xahiş etmişdir. O, Elçinə işin mahiyyəti barədə məlumat vermiş və bildirmişdir ki, sürəcəyi avtobus turistlər üçündür, aylıq əmək haqqı 800 manat olacaqdır. O, Elçinə bunun üçün avtobus lazım olduğunu bildirmiş, avtobusun pulunun bir hissəsini verdiyini, bir hissəsini isə banka salmaq şərti ilə verəcəyini demişdir. Elçinə avtobusu bankda kreditə salmaq üçün Bakı qeydiyyatı olan bir nəfər lazım olduğunu bildirmiş və Elçinə avtobusu onun adına qeydiyyata alıb bankdan kredit götürməyi təklif etmiş, o da razılıq vermişdir. Sonra məlum olmuşdur ki, Elçinin bankda gecikmələri var deyə ona kredit verilmir. O, Elçinə bu işi həll edə biləcək “Xəyyam” adlı tanışının olduğunu və bunun üçün 1.500 manat pul lazım olduğunu demişdir. Elçin həmin pulu tapıb ona vermiş, lakin onun gecikmələrini silmək mümkün olmamışdır. Bundan sonra o, Elçinə hərrac vasitəsilə ucuz qiymətə az işlənmiş “Kia Cerato” markalı avtomobil almasını təklif etmiş, o isə pulunun olmadığını demişdir. O, Elçinə onda olan 1.500 manat pulun üzərinə 1.000 manat da qoysa qapısında vuruğu olan, akkumulyatoru olmayan 2013-cü il buraxılışlı, qara rəngli “Kia Cerato” markalı avtomobil ala biləcəyini demişdir. Elçin onun təklifi ilə razılaşmış və Nizami metrosunun yaxınlığındakı çayxanada ona 1.000 manat pul vermişdir. Lakin həmin məsələ də alınmamışdır. Elçin ümumilikdə ona 2.500 manat pul vermiş, o da sonradan barəsində aparılan məhkəmə istintaqı zamanı Elçinin pulunu qaytarmışdır. Aralarında barışıq olmuş və Elçinin ondan şikayəti olmamışdır. Zərərçəkmiş şəxs1 da Ceyhunun iş yoldaşı olmuş, onu da Ceyhun vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 də eyni ilə Zərərçəkmiş şəxs3 verdiyi vədləri vermiş və bunun müqabilində ondan ümumilikdə 15.200 manat pul almışdır. Lakin Samirə verdiyi vədə də əməl edə bilməmiş və məhkəmə istintaqı zamanı ona vurulmuş ziyanı qaytarmışdır. Aralarında barışıq olmuş və Samirin ondan şikayəti olmamışdır. Zərərçəkmiş şəxs2 da eynilə digər zərər çəkmiş şəxslərə dediyi kimi onu sürücü işinə düzəldəcəyinə və banka olan borcunu bağlayacağına dair vəd vermiş, həmin məsələlər alınmadıqda onun adına iki ədəd avtomobil rəsmiləşdirəcəyinə söz verərək ondan ümumilikdə 2.200 manat pul almışdır. Lakin vəd verdiyi iş alınmamış və Elvinin təkidi ilə 450 manat pulu qaytarmış, qalan pulu isə sonradan tam şəkildə geri qaytarmışdır. Elvinlə barışmış və Elvinin ondan şikayəti olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Ceyhunun vasitəsilə tanısa da, onun zərər çəkmiş şəxslərlə aralarında gedən danışıqlarda Ceyhun iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 isə Ceyhunla öncədən hər hansı tanışlığı olmamışdır. O, Elvini əsgər yoldaşı olan Elşən Qarayev vasitəsilə tanımışdır. Həmçinin, o, zərər çəkmiş şəxslərdən aldığı pulları Ceyhunla bölüşdürməmiş, Ceyhuna ümumiyyətlə pul verməmiş və bu barədə aralarında danışıq da olmamışdır. İş materiallarında olan: - “Axtarış elan edilmə barədə” 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (İV cild, i.v.4-5); - “Axtarışda olan şəxsin tutulmasına dair” 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən yaxalanaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir (İV cild, i.v.10); - “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v.63-64); - “Şəxsin tutulması haqqında” 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün 23 yanvar 2021-ci il tarixdə tutularaq saxlanılmasından ötrü Nərimanov RPİ-nin MSY-nə verilmişdir (İV cild, i.v.76); - “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə Nərimanov RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İV cild, i.v.96); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.94-95). - AA seriyalı, ******* saylı şəxiyyət vəsiqəsinin surətindən görünür ki, X1 08.06.2015-ci il tarixdə doğulmuşdur. - AZE seriyalı, 18818409 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 17.09.2006ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Bayramova Gülnamədir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmünə əsasən, Şahid tanışı Təqsirləndirilən şəxs ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 “NBC” bankda girovda olan “Mercedes Vito” markalı avtomobili girovdan çıxardıb həmin avtomobillə onu turizm şirkətinə sürücü kimi düzəldəcəyinə dair yalan vəd verib 2018-ci ilin mart ayının əvvələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə M.Araz küçəsinin kəsişməsində yerləşən “Görüş” kafesində hissə-hissə olmaqla 7000 manat pulunu, 14 mart 2018-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, ünvan 1 ünvanın qarşısında 8200 manat pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 15.200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Şahid tanışı Təqsirləndirilən şəxs ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən özgənin əmlakını etibardan suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2, onun “Finca” banka olan borcunu bağlayacağına dair yalan vəd verib 2018-ci ilin sentyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Səməd Vurğun” bağının qarşısında 1200 manat pulunu, həmin ərəfədə ünvan 2 ünvanında yerləşən “Səməd Vurğun” bağının qarşısında 1000 manat pulunu alaraq, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 2200 manat məbləğində pulu ələ keçirərək, Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Şahid tanışı Təqsirləndirilən şəxs ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3, ona hərrac vasitəsilə “Kia Cerato” markalı avtomobil alacağına dair yalan vəd verib 01 oktyabr 2018-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 4 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin inzibati binasının qarşısında 1500 manat pulunu, 05 oktyabr 2018-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanında yerləşən “Ana Kürüm” kafesində 1000 manat pulunu alaraq vədinə əməl etməyib, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2500 manat məbləğində pulu ələ keçirərək, qeyd olunan məbləğdə Zərərçəkmiş şəxs3 ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd edilən hökm üzrə Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 7000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4cü maddəsinə əsasən Şahid 25 fevral 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 14 (on dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində qəti olaraq 3000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Şahid ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi hazırda qanuni qüvvədə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə də təsdiq edilir və həmin hökmlə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Həmin Məcəllənin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsini inkar etsə də, bu ifadə həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və Şahid ibtidai istintaq zamanı verdikləri ifadələri daha səmimi və inandırıcı hesab edir. Belə ki, hazırda zərər çəkmiş şəxslərə dəymiş zərər ödənildiyindən onlar Təqsirləndirilən şəxs şikayətlərinin olmadığını bildirmişlər. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü üzrə Şahid etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin (X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1) ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 17 yanvar 2021-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək və 23 yanvar 2021-ci il tarixindən 25 yanvar 2021-ci il tarixinədək, yəni 04 (dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək və 23 yanvar 2021-ci il tarixindən 25 yanvar 2021-ci il tarixinədək, yəni 04 (dörd) gün həbsdə saxlanılma müddəti nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 4700 (dörd min yeddi yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-238/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-238/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver