Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-238/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X4 tərəfindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, İnstapover maliyyə şirkəti 2022-ci ilin avqust ayından Bakı şəhərində başlamasına dair məlumatı olmuşdur. Bu zamana qədər həmin şirkətin nə işlə məşğul olduğunu və fəaliyyətlərinə dair heç bir məlumatı olmamışdır. Qardaşı Mirzəfəəhəmin şirkətin Lisa və Cessika adlı menecerləri işgüzar təkliflər etmişdilər. Qardaşı onlara onun hüquqşünas kimi, xüsusən də hüquqi şəxslərə korporativ xidmətlərin göstərilməsi, lisenziyalaşdırılması və eyni zamanda xarici dil biliyi haqqında onlara məlumat vermişdir. Həmçinin qardaşından Bakı şəhərində onlara rəsmi şirkətin filialının və ya nümayəndəliyinin açılmasını və lazım olararsa dövlət orqanları ilə bütün rəsmiləşdirmə işlərinin aparılmasını qardaşından xahiş etdilər. Hazırda isə Honkong şəhərində fəaliyyət göstərdiklərini bildirmişdilər. Qardaşı da onlardan şirkətlərinin rəsmi təsisçi sənədlərini istəmişdilər. Onlar isə nədənsə təsisçi sənədlərini göndərmədilər. Təkcə lisenziya göndərdilər. Bu isə Bakı şəhərində beynəlxalq şirkət açmaq üçün kifayət deyildi. Onlar artıq Orxan və Leyla adlı şəxslərlə şirkətin marketinq işinə başladıqlarını və ofis üçün ilkin icarə yeri tutduqlarını qeyd etdilər. Qardaşı isə şirkətə bildirdi ki, belə fəaliyyət qanunsuzdur. Rəsmi şirkət açıb işçilərə rəsmi maaş verilməlidir. Çünki polis və vergi xidməti ilə problem yaşaya bilərlər. Onlar isə bildirdilər ki, qardaşı hər şeyi rəsmi etmək və sənədləşdirmək üçün hüquqşünas kimi xidmətindən yararlanmaq istəyir. Həmçinin onlar bildirdilə ki, onlar Azərbaycanda qiymətli kağız bazarına daxil olub, qiymətli kağızların emissiyası ilə də məşğul olmaq niyyətindədirlər. Həmin ərəfədə menecerlər qardaşına bildirmişdilər ki, hazırda təsisçilər Dubaydadır və Bakı şəhərinə gəlib Alov qüllələrində rəsmi ofis icarəyə götürəcəklər və qardaşı da rəsmi olaraq işə qəbul edəcəklər. Şirkətin bütün təsisçi sənədlərini də özləri ilə gətirəcəklər. Qardaşı da Bakıda rəsmi şirkət açmağa və onların hüquqi işləri ilə məşğul olmaqda onlara köməklik edəcəklər. Bu şərtlər çərçivəsində şifahi və yazılı razılıq olmuşdur. Razılaşmaya əsasən qardaşı ingilsicə bilmədiyindən bütün sənədlərin tərtibat işlərini o görməli idi, qardaşı isə həmin sənədləri müxtəlif orqanlara təqdim etməli və prosesi təqib etməli, bu barədə ona və şirkəti açmaq istəyən şəxslərə məlumat verməli idi. Qardaşı ilə onların razılaşmalarına əsasən Cessika həmin gün pulu qardaşı Mirzəfərə göndərməli idi. Nümayəndəlik açıldıqdan sonra isə qardaşı aylıq 10 min manat rəsmi maaşlı işlə təmin edəcəklərini bildirmişdilər. Ödəniş məsələsinə gəldikdə onlara təklif etdilər ki, ödənişlər bank hesabı üzərində olmalıdır və bu yöndə rəsmi qəbz təqdim edildikdən sonra işə başlanılacaqdır. Onlar bunun müqabilində bildirdilə ki, əcnəbi olduqları üçün hələ bank hesabı açmamışlar və əməliyyatın bu yöndə aparılması üçün onların əlində hüquqi mexanizm yoxdur. Ancaq ödənişi elektron ödəniş vasitəsilə, yəni PashaPay MMC-nin M10 tətbiqi vasitəsilə 46 min manat pulu beh kimi də göndərməli idi. Onlar məbləği qardaşının elektron hesabına M 10 tətbiqinə göndərdilər. Razılaşmaya əsasən məbləğ tam ödənilkdikdən sonra Qardaşı işə başlamalı idi. Qalan 54 min manatı isə şirkətin rəsmi işçiləri Dubaydan gəldikdən sonra rəsmi müqavilə imzalanan kimi təsisçi sənədləri ilə birlikdə verəcəklərini qardaşına bildirmişdilər. Ümumilikdə hüquqi xidmətlərinə görə qardaşıma 100 min manat pul ödənilməli idi. Bu səbəbdən qardaşı məcbur qalıb razılaşdı və şirkətin əsl işçilərinin etibarnamə və təsisçi sənədləri ilə gəlməsini gözlədik. Nəticə olaraq ilkin avans hesaba oturmuş və Qardaşım sadəcə sənədləri və təsisçinin xaricdən gəlməsini gözləyirdik. Mən də ingilis dilini yaxşı bildiyim üçün qardaşıma köməklik etməli idim. Onlar üçün müqavilə hazırladıq, Alov qüllələrində ofis icarəsi ilə də maraqlandılar. 5 gün sonra yəni xx.xx.2023cü il tarixdə onların sistemi qəfil dayandırıldı. Səbəbini soruşduqda Lisa 2 günə düzələcəyini bildirdi. 1 gün sonra qardaşından ödədikləri pulun geri qaytarılmağını tələb etdi. Qardaşı da ona pulu kredit borclarına xərclədiyini bildirdi. Bundan sonra qardaşına cavab vermədilər. xx.xx.2023-cü il tarixdə Leyla bildirdi ki, qeyri-qanuni fəaliyyətlərinə görə daha şirkət bağlanıb əri Orxan da həbs edilib. İnspower şirkətinin dələduzluq fəaliyyəti ilə bağlı şikayət edildiyini bildirdi. Qardaşı şirkətlə əlaqə yarada bilmədiyinə görə BMCMİ-nə getdilər. Daha sonra Orxanın atası Rasim ondan oğlu və gəlini Leylanın işi ilə maraqlanmağını xahiş etdi. O da Rasimlə müqavilə bağlayıb onların işi ilə maraqlandı. Orada olarkən müstəntiq Ceyhun müəllimə orderləri təqdim etdi. İdarənin rəisi Emin müəllim də onu qəbul etdi. Ondan Orxan və Leylanın buraxılmasını xahiş etdi. Onun xahişi ilə Leyla 1 saata sərbəst buraxıldı. Həmin vaxt müstəntiq orderləri ona qaytardı və dedi ki, başqa işləri var həmçinin ər ve arvada eyni anda vəkili olmağımı qəbul edə bilməz məni daha sonra onu çağıracaq. Orxanı da çıxartmaq üçün Mirzəfər və vəkil dostu Adəm müəllimlə birlikdə sübutlar toplayıb yenidən gəlməli idi. Sonradan Leyla bildirdi ki, qardaşından yəni o, qardaşı və Adəm müəllimdən imtina edir. Qardaşıma bildirdi ki, müstəntiq Ceyhun müəllim sonradan ona deyib ki, şirkətin qardaşına ödədiyi 46 min manat pulu qardaşından alıb ona versin. Qardaşı ona pulu müstəntiqə verməkdən imtina etdiyini bildirdikdə Leyla da vəkillərin hüquqi xidmətindən imtina etdi. Bu səbəbdən qardaşından şirkətin göndərdiyi pulu ona verməyini tələb etdi. O isə bildirdi ki, pulu şirkət göndərib. O pul şirkətə məxsus olub, pul sənin deyil. Leyla isə bildirdi ki, pul onun M 10 hesabı vasitəsi ilə göndərilib. Sonra isə dedi ki, guya pulu özü şəxsən göndərib. Daha Əgər şirkətin pulunu harasa göndərmək səlahiyyətləri Leylaya verilmişdirsə gedib digər problemlərini də həll edərdilər. Bildirmək istəyir ki, Leylanın M 10 hesabı həm onun telefonunda həm də Cessikanın telefonunda aktiv olub. Cessika da Leylaya həmin M 10 hesabına daxil olmağı qadağan etmişdi. Bir neçə dəfə Leyla ora daxil olanda ona xəbərdarlıqlar da edilib. Çünki orada daim külli miqdarda pullar olurdu. Həmin şirkətin aylıq dövriyyəsi 1-2 milyon manat civarında idi. Bu səbəbdən o şirkət 100 min manatı asanlıqla verirdi. Qardaşı da belə pul qazanan şirkətin işlərini ucuz etməyə borclu deyildi və həmçinin şirkətin qiymətli kağızlar bazarına girmək istəməsi və qardaşını gözləyən kompeks işləri nəzərə aldılar. Bunu Leyla özü də qardaşına bildirmişdi. Qardaşı şirkətlə iş görməyə razılaşanda onun hər hansı dələduzluq fəaliyyəti və cinayət əlaqəsinin olmasını bilməmişlər. Pulu yalnız qardaşından şirkət özü rəsmi qaydada məhkəmə yolu ilə tələb edə bilər. Qardaşı Leylaya qanunvericiliyin tələblərini izah etdi. Öhdəçiliyin qardaşım tərəfdən deyil şirkət tərəfindən pozulduğunu bildirdi. Şirkətin ödədiyi pulu qardaşımdan yalnız mülki qaydada məhkəmə yolu ilə şirkət tərəfindən tələb etmək hüququnun olduğunu bir daha bildirdi. Qardaşı aralarındakı əqdi pozmağına görə və pulunu tam həcmdə ödəmədiyinə şirkət barədə məhkəməyə şikayət etmək hüququmuzun olmağını bildirdi. O isə ona öyrədilənləri təkrar etməyə başladı. Məlum oldu ki, Leyla və qohumları şirkətin bağlanmağından sui istifadə edib özlərinin olmayan pulu qanunsuz olaraq geri almaq istəyirlər. O isə nə Leyladan, nə şirkətdən 1 manat da pul almamışam. Leyla özü tapşırığı icra edən insan olub. Kasıb ailədirlər onların o məbləğdə pul verməyə imkanları yoxdur. Bu zəmində aralarında sözlü narazılıq yarandıqdan sonra Leyla əvvəlcə Vəkillər Kollegiyasma müraciət edərək 46200 azn pulun ona məxsus olması və onun mənimsəməyi ilə bağlı yalan dolu şikayət ərizəsi yazdı. Bu barədə əvvəlcə Baş İdarədə araşdırma getdi. Qardaşı da baş idarəyə göndərdiyi müraciətlər ərazi üzrə Nəsimi RPİ-nə göndərildi və orada xx.xx.2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Şirkətin qardaşına göndərdiyi behin qaytarılması ilə bağlı iddianın mülki xarakterli olması barədə tərəflərə izah da verildi. Öhdəçilik məhz şirkət tərəfindən pozulduğuna görə qardaşı şirkətin qardaşına korparativ hüquqşünas kimi ödədiyi behi nə Leylaya, nə də ki şirkətə qaytarmağa borclu deyillər. Çünki o bu işdən pul əldə etməmişdir. Pul barədə şirkətlə və digər şəxslərlə danışan və pulu alan da qardaşı Mirzəfər olub. Onlara dəfələrlə izah etmişlər ki, şirkətin bağlanması və digər öhdəlikləri pozması qardaşının problemi deyil. Leylanın böhtan dolu ərizələri nəticəsində bilə-bilə onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xəlil dəymişdir. Belə ki, Leyla onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaq, onun bir insan kimi şərəf və ləyaqətinə ləkə yaxmışdır. Leyla yalan məlumat yayarkən birbaşa qəsdinin olduğunu anlamış, onun yaydığı məlumatların həqiqi olmadığını bilmiş , və həmin məlumatları yayarkən mənim şərəf və ləyaqətini ləkələyərək məni nüfuzdan salmaq niyyətində idi. Qeyd edilənlərə əsasən X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair maddələr ilə ittiham hökmü çıxarılmalıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması və şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəblərinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə görə CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Yuxarıda göründüyü kimi yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymanın cinayət tərkibi yaratması üçün zəruri element onun yayılmasının kütləviliyidir ki, hazırki iş üzrə şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması ehtimal edilən məlumatların kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması müəyyən edilməmişdir. Buna görə də məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmaması qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Bunun əvəzində xüsusi ittiham qaydasında şikayət vermiş X4 tərəfindən xx.xx.2024cü il tarixdə məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə verilsə də həmin sənədin məzmunundan aydın olur ki, bu, ilkin olaraq verilmiş şikayət ərizəsinə əlavə deyil, yeni şikayət ərizəsi mahiyyətindədir. Bundan başqa, həmin əlavədə də CPM-in 293.3.6-cı maddəsinin tələbləri pozulmaqla verildiyi tarix (il, ay və gün) və yer tərtib edildiyi yer qeyd edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-238/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-238/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver