Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-24/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Ağdam şəhəri, Vidadi küçəsi ev 11-də qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 mart 2021-ci il tarixdə saat 18:50 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007ci məhəllədə yerləşən, insanların giriş-çıxışı üçün sərbəst olan “Bravo” hipermarketin daxilində fəaliyyət göstərən “McDonalds” restoranına daxil olub ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 15 manat dəyərində olmaqla ümumilikdə 30 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 800 manat dəyərində “Samsung Galaxy S10 Plus” markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 aprel 2021-ci il tarixdə saat 13:52 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən, insanların giriş-çıxışı üçün sərbəst olan “Bravo” hipermarketin daxilində fəaliyyət göstərən “McDonalds” restoranına daxil olub ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 900 manat dəyərində “X3 9” markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 906 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 fevral 2021-ci il tarixdə yaşadığı evdən çıxıb 20 yanvar metrosunun yaxınlığına getmişdir. O, arada bir 20 yanvar metrostansioyasının yaxınlığında yerləşən suvenir mağazalarına gedərək həmin mağazalarda satılan antikvar əşyaları alıb İçərişəhərə apararaq orada baha qiymətə sataraq dolanmışdır. Həmçinin, bəzən 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketin içərisindəki “McDonalds” restoranına girib həmin restoranda yemək yemiş və şərait yaxşı olduğu üçün rahat yuyuna bilsin deyə oranın tualetinə getmiş və yuyunmuşdur. 18 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində həmin “McDonalds” restoranına getmiş və yemək üçün nə alacağına qərar vermək məqsədi ilə retoranın içərisində biraz gəzmişdir. Bu zaman restoranda olan masanın üzərində sahibsiz mobil telefon olduğunu görmüş və həmin mobil telefonu gizlin götürüb oğurlayıb sataraq əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləməyi qərara almışdır. Bu niyyətlə də ətrafına baxıb heç kimin ona tərəf baxmadığına tam əmin olduqdan sonra həmin mobil telefonun qoyulduğu masaya yaxınlaşmış və masanın üzərində olan mobil telefonu götürüb cibinə qoymuşdur. Bundan sonra həmin restorandan heç nə sifariş etmədən çıxıb oradan uzaqlaşmışdır. Biraz uzaqlaşdıqdan sonra həmin mobil telefona baxıb “Samsung Galaxy S 10 Plus” markalı mobil telefon olduğunu görmüşdür. Həmin telefonun üzərində olan iki nömrəni çıxarıb atmışdır. Mobil telefonu isə aparıb 3-cü mikrorayon dairəsində tanışı Elşən adlı şəxsə 200 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, 06 aprel 2021-ci il tarixdə o, yenə də həmin restorana gəlmişdir ki, sahibsiz qalmış mobil telefon görsə və imkan tapa bilsə oğurlayıb ehtiyaclarını ödəsin. Bu məqsədlə də, 06 aprel 2021-ci il tarixdə təxminən saat 13-14 radələrində o, həminki “McDonalds” restoranına gəlmişdir. Bu zaman ətrafa nəzər yetirərkən restoranda olan masalardan birinin üzərində yenə də mobil telefon olduğunu və həmin masanın yanında heç kimin olmadığını görmüşdür. Bu niyyətlə də ətrafına baxıb heç kimin ona tərəf baxmadığına tam əmin olduqdan sonra mobil telefonun qoyulduğu masaya yaxınlaşmış və masanın üzərində olan mobil telefonu götürüb cibinə qoymuşdur. Bundan sonra o, restorandan çıxıb oradan uzaqlaşmışdır. Biraz uzaqlaşdıqdan sonra oğurladığı mobil telefona baxıb “X3 9” markalı mobil telefon olduğunu görmüşdür. Həmin telefonun üzərində bir ədəd nömrə olmuş və çıxarıb atmışdır. Həmin telefonu da aparıb 3-cü mikrorayon dairəsində tanışı Elşən adlı şəxsə 120 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Həmin iki oğurluq əməllərindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. İfadəsinin sonunda törətdiyi əməlləri etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayətçi olmadığını bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsi tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 06 aprel 2021-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin daxilində olan “McDonalds” kafesinə getmişdir. Elektron lövhədə sifarişini etdikdən sonra kafedə özünə məxsus olan çantasını və mobil telefonunu qoyaraq kassa aparatlarına sifarişi götürmək üçün yaxınlaşmışdır. O, sifarişini götürüb yenidən masaya qayıdan zaman masanın üzərində qoyduğu özünə məxsus olan 1 ədəd “X4 9” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Belə ki, naməlum şəxs onun masanın yanında olmadığını görərək, rahat şəkildə masanın üzərinə qoyduğu mobil telefonunu oğurlamışıdır. O, “McDonalds” restoranında olan zaman əl çantasını və telefonunu həmin restoranda masanın üzərinə açıq vəziyyətdə qoymuşdur. Həmin telefonu 2019-cu ilin sentyabr ayında kreditlə 2000 min manata almış, ancaq onun real dəyəri 1800 manatdır. Lakin hazırda həmin mobil telefonun istifadədə olmasını və aşınmasını nəzərə alaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizanın 17 iyun 2021-ci il tarixli 9/3288 saylı rəyində göstərilən qiymətlə razıdır və hadisə nəticəsində ona ümumilikdə 906 manat miqdarında maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Zərərçəkmiş şəxs2 12.10.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin yaxalanması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdə axtarışda olan şəxs qismində yaxalanmış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-217/2021 saylı, 28 may 2021-ci il tarixli qərarı ilə barəsində 23 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 268/2020 saylı, 14 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasına dair təqdimat təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (i/v 82, 137-140). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(006)-445/2021 saylı qərarı ilə xx xxxx 1967-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin yaxalanması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Polis idarəsi 20-ci Polis Bölməsinin rəisi Vüqar Abdullayev tərəfindən məhkəməyə ünvanlanan 18 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə axtarışda olan şəxs qismində yaxalanmış və 18.09.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(006)-445/2021 saylı qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanan 05 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və həbs qətimkan tədbiri seçilməsi qərara alınmış, 31 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 04.01.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2011-ci il tarixli, 1(101)-362/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07.02.2018-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 08 ay 12 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, 19 oktyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 61-63, 159-160). İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” X2 və 2 nömrəli Psixiatriya Xəstəxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs sözü gedən müalicə müəssisələrində qeydiyyatda deyil (i/v 66, 72). İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” X2 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10.06.2008-28.06.2008-ci il tarixdə mərkəzdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs RNM-in Ambulatorməcburi X1 18.03.2020-ci il 774 nömrəli rəyi ilə mərkəzdə qeydiyyatdadır (i/v 142). İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında 05 iyul 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə saat 18:50 dəqiqədə və 06 aprel 2021-ci il tarixdə saat 13:52 dəqiqədə “McDonalds” restoranında ətrafına baxıb heç kimin ona baxmadığına əmin olduqdan sonra orada olan masanın üzərindən gizli olaraq mobil telefonu götürüb oradan uzaqlaşmış və beləliklə də, oğurluq etmişdir (i/v 157-158). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2021-ci il tarixli 9/3288 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, “Samsung” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan “İNTEGRAL” firmasının məlumatına və Bakı şəhərində yerləşən “World Telecom" və “Kontakt Home” şirkətinə məxsus ticarət şəbəkələrində (Bakı şəhəri, Səbail rayon, Nizami küçəsi; Nəsimi rayonu. R.Behbudov küçəsi) və işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən “X3 9” markalı mobil telefonun hazırki işlənmiş vəziyyətdə, 06 aprel 2021-ci il tarixə, istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlığını və hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, mənəvi-fiziki köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 900,00 manat müəyyən olunur (i/v 143-146). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2021-ci il tarixli 9/3289 saylı rəyindən görünür ki, eksperziza təyini haqqında qərarda göstərilən 1 ədəd istifadədə olmuş “Samsung S10 Plus” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,0 manat müəyyən edilir (i/v 147-149). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, videogörüntülərə baxış keçirilməsi protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək və 17 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 dekabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-445/2021 saylı, 26 iyul 2021-ci il tarixli qərara əsasən 04 avqust 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək və 17 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 10 (on) ay, 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 31.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-24/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-24/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver