Məhkəmə qərarları › İş №1(006)-242/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-242/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-242/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Ucar rayonu, Qulabənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Qulabənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 15-ci sıra, ev 01-də yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 600 manat cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə tam birləşdirilərək qəti cəza təyin olunmuş, Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 14 gün hissəsi 10 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 600 manat cərimə cəzasının ödənilməmiş 310 manat hissəsi müstəqil icra edilməsi qərara alınmış, xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə, saat 15:35-də Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 evin 02 nömrəli mənzilinin giriş qapısının kilidini özü ilə gətirdiyi və istintaqla müəyyən edilməyən dəmir parçası ilə sındırıb yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağında olan divanın üzərindəki qırmızı rəngli parça bağlamaya bükülmüş 700 manat pulu oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra təxminən bir müddət tikinti yerlərində fəhləliklə məşğul olub gündəlik pul qazanmışdır. Hətta, işlədiyi yerə yaxın ərazidə yaşayan şəxslər arada bir onu evlərinə dəvət edib təmir işlərini gördürmüşlər. Belə evlərdən birində yaşlı bir qadın olmuşdur. xx.xx.2023-cü il tarixdə həmin qadın onu bir dəfə evin giriş qapısının kilidini təmir etdirmək üçün çağırmış, o da qadının yaşadığı ünvana gəlib kilidini təmir etmiş, bunun qarşılığında 10 manat pul almışdır. Eyni zamanda o, bu qadının pulu evdə qonaq otağında olan divanın üzərindəki qırmızı rəngli parça bağlamadan götürdüyünü görmüşdür. Bu hadisədən 10 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə pulu olmadığı üçün o, həmin evdə pul olduğunu güman edib Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 179 nömrəli binanın yaxınlığına gəlmişdir. Təxminən 10 dəqiqə sonra həmin qadının evdən çıxdığını və qonşuların yaxınlıqda olmasını görüb 01 saata yaxın müddət orada gözləmiş, sonra heç kim olmadığından yerdən tapdığı dəmir parçasını ağ rəngli kağıza büküb, istintaq zamanı adı və soyadı Zərərçəkmiş şəxs kimi məlum olan qadının yaşadığı mənzilin giriş qapısına yaxınlaşıb qapının kilidini sındıraraq içəri daxil olmuşdur. Qonaq otağındakı divanın üzərində qırmızı rəngli parça bağlamanı görüb onun içərisinə baxmış, 300 manat pulu müəyyən edərək bağlamanı cibinə qoymuşdur. Daha sonra mənzili axtarmış, başqa hər hansı bir qiymətli əşya tapa bilməyib oradan çıxıb getmişdir. Əldə etdiyi pula özünə geyim əşyaları almışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 evin 02 nömrəli mənzilində yaşayır. xx.xx.2023-cü il tarixdə mənzilin giriş qapısı xarab olduğu üçün usta çağırıb onu təmir etdirmiş və bunun müqabilində ustaya 10 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində mənzildən çıxıb mağazaya getmiş, təqribən saat 16:30 radələrində geri qayıdıb onun giriş qapısını açmaq istəyən zaman qapının kilidinin sındırıldığını aşkar etmişdir. Mənzilə daxil olarkən içərinin dağınıq vəziyyətdə olmasını, eləcə də qonaq otağındakı divanın üzərinə qoyduğu qırmızı rəngli parça bağlamaya bükülmüş pulunun yerində olmadığını aşkar etmişdir. Dərhal qonşusu Raufun yanına gəlib hadisəni ona danışmış və onun telefonu ilə “102” xidmətinə zəng vurub məsələ barədə məlumat vermişdir. Əvvəlcə 300 manat pulunun oğurlandığını düşünsə də, sonradan yadına salmışdır ki, bağlamada 700 manat pulu var idi. Oğurlanmış pulu qaytarılmamış, buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki, qonşusu Zərərçəkmiş şəxs tək yaşayır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində Bulyant onun yanına gəlib mənzilində oğurluq olduğunu bildirmiş, o da həmin yerə gedib qapının kilidinin sındırıldığını və içərinin dağınıq olduğunu görmüşdür. Bundan sonra Bulyant onun telefonu ilə “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. İş materiallarında olan: • “CD-də olan videogörüntüyə baxış keçirilməsi barədə” 30 yanvar və 04 fevral 2023cü il tarixli protokollar və diskə əsasən ünvan 1 ünvanda quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntüyə baxış zamanı xx.xx.2023-cü il tarixdə, saat 15:35:56-da 25-30 yaşlarında, uzun boylu, orta bədən quruluşlu, qara saçları, üzündə qara rəngli tibbi maskası, əynində qara rəngli gödəkcə, qara şalvar olan şəxs Zərərçəkmiş şəxs mənzilinin bayır qapısına yaxınlaşır və qapının üzərində olan qıfılı çıxarıb sağ əlində ağ rəngli kağıza bükülmüş uzun əşya ilə birlikdə içəri daxil olur, saat 15:44:47-də mənzildən çıxıb getdiyi müşahidə olunur. Təqsirləndirilən şəxs bildirir ki, müşahidə kamerasına düşmüş şəxs özüdür (İ cild, i.v.37-38, 108); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-72/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.116-118); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 05 dəfə oğurluğa görə məhkum edilmiş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 600 manat cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə tam birləşdirilərək qəti cəza təyin olunmuş, Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 14 gün hissəsi 10 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 600 manat cərimə cəzasının ödənilməmiş 310 manat hissəsi müstəqil icra edilməsi qərara alınmış, xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır (İ cild, i.v.121-123, 126-128); • Ucar Rayon İcra və probasiya şöbəsinin 04 aprel 2023-cü il tarixli, 145 saylı məktubunda qeyd olunur ki, Təqsirləndirilən şəxs tərəfindən 310 manat cərimə cəzasının ödənilməsi barədə məlumat yoxdur (İ cild, i.v.134). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən taladığı pulun 300 manat olmasının bildirməsi xüsusatına isə məhkəmə özünümüdafiə xarakter daşıması, bu yolla vurulmuş zərərin həcminin azaldılması məqsədi güddüyü nəticəsinə gəlir. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən analoji cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması və cərimə cəzasına məhkum olunub məhkumluğu ödənilməsə də, əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən də onun cəzasını ağırlaşdıran hal aşkar edilmir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər az ağır cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi – 310 manat hazırkı hökmlə təyin ediləcək cəza ilə tamamilə birləşdirilməli, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli və bu cəzalar müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi – 310 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilsin, onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 310 manat məbləğində cərimə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar