Məhkəmə qərarları › İş №1(006)-243/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-243/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-243/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının üzvü Qanuni nümayəndə, müdafiəçi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 05.08.2004-cü ildə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 noyabr 2019-cu il tarixdə, saat 17:46-da Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, kənar şəxslərin giriş-çıxışı üçün sərbəst olan «Party Time» hədiyyələr mağazasına daxil olub orada əvvəlcədən planlaşdırdıqları vəzifə bölgüsünə və razılaşmaya əsasən istintaqa məlum olmayan digər şəxslərin Şahid vitrində olan malların qiymətini soruşub diqqətini yayındırmasından istifadə edərək mağazanın bir tərəfi açıq olan şüşə vitrininə qoyulmuş pul kisəsinin içərisindən 676 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, bir müddət Yevlax şəhərində yaşadıqdan sonra təxminən 2019-cu ilin avqust - sentyabr ayında Bakı şəhərinə gəlmiş və Biləcəri qəsəbəsində xalası Bahar adlı xanımla birlikdə yaşamağa başlamış və ailə üzvləri ilə birlikdə Bakı şəhərində dilənçiliklə məşğul olmuşdur. 28 noyabr 2019-cu il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində dilənçiliklə məşğul olarkən üzdən tanıdığı, amma anket məlumatlarını bilmədiyi «qaraçı» millətindən olan digər 4 nəfər dilənçilərlə rastlaşmışdır. Onlarla birlikdə gəzişərək Ak.Həsən Əliyev küçəsinə getmişlər və həmin küçədə yerləşən «Party Time» mağazasının qarşısından keçərkən mağazada satıcı qızın tək olduğunu görmüş və birlikdə olduğu şəxslərə mağazaya daxil olmalarını, onların satıcının diqqətini yayındırmasını, özünün də ya kassadan pul, yaxud da başqa qiymətli əşyanı oğurlamasını təklif etmişdir. Həmin 4 nəfər razılaşdıqdan öncə özü, arxasınca da həmin şəxslər mağazaya daxil olmuşlar. O, mağazanın içərisində bir qədər gəzişdikdən sonra satıcının əyləşdiyi yerdəki bir tərəfi açıq olan vitrində pul kisəsi olduğunu görmüşdür. Onunla birlikdə mağazaya daxil olmuş şəxslər də orada satılan əşyalara baxmış, satıcıdan həmin əşyaların qiyməti barədə soruşub onun diqqətini yayındırmağa çalışmışlar. O, bundan istifadə edib bir tərəfi açıq olan vitrindəki pul kisəsini götürüb mağazanın ortasında qoyulmuş paltarların arxa tərəfinə keçmiş və guya paltarlara baxmaq görüntüsü yaratsa da, məqsədli şəkildə pul kisəsini açıb içərisindəki pulları çıxarıb ciblərinə, sinə nahiyəsində paltarının altına qoymağa başlamışdır. Pul kisəsindəki bütün pulları götürdükdən sonra isə həmin pul kisəsini götürdüyü yerə qoymuşdur. Bundan sonra isə onunla birlikdə mağazaya daxil olmuş şəxslərə çölə çıxmaq barədə işarə vermiş və ilk olaraq özü çölə çıxmışdır. Onlar birlikdə mağazadan uzaqlaşdıqdan sonra oğurladığı pulları çıxarıb saymış və cəmi 676 (altı yüz yetmiş altı) manat pul olduğu məlum olmuşdur. Həmin pulları 5 nəfər aralarında bölmüş və özünə təxminən 135 manat pul düşmüşdür. Sonradan həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Oğurluq hadisəsinin törədildiyi vaxt Nəsimi rayonu, Ak.H.Əliyev 1 ünvanında yerləşən mağazanı icarəyə götürərək “Party Time” adı altında hədiyyə mağazası kimi işlətmiş, mağazada hədiyyələrin, müxtəlif qadın geyimlərinin, bəzək əşyalarının, aksesuarların və digər əşyaların satışı həyata keçirilmiş, həmin mağazada Şahid satıcı kimi fəaliyyət göstərmişdir. 28 noyabr 2019-cu il tarixdə, təxminən saat 18:20 radələrində satıcı Şahid onun mobil telefon nömrəsinə zəng edərək mağazaya 5-6 nəfər müştərinin daxil olmasını və həmin şəxslər getdikdən sonra təqribən 700 manat pulun oğurlandığını aşkar etməsini bildirmişdir. O, bu barədə məlumat alan kimi onunla birlikdə olan gəlini Aynur Abdurəhimova DİN-in 102 xidmətinə zəng edərək məsələ ilə bağlı məlumat vermiş, özü isə mağazaya yola düşmüşdür. Özü mağazada hesablamalar apardıqdan sonra hadisə zamanı mağazadan 676 manat nağd pulun oğurlanması məlum olmuşdur. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntünün 02-ci saniyəsində mağazaya iki nəfər qızın daxil olduğu və satıcı masasına doğru irəlilədiyi müəyyən edilmişdir. Həmin qızlardan birincisi dolu bədən quruluşlu, hamilə olduğu aşkar bilinən, orta boylu, qarabuğdayı şəxs olmuş, onun əynində qızılı rəngli gödəkçə, bəbir dərisi naxışlı don, başında eyni rəngli və naxışlı saç toplayıcı (obodok) olmuşdur. 2-ci daxil olmuş qız qısa boylu, qarabuğdayı, normal bədən quruluşlu şəxsdir, onun əynində qara rəngli ətək, qırmızı rəngli jilet, ağ rəngli kofta var, əlində sellofan torba tutmuşdur. Daha sonra mağazaya 3-cü qız daxil olmuşdur. 3-cü daxil olmuş qız orta boylu, qarabuğdayı, normal bədən quruluşlu şəxsdir, onun əynində qara rəngli kofta, qara rəngli idman şalvarı, yaşıl rəngli gödəkçə olmuşdur, əlində sarı rəngli torba tutmuşdur. 3-cü şəxsin üzü müşahidə kamerasının görüntü dairəsinə düşmədiyindən üz əlamətlərini müəyyən etmək mümkün olmamışdır. Daha sonra mağazaya 4-cü qız daxil olmuş, 4-cü daxil olmuş qız orta boylu, qarabuğdayı, dolu bədən quruluşlu şəxsdir. Onun əynində göy rəngli, cinsə bənzər gödəkçə, başında yaşıl rəngli hicab olmuşdur. Mağazaya daxil olmuş 5-ci qadın kök bədən quruluşlu, qarabuğdayı, orta boylu şəxsdir. Onun əynində boz rəngli don və üzərində qara rəngli naxışlar olan açıq mavi rəngli hicab olmuşdur. Mağazaya 1-ci daxil olmuş qız satıcının masanın arxasından mağazanın giriş hissəsinə tərəf getməsindən istifadə edib görüntülərin 36-cı saniyəsində, saat 17:46-da şüşə vitrinin altından pul kisəsini götürmüş və mağazanın orta hissəsinə qoyulmuş, üzərindən müxtəlif geyim əşyaları asılmış asılqanın arxa tərəfinə keçmiş və pul kisəsini açıb içərisindəki pulları götürüb öz cibinə, paltarının altından sinə nahiyəsinə qoymuşdur. Bu zaman mağazaya 3-cü daxil olmuş şəxs də ona yaxınlaşıb sol tərəfində dayanmışdır. Görüntülərin 1-ci dəqiqəsinin 46-cı saniyəsində həmin şəxs pul kisəsini əvvəlki yerinə qoymuşdur. Bundan sonra o, mağazanın çıxışına tərəf getmiş, orada bir qədər dayandıqdan sonra geri qayıtmış, daha sonra isə təkrarən çıxışa tərəf gedib digər qızlarla birlikdə mağazanı tərk etmişdir. Bununla da baxış keçirilməsi prosesi başa çatmış, 1 ədəd «Verbatim» markalı DVD disk qablaşdırılaraq işə əlavə olunmuşdur (i/v 14-15). Qeyd olunan diskə məhkəmə iclasında da baxış keçirilmiş və protokolda göstərilənlər təsdiq olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08 may 2021-ci il tarixli qərarından və 08 iyun 2021-ci il tarixli “Axtarışda olan şəxsin yaxalanması” barədə protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və 08 iyun 2021-ci il tarixdə əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon məhkəməsinə gətirilmişdir. İş materiallarında olan 13 noyabr 2020-ci il tarixli “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmış və qərarın icrası Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir (i/v 87-88). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.02.2020-ci il tarixli arayışdan və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 88-89, 101-118). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 alınmış 18.02.2021-ci il tarixli, 369 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs pedaqoji baxımsızlıq və xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Kobudluq, qıcığa qarşı həssaslıq, hövsələsizlik, tez özündən çıxmaq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi - psixi xüsusiyyətləri törətdiyi əməl zamanı hərəkət və davranışını iradi olaraq tənzimləməsinə neqativ təsir göstərməmişdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı psixi emosional vəziyyətində hərəkət və davranışını şüurlu olaraq idarə etməsinə təsir göstərəcək hər hansı dəyişiklik yaranmamışdır. Müayinə gedişatında psixi - emosional vəziyyətinin normaya uyğun olduğu müəyyən edilmişdir (i/v 128-130). Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan 29 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayət görə cəza təyin olunması haqqındakı məsələ həll edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayan şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-ci maddəsi əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-188/2020 saylı, 12.06.2020-ci il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-188/2020 saylı, 12.06.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanı saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Yevlax rayon İcra və probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-243/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 30 mart 2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-188/2020 saylı, 12.06.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar