Məhkəmə qərarları › İş №1(006)-243/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-243/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-243/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun vəkili X1, Təqsirləndirilən şəxs və və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmış xx.xx.2022ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdə saat 21 radələrində “Tik- Tok” sosial şəbəkəsində tanış olduğu Şahid dəvəti ilə sonuncunun kürəkəni Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvana gəlib Şahid digər otaqda telefonla danışmasından istifadə edərək sonuncunun görmədiyi şəraitdə yataq otağında olan dolabın içərisindəki dəsmalın altından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 1336,50 manat dəyərində 9,90 qram çəkidə, 958 əyarlı qızıldan hazırlanmış üzüyü, həmin günün məzənnəsi ilə 6120 manat təşkil edən 3600 ABŞ dolları və 7400 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 14856,50 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmişdir, təxminən 1 ay öncə “TikTok” Sosial şəbəkəsində “CAN DOSTU” adı ilə qeydiyyatdan keçmiş qadınla tanış olmuşdur, sonradan adının Liana olduğunu bilmişdir. O, özünə məxsus Gürcüstan nömrəsi ilə “whatsapp”da yazmışdır və telefonla danışmağa başamışlar. xx.xx.2023-cü il tarixdə Liana mesaj yazaraq özünə məxsus evdə tək olacağını bildirmiş və onu evə dəvət etmişdir. Həmin gün axşam saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 23, mənzil 29 ünvanına getmişdir. Liana qapını açmış və o, mənzilə daxil olmuşdur. Bir qədər çay içib söhbət etmişlər, sonra intim münasibət üçün yataq otağına keçmişlər. Yataq otağında Liana ilə intim münasibəti olmuşdur. Sonra Liana telefonla danışıb mətbəxə keçən zaman açıq rəfin dolabında pul olduğunu görmüşdür və saymadan tez bir zamanda pulun üzərindən götürüb cibinə qoymuş, əlavə olaraq pulun yanında olan qızıl üzüyü götürmüşdür. Pul və üzük dəsmal ilə örtülmüş, lakin kənardan görsənirmiş. Sonra Liana ilə sağollaşmış, işi olduğunu bildirmiş və mənzili tərk etmişdir. Pulları saydıqda 3.000 ABŞ dolları və 2000 manatın olduğunu görmüşdür. Həmin puldan bir çoxunu elə həmin gün Bakı şəhərində müxtəlif xatırlmadığı ünvanlarda poz-qazan lotoreya biletələrinə xərcləmiş, daha sonra Şamaxı şəhərinə gedib oradada yeyib içməyə xərcləmişdir. Ümumilikdə 800 manat xərcləmişdir. Hər hansı şəxsə oğurluq etməyi barədə məlumat verməmişdir. Həmin puldan 3.000 ABŞ dolları və 1200 manat, eyni zamanda qızıl üzüyü bölmədə polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxsin dediyi kimi 3600 dollar və 7400 manat deyil, 3.000 ABŞ dolları və 2000 manat pul götürmüşdür. Qalan 800 manatı da ödəmək istəyir. Sonrakı məhkəmə iclaslarında isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Liananın dəvəti ilə getdiyi mənzildə onunla söhbət edərkən Liana ona faizə pul verdiyini, istəyən olsa ona deməsini, aldığı faizi isə yarı böləcəklərini demişdir. Məsələn, 100 manat pula 20 manat məbləğində faiz gəlir və onun 10 manatı ona, yerdə qalan 10 manatı isə Lianaya çatacaqdı. O, Liananın təklifi ilə razılaşmış və Liana evin yataq otağında olan qapısı sınıq dolabdan 3000 ABŞ dolları və 2000 manat pulu özü götürüb ona vermişdir. Qızıl üzüyü isə Liana özü ona hədiyyə olaraq vermişdir. Həmin günün səhəri ona oğurluq etməsi ilə bağlı Nəsimi RPİ-nin 19-cu PŞ-dən zəng gəlmiş və şöbəyə dəvət edilmişdir. Bu zaman o, 3000 ABŞ dollarını və 1200 manat məbləğində pulu və bir ədəd üzüyü şöbəyə təhvil vermişdir. Ehtiyacı olduğu üçün pulun 800 manatını xərcləmişdir. Polis bölməsində olarkən onun mobil telefonu əlindən alınmış, orada olan bütün yazışmalar silinmişdir. O, polis əməkdaşlarına Liananın xahişi ilə onun faizə pul verdiyini bildirməmişdir. O, evə qanunsuz daxil olmamış, Liana özü onu evə dəvət etmiş və pulu və üzüyü də Liana ona vermişdir. Pulu götürdükdən sonra xərclədiyi 800 manatı da ödəmək istəyir. Onun səhvi ondan ibarət olmuşdur ki, Liananın dəvəti ilə onun evinə getmiş və sonununun verdiyi pulu və üzüyü qəbul etmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını və dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yeni ili qeyd etmək üçün yoldaşını götürüb atasının yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmişdir. Yaşadığı mənzildə qaynanası Şahid tək qalmışdır, daimi olaraq isə onlarla yaşamır. 02 yanvar tarixdə səhər saatlarında mənzilə qayıdıb yoldaşını evə qoymuş, özü isə işlərinin dalınca getmişdir. İşdə olanda yoldaşı zəng edərək evdə yataq otağında dolabın üzərindəki rəfdən pulların oğurlandığını demişdir. O, dərhal evə qayıtmışdır. Qaynanasından evə kiminsə gəlib gəlmədiyini soruşmuşdur. Sonda qaynanası etiraf etmişdir ki, “TikTok” sosial şəbəkəsində bir neçə gün öncə tanış olduğu Əliyar adlı şəxsi çay içmək üçün axşam saatlarında evə dəvət etmişdir. Həmin vaxt telefona zəng gəldiyi üçün başı qarışmış, həmin şəxs isə açıq vəziyyətdə olan dolabın rəfinə qoyulmuş 3600 ABŞ dolları, 7400 manat və 1000 manat dəyərində qızıl üzüyü götürmüşdür. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 01 yanvar 2023cü il tarixdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 23, mənzil 29 ünvana daxil olub, Şahid digər otaqda telefonla danışmasından istifadə edərək sonuncunun görmədiyi şəraitdə yataq otağında olan saxlanc yeri kimi istifadə olunan dolaba daxil olub dolabın içərisindəki dəsmalın altından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 1336,50 manat dəyərində 9,90 qram çəkidə, 958 əyardan hazırlanmış qızıl üzüyü, həmin günün məzənnəsi ilə 6120 manat təşkil edən 3600 ABŞ dolları və 7400 manat məbləğində pulu gizli olaraq talayıb ona ümumilikdə 14856,50 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrində tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ümumi vurulmuş zərərdən 14856,50 manatdan ona 7806,50 manat ödəmiş, qalıq zərər borcu 7050 manat qalmışdır, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona vurulmuş 7050 manat maddi zərəri ödəməkdən yayınır. Bundan başqa o, məhkəməyə müraciət etmək üçün 96 manat dövlət rüsumu ödəmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 1 ay öncə “TikTok” sosial şəbəkəsi vasitəsi ilə adını Əliyar kimi bildiyi şəxslə tanış olmuşdur və onunla mütəmadi olaraq mobil telefonla əlaqə saxlamış, lakin görüşməmişdir. 01 yanvar 2023-cü il tarixdə qızı Lamiyə Niyazovanın yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 23, mənzil 29 ünvanına qonaq getmişdir. Həmin gün qızı əri ilə birlikdə qaynatasıgilə qonaq getmişdir. Axşam təxminən saat 21 radələrində evdə tək olduğu üçün Əliyarla əlaqə saxlamış, Əliyar onu görmək istədiyini bildirmiş, o da sonuncunu çay içmək üçün evə dəvət etmişdir. Əliyar yaxınlıqda olduğunu bildirmiş və qısa müddətdə ona verdiyi Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 23, mənzil 29 ünvanına gəlmişdir. Onlar zalda oturub söhbət etmişlər. Əliyar su içmiş, əllərini yumuş, o da əl-üz dəsmalı götürmək üçün yataq otağına keçmişdir. Bu zaman Əliyar telefonla danışa-danışa onun arxasınca gəlmişdir. Sonra nəvəsi ona zəng etmiş və o, nəvəsi ilə danışmaq üçün yataq otağından çıxmış, lakin Əliyar otaqda qalmışdır. Bundan sonra Əliyar tələsik çıxıb getmişdir. Ertəsi gün qızı evə gəldikdə yataq otağında açıq vəziyyətdə olan dolabın rəfinə qoyulmuş 3600 ABŞ dolları, 7400 manat və 1000 manat dəyərində qızıl üzüyün yerində olmadığını demişdir. O da evə “TikTok” sosial şəbəkəsində tanıdığı Əliyar adlı şəxsi dəvət etdiyini etiraf etmiş və sonuncunun oğurlaya biləcəyini demişdir. Onun qızının evindəki dolabda pul və üzük olmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.49-50); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.75-76); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.77); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə olan cinayət işi həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v.125- 126); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-243/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir; - Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir; - Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-243/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 23, mənzil 29 nömrəli mənzildir (i.v.7-9); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-ci il tarixli 6/174-9/197 nömrəli ekspert rəyindən görünür ki, tədqiata təqdim edilmiş 9,90 qram kütləli, halqasının iç tərəfindən “*958” damğası olan, halqa formalı, sarı rəngli 1 ədəd üzük 958 əyarlı qızıldan hazırlanmışdır. Ekspertizaya təqdim edilmiş 1 ədəd 958 əyyarlı, 9,90 qram kütləli üzüyün 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 1336,50 (9,90 qr x 135 manat) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir (i.v.104-107); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qızıl üzük, 3000 ABŞ dolları və 1200 manat pul maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v.149-155); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş, CM-nin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 1800 manat cərimə cəzası saxlanılmış, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” Qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmış, cəza müddəti 02 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.86-88). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-ci maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir (20-ci bənd); Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsin evindən 3600 dollar və 7400 manat deyil, 3.000 ABŞ dolları və 2000 manat pul götürməsini, həmin pulun Şahid tərəfindən ona verilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidin ifadələri, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, təqsirləndirilən şəxsin xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktı tam sübuta yetirilir. Lakin cinayət əməlinin Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi faktı sübut yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvana Şahid dəvəti ilə gəlmiş, yaşayış sahəsinə qanunsuz olaraq daxil olmamışdır, həmçinin anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Yəni şəxsin qanuni daxil olduğu mənzildəki dolab saxlanc yeri kimi qiymətləndirilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs əməlində «daxil olma» əlaməti yoxdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi xaric edilməli, təqsirləndirilən şəxsə yalnız Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, zərəri qismən ödəməsini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 23 oktyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış qızıl üzüyün, 3000 ABŞ dollarının və 1200 manat pulun Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 120 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs 7050,00 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş zərərə görə 7050,00 (yeddi min əlli) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 96 (doxsan altı) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 7050,00 (yeddi min əlli) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 96 (doxsan altı) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış qızıl üzüyün, 3000 ABŞ dollarının və 1200 manat pulun Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar