Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-243/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və ünvan 2iz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,297 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2025-ci il tarixdə saat 19:30-da ünvan 3 ünvanın yaxınlığında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan gödəkcəsinin cibindən 01 bükümdə təmiz çəkisi 0,297 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, el arasında “patı” və “şüşə” adlandırılan psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi tələbatı üçün 20 manata 01 bükümdə olan psixotrop maddə “metamfetamin” almışdır. Həmin gün saat 19:30 radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman ona 2 nəfər polis əməkdaşları yaxınlaşmış, özlərinin polis olduqlarını təqdim etdikdən sonra polislərdən biri əlində mobil telefonla çəkiliş aparmağa başlamış, digər polis əməkdaşı isə narkotik vasitə istifadə etməyi ilə bağlı məlumat olduğunu bildirərək ondan özünü təqdim etməyi istəmiş və o da özü haqqında anket məlumatlarını söyləmişdir. Daha sonra isə üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. O da 20 manata aldığı metamfetamini əynində olan gödəkçəsinin cibindən çıxardaraq təqdim etmişdir. Həmin polis əməkdaşı təqdim etdiyi əşyanın nə olduğunu, nə üçün və kimdən əldə etdiyini soruşduqda həmin əşaynın metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Papanin adlı yerdən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı üstünə yoxlama aparmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə həmin metamfetamin ağ zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzərini o da imza etmişdir. Bundan sonra onu Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinə dəvət etmişlər və o, könüllü şəkildə polis əməkdaşları ilə birlikdə 20-ci Polis şöbəsinə getmişdir. Polis şöbəsinə daxil olduqda əvvəlcə videoçəkilişlə tanış olmuş və videoçəkilişin protokolu tərtib edildikdən sonra oxuyub imza etmişdir. Daha sonra isə onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçının otağında olarkən yenidən videoçəkilişlə qablaşdırılaraq götürülmüş metamfetaminə baxış keçirilmişdir. Əvvəlcə zərf açılmış və içində olan metamfetamin iştirakçılara göstərilmişdir. Daha sonra isə ekspertizaya göndərilməsindən ötrü şəffaf sellofana, şəffaf sellofan isə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərini iştirakçılar və o imzalamışdır. Bundan sonra təhqiqatçı ondan həmin maddə ilə bağlı nə deyə biləcəyini, adının nə olduğunu, üzərindən aşkar olunub-olunmadığını, nə üçün, nə vaxt və harada, kimdən əldə etdiyini soruşduqda, o da cavab olaraq, həmin əşyanın metamfetamin olduğunu, özünə məxsus olduğunu, üzərindən aşkar olunduğunu, 08 yanvar 2025-ci il tarixdə günorta saatlarında Papanin adlı ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə videoçəkiliş dayandırılmış, videoçəkilişə baxdıqdan sonra isə protokol tərtib edilmiş və həmin protokola o və iştirakçılar imza etmişlər. Daha sonra törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə şöbə rəhbərliyi tərəfindən razılıq verilmişdir. Eyni zamanda həmin tarixdə həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna rəhbər təyin olunmuşdur, eləcə də qrup üzvü şöbənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 təyin edilmişdir. Təqsirləndirilən şəxs digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 3 ünvanın yaxınlığında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2025-ci il tarixdə saat 19:00-da Şahid2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında olmuşlar. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 19:30-da əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə özlərini təqdim etdikdən sonra o, mobil telefon ilə videoçəkilişə başlamışdır. Şahid2 isə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməyi ilə bağlı məlumat olduğunu bildirərək bir daha özünü təqdim etməyini xahiş etmiş və Təqsirləndirilən şəxs da özü haqqında anket məlumatlarını bildirmişdir. Daha sonra isə Şahid2 Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olubolmamasını soruşmuş və olduğu təqdirdə təqdim etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibindən 01 ədəd bükümdə maddəni çıxardaraq təqdim etmişdir. Şahid2 həmin maddənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs metamfetamin olduğunu, nə üçün əldə etdiyini soruşduqda, şəxsi istifadəsi üçün əldə etdiyini, harada və kimdən əldə etdiyini soruşduqda “Papanin” adlı yerdən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs üstündə yoxlama aparmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə həmin metamfetamin ağ zərfdə qablaşdırılaraq götürülmüşdür, zərfin üzərini Təqsirləndirilən şəxs və polis əməkdaşları imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20ci Polis şöbəsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs könüllü şəkildə onlarla birlikdə 20ci Polis şöbəsinə getmişdir. Polis şöbəsinə daxil olduqda Təqsirləndirilən şəxs NH-də şöbəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata alınmış və bu barədə şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Daha sonra isə videoçəkilişə Təqsirləndirilən şəxs iştirakı ilə baxılmış və onun tərəfindən protokol tərtib edilmiş, protokol imzalarla təsdiqlənmişdir. Araşdırmanın davam etdirilməsi şöbənin təhqiqatçısı Vüsal Əliyevə həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçı Vüsal Əliyevin otağına aparmışlar. Təhqiqatçının otağında olarkən videoçəkilişlə qablaşdırılaraq götürülmüş metamfetaminə yenidən baxış keçirilmiş, əvvəlcə zərf açılmış və içində olan metamfetamin iştirakçılara göstərilmişdir. Daha sonra isə ekspertizaya göndərilməsindən ötrü şəffaf sellofana, şəffaf sellofan isə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərini Təqsirləndirilən şəxs və polis əməkdaşları imzalamışlar. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddə ilə bağlı nə deyə biləcəyini, adının nə olduğunu, üzərindən aşkar olunub-olunmadığını, nə üçün, nə vaxt və harada, kimdən əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs cavab olaraq həmin əşyanın metamfetaınin olduğunu, özünə məxsus olduğunu, üzərindən aşkar olunduğunu, 08 yanvar 2025-ci il tarixdə günorta saatlarında Papanin adlı ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə videoçəkiliş dayandırılmış, videoçəkilişə baxdıqdan sonra isə protokol tərtib edilmiş və həmin protokola Təqsirləndirilən şəxs və polis əməkdaşları imza etmişlər. İlkin əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması təsdiqini tapmamış və bu barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.17); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.62); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.78-79); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.93); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30-da ünvan 3 ünvanın yaxınlığında Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılaraq hüquq və vəzifələri izah olunmuş, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü polis əməkdaşları tərəfindən yoxlanılarkən, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddəni təqdim etmiş, başqa qanunsuz əşya aşkar edilməmiş, həmin ağ rəngli kristal şəkilli maddə qablaşdırılaraq götürülmüşdür (i.v.8-10); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetamini daşımaqla özündə saxlaması faktı təsdiq olunmuşdur (i.v.15-16); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2025-ci il tarixli 6/74 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (i.v.42-45); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 67 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.48-49); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,297 qram çəkidə psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,247 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokollara əlavə edilmiş 02 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.102-112); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 69.4-cü maddəyə əsasən 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir (i.v.86-88). - Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30-da ünvan 3 ünvanın yaxınlığında Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılaraq hüquq və vəzifələri izah olunmuş, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü polis əməkdaşları tərəfindən yoxlanılarkən, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddəni təqdim etmiş, başqa qanunsuz əşya aşkar edilməmiş, həmin ağ rəngli kristal şəkilli maddə qablaşdırılaraq götürülmüşdür. - Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetamini daşımaqla özündə saxlaması faktı təsdiq olunmuşdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 67 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-243/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-243/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver