Məhkəmə qərarları › İş №1(006)-244/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-244/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-244/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhərinin Rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs4,Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1945-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində özünə məxsus “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes- Benz” markalı, “C250B” modelli **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə hərəkətdə olarkən Nəsimi rayonu, Vaqif prospektinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni öz hərəkəti istiqamətində “Dayanmadan keçmə qadağandır” yol nişanının olmasını nəzərə alaraq idarə etdiyi avtomobili yol ayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli olduğu halda qanunun həmin tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozaraq “dayanmadan keçmə qadağandır” nişanını gözləmədən baş yol hesab edilən Nəsimi rayonu, Vaqif prospektinə daxil olmuş və həmin prospekt istiqamətində 60 km/saat surətlə hərəkətdə olan texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsinə vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol əlin İ barmağının daraq-falanqa oynağında kapsul-bağ aparatının zədələnməsi, yarımçıxığı, alın, təpə, burun nahiyyələrinin, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, üst çənədə soldan İİ dişin tac hissəsinin sınması və hər iki gözaltı nahiyyənin qançırları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, almış olduğu xəsarətlərdən “Hyundai Elantra” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarəetməni itirərək Vaqif prospekti istiqamətində yolun sağ tərəfindəki səkinin üzərində dayanmış Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə Zərərçəkmiş şəxs2 sol bazunun travmatik çıxığı və kürəküstü vətərin hissəvi qopması, sağ qamış və sağ incik sümüklərinin qapalı, yerdəyişən sınıqları döş qəfəsinin sağ yan səthinin sıyrığı yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almış, bundan sonra “Hyundai Elantra” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin səkidə yerləşən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsinə məxsus “Fonar” tipli işıq dirəyinə dəyərək onu yaxınlıqda yerləşən ağacın üzərinə aşırmış, nəticədə ağacdan qopan budaq Zərərçəkmiş şəxs3 üzərinə düşərək Zərərçəkmiş şəxs3 sol bazunun qançırı sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsinə məxsus “Fonar” tipli işıq dirəyini yararsız hala salaraq sındırmaqla həmin müəssisəyə 5280 manat, “Hyundai Elantra” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 isə 9525 manat dəyərində maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Mercedes Benz” markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Həmin fəaliyyətdən əldə etdiyi gəlir ilə ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixində, təxminən saat 07 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Mercedes Benz” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə üzü Vaqif prospekti istiqamətində hərəkət etmişdir. Həmin ərazidə yol boş olduğu üçün gözləmədən yolayrıcını keçərkən sağ tərəfdən Vaqif prospekti ilə sürətlə yolayrıcına daxil olan, sonradan markasını və nömrə nişanını gördüyü, “Hyundai Elantra” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə yolayrıcına daxil olduğu vaxt yolayrıcının orta hissəsində avtomaşının ön hissəsi ilə “Hyundai” markalı avtomaşının sol hissəsindən toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində onun idarə etdiyi avtomaşın yolun orta hissəsində istiqamətini sola dəyişərək dayanmışdır. “Hyundai” markalı avtomaşın isə Vaqif prospekti istiqamətində yolun sağ tərəfində səkinin üzərinə çıxaraq səkidə dayanmış, bir nəfər cavan oğlana dəymişdir. Bundan sonra işıq dirəyinə dəymiş, işıq dirəyi qırılaraq ağacın üzərinə düşmüş və ağacın budağı sınaraq səkidə dayanmış bir qadının üzərinə düşmüşdür. Baş vermiş hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Lakin “Hyundai” markalı avtomaşının sürücüsü və yol kənarında olan iki piyada xəsarət almışdırlar. O, hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə onlara özü yardım etmiş, hadisə yerinə təcili yardım çağırmış, onları xəstəxanaya yola salmışdır. Hadisə baş verən günü o, avtomobili idarə edərkən yolun boş olduğunu gördüyü üçün avtomobilini idarə etməyə davam etmişdir. Yol ayrıcına daxil olarkən başqa bir avtomobil görmədiyini, avtomobilini təxminən 40 km/saat sürəti ilə idarə etdiyini bildirmişdir. Yol ayrıcında yolun boş olduğunu görmüş, dayanmadan X.Şuşinski istiqamətində quraşdırılan “STOP” nişanını gözləməmiş, üzü Vaqif prospekti istiqamətindən hərəkətdə olan “Hyundai” markalı avtomobilin gəldiyini görməmiş və yolayrıcını keçmək istədikdə ehtiyatsızlıq nəticəsində qəza baş vermişdir. Hadisə anidən baş verdiyi üçün hadisənin qarşısını ala bilməmiş və avtomobillər toqquşmuşdur. “Hyundai” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yalan ifadə vermiş, onun surəti həddən artıq çox olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 surəti az olsaydı hadisə zamanı idarə etdiyi avtomobili onun avtomobilinə dəyərək dayanacağını və yaxud səkiyə dəyərək dayanacağını bildirmişdir. Lakin həmin “Hyunday” markalı avtomobil onun avtomobili ilə toqquşmuş, sonradan səkiyə dəyərək dayanmamış, səkinin üzərindəki piyadanı vurduqdan sonra işıq dirəyinə dəyərək dayandığını bildirmişdir.Hal-hazırda zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, fevral ayının 12-si, saat 07:00 radələrində işə getmək məqsədilə həmişəki kimi Nəsimi rayonu, Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində Vaqif prospekti istiqamətində səkidə yol kənarında dayanmış, onu aparacaq avtomobilin gəlməsini gözləmişdir. Elə həmin vaxt Vaqif prospekti ilə yüksək surətlə hərəkət edən “Hyundai Elantra” markalı avtomobil Xan Şuşinski küçəsindən çıxan “Mercedes” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi baş vermişdir. O, baş verənləri görüb, uzaqlaşmaq istədikdə, toqquşma nəticəsində yüksək surətlə gələn “Hyundai Elantra” markalı avtomobil istiqamətini surətlə ona tərəf dəyişərək, arxa hissəsi ilə vurmuş və bu zaman o, zərbənin təsirindən səki daşına çırpılmışdır. Sözügedən avtomobil ona dəydikdən sonra işıq dirəyinə, sonda isə ağaca çırpılaraq dayanmışdır. Hadisə yerində toplaşan şəxslər və iş yoldaşları ona köməklik edərək təcili yardım çağırıb onu həmin avtomobillə xəstəxanaya çatdırmışdırlar. O, 1 saylı KTM-də ilkin tibbi yardım aldıqdan sonra “Gömrük” hospitalına gətirilmişdir. Orada müalicə almışdır. Bundan başqa bildirmişdir ki, ona, işləmədiyi müddət üçün, xəsarət yetirmiş sürücü tərəfindən maddi cəhətdən köməklik göstərilsin. Xəstəxanada müalicə və müayinə xərcləri siğorta tərəfindən ödənilmişdir. Bu səbəbdən hadisəni törədən günahkar sürücü və ya sürücülərdən onun işləmədiyi dövr ərzində ona dəymiş maddi ziyanın ödənilməsini istəmişdir. Bundan əlavə olaraq bildirmək istəmişdir ki, o, xx xxxxx 2020-ci il tarixli 8/70 saylı avtotexniki ekspertizanın rəyi ilə tanış olmuş və rəylə razı olmamışdır. O, hər iki avtomobil sürücüsünün günahkar olduğunu bildirmiş, əsasən də “Hyundai Elantra” markalı avtomobilin yüksək surətlə gəldiyinin və vaxtında dayanmadığının şahidi olmuşdur. Hadisə vaxtı “Hyundai Elnatra” markalı avtomobil vaxtında dayansaydı və diqqətli olsaydı heç kim xəsarət almazdı. Əlavə olaraq bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağ ayağın çoxsaylı sınığı və sol qolunun travmatik çıxığı xəsarətləri almışdır. O, məhkəməyə xx.xx.2020-ci il tarixli, **********637 saylı notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, 1(006)-244/2020 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, 12 fevral tarixində, təxminən saat 07 radələrində özünə məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Hyundai Elantra” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Vaqif prospekti ilə üzü S.Vurğun istiqamətində hərəkət edərək işə getdiyini bildirmişdir. Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində yolayrıcını keçərkən sol tərəfdən Xan Şuşinski küçəsi istiqamətindən qəfil olaraq qarşısına çıxan, sonradan markasını və nömrə nişanını bildiyi “Mercedes Benz” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə idarə etdiyi avtomaşının ön sol hissəsi ilə toqquşmuş, yəni onun idarə etdiyi avtomobilin qabaq sol yan hissəsindən vurmuşdur. Baş vermiş hadisə zamanı sükan arxasında ani bir vaxtda xəsarət almışdır. Toqquşma baş verdikdən sonra nə baş verdiyini anlamamış, özündə olmamışdır. Bu zaman təsadüfən həmin yoldan keçən iş yoldaşı Seymur Həsənov onun avtomobilinin qəzaya düşdüyünü görüb onu hadisə yerindən öz idarə etdiyi avtomaşınla XDMX-nin hospitalına aparmışdır. Hospitalda həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra özünə gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, “Mercedes” markalı avtomobillə toqquşma zamanı avtomobilin idarəetməsini itirdiyi vaxt avtomobil yolun sağ kənarında səkinin üzərinə çıxaraq adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs2 dəymiş, bundan sonra həmin səkidə yerləşən işıq dirəyinə dəymiş, işıq dirəyi yerindən çıxaraq iri gövdəli ağacın iri budağını sındırmış və iri budaq sınaraq səkidə dayanmış adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs3 üzərinə düşmüşdür. Nəticədə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 müxtəlif xəsarətlər almışdırlar. Hadisə nəticəsində onun avtomobili tam olaraq yararsız vəziyyətə düşmüşdür. Özü isə baş nahiyyəsindən xəsarətlər almış, burun sümüyü və dişləri sınmışdır. O, avtomaşını təxminən 60 km/saat sürəti ilə idarə etmiş, yolayrıcına daxil olarkən hərəkət etdiyi yol, baş yol olduğu üçün yolayrıcına daxil olarkən hərəkət sürətini azaltmadan hərəkətini davam etdikdə sol tərəfdən hərəkətdə olan “Mercedes” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil olaraq ani bir vaxtda yan tərəfindən vurmuşdur. Həmin avtomobilin hansı formada qarşısına çıxdığını anlamamış, hadisənin qarşısını almağa çalışsa da, ala bilməmişdir. Yol kənarında dayanmış piyadaları isə ümumiyyətlə görmədiyini və toqquşmadan sonra sükan arxasında özündə olmadığından idarəetməni itirdiyini bildirmişdir. Avtomobil öz axarı ilə piyadaya, işiq dirəyinə dəyərək dayanmışdır. Hadisə nəticəsində 2 nəfər xəsarət almışdır. Hadisə baş verənədək Vaqif prospekti ilə soldan ikinci zolaqla hərəkət etmiş, hadisə anidən olduğundan avtomobili saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün onun surətlə gəldiyini qeyd etmişdir. Zərbədən idarə etməni itirdiyindən və zərbə nəticəsində avtomobilinin ətalət surəti artdığından digər hadisələr ondan aslı olmayan səbəblərdən baş vermişdir. Təhlükə anının yaranmasını yol ayrıcına girən kimi 5-6 metr qalmış görmüş, lakin məsafə qısa olduğundan, idarə etdiyi avtomobilini dayandıra bilməmişdir. Sxemdə səhv qeyd edildiyini, “Mercedes” markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sol yan hissəsindən vurduğunu, bu avtomobilin əzilmə yerlərindən də görüldüyünü də bildirmişdir. Avtomobil anası X2 adına olsa da, özünə məxsusdur. O, məhkəməyə xx.xx.2020-ci il tarixli, **********837 saylı notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, 1(006)-244/2020 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs4 izahat verərək bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər icra Hakimiyyəti “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsinə 5280 manat ziyan dəymiş və Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən də ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən notarial qaydada məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 1(006)-244/2020 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 181 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarət – sol bazunun qançırı küt əşyanın təsirindən müayinədən 7-10 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X10 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsi səthlərində və çanaq nahiyəsində xəsarət aşkar edilmədiyindən Bakı Baş Sİ-nin X9 Zərərçəkmiş şəxs3 adına tərtib olunmuş tibbi arayışda göstərilən diaqnozun “sol çanaq nahiyyəsinin əzilməsi, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi” hissəsi sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində nəzərə alınmadı (i/v 50-52). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 20 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – sol bazunun travmatik çıxığı və kürəküstü vətərin hissəvi qopması, sağ qamış və sağ incik sümüklərinin qapalı, yerdəyişən sınıqları, döş qəfəsinin sağ yan səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X10 və Mərkəzi Gömrük Hospitalına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının Zərərçəkmiş şəxs2 vurması nəticəsində əmələ gələ bilmələri mümkündür (i/v 103-106). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 19 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol əlin İ barmağının daraq-falanqa oynağında kapsul-bağ aparatının zədələnməsi, yarımçıxığı, alın, təpə, burun nahiyələrinin, üst dodağın selikli qişasının, əzilmiş-cırılmış yaraları, üst çənədə soldan İİ dişin tac hissəsinin sınması və hər iki gözaltı nahiyənin qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər onun tibbi yardım üçün Xüsusi Dövlət Mühafizə xidmətinin tibb idarəsinin müalicə diaqnostika mərkəzinə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (i/v 134-138). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 8/70 saylı rəyindən görünür ki, istintaq tərəfindən göstərilən məlumatlara görə “Mercedes Benz” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: hərəkət üçün təhlükə yaranan anda “Hyundai Elantra” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır, hərəkət üçün təhlükə yaranan anda “Hyundai Elantra” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur(i/v 69-73). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 99). İş materiallarında olan sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Mercedes Benz C250D” markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs adına qeydiyyatdadır (i/v 22-23). İş materiallarına əlavə olunmuş “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 198-199). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədərkən idarə etdiyi “Mercedes Benz” markalı “C250D” modelli **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs qaytarılması barədə qərar qəbul olunmuşdur (i/v 151-160). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi iştirakçısı olarkən idarə etdiyi “Hyundai” markalı “Elantra” modelli **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs1 qaytarılması barədə qərar qəbul olunmuşdur (i/v 151-160). Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, **********637 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, 1(006)-244/2020 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, **********837 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, 1(006)-244/2020 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ondan 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı “C250D” modelli **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmışZərərçəkmiş şəxs1 məxsus “Hyundai” markalı “Elantra” modelli **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-244/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Ağayev Qabil Alı hüseynoğlutərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat,məhkəmə istintaqı dövründə göstərilmiş 08 (səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı “C250D” modelli **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Hyundai” markalı “Elantra” modelli **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar