Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-244/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, məhəllə 1188, ev 17C, mənzil 289-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın tələblərini pozaraq koronavirus (Covid-19) infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu halda 06 dekabr 2020-ci il tarixdə, axşam saatlarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, məhəllə 1188, ev 17C, mənzil 289-u tərk edib ünvan 1 ünvanda yerləşən “Bakı Sağlamlıq Mərkəzi” klinikasına getmiş, həmin günü saat 21:35-də oradan taksi sürücüsü Şahid4 idarə etdiyi “Peugeot 405” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana geri qayıdarkən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 02 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun əri Seyidağa Quluzadə 26 noyabr 2020-ci il tarixdə “X15” klinikasında koronavirus testindən keçmək üçün müraciət etmiş, cavab pozitiv çıxmış və müalicə almağa başlamışdır. 03.12.2020-ci il tarixdə o da özünü yoxlatmaq üçün “X15” klinikasına müraciət edərək koronavirus test analizindən keçmiş, qeydiyyat zamanı oğlu Namiqin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. Dekabr ayının 04-də oğlu Namiq klinikaya zəng edib onun analizinin cavabının pozitiv olduğunu öyrənmiş, elə həmin günü oğlunun ***-***-**-** saylı mobil nömrəsinə onun aktiv koronavirus xəstəsi olduğuna və yaşadığı evi tərk etməməsinə dair mesaj gəlmişdir. O da bundan sonra evdə qalıb yaşadığı yeri tərk etməmişdir. 06.12.2020-ci il tarixdə, səhər saatlarında əri Seyidağanın vəziyyəti getdikcə ağırlaşmış və o, qan qusmağa başlamışdır. Onlar dəfələrlə müxtəlif xəstəxanalara təcili yardım üçün zəng etdikdən sonra “Bakı Sağlamlıq Mərkəzi” klinikası ilə əlaqə saxlayıb ərinin koronavirus xəstəsi olduğunu, vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bir az sonra “Bakı Sağlamlıq Mərkəzi” klinikasından bir nəfər tibb bacısı gəlib ərindən yenidən Covid-19 analizi götürmüş, günorta saatlarında isə təcili tibbi yardım maşını gəlib ərini həmin klinikaya aparmışlar. Xəstəxanada əri Seyidağa əvvəlcə reanimasiya şöbəsinə yerləşdirilmiş, daha sonra Covid-19 xəstələri üçün təsis edilmiş palataya köçürülmüşdür. O özü isə həkim yoxlanışından keçdikdə ona vəziyyətinin yaxşı olduğunu bildirilib klinikada yer olmadığından evə qayıtmağı tövsiyə etmişlər. O da oğlu Namiqlə birlikdə həmin günü, saat 21:15-də xəstəxanadan çıxıb evə getmək üçün taksi sifariş vermişdir. Taksi ilə yolda olarkən posta polis əməkdaşları maşını saxlamış və onların sənədlərini yoxlayarkən onun aktiv koronavirus xəstəsi olduğu bildirib təcili tibbi yardım vasitəsilə onu evə göndərmişlər. 07.12.2020-ci il tarixdə, gecə saat 03 radələrində yoldaşı Seyidağa rəhmətə getmiş, o isə heç onun dəfnində iştirak etməyib evdən bayıra çıxmamışdır. 18.12.2020-ci il tarixdə yenidən “X15” klinikasında koronavirusla bağlı analiz verdikdə cavabı neqativ gəlmişdir. Bildirir ki, o, klinikaya əri Seyidağanın vəziyyəti ağırlaşdığından onu müşayiət etmək üçün yanında getmiş və onun özünün da koronaviris xəstəsi olmasını təcili tibbi yardımla gəlmiş həkim də bilirdi, çünki portalda bu barədə məlumat var idi. Klinikadan ərinin müşayiəti ilə bağlı ona arayış verilmiş, həmçinin o, müalicə xərclərini ödəmişdir. Xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında o, yer olmadığından ön tərəfdə sürücünün yanında tibb qardaşı ilə bərabər əyləşmiş, arxa tərəfdə ərinin yanında isə bir nəfər həkim anestezioloq və oğlu Namiq olmuşdur. O, “Bakı Sağlamlıq Mərkəzi” klinikasına təcili yardım üçün zəng etdikdə, həmçinin xəstəxanada olarkən özünü də Covid-19 virusuna yoluxduğunu bildirmiş, lakin vəziyyəti yaxşı olduğundan onu evə göndərmişlər. Oğlu ilə evə qayıdarkən klinikadan heç kim onlara təcili tibbi yardım maşınında getməli olduqlarını deməmişdir. Özünün də bu barədə məlumatı olmamışdır. O, ərinin vəziyyəti ağırlaşdığından hadisənin təsiri altında təlaş içərisində onun yanında həkimlərlə bərabər təcili tibbi yardım maşınında xəstəxanaya getmiş, daha sonra da oğlu ilə evə qayıdıb başqa heç yerə çıxmamışdır. Onun heç bir təqsiri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, atası Seyidağa Quluzadə 26 noyabr 2020-ci il tarixdə “X15” klinikasında koronavirusla bağlı analiz vermiş, nəticəsi pozitiv çıxmış, sahə həkimləri vasitəsilə müalicə almağa başlamışdır. 03.12.2020-ci il tarixdə anası Təqsirləndirilən şəxs də həmin klinikada Covid- 19 test analizindən keçmiş, bu zaman qeydiyyat üçün onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. Həmin günü klinika ilə əlaqə saxlayıb anasının da nəticəsinin pozitiv olduğunu öyrənmiş, dekabr ayının 04-də isə sonuncunun aktiv koronavirus xəstəsi olduğuna dair onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə “SMS” gəlmişdir. 06.12.2020-ci il tarixdə atası Seyidağanın vəziyyəti getdikcə pisləşmiş və o, qan qusmağa başlamışdır. Onlar dəfələrlə təcili yardıma zəng etsələr də, xəstəxanalarda yer olmadığından atasını yerləşdirmək mümkün olmamışdır. Daha sonra həmin günü günorta saatlarında “Bakı Sağlamlıq Mərkəzi” klinikasından gələn təcili tibbi yardım maşını atası Seyidağanı aparmış, bu zaman o və anası Gülnarə də həmin maşında həkimlərlə birlikdə xəstəxanaya getmişlər. Klinikada atası Seyidağa əvvəlcə reanimasiya şöbəsinə yerləşdirilmiş, daha sonra Covid-19 xəstələri üçün təsis edilmiş palataya köçürülmüşdür. Anası Gülnarə həkim yoxlanışından keçdikdə vəziyyətinin yaxşı olduğunu bildirib ona evə getməyi tövsiyə etmiş və heç kim onlara təcili tibbi yardım maşınında getməli olduqlarını bildirməmişdir. O da anası Gülnarə ilə birlikdə həmin günü, saat 21:15-də klinikadan çıxıb evə getmək üçün taski sifariş vermişlər. Onlar saat 21:35 radələrində Azadlıq prospektində yerləşən postda saxlanılaraq polislər tərəfindən yoxlanıldıqda anası Gülnarənin aktiv koronavirus xəstəsi olduğu deyib təcili tibbi yardım çağırıb onları evə yola salmışlar. 07.12.2020-ci il tarixdə, gecə saat 03 radələrində atası rəhmətə getmişdir. 18.12.2020-ci il tarixdə anası Gülnarə yenidən “X15” klinikasında koronavirusla bağlı analiz vermiş, nəticəsi neqativ olmuşdur. O, özü koronavirusa yoluxmamış, onda heç bir əlamət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru Şahid1 Adil oğlu ifadəsində göstərdi ki, karantin rejimi tələblərinə riayət olunub-olunmaması məqsədilə keçirilən yoxlama zamanı 06 dekabr 2020-ci il tarixdə, saat 21:35-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 02 saylı stasionar postda iş yoldaşı Şahid2lə birlikdə xidmətdə olarkən sonuncu “Peugeot 405” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Həmin avtomobilin sürücüsü Şahid4 və sərnişin Şahid3 portalda müvafiq icazəsi olduğu müəyyən edilmiş, digər sərnişin Təqsirləndirilən şəxs isə aktiv koronavirus xəstəsi olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ilə yaşadığı ünvanı tərk etməməsi barədə profilaktik söhbət aparılıb hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə yaşadığı ünvana yola salınmış, hadisə barədə raportla idarətə məlumat verilmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında aşağıdakı şəxslər də dindirilmişlər. Şahid “Bakı Sağlamlıq Mərkəzi”ndə tibb bacısı vəzifəsində işləyən X9 ifadəsində göstərdi ki, o, klinikada çağırış üzrə tibb bacısı olaraq işləyir, əsas fəaliyyət istiqaməti evlərdə qan analizi və ya PCR-test götürülməsindən ibarətdir. O, klinikaya daxil olan çağırışlar əsasında sürücü ilə bərabər ünvanlara gedir, yalnız analiz üçün nümunə götürüb geri qayıdıb laboratoriyaya təhvil verir. Xatırladığı qədərilə çağırış üzrə evə gedib və məhkəmədə gördüyü təqsirləndirilən şəxsin ərindən Covid-19 üzrə analiz götürmüşdür. Şahid qismində dindirilmiş “Bakı Sağlamlıq Mərkəzi”ndə feldşer (hadisənin baş verdiyi dövrdə tibb qardaşı) vəzifəsində işləyən X10 ifadəsində göstərdi ki, o, hadisəni tam dəqiq xatırlamasa da, 06.12.2020-ci il tarixdə karantin və hərbi vəziyyət rejimləri ilə əlaqədar yaranmış işçi çatışmazlığından və bazar günü olduğundan növbədə tək olmuşdur. Həmin günü günorta saat 02 radələrində verilmiş tapşırıq əsasında o, çağırış vərəqəsi üzrə təcili olaraq tibbi maşınla transfer xidmətini həyata keçirərək adını sonradan bildiyi Seyidağanı hazırda işdən çıxmış sürücü Bəxtiyar Qənizadə ilə bərabər evdən xərəkdə götürüb liftlə aşağı düşürmüş və təcilli tibbi yardım maşınına əyləşdirib xəstəxanaya gətirib təcili yardıma təhvil vermişdir. Xəstəni gətirməyə o tək getmiş, orada heç bir həkim olmamışdır. Xəstəni təcili tibbi yardım maşını ilə də gətirəkən xatırladığı qədər onunla bərabər həkim olmamış, bu barədə qeydiyyat dəftəri də mövcuddur. Ümumiyyətlə, xəstəxana qaydalarına əsasən 10 yaşınadək uşaqları yanlarında valideynin müşayiət etməsindən başqa digər xəstə yaxınlarının təcili yardım maşınına əyləşdirilməsi qadağandır. Onu da qeyd edir ki, 01 il 07 aydan çoxdur ki, bu xəstəxanada işləyir və heç vaxtı təcili tibbi yardım avtomobilinə xəstənin qohumunu mindirməmişdir. Şahid X11 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, məhəllə 1188, ev 17C, mənzil 292-də yaşayır, Təqsirləndirilən şəxs onun qonşusudur. Dekabr ayının əvvələrində o, arvadı ilə bərabər həyətdəki marketdən qayıdarkən binalarının qarşısında təcili tibbi yardım maşının dayandığını və sürücüyə oxşar biri mülki, digəri isə ağ xələtdə olmaqla iki nəfərin qonşu Gülnarənin ərinin xərəkdə çölə çıxardıqlarını müşahidə etmişlər. Gülnarədən məsələni soruşanda, sonuncu demişdir ki, əri koronavirus xəstəsidir, onu xəstəxanaya aparıllar. Gülnarə də oğlu ilə bərabər ərini apardıqları təcili yardım maşınına əyləşib getmişlər. Gülnarə maşında ön oturacaqda sürücünün yanında, oğlu isə arxa tərəfdə əyləşmişdir. Maşında onlardan başqa Gülnarənin yanında kiminsə olub-olmadığını dəqiq xatırlamır. Bir neçə gün sonra Gülnarənin ərinin rəhmətə getdiyini eşitmişdir. Şahid X5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, məhəllə 1188, ev 17C, mənzil 292-də yaşayır, Təqsirləndirilən şəxs qonşudur. Dekabr ayının əvvələrində əri İlyasla bərabər həyətdəki marketdən qayıdarkən binalarının qarşısında təcili tibbi yardım maşının dayandığını görmüşlər. Bu zaman Gülnarənin təlaş içində blokdan çıxdığını, ardınca isə onun ərinin xərəkdə gətirildiyini müşahidə etmişlər. O da ondan məsələ ilə maraqlananda, sonuncu ərinin xəstəxanaya aparıldığını söyləyib getmişlər. Maşının arxasında Gülnarənin əri və oğlu olmuş, qabağında isə Gülnarə və həkim əyləşmişdir. Bir neçə gün sonra Gülnarənin ərinin rəhmətə getdiyini bilmişdir. Şahid X6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, məhəllə 1188, ev 17C, mənzil 291-də yaşayır, Təqsirləndirilən şəxs onun qonşusudur. 06.12.2020-ci il tarixdə qonşuluqda yaşayan bacısıgildən qayıdarkən həyətdə təcili yardım maşının dayandığını, Gülnarənin isə tələsik ön oturacaqda sürücünün yanında əyləşib getdiyini görmüşdür. Həmin vaxtda Gülnarənin yanında kiminsə olub-olmadığını xatırlamır. Sonradan qonşulardan Gülnarənin ərinin rəhmətə getdiyini eşitmişdir. İş materiallarında olan: “X15” tərəfindən verilmiş 22.01.2021-ci il tarixli, 0790-Ç saylı məktubda əsasən Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə klinikada “Covid-19” analizi vermiş, analizin nəticəsi pozitiv çıxmış və bu nəticənin TƏBİB-in sistemində qeydiyyatı aparılmışdır. 04.12.2020-ci il tarixdə pasiyentin qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə onun pozitiv nəticəsi barədə mesaj göndərilmişdir (İ cild, i.v.36); “İTS.GOV.AZ” portalından olan çıxarışa əsasən 04.12.2020-ci il tarixdə, saat 11:36-da göndərilən mesajla Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğu bildirilir. Onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olunnacağı barədə xəbərdarlıq edilir (İ cild, i.v.33, İİ cild); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 08.02.2021-ci il tarixli, 65/KEŞ saylı rəyinə əsasən 03.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (İ cild, i.v.38- 40); baş həkim Elxan Hacıyev adından imzalanmış 06.12.2020-ci il tarixli, 161 saylı arayışda X1 həmin tarixdə, saat 15:45-dən saat 21:15-ə qədər “Bakı Sağlamlıq Mərkəzi”ndə həkim müayinəsində olduğu, yaxını Təqsirləndirilən şəxs onu müşayiət etdiyi qeyd olunub (İ cild, i.v.31, İİ cild); “Diskə baxış keçirilməsi haqqında” 16.02.2021-ci il tarixli protokol və diskdə olan görüntüdən aydın olur ki, 16.12.2020-ci il tarixdə, saat 21:35-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Yusifbəyli küçələrinin kəsişməsində yerləşən 02 saylı stasionar postda yoxlanılarkən polis əməkdaşları tərəfindən saxlanılır və onun aktiv koronavirus xəstəsi olduğu aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs bir daha yaşadığı ünvanı tərk etməməsi barədə məlumat verilir (İ cild, i.v.72, disk); “Bakı Sağlamlıq Mərkəzi” X16 31.05.2021-ci il tarixli, 417/02/31 saylı məktubunda qeyd olunur ki, X1 yaxınları 06.12.2020-ci il tarixində klinikanıın təcili tibbi yardım çağırı mərkəzinə müraciət edib onun vəziyyətinin ağırlaşdığını bildirmişlər. Təcili tibbi yardım əməkdaşları deyilən ünvana gedib getmiş və vəziyyəti ağır olan xəstəyə ilkin lazımi tibbi xidmət göstərmişlər. Pandemiya ilə əlaqədar xəstələrdən Covid-19 test analizi götürülmədən onların klinikaya qəbulu mümkün olmadığı üçün xəstədən test müayinəsi götürülmüşdür. Həmin dövrdə analizlərin cavabı 6-8 saat ərzində məlum olurdu. Lakin, analizin cavabı hələ çıxmamış xəstə yaxınları az sonra müəssisənin çağırı mərkəzinə zəng edib onun vəziyyətinin ağırlaşdığını bildirərək onu təkidlə xəstəxanaya yerləşdirilməsini xahiş etmişlər. Bununla əlaqədar təcili tibbi yardım briqadası xəstəni Mərkəzə gətirmişdir. Xəstə gətirildikdən sonra xəstəxanadaxili tibbi prosedurlara uyğun olaraq onun Covid-19 analizinin cavabı çıxana qədər Təcili yardım şöbəsində xüsusi izolyasiya qaydalarına uyğun yerləşdirilmişdir. Daha sonra isə onun analizinin nəticəsi pozitiv çıxmış və TƏBİB-dən rəsmi icazə alındıqdan sonra xəstə Mərkəzin Covid-19 virusuna yoluxmuş xəstələr üçün ayrılmış və xüsusi izolyasiya olunmuş blokuna köçürülmüşdür. Xəstəyə “Koronoviruslar - başqa rubrikalarda təsnif edilən xəstəliklərin törədicisi kimi. Böyüklərin respirator pozğunluq (distress) sindromu. Kəskin respirator çatmamazlıq (Durğunluq), ürək çatmamazlığı ilə müşayiət olunan, başlıca olaraq ürəyin və böyrəklərin zədələnməsi ilə gedən hipertensiv (hipertoniya) xəstəlik. Kəskin qanaxma ilə. Portal hipertenziya nəticəsində qida borusunun profuz qanaxması. Dəqiqləşdirilməmiş talassemiya. Portal hipertenziya. Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” diaqnozu qoyulmuşdur. Xəstə 07.12.2020-ci il tarixində rəhmətə getmişdir. Təcili tibbi yardım şöbəsinin feldşeri Elmidar Abbasovun yazılı məlumatına əsasən xəstə təcili tibbi yardım maşınında gətirilərkən tibbi personaldan savayı, onu heç bir yaxını, o cümlədən Təqsirləndirilən şəxs müşayiət etməmişdir. Bu səbəbdən xəstə yaxınının Mərkəzə kimlər tərəfindən gətirilməsi barədə məlumatları yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs xüsusi karantin rejimi ilə bağlı arayış verilmişdir (İİ cild); “Bakı Sağlamlıq Mərkəzi” X16 14.07.2021-ci il tarixli, 552/02/37 saylı məktubunda qeyd olunur ki, Mərkəzin “Çağırı Mərkəzi”nə 06.12.2020-ci il tarixə edilən telefon zəngləri arasında X2 barəsində müraciət qeydə alınmamışdır. Ehtimal olunur ki, həmin şəxslə bağlı çağırış ünvanına gedilməsi xəstə yaxınlarının klinikanın digər əlaqə telefonlarına müraciətləri əsasında olmuşdur. Klinikada yalnız çağırı mərkəzinə edilən zənglərin məzmunu saxlanılır. İlkin olaraq, xəstənin müəssisədə yerləşdirilməsi üçün müraciət daxil olmuşdur. Buna cavab olaraq xəstə yaxınlarına bildirilmişdir ki, stasionar şəraitdə xəstəyə tibbi xidmət göstərilməsi üçün ondan Covid-19 analizi daxil olmaqla müvafiq analizlərin götürülməsi zəruridir. Bu məqsədlə 06.12.2020-ci il tarixdə (saat 10:44) təcili yardım xidmətindən tibb bacısı Kərimova Vüsalə və sürücü Səmədov Yusif çağırış ünvanına getmişlər. Sonradan xəstə yaxınları təkrar müraciət edərək onun vəziyyətinin ağır olduğunu bildirərək onun təcili olaraq xəstəxanada təkidlə yerləşdirilməsini xahiş etmişlər. Bu zaman xəstənin ünvanına saat 14:00 radələrində feldşer Abbasov Elmidar və sürücü Qənizadə Bəxtiyar getmişlər. 20.04.2021-ci il tarixdə sürücü B.Qənizadə ilə əmək müqaviləsinə xitam verilmişdir (İİ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.01.2021-ci il tarixli arayışında Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.30). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na əsasən: Bu Qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən hazırlanmışdır və hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (bundan sonra – yoluxucu xəstəlik) əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və yoluxucu xəstəlik faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi, habelə yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərin təcrid olunmaqaydalarını müəyyən edir (1.1-ci bənd); Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd); karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd); Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd); Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd); Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4-1.2-ci bənd); yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd); karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “İTS.GOV.AZ” portalı vasitəsilə 04.12.2020-ci il tarixdə, saat 11:36-da göndərilən mesajla 03.12.2020-ci il tarixdə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğu bilib onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olunacağı barədə xəbərdar edilməsinə baxmayaraq, artıq karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində 06 dekabr 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, məhəllə 1188, ev 17C, mənzil 289-u tərk edib ünvan 1 ünvanda yerləşən “Bakı Sağlamlıq Mərkəzi”nə getmiş, həmin günü, saat 21:35-də oradan taksi sürücüsü Şahid4 idarə etdiyi “Peugeot 405” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana geri qayıdarkən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 02 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da o, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməldə özünü təqsirli bilməyərək aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini tərk etməsini ağır vəziyyətdə olan əri Seyidağa Quluzadə xəstəxanaya aparılarkən onu müşayiət etmək məqsədi ilə və hadisənin təsiri altında təlaş içində olaraq təcili tibbi yardım maşınında həkimlə birlikdə klinikaya getməklə əsaslandırmış, həmçinin klinikada onun da müayinə olunduğunu və “Covid-19” virusuna yoluxduğuna bil-bilə evə təcili tibbi yardım maşını ilə deyil, özünün getməsinin məsləhət görüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təcili tibbi yardım maşınında xəstəxanaya getməsi ilə bağlı müdafiə tərəfinin təqdim etdiyi, onun qonşuları olan şahidlərin ifadələrindən görsənsə də, aktiv koronavirus xəstəsi olduğu halda təqsirləndirilən şəxsin yaşayış yerini hansı qanuni əsaslarla və kimin göstərişi ilə tərk etməsi, habelə onun “Bakı Sağlamlıq Mərkəzi”ndə müayinə olunmasını və evə özünün getməsi barədə həkim göstərişini təsdiq edən hər-hansı tutarlı və təkzibedilməz sübutlar məhkəmədə müəyyən oluna bilinməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarına görə yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməli, belə şəxsin karantin yerini tərk etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır. Eyni zamanda iş materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs 06.12.2020-ci il tarixdə “Bakı Sağlamlıq Mərkəzi”ndə müayinə olunan ərinin müşayiət etdiyi və bununla bağlı ona xüsusi karantin rejimi ilə bağlı arayış verildiyi müəyyən olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 27.09.2020-ci il tarixli, 1166 saylı Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı və digər şəhər və rayonlarda hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, bu ərazilərdə şəxslərin xüsusi icazə olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmişdir. 07.12.2020-ci il tarixli fərmanla isə elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi karantin rejimi ilə bağlı arayışın verilməsi məhz həmin ərəfədə ölkədə tətbiq olunmuş komendant saatı ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə Təqsirləndirilən şəxs ittiham olunan əməl tam sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs aktiv “Covid-19” infeksiyasına yoluxduğunu bildiyinə baxmayaraq yaşayış yerini ərinin ağır vəziyyəti ilə əlaqədar hadisənin təsiri altında tərk etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını yüngülləşdirən halın mövcud olmasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın aşağı həddində cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-244/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-244/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver