Məhkəmə qərarları › İş №1(006)-245/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-245/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-245/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağdam rayonu, Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qarapirim kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” kimi tələblərini pozaraq, 07.12.2020-ci il tarixdə ünvan 2 ünvanı tərk edərək istintaqa məlum olmayan nəqliyyat vasitəsilə yaşadığı ünvan 3 ünvanına getmiş, bundan sonra 08.12.2020-ci il tarixdə, saat 12:18-də yaşadığı ünvanı tərk edərək piyada binanın yaxınlığında yerləşən mağazaya gedib həmin gün yaşadığı ünvana geri qayıtmış və sonuncu dəfə 15 dekabr 2020-ci il tarixdə, saat 10:00-da yaşadığı ünvanı tərk edərək istintaqa məlum olmayan nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanda yerləşən 1 saylı poçt filialının 7 saylı poçt şöbəsinə gedib daha sonra həmin gün saat 11:05-də ünvan 5 ünvanında yerləşən “Zabitlər Bağı” adlanan istirahət parkında piyada hərəkətdə olarkən Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılmış və bort-kompüter vasitəsilə yoxlanılan zaman epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratması müəyyən edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam rayonunun Qarapirim kəndində daimi pasport qeydiyyatındadır və 1993-cü ildən məcburi köçkün kimi Tərtər rayonunun Mamırlı kəndində valideynləri ilə birlikdə yaşamışdır. 1996-ci ildə X4 ilə ailə həyatı qurmuş və onunla rəsmi nikahlarından üç övladı vardır. Elə həmin ildən Bakı şəhəri, Abşeron rayonunun Xırdalan qəsəbəsinə köçmüşdürlər. 1998-ci ildən həmin qəsəbədə müvəqqəti pasport qeydiyyatındadır. Həyat yoldaşı Elçin 2019-cu ilin dekabr ayının 13-də vəfat etmişdir. X2 08.07.2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmış və hal-hazırda hərbi xidmətini Qubadlı rayonu ərazisində davam etdirir. X1 2020-ci ilin noyabr ayının 25-də yaşadığı Ağdam rayonunun Baharlı qəsəbəsində COVİD-19 xəstəliyindən vəfat etmişdir. Bununla bağlı olaraq o, rayona yas yerinə getmişdir. 28.11.2020-ci il tarixdə atasının yaşadığı Baharlı qəsəbəsi 291 saylı ünvandakı evə təcili tibbi yardım maşını ilə həkim briqadası gələrək bütün ailə üzvlərindən koronavirusa tutulub-tutulmamalarını aşkar etmək məqsədi ilə yaxma götürmüşlər. Lakin onlar atalarının ürəyində yaranmış ciddi problemlə bağlı onun müalicəsi ilə bağlı analizin nəticələrini gözləmədən qardaşı Rüstəmov Samir Vəkil oğlunun “Opel” markalı AZ **-DX-*** dövlət nömrəli minik avtomobili ilə 29 noyabr 2020-ci il tarixdə Bakı şəhərinə gəlmişlər. Atası, qardaşı Samir və qızı Günellə birlikdə gəlmişdir. Həmin vaxt özündə hec bir xəstəlik əlaməti hiss etməmişdir. 2020-ci ilin dekabr ayının 4-də qardaşı Samirin şəxsi istifadəsində olan ***-***-**-** nömrəli telefonuna İTS.GOV.AZ saytından həm onun, həm də qardaşı Samirin vermiş olduqları analizin cavabı gəmişdir. Həmin testin nəticələrinə görə onun analizi “pozitiv”, qardaşının analizi isə “neqativ” çıxmışdır. Həmin gündən etibarən dekabr ayının 14-nə kimi evdən bayıra çıxmamışdır və ev şəraitində müalicə almışdır. Eşitmişdir ki, koronaya tutulan şəxslər müalicə alandan sonra 2 həftə ərzində sağalır və avtomatik olaraq onlara tətbiq olunan qadağa aradan götürülür. O, 2020-ci ilin noyabr ayının 28-də analiz vermişdir və həmin vaxtdan hesablayanda üstündən 17 gün keçmişdir. Buna görə də o, dekabr ayının 14-də “8103” nömrəsinə qısa mesaj yollamış və müsbət cavab almışdır. Həmin gün ilk dəfə evdən çıxaraq ərzaq almış və bir də ertəsi gün ayın 15-də poçtdan pul götürmək üçün yenidən “8103” nömrəsinə qısa mesaj yollamışdır. Telefonuna mesaj səsi gəlmiş və bir gün qabaq ona icazə verildiyinə görə arxayın olmuşdur ki, adı portaldan silinib və ona görə də telefona baxmadan qızı ilə bərabər evdən çıxaraq Bakıya gəlmişdir. Poçta çatmamış onları Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər bağı” deyilən yerdə post-patrul xidmətinin əməkdaşları saxlamışlar. Polislər onlardan icazələrinin olub-olmadığını soruşmuş və onlar da icazələrinin olduğunu bildirərək telefonlarına gələn mesajları göstərmişlər. Bu zaman aydın olmuşdur ki, bu gün üçün qızına icazə verilsə də, ona icazə verilməmişdir. Ona görə də polislər ondan şəxsiyyət vəsiqəsini tələb edib almış və portalda yoxladıqda onun adının koronavirus xəstəsi kimi hələ də qeyddə qaldığı aşkar edilmişdir. Əgər belədirsə onda ona xəstə ola-ola bir gün əvvəl “8103”-dən necə icazə verildiyini anlaya bilməmişdir. Bundan sonra polislər oraya müstəntiq dəvət etmiş, az sonra Nəsimi RPİ-nin baş müstəntiqi, sonradan adının Elçin olduğunu bildirən polis zabiti oraya gəlmiş və hadisəni sənədləşdirmişdir. Sonra da onu taksi ilə evə yola salmışdır. Daha sonra əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid ifadəsində göstərdi ki, o, 15 dekabr 2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Zabitlər Bağı” adlı parkda gəzən bir qadına yaxınlaşıb, özünü təqdim etməsini və sms icazəsi olub-olmadığını soruşmuşdur. Həmin qadın şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və onun Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Sonra portalda icazəsinin olub-olmadığını yoxlayan zaman məlum olmuşdur ki, sonuncu aktiv koronavirus xəstəliyinin daşıyıcısıdır. Bundan dərhal sonra həmin şəxsi sosial təcrid etmək üçün bu barədə Nəsimi RPİ-nin NH-nə məlumat vermişdir. Bu barədə rəhbərliyə raportla məlumat vermişdir. Bundan sonra həmin şəxsi kənarda saxlayaraq polis əməkdaşlarının gəlməsini gözləməyi tələb etmişdir. Təxminən bir neçə dəqiqədən sonra Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru qoruyucu forma, kombinezon, üz üçün sipər, tibbi əlcək və tibbi maska geyinərək müstəntiqin məsafə saxlamaqla iştirakı ilə həmin şəxsə yaxınlaşmışlar. Videoçəkiliş vasitəsi ilə müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs suallar verilmiş və nə səbəbə koronavirus xəstəsi olmasını bilə-bilə insanların həyat və sağlamlığına laqeyd münasibət bəsləyərək virusun yayılması üçün real təhlükə yaratmasını soruşduqda sonuncu ona göndərilmiş pulu poçtdan çıxarmaq üçün yaşadığı evi tərk etdiyini bildirmişdir. İş materiallarında olan: - Abşeron Rayon Mərkəzi Xəstəxanasının 07 yanvar 2021-ci il tarixli 10 nömrəli məktubundan, Abşeron rayon Mərkəzi Xəstəxanasının 11 yanvar 2021-ci il tarixli 19 nömrəli məktubundan və həmin xəstəxananın 29 yanvar 2021-ci il tarixli 105 saylı əlavə məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdə Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən “COVİD-19” xəstəliyinə görə yaxma götürülmüşdür. 05.12.2020-ci il tarixdə Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən evdə müşahidəyə götürülmüşdür (evdə nəzarət). 21.12.2020-ci il tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən “COVİD-19” xəstəliyinə görə Təqsirləndirilən şəxs yaxma götürülmüş və nəticə pozitiv olmuşdur (İ cild, i.v.24; 28). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi Şəxsin 02.02.2021-ci il tarixli 95/KEŞ saylı rəyinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (COVİD-19PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir (İ cild, i.v.29-32); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26.12.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.17); - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində aqşab“ yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.71-74). - Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 15 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yerləşən “Zabitlər Bağı” adlı parkda piyada postda xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılır. Bundan başqa, Təqsirləndirilən şəxs 08 dekabr 2020-ci il tarixdə, saat 12:18-də Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, MTK bina 3, 163 saylı mənzili tərk etmişdir (İ cild, i.v.70). - Sübutların qiymətləndirilməsi haqqında 03 mart 2021-ci il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut növü qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.77-82). - its.gov.az saytının 04.12.2020-ci il tarixli sms-dən görünür ki, Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitivdir. Təqsirləndirilən şəxs onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi xahiş olunmuş, karantin rejimini pozduğu təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs COVİD-19 ilə bağlı testi 28 noyabr 2020-ci il tarixdə verməsi və 14 gündən sonra evdən çıxması barədə ifadəsinə tənqidi yanaşır və bildirir ki, Abşeron rayon Mərkəzi Xəstəxanasının 29 yanvar 2021-ci il tarixli, 105 №-li məktubundan görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdə Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən “COVİD-19” xəstəliyinə görə yaxma götürülmüşdür. 05.12.2020-ci il tarixdə Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən evdə müşahidəyə götürülmüşdür (evdə nəzarət). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na əsasən: - Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); - karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd); - karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd); - Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1-ci bənd); - Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd); - Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); - Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd); - Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4- 1.2-ci bənd); - Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd); - karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın DİVOC“-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni onun əməlindən səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 21 saat üçün nəzərdə tutulan 126 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar