Məhkəmə qərarları › İş №1(006)-245/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-245/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-245/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:50 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1968-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, Aşıq Bilal küçəsi, ev 3-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan darağı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlayaraq daşımaqla gəzdirmiş, 29 yanvar 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:15-də ünvan 1 ünvanın qarşısıda saxlanılaraq ünvan 2a yerləşən Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindəki əl çantasından 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı “Makarov” konstruksiyalı yivli odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Makarov" konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və zavod üsulu ilə 03 ədədi 2010-cu, 03 ədədi 2012-ci illərdə Azərbaycan Respublikasında, 01 ədədi isə 1988-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli “Makarov(PM)” və “Steçkın” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı 07 ədəd döyüş sursatı olan ştat patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 29 yanvar 2024-cü il tarixdə saat 15 radələrındə ünvan 4 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun üzərində qanunsuz olaraq silah gəzdirməyində şübhəli olduğunu bildirib, onu Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə 21ci polis bölməsinə gəlmişdir. Polis bölməsində üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, o da şəxsi axtarış zamanı üzərində gəzdirdiyi çantadan 01 ədəd metro kartı, 60 qəpik dəmir pul, 01 ədəd pul qabı, 01 ədəd mobil telefon, 01 ədəd darağında 07 ədəd patron olan «Makarov» tipli tapançanı çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi tapança, 01 ədəd çanta, 01 ədəd pul qabı, 01 ədəd metro kartı, 01 ədəd mobil telefon götürülmüşdür. O, tapançanı üzərində satmaq üçün gəzdirmiş, lakin həmin tapançadan istifadə etməmişdir. Təqdim etdiyi tapançanı “Kubinka” adlanan ərazidə təxminən bir neçə ay əvvəl zibil qutularının yanından tapmış və onu satmaq üçün üzərində gəzdirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPİ-nin 21-ci PB-də olan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Sonda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 29 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən «Pünhan» adlı şəxsin üzərində qanunsuz olaraq əldə etdiyi odlu silahı saxlaması və gəzdirməsi ilə məşğul olması məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2la birlikdə əldə etdikləri məlumat əsasında Bak şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsinə getmişlər. Həmin küçədə saat 15:15 radələrində 4 saylı ünvanın qarşısında olarkən şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində odlu silahın üzərində qanunsuz saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət etmişlər, sonuncu da etiraz etməyib onlarla birlikdə 21-ci polis bölməsinə getmişdir. Bölmədə olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə vıdeoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu üzərində gəzdirdiyi qəhvəyi rəngli çantadan 01 ədəd metro kartı, 60 qəpik dəmir pul, 01 ədəd pul qabı, 01 ədəd mobil telefon, 01 ədəd darağında 07 ədəd patron olan tapançanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın «Makarov» tipli tapança olduğunu, həmin tapançanın atası Lətif İmanova məxsus olduğunu, atasının 2017-ci ildə vəfat etdiyini, bundan sonra tapançanı özündə səxlamaq qərarına gəldiyini, son zamanlar isə tapançanı satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çanta, 01 ədəd pul qabı, 01 ədəd metro kartı, 01 ədəd mobil telefon da götürülmüşdür. Daha sonra protokol tərtib olunmış və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Elmir Hüseynov tərəfindən tərtib edilmiş və həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş X3, barəsində istintaq hərəkəti aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 29 yanvar 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qəhvəyi rəngli, üzərində “T” hərfləri olan çantanı masanın üzərinə qoymuşdur. Çantanı açdıqda içərisindən 01 ədəd “Bakı Metropoliteni” kartı və ümumilikdə 60 qəpik olmaqla 02 ədəd 20 qəpik və 02 ədəd 10 qəpik, 01 ədəd qızılı rəng plastmas ox olan pul qabı, 01 ədəd ekranı qara, korpusu ağ rəngdə olan mobil telefon və darağında 07 ədəd patron olan 01 ədəd tapançanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi qara rəngli sinəsində “Sox sport line” yazısı olan gödəkcənin ciblərinə, papağına, tünd qəhvəyi rəngli poliverin boynuna, onun altında olan göy və qəhvəyi rəngli poliverinin qollarına, boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində tünd göy rəngli cins şalvarın sağ və sol yan ciblərinə, həmçinin şalvarın ətəyinə, belinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayağında olan ayaqqabını çıxarması və corablarının soyunması tələb olunmuş və onun ayaqqabıları çıxarılıb yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan ayaqqabılarını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, üzərində gəzdirdiyi qəhvəyi rəngli çantanın içərisindən aşkar olunmuş əşyanın “Makarov” tipli tapança olduğunu bildirmiş, ondan həmin tapançanı haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual verdikdə, o silahın vəfat etmiş atası Lətif İmanova məxsus olduğunu, o, 2017-ci il tarixdə vəfat etdikdə tapançanı özündə saxlamaq qərarına gəldiyini, pula ehtiyacı olduğu üçün tapançanı satmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin üzərində 07 ədəd patron olan “Makarov” tipli tapançanın ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulub möhürlənərək qablaşdırılacağı bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra “Makarov” tipli tapança və 07 ədəd patron zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 48-50). İş materiallarına əlavə olunmuş “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, 01 (bir) ədəd “Makarov” konstruksiyalı odlu silah, 01 (bir) ədəd daraq və 07 (yeddi) ədəd patron maddi sübut kimi tanınmış və kriminalistik tədqiqatlardan sonra 01 (bir) ədəd “Makarov” konstruksiyalı silah, 01 (bir) ədəd daraq və 04 (dörd) ədəd patronun saxlanılmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi qərara alınmışdır (i/v 121-128). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 110). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Nəsimi rayon məhkəməsinin 4(006)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 26-27, 103-104). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 24/234 nömrəli rəyindən və ona əlavə edilmiş fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə 03 ədədi 2010-cu, 03 ədədi 2012-ci illərdə, Azərbaycan Respublikasında, 01 ədədi keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar (i/v 57-62). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Elnur Nəsibov tərəfindən DİN-nin Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə ünvanlanan 05 mart 2024-cü il tarixli, 3-13-11/2-3147/2024 saylı məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, №-si silinmiş PM modelli “Makarov” konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i/v 113). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədəd patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədəd patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar