Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-246/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxs və onun Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi: Şahid4 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., keçid 1410, məhəllə 3215, ev 2A, mənzil 28-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Bakı-Xırdalan marşrutu üzrə hərəkət edən 199 nömrəli sərnişin avtobusunda olarkən avtobusun Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 31 saylı ünvanın qarşısında dayanmasından və sərnişin sıxlığından istifadə edərək yetkinlik yaşma çatmayan sərnişin Zərərçəkmiş şəxs çiynindəki əl çantasından üzərində 04 manat dəyərində ********** saylı GSM nömrə olan tünd göy rəngli, Hindistan Respublikasında istehsal olunmuş 140 manat dəyərində bir ədəd “Samsung Galaxy” markalı, “SM-A105F (A10)” modelli mobil telefonu gizli götürdükdən sonra avtobusdan düşmüş, həmin vaxt telefonun götürüldüyünü aşkar edən Zərərçəkmiş şəxs onun arxasınca gəlib telefonun qaytarılmasını tələb etdiyi zaman oradan qaçaraq uzaqlaşmaq istəyərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmiş, zərər çəkmiş şəxsin ümumilikdə 144 manat dəyərində əmlakını soyğunçuluq yolu ilə ələ keçirilməsinə cəhd etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində şəxsi işi ilə bağlı metronun “20 Yanvar” stansiyasının yaxınlığına gəlmiş, daha sonra Xırdalan şəhərinə getmək üçün 199 saylı sərnişin avtobusuna minmişdir. Avtobusda olan zaman çiynində çantası olan azyaşlı bir qıza yaxınlaşaraq arxasında ayaq üstə dayanmış, sıxlıq olduğu üçün sərnişinlərin ona diqqət yetirməməsindən istifadə edib əl çantasına toxunaraq qızın diqqətini yoxlamışdır. Həmin qız çantasına toxunulduğunu hiss etdiyi üçün o, avtobusun dayanmasını gözləmişdir. Avtobus Nəsimi rayonu, Moskva prospekti, 31 saylı ünvanın qarşısında dayanan zaman o guya sıxlıq olduğu üçün qıza toxunmuş və bu üsulla qızın çantasından telefonunu götürərək avtobusdan enmişdir. Həmin qız da avtobusdan düşərək onun arxası ilə gəlmiş, o da telefonu cibində gizlədərkən qız bunu görüb qışqırmış və telefonu qaytarılmasını tələb etmiş, bu zaman o, qaçmağa başlamışdır. Təxminən 50-55 metr qaçdıqdan sonra onun arxası ilə gələn polis əməkdaşları onu saxlayıb telefonu əlindən almışlar. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci ildə, saat 18 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığına anası Sevda ilə görüşüb 199 saylı avtobusa minmişdir. Avtobusa minməmişdən əvvəl mobil telefonla danışıb əl çantasına qoymuş və çantanı çiynindən asmışdır. Avtobus Moskva prospekti ilə Xırdalan şəhəri istiqamətində “Şamaxinka” adlanan ərazidə hərəkətdə olan zaman kiminsə onun çiynindəki əl çantasına toxunduğunu hiss etmişdir. O da əl çantasına baxanda “Samsung Galaxy” markalı mobil telefonunun yerində olmadığını aşkar etmiş, ətrafa baxarkən telefonun bir nəfər kişinin əlində olduğunu görmüşdür. Həmin kişindən telefonu ona verilməsini tələb etdikdə sonuncu avtobusdan düşüb qaçmışdır. O da avtobusdan düşüb qışqıraraq telefonun qaytarılmasını tələb etmiş, lakin kişi buna əhəmiyyət verməyərək qaçıb getmişdir. Yaxınlıqda olan polis əməkdaşlarına baş verənlər barədə məlumat verdikdən sonra bir neçə dəqiqə ərzində polis əməkdaşları həmin şəxsi tutub saxlamışlar. Onun telefonu və üzərində olan ********** saylı GSM nömrə qaytarıldığı üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində polis nəfəri Şahid2lə Nəsimi rayonu, 20 Yanvar küçəsində xidmətdə olduğu vaxt bir nəfər xanım onlara yaxınlaşaraq tanımadığı şəxsin onun əl çantasından telefonunu oğurlayıb qaçdığını demişdir. Onlar da diqqət yetirdikdə həmin şəxsin qaçdığını görüb onun ardınca qaçmış və təxminən 50-55 metr qaçdıqdan sonra onu tutaraq saxlamışlar. Bu şəxs əlində olan “Samsung Galaxy” markalı mobil telefonu onlara təqdim etmişdir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1739 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd tünd göy rəngli, Hindistanda istehsal olunmuş “Samsung Galaxy” markalı, “SM- A105F (A10)” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 140,00 manat, ********** saylı mobil nömrə 4,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.99-100); - “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərarla həmin mobil telefon və GSM nömrə iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.102-103); - “Şübhəli şəxsin tutulması haqqında” protokol və Bakı şəhəri Nəsimi Rayon prokurorunun qərarından aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə isə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin müdafiə edilməsindən imtina olunmuş, daha sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.44-45, 74-78); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayış və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli ilə Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə uyğun olaraq bu cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır(İ cild, i.v.79-80); - Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı və xx.xx.2009-cu il təvəllüdlü iki övladı var (İ cild, i.v 105-106). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə olunmasını, habelə himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs barəsində sınaq müddəti xx.xx.2019-cu il tarixdə başa çatdığından məhkumluğu ödənilmiş hesab olunduğu üçün bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə cinayətin residivini yaratmır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanın yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy” markalı, “SM-A105F (A10)” modelli mobil telefon və ********** saylı GSM nömrə sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., keçid 1410, məhəllə 3215, ev 2A, mənzil 28-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Binəqədi Rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy” markalı, “SM-A105F (A10)” modelli mobil telefon və ********** saylı GSM nömrə sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-246/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-246/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver