Məhkəmə qərarları › İş №1(006)-246/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-246/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-246/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, “xxxx" QSC-də sürücü işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 14, mənzil 51-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarının tələblərini pozaraq koronavirus (Covid-19) infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, 15 dekabr 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı ünvan 1 ünvanı tərk edib idarə etdiyi “Reno Tondar” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, F.Xoyski küçəsinə gedərək bankomatdan pul çıxardıqdan sonra geri qayıdarkən saat 14:45-də yaşadığı ünvanın qarşısında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 dekabr 2020-ci il tarixdə səhər tezdən halı yaxşı olmadığı üçün “Leyla” tibb mərkəzində koronavirus (Covid-19) ilə əlaqədar analiz vermiş, növbəti günü saat 01:23-də onun 050 ***-**-** saylı mobil nömrəsinə verdiyi analizin cavabının pozitiv olduğuna dair mesaj gəlmişdir. Eyni zamanda qeydiyyatda olduğu 5 saylı şəhər poliklinikasından həkim ona zəng vurub adının artıq koronavirus (Covid-19) infeksiyasına yoluxmuş xəstə kimi portala vurulduğunu, yaşayış yerini tərk etməməsini, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişdir. Bundan sonra o, dərmanlar qəbul etməklə yaşadığı Bakı şəhəri, ünvan 3nzil 161-də tək qalaraq müalicə olunmuş və heç bir yerə çıxmamışdır. Lakin üzərində nağd pulu qalmadığından o, 15 dekabr 2020-ci il tarixdə, saat 14 radələrində “xxxx” ASC-nin bankomatından pul çıxarmaq məqsədi ilə yaşadığı evdən çıxıb yaxınlıqdakı bankomata getmiş, ancaq orada pul olmamışdır. Buna görə də o, idarə etdiyi “Reno Tondar” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bankın Nərimanov rayonu, X9 küçəsində yerləşən bankomatına gedib pul çıxarmış və evinə qayıtmışdır. Bu zaman ona özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər zəng edib ona qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 14, mənzil 51-də olmadığı deyəndə, o hazırda həmin ünvanda qalmadığını bildirərək xəstəliyi ilə əlaqədar ünvan 3nzil 161-də olan digər evində qaldığını söyləmişdir. Daha sonra polis əməkdaşları ona yenidən zəng edib yaşadığı ünvanın qarşısında onu gözlədiklərini demişlər. Həmin yerə yaxınlaşanda polislər ondan koronavirus infeksiyasına yoluxduğu halda nə səbəbə görə yaşayış yerini tərk etdiyini soruşmuş, o da məsələni onlara danışmışdır. Bu vaxt polis əməkdaşları onu videoya çəkib bir daha yaşadığı evi tərk etməməsi barədə xəbərdalıq etmişlər. Əməlindən peşmandır. Cərimə cəzasının təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 15.12.2020-ci il tarixdə idarəyə Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 14, mənzil 51-də yaşayan Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksiyasının daşıyıcısı olduğu halda yaşadığı evi tərk etməklə karantin rejiminin tələblərini pozması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar həmin günü, saat 14:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan yoxlanılarkən onun orada olmadığını aşkar etmişlər. Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb harada olduğunu soruşanda, sonuncu qeydiyyatda olduğu ünvanda deyil, ünvan 4ə hazırda həmin yerdə olduğunu bildirmişdir. Onlar dərhal Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, lakin onun orada olmadığını bilmişlər. Bundan sonra onunla təkrar əlaqə saxlayıb harada olduğunu soruşanda, Təqsirləndirilən şəxs həmin yerə gələrək pul çəkmək üçün bankomata getdiyini söyləmiş və bir daha yaşadığı mənzili tərk etməyəcəyinə söz vermişdir. İş materiallarında olan:  “X6” tərəfindən verilmiş 08.02.2021-ci il tarixli, 0810-Ç saylı məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs 07 dekabr 2020-ci il tarixdə klinikada “Covid-19” testi üçün analiz vermiş, müayinənin nəticəsi pozitiv çıxmış, bu nəticə TƏBİB-in sistemində həmin tarixdə, saat 23:16-da qeydiyyata alınmış və bu barədə onun mobil nömrəsinə mesaj göndərilmişdir(İ cild, i.v.26);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsinin 18.02.2021-ci il tarixli, 020-1997-1221 saylı məktubuna görə Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxması barədə 07.12.2020-ci il tarixdən, saat 14:52:10-dan 21.12.2020-ci il tarix, saat 14:52:10-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat TƏBİB-in informasiya sistemi tərəfindən 08.12.2020-ci il tarixdə, saat 02:59:11-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür (İ cild, i.v.34);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 11.02.2021-ci il tarixli, 116/KEŞ saylı rəyinə əsasən 07.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir (İ cild, i.v.30-32);  “Baxış keçirilməsi haqqında” 03.03.2021-ci il tarixli protokol və diskdən aydın olur ki, 15.12.2020-cil tarixdə qeyd alınmış görüntülərə əsasən ünvan 1 ünvanda iki nəfər qarşı-qarşıya dayanıb söhbət edir, onlardan biri özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirir, digər şəxsə də özünü təqdim etməsini, daxil olmuş məlumatla əlaqədar məsələyə aydınlıq gətirməsini istəyir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir və yaşadığı ərazidəki bankomatda pul olmadığı üçün aktiv koronavirus xəstəsi olduğu halda, yaşadığı ünvanı tərk edərək bankomatdan pul çıxarmaq məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsinə getdiyini deyir və dərhal evə qayıdıb belə əməllərə yol verməyəcəyinə söz verir (İ cild, i.v.35);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.01.2021-ci il tarixli arayışında Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.16);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 15.01.2010-cu il və 06.07.2004-cü təvəllüdlü iki övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarına əsasən:  Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd);  karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd);  karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd);  Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1-ci bənd);  Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd);  Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd);  Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd);  Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4-1.2-ci bənd);  yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd);  karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs koronavirus (Covid- 19) infeksiyasına 08 dekabr 2020-ci il tarixdə yoluxduğunu bilib ona bu barədə mesaj göndərilməsi və həkim rəyinə əsasən yaşadığı yerdə təcrid olunaraq müalicə olunması barədə xəbərdar edilməsinə baxmayaraq, karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində 15 dekabr 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanı tərk edib geri qayıtdıqdan sonra həmin günü saat 14:45-də yaşadığı ünvanın qarşısında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını yüngülləşdirən halın mövcud olmasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar