Məhkəmə qərarları › İş №1(006)-247/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-247/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-247/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, onun və Zərərçəkmiş şəxs1 nümayəndəsi X2, Zərər çəkmiş şəxs: “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi (mülki iddiaçı): Nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakları ilə xx.xx.1957-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “xxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü işləmiş, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 41-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 11A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaqla idarə etdiyi, “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində A.Bakıxanov küçəsi ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə riayət etməyərək, A.Bakıxanov küçəsində yolun sağ kənarında karantin rejimi ilə bağlı qurulmuş postda yoxlanış aparmaq məqsədilə dayanmış vəziyyətdə olan piyadaları nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq onların yanından keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadalara çatmadan dayandırmalı olduğu halda, bunlara riayət etməmiş, diqqətini yolun sağ kənarında olan posta ayırmaqla avtomobilin sürətini minimum həddə çatdırmadan avtomobil yolunda yoxlanış məqsədi ilə xidmət aparan Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda metromüşahidəçi vəzifəsində xidmət edən baş əsgər Zərərçəkmiş şəxs1 avtomobilin sağ yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sol bazu sümüyü başının və sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş, qəlpəli, qapalı sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üst dodağın cırılmış yarası, travmatik və hipovolemik şok kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, daha sonra isə yolun orta hissəsində qoşaxəttin üzərində dayanan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ incik sümüyünün orta 1/3-nin yerdəyişməyən sınığı, başın alın və təpə nahiyələrinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yaraları, oma nahiyyəsinin dərialtı hematoması, sol topuq oynağı bağlarının zədələnməsi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bəzi detallarını zədələyərək “xxxxxxxxxxxxxxxxxx” MMC-yə 1.799 manat ziyan vurmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, son 05 ildə “xxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü işləmiş, şirkətə məxsus “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində bir nəfər müştəri “Bolt” proqramı vasitəsi ilə taksi sifariş etmiş, o da sifarişdə qeyd olunan ünvana gedərək həmin qadın müştərini götürmüşdür. Saat 22 radələrində A.Bakıxanov küçəsində 50-60 km/saat sürətlə hərəkətdə olarkən A.Bakıxanov körpüsündən sonra Türkiyə Respublikası Səfirliyi istiqamətində ilk işıqforu keçdikdən sonra yolun sağında polis avtomobillərini görmüşdür. Həmin vaxt karantin rejimi ilə bağlı yoxlanış postunun olduğunu fikirləşib yolun sağında dayanmış polis əməkdaşlarına baxmışdır. Bu zaman yolun sol tərəfində olan bir nəfər polis əməkdaşını və hərbiçini görməmiş, anidən hərbiçini görüb dərhal avtomobilin əyləcini bassa da, toqquşmanın qarşısını ala bilməyib onu avtomobilin ön hissəsinin sağ tərəfi ilə vurmuşdur. Bundan sonra idarəetməni itirib təxminən 8-10 metr qabağa getdikdən sonra yolda dayanmış polis əməkdaşını da avtomobilin ön hissəsinin sol tərəfi ilə vurmuşdur. Bu zaman avtomobil qoşa xəttin üzərində dayanmış, o da avtomobildən dərhal düşmüşdür. Həmin vaxt yoldan keçən təcili tibbi yardım maşını vurulan şəxsləri xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2018-ci ildən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Koronavirus infeksiyası ilə bağlı respublika ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar hər bir yerdə olduğu kimi Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan A.Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində post yaradılmış və bu postda o da xidmət aparmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində postda olarkən avtomobil yolunda qoşaxəttin üzərində üzü Rusiya Səfirliyi istiqamətində dayanıb xidmət apardığı zaman qəfildən bir avtomobil onu arxadan vurmuşdur. Ayılanda görmüşdür ki, təcili-tibbi yardım avtomobilinin içərisindədir və onu xəstəxanaya aparıllar. Aldığı sınıq və travmalara görə Daxili İşlər Nazirliyinin Hospitalında təxminən 14 gün stasionar qaydada müalicə almış, sonradan ambulator müalicəyə buraxılmışdır. Bu günə kimi müalicəsi davam etdirir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan postda xidmətdə olarkən Yasamal rayonu istiqamətindən körpü ilə gələn “London Taxi TX4” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəlcə Daxili Qoşunların əsgərini, sonra isə onu avtomobil ilə vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ziyan ödənilməmiş, müalicəsi ilə maraqlanılmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən şirkətdə sürücü işləmiş, təhvil-təslim aktı ilə təhvil verilmiş “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə o, yol vərəqəsi əsasında Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olurdu. Sürücü hər dəfə yol vərəqəsini almağa gələrkən onun idarə etdiyi avtomobil cəmiyyətin qarajında ustalar tərəfindən vizual baxılır və əgər avtomobildə nasazlıq varsa təmir olunur, nasazlıq olmadığı təqdirdə isə avtomobil sürücüyə təhvil verilir. Bundan başqa, xidməti müqaviləyə və təhvil-təslim aktına əsasən avtomobildə yaranmış bütün nasazlıqlar cəmiyyət tərəfindən aradan qaldırılır. Əgər avtomobilə ziyan sürücü tərəfindən vurularsa, həmin ziyan sürücü tərəfindən aradan qaldırılır. Şirkətə xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməklə piyadaları vurması məlumatı daxil olmuşdur. Hadisə nəticəsində şirkətə məxsus avtomobil zədələnmiş, cəmiyyətə 1.799 manat ziyan dəymişdir. Bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən zərər ödənilməmiş, ona görə də “xxxxxxxxxxxxxxxxxx” MMC ondan şikayətçidir və iş üzrə verilmiş mülki iddianın da təmin olunmasını xahiş edir. Məhkəmə istintaqına çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəni elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, o, 2018-ci ildən Daxili Qoşunların N saylı hərbi hissəsinin 3cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda metromüşahidəçi, baş əsgər vəzifəsində xidmət edir. Respublika ərazisində tətbiq olunan karantin rejimi ilə bağlı hər bir rayonda olduğu kimi Bakı şəhəri, Nəsimi rayonu ərazisində A.Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində post yaradılmış və həmin postda o da xidmət aparmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində postda olarkən avtomobil yolunda qoşaxəttdən bir qədər aralıda yolun orta hissəsinə yaxın üzü “Rus səfirliyi” tərəfə dayanıb xidmət aparmışdır. Qəfildən bir avtomobil onu arxasından vurmuş və o, bir neçə metr qarşıya doğru yıxılmışdır. Bundan sonra olanları isə xatırlamır, çünki artıq huşunu itirmişdir. Ayıldıqda artıq Daxili İşlər Nazirliyinin Hospitalında olmuş və orada təxminən bir aya yaxın stasionar müalicə almışdır. Daha sonra isə Travmotologiya İnstitutunda təxminən bir həftə stasionar müalicə almış, sonradan isə evə ambulator müalicəyə buraxılmışdır. Hadisədən sonra yuxarıda qeyd olunan postda xidmətdə olarkən Yasamal rayonu istiqamətindən körpü ilə gələn “London Taxi TX4” minik markalı avtomobilin əvvəlcə onu, sonra isə polis əməkdaşı Zərərçəkmiş şəxs2 vurduğunu öyrənmişdir. Müalicə aldığı müddətdə və hazırda onu vuran taksi sürücü tərəfindən ona hər hansı bir maddi yardım göstərilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir (İ cild, i.v.149-152). İş materiallarında olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində, A.Bakıxanov küçəsi ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi istiqamətində baş vermişdir. Baxış aydın hava şəraitində aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 11 metr, hərəkət zolağının sayı 03-dür, işlək hissəyə sağdan və soldan səki birləşir. Həmin sahədə hərəkətin nizamlanma üsulu yol nişanı ilə tənzimlənir (İ cild, i.v. 04-13); - “Baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokol və əlavə edilmiş fotoşəkillərə əsasən “LONDON TAXİ TX4 MİNİK” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsi sınmış, hər iki yan güzgülər dibindən sınaraq sallanmış, sağ və sol ön hissələri əzilmiş vəziyyətdədir (İ cild, i.v.14-16); - xx.xx.2015-ci il tarixli, AD seriyalı, 175235 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir (İ cild, i.v.22); - AC 483093 saylı, xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “LONDON TAXİ TX4 MİNİK” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxxxxxxxxxxx” MMC-dir. Həmin avtomobili idarə etmək səlahiyyəti yol vərəqəsi əsasında 2020-ci ilin aprel ayının 17-dən 21-dək Təqsirləndirilən şəxs verilmişdir(İ cild, i.v.23, 101); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 8/473 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “LONDON TAXİ TX4 MİNİK” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İ cild, i.v.78-80); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin: - xx.xx.2020-ci il tarixli, 454 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - sağ incik sümüyünün orta 1/3-nin yerdəyişməyən sınığı, başın alın və təpə nahiyələrinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yaraları, oma nahiyyəsinin dərialtı hematoması, sol topuq oynağı bağlarının zədələnməsi bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilməsi mümkündür (İ cild, i.v.136-137); - xx.xx.2020-ci il tarixli, 462 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyü başının və sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş, qəlpəli, qapalı sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üst dodağın cırılmış yarası, travmatik və hipovolemik şok kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilməsi mümkündür (İ cild, i.v.139-141); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx xxxx 2020-ci il tarixli, 016-53883-1220 nömrəli məktubunda göstərilmişdir ki, İdarənin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AD 175235 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (İ cild, i.v.189); - “Baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokol və kompakt disklərdəki görüntülərə görə TS3-015.1.avi adlı faylda A.Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində “Rus səfirliyi” istiqamətində avtomobil yolunu çəkən Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerasının görüntüləri əks olunur. Həmin görüntüdə saat 22:05:27-də A.Bakıxanov küçəsində karantin rejimi ilə bağlı qurulmuş postda xidmət aparan əsgər formasında olan şəxsin vurulub yol ilə sürtülməsi müşahidə olunur. Həmin müşahidə kamerası A.Bakıxanov körpüsü istiqamətinə qayıdıb çəkilişini apararkən orada yerdə uzanıqlı vəziyyətdə olan əsgər formasındakı şəxsin yanına başqa əsgər formasında olan şəxsin yaxınlaşdığı, yerdə uzanıqlı vəziyyətdə olan şəxsdən bir neçə metr avtomobil yolunun ortasına tərəf olan istiqamətdə isə bir nəfər də şəxsin yerdə uzanıqlı vəziyyətdə qalması və həmin şəxsin yanında da bir nəfər polis formasında olan şəxsin durması müşahidə olunur. Həmin an yolda hərəkət məhdüdiyyəti yaranır, bu yerə çoxlu sayda adam toplaşır, kənardan təcili-tibbi yardım stansiyasına məxsus avtomobilin də olması müşahidə olunur. TS3-015.2-Part 1 (2020-04-19 21-xx-xx-2020-04-19 22-18-54).avi adlı videofaylda A.Bakıxanov küçəsindən C.Məmmədquluzadə küçəsini çəkən Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerasının görüntüləri əks olunur. Görüntüdə saat 22:05:27də A.Bakıxanov küçəsində avtomobil yolunda bir ədəd avtomobilin bir nəfər şəxsi vurması və həmin şəxsin vurulduqdan sonra asfalt yol ilə sürtlənərək bir neçə metr məsafəyə yıxılması müşahidə olunur. Yol-nəqliyyat hadisəsinə keçirilmiş baxış ilə və alınmış ifadələrlə həmin şəxsin karantin rejimi ilə bağlı qurulmuş postda xidmət aparan əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 olması müəyyən edilir. TS3-015.2-Part 2 (2020-04-19 22-18- 54–2020-04-19 22-19-59).avi adlı videofaylda A.Bakıxanov küçəsindən C.Məmmədquluzadə küçəsini çəkən Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerasının görüntüləri əks olunur. Həmin videofaylda hadisədən sonra görüntülər əks olunur. Görüntünün ilk dəqiqəsində hadisəni törətmiş şəxsin taksi avtomobilinin yanında durub başqa şəxslərlə söhbət etməsi müşahidə olunur. Həmçinin avtomobil yolunda taksi avtomobilindən bir neçə metr qarşıda qanabənzər ləkələr müşahidə olunur. TS3-015.3.avi adlı videofaylda olan görüntülər aydın görünmür. Həmin görüntülərdə yalnız avtomobillərin hərəkət etməsini müşahidə etmək mümkündür. TS3-015.4-Part 1 (2020-04-19 21-xx-xx- 2020-04-19 22-17-35).avi adlı videofaylda A.Bakıxanov küçəsindəki körpü istiqamətində çəkən Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerasının görüntüləri əks olunur. Görüntüdə saat 22:05:20-də A.Bakıxanov körpüsü ilə bir ədəd avtomobilin qarşı işıqları yanıq vəziyyətdə “Rus səfirliyi” istiqamətində gəlməsi müşahidə olunur. Həmin an avtomobil yolu boşdur. Həmin avtomobil yol ilə gələrək yolda karantin rejimi ilə bağlı qurulmuş postda xidmət aparan və yolun nisbətən orta hissəsində duran əsgər formasında olan şəxsi avtomobilin sağ yan hissəsi ilə vurur, bu zaman həmin əsgər formasında olan şəxs qarşıya doğru bir neçə metr yıxılır və avtomobil ilə birlikdə görüntülərdən itir. Yol-nəqliyyat hadisəsinə keçirilmiş baxış ilə və alınmış ifadələrlə həmin şəxsin karantin rejimi ilə bağlı qurulmuş postda xidmət aparan baş əsgər Zərərçəkmiş şəxs1 olması müəyyən edilir. TS3-015.4-Part 2 (2020-04-19 22-17-35 – 2020-04-19 22- 19-59).avi adlı videofaylda hadisədən sonra olan görüntülər əks olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hər iki diskdə olan videogörüntüləri izləyib bildirir ki, o, xx xxxxx 2020-ci il tarixdə, saat 22:05-də A.Bakıxanov körpüsü ilə “Rus səfirliyi” istiqamətində yol vərəqəsi əsasında idarə etdiyi «xxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus “LONDON TAXİ TX4 MİNİK” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmuşdur. Görüntülərdə piyadaları vuran taksi sürücüsü məhz odur(İ cild, i.v.130-134, kompakt disklər); - “xxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1130 saylı akta görə **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələri tam yararsızdır və əvəz edilməsi üçün 1.799 manat tələb olunur (İ cild, i.v.129); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.182-184); - “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərara əsasən “LONDON TAXİ TX4 MİNİK” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün “xxxxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verilmişdir(İ cild, i.v.190-206); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.56); - 075292 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir (İ cild, i.v.39); - “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş iddia ərizəsinə əsasən Təqsirləndirilən şəxs cəmiyyətin xeyrinə 1.799 manat pulun tutulması xahiş olunur (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13cü bənd); məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir (17-ci bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsi isə eyni əməllərin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına görə məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “LONDON TAXİ TX4 MİNİK” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi “xxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində saxlanılmalıdır. Bundan əlavə Təqsirləndirilən şəxs qarşı “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 1.799 manat pul alınaraq mülki iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 isə 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “LONDON TAXİ TX4 MİNİK” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi “xxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 1.799 (min yeddi yüz doxsan doqquz) manat pul alınaraq “xxxxxxxxxxxxxxxxxx” MMC-yə verilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 isə 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar