Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-247/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkil X3 iştirakları ilə, 12 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,331 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış və 19 yanvar 2023-cü il tarixdə saat 07:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan jiletin sağ yan cibində “Rothmans” siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,331 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər psixotrop maddələrdən istifadə etsə də, hal-hazırda psixotrop maddələrdən istifadə etmir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Xutor” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 01 büküm psixotrop maddə olan “metamfetamin” almışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində küçədə polis əməkdaşları onu saxlamış, ona narkotik maddələrin istifadəsində şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt onun əynində olan qara rəngli jiletin sağ yan cibində olan “Rothmans” siqaret qutusunu çıxarıb qutunun içərisində olan 01 ədəd gümüşü rəngli kağızda olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişdirlər. O, etiraz etməmiş, polis əməkdaşlarının avtomobilinə əyləşərək PŞ-nə getmişdir. Polis şöbəsində olan zaman onun üzərində şəxsi axtarış aparılmış və buna dair protokol tərtib edilmişdir. Həmin prosesual hərəkət videokamera vasitəsilə qeydə alınmışdır. Videoçəkiliş başlayanadək onun üzərindən aşkar olunmuş psixotrop maddə masanın üzərinə qoyulmuş və çəkiliş zamanı həmin psixotrop maddəni jiletin cibindən çıxarmaqla təqdim etməsi tələb olunmuşdur. Polis əməkdaşlarının tələb etdiyi kimi həmin psixotrop maddəni video çəkiliş zamanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək bildirmişdir ki, o, heç bir cinayət əməli törətməmişdir, polis əməkdaşları tərəfindən aldadılmış və ona psixotrop maddəni üzərində daşıması barədə ifadə verəcəyi təqdirdə heç bir məsuliyyətə cəlb edilməyəcəyi bildirilmişdir. Lakin məhkəmə iclası zamanı ona məlum olmuşdur ki, polis əməkdaşları onu aldatmışdır və o həmin ifadəsini təsdiq edərsə, cinayət məsuliyyətindən azad edilmir. O, ekspertizaya aparılarkən ekspert rəyi üçün hər hansı analiz verməmiş, ona narahat olmamasını, cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bildirmişlər. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan polis idarəsində üzərində şəxsi axtarış aparılarkən hər hansı psixotrop maddə üzərində olmamışdır. İttiham üzrə qeyd edilən psixotrop maddəni polis əməkdaşları ona ifadəsini təsdiqləmək üçün vermişlər. Sonda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə rəisi Şahid1 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində Nəsimi RPİ-nin 19-PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin “Nexia” markalı avtomobildə olduğunu və maşını asta-asta sürüdüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşdıqda həyəcanlı olduğunu müşahidə etmişlər və şübhələnmişdirlər. Bundan sonra həmin şəxsə yaxınlaşıb sorğu-sual etmək istədikdə avtomobildə əyləşən şəxsin əlində olan bükümü avtomobildən kənara atmasının şahidi olmuşlar. Dərhal Şahid2 yerə atılmış həmin bükümü götürmüş və həmin şəxsdən yerə atdığı maddənin nə olduğunu soruşduqda şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirmişlər. Orada təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin psixotrop maddə metamfetamin sonuncu tərəfindən könüllü olaraq təhqiqatçıya təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında saat 2-3 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində Nəsimi RPİ-nin 19-PŞ-nin sahə rəisi Şahid1 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin “Nexia” markalı avtomobildə olduğunu və asta-asta sürdüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşdıqda sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs avtomobildən düşmüş və əlini sıxılı vəziyyətdə saxlamışdır. Həmin şəxsin həyəcanlı olduğunu müşahidə etmişlər. Bundan sonra həmin şəxsə yaxınlaşıb sorğu-sual etmək istədikdə Təqsirləndirilən şəxs əlində saxladığı maddəni yerə atmışdır. O dərhal yerə atılmış maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşmuş, sonuncu həmin maddənin narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirmişlər. Orada təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin psixotrop maddə metamfetamin sonuncu tərəfindən könüllü olaraq təhqiqatçıya təqdim edilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Elsevər Aslanov tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki qara rəngli jiletin sağ yan cibindən “Rothmans” siqaret qutusunu çıxarmış, qutunun içərisində 1 (bir) ədəd gümüşü kağızda olan bükülünü masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 1 (bir) ədəd sellofandan ibarət bükülünün içərisində “şüşə” deyilən psixotrop maddə olduğunu bildirmiş, ondan həmin bükülünü hardan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə, həmin şəxs qeyd edilən psixotrop maddəyə bənzər kütləni “Xutor” adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükülünün içərisində olan psixotrop maddəyə bənzər kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik maddəyə bənzər, bir ədəd sellofanda olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİnin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bur şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 41-45). İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur (i/v 17). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i/v 65-66). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 20 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 81-82). İş materiallarında olan “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 yanvar 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərarın surəti həmin gün saat 15:30-da elan edilmiş və surəti təqdim edilmişdir. (i/v 83-84). İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 92). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2023-cü il tarixli, 6/373 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №187” möhür əksləri olan, “Türfət Qürbətov (imza)...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,331 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən, psixotrop maddələrin siyahısına (Siyahı 1) daxildir (i/v 54-56). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 704 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 104-105). İş materiallarında olan “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 28 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə dəyişdirilmişdir. (i/v 119-120). İş materiallarında olan “maddi sübutun tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəndən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,331 qram psixotrop maddə olan metamfetaminin maddi sübüt kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,281 qram hissəsinin Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. (i/v 124-125). İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 adlı bir uşağı vardır. (i/v 102-103). Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması, istintaq zamanı vermiş olduğu ifadələri aldadılaraq verilməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi və aldadılması barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən polis əməkdaşları tərəfindən aldadıldığını bildirmişdir. Ambulator X2 zamanı da, Təqsirləndirilən şəxs ekspertlərə arabir psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Psixotrop maddələrə qarşı patoloji meyl formalaşması müəyyən edilmiş, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİnin maddi sübutların saxlama kamerasında saxlanılan, ilkin çəkisi 0,331 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,281 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-247/2023 saylı, xx.xx.2023-ci il tarixli qərara əsasən xx.xx.2023-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, ilkin çəkisi 0,331 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,281 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-247/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-247/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver