Məhkəmə qərarları › İş №1(006)-247/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-247/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-247/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 21:30-da işlədiyi ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində olarkən həmin məntəqəyə avtomobilini yuyulması üçün vermiş Zərərçəkmiş şəxs məxsus “Changan” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən kənar şəxslərin görmədiyi şəraitdə sonuncuya məxsus içərisində 1500 manat nağd pul olan, zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 50 manat dəyərində qara rəngli pul kisəsini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1550 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, qısa müddət avtoyuma məntəqəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:30-da işlədiyi ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsində işdə olan zaman əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs gəlmiş və ondan idarə etdiyi “Changan” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili yumasını istəmişdir. O da avtomobilə əyləşərək içərisini təmizləyən zaman avtomobilin salonunda oturacağın üzərində qara rəngli pul kisəsini görmüş və həmin pul kisəsini götürərək cibinə qoymuşdur. Sonradan həmin pul kisəsini açaraq içərisində pul olduğunu görmüş, həmin pulu saymış və 1500 (bir min beş yüz) manat olduğunu aşkar etmişdir. Beləliklə də oğurladığı pul kisəsinin içərisində olan ümumilikdə 1500 (bir min beş yüz) manat pulu əynində olan şalvarın sol cibinə qoymuş, oğurladığı qara rəngli pul kisəsini isə digər cibində saxlamış, daha sonra oğurladığı 1500 (bir min beş yüz) manat pulu öz ehtiyyaclarına xərcləmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saat 10:00 radələrində işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış, xidməti vəsiqəsini təqdim edərək, polis əməkdaşı olduğunu, həmçinin onun xx.xx.2024-cü il tarixdə “Changan” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən oğurluq etməkdə şübhəli olduğu üçün onunla birgə Nəsimi Rayon Polis idarəsinin 19-cu Polis şöbəsinə getməyini bildirmiş və onunla birgə polis şöbəsinə getmişdir. Polis şöbəsində o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 27 ünvanında yerləşən avtoyuma məntəqəsində “Changan” markalı, **- AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən oğurluq etdiyini etiraf etmiş, pulu ehtiyyaclarına xərclədiyini bildirmişdir. Onun oğurluq etməsindən ailə üzvlərinin heç bir məlumatı olmamış, həmçinin avtoyuma məntəqəsində işlədiyi vaxtlarda əvvəllər oğurluq etmədiyini qeyd etmişdir. Verilən suallara cavab olaraq ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsində “Changan” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunu təmizləyən zaman oturacağın üzərində içərisində 1500 manat məbləğində pul olan qara rəngli pul kisəsini oğurladıqdan sonra pul kisəsinin içərisində olan 1500 (bir min beş yüz) manat pulu tam şəkildə xərcləmiş, pul kisəsini isə cibində gizlətmiş, daha sonra həmin pul kisəsini polisə təqdim etmişdir. Oğurluq etdiyi zaman onu heç kim görməmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs barədə heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru A.Məmmədov tərəfindən Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin rəisi Rəşad Əhmədzadəyə ünvanlanmış raportdan görünür ki, 11 aprel 2024-cü il tarixdə, saat 21:51 radələrində, DİN-nin 102 xidmətinə ********** saylı oğurluq məlumatı daxil olmuş və Zərərçəkmiş şəxs zəng edərək, ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində Kənan adlı şəxsin onun pul kisəsini və içində olan 1500 manat pulunu oğurlaması barədə məlumat vermişdir (i/v 5); İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı Elxan Qasımov tərəfindən tərtib olunmuş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tamah niyyəti ilə gizli şəkildə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ünvan 5 ünvanında yerləşən avtoyuma məntəqəsində olmasını qeyd etmişdir (i/v 12-13); İş materiallarında olan maddi sübut kimi tanıma haqqında 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqdim edilmiş 01 (bir) ədəd qara rəngli pul kisəsi sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (i/v 16); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 aprel 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 44); Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qara rəngli pul kisəsinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-247/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qara rəngli pul kisəsinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar