Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-247/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X1, Müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Qarayusifli Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 04 ay 08 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasını tam çəkməmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Qarayusifli Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qarayusifli Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, Qarayusifli Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 dekabr 2024-cü il tarixdə saat 18 radələrində "xxxx" QSC-nin “İçəri Şəhər” stansiyası istiqamətində hərəkətdə olan qatarın “28 May” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən X1 əynində olan paltosunun sağ yan cibindən sonuncuya məxsus üzərində 10 (on) manat dəyərində ekran qoruyucusu və 5 (beş) manat dəyərində “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 1150 (bir min yüz əlli) manat dəyərində “Honor 200” markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb zərər çəkmiş şəxs X2 ümumilikdə 1165 (bir min yüz altmış beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Qarayusifli Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 dekabr 2024-cü il tarixdə saat 18 radələrində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən işə başlamaq üçün danışmağa getmək məqsədilə “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt platformada çoxlu sayda insanlar olduğundan sıxlıq olmuş, həmin stansiyada “Dərnəgül” və “İçəri Şəhər” istiqamətində gedən qatarlar bir platformada dayanıb hərəkət etdiyi üçün hər iki istiqamətdə gedən sərnişinlər həmin platformada çox olmuşdur. O, “28 May” stansiyasının platformasında dayanıb qatar gözləyərkən sərnişinlərə baxmış və həmin vaxt platformada dayanmış adını istintaq araşdırması zamanı bildiyi X1 əynində olan paltosunun sağ yan cibində olan mobil telefon diqqətini cəlb etmişdir. O, mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə platformada dayanan qatara minmək istəyən sərnişinlərə yaxınlaşdıqdan sonra Sənəm İmanovanın arxa tərəfinə keçmiş və digər sərnişinlər “İçəri Şəhər” stansiyasına gedən qatarın vaqonuna minməyə başlamışlar. O, X1 arxasınca gedərək onu təqib etməyə başlamışdır. Platformada olan sərnişin sıxlığından istifadə edərək həmin şəxsin əynində olan paltosunun sağ yan cibində olan mobil telefonu oğurlamışdır. O, qatarın vaqonuna minmədən metronu tərk etmişdir O, metrodan çıxdıqdan sonra oğurladığı mobil telefonun “Honor 200” markalı olduğunu bilmiş və eyni zamanda telefonu söndürmüşdür. O, sonra mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb qıraraq zibil qutusuna atmışdır. Bu minvalla bir neçə gündən sonra mobil telefon alqı-satqısını həyata keçirən mağazalara telefonu satmaq istəmişdir. Lakin sənədi və telefonun qutusu olmadığından, həmçinin telefon kodda olduğundan, həmin telefonu ondan almamışlar. 22 dekabr 2024-cü il tarixdə axşam saatlarında “Kubinka” kimi adlanan ərazidə yerləşən çayxanalardan birində olduğu zaman Amil adlı köhnə tanışını görmüşdür. O, həmin şəxslə salamlaşıb görüşüb “Honor” markalı telefon tapdığını, kodda olduğunu və satmaq istədiyini demişdir. Amil də ondan telefonun qiymətini soruşduqda o, həmin şəxsə telefonun bazar qiymətinin 900 manat olduğunu, lakin ona 100-200 manat müqabilində sata biləcəyini demişdir. Amil də onunla razılaşıb telefonu ondan alaraq, satdığı təqdirdə əlaqə saxlayacağını deyib getmişdir. 24 dekabr 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində olduğu zaman polis əməkdaşları onu saxlamışlar və Polis İdarəsinə dəvət elmişlər. O da idarədə törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və dəymiş zərəri ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Qarayusifli Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, o, 28 oktyabr 2024-cü il tarixdə özü istifadə etməkdən ötrü 1150 (min yüz əlli) manat pul müqabilində “Honor 200” markalı mobil telefon almış və 5 (beş) manata aldığı ***-***-**-** saylı mobil nömrəni üzərinə yerləşdirmişdir. Həmçinin, o, adını xatırlamadığı digər telefon aksessuarları satılan mağazadan 10 (on) manat dəyərində ekran qoruyucusu satın alıb telefonuna quraşdırmışdır ki, gələcəkdə hər hansı qəza baş verdiyi anda telefonuna ziyan dəyməsin. 20 dekabr 2024-cü il tarixdə saat 18 radələrində “İçəri Şəhər” metrostansiyasına getməkdən ötrü “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarla metronun “28 May” stansiyasına gəlmiş və keçid edib “İçəri şəhər" və “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarların dayandığı platformaya gəlmişdir. Həmin vaxt platformada çoxlu sayda sərnişin olduğundan sıxlıq olmuş, o, mobil telefonunu əynində olan paltosunun sağ yan cibinə qoymuşdur. Bu zaman qatar dayanmış və o, vaqona daxil olub “İçəri şəhər” metrostansiyasına getmişdir. Qatarda olarkən mobil telefonunu götürüb rəfiqəsinə mesaj yazmaq istədikdə görmüşdür ki, telefonu cibində yoxdur. O, digər ciblərini də axtarmış, lakin mobil telefonunu tapa bilməmişdir. Həmin vaxt başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər metroda sərnişin sıxlığından istifadə edərək onun əynində olan paltosunun sağ yan cibindən mobil telefonunu oğurlamışdır. Sonradan polis idarəsinə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, 22 dekabr 2024-cü il tarixdə axşam saatlarında “Kubinka” kimi adlanan ərazidə yerləşən çayxanalardan birində olduğu zaman Təqsirləndirilən şəxs adlı köhnə tanışını görmüşdür. Təqsirləndirilən şəxs onunla salamlaşıb görüşmüş və ona “Honor” markalı telefon tapdığını, kodda olduğunu və satmaq istədiyini demişdir. O da bəmin şəxsdən telefonun qiymətini soruşduqda Təqsirləndirilən şəxs telefonun bazar qiymətinin 900 manat olduğunu, lakin ona 100-200 manat müqabilində sata biləcəyini demişdir. O da həmin şəxslə razılaşıb telefonu həmin şəxsdən alaraq, satdığı təqdirdə əlaqə saxlayacağını deyib həmin yerdən uzaqlaşmışdır. Sonradan isə telefonun kodda olması səbəbindən sata bilmədiyindən özündə saxlamışdır ki, Təqsirləndirilən şəxs geri qaytarsın. Sonradan polis əməkdaşları onunla əlaqə saxlayaraq Polis İdarəsinə dəvət etmişlər. Telefonu Təqsirləndirilən şəxs qaytara bilmədiyindən istintaqa təqdim etmişdir. Həmin telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə öncədən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Qarayusifli Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.33); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qarayusifli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.57); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Qarayusifli Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.78-82); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 "xxxx" QSC-nin “İçəri şəhər” istiqamətində hərəkətdə olan qatarın “28 May” stansiyasında dayanıb qatara minməsindən sonra əynində olan paltosunun sağ yan cibindən özünə məxsus “Honor 200” markalı mobil telefonun oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilərək müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.8-10); - “İfadənin yerində yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Qarayusifli Təqsirləndirilən şəxs ifadəsi cinayət hadisəsinin baş verdiyi yerdə, yəni "xxxx" QSC-nin “28 May” stansiyasında yoxlanmış və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (i.v.70-71); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 20 dekabr 2024-cü il il tarixdə Qarayusifli Təqsirləndirilən şəxs metroda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərər çəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxluq şəkildə vaqona minməsi zamanı Təqsirləndirilən şəxs Qarayusiflinin zərər çəkmiş şəxsə arxadan yaxınlaşaraq vaqona onunla birlikdə minməsi kimi görünüş verib, bu zaman cibindən telefonu çəkib götürməsi və zərər çəkmiş şəxsin bunu bilmədən qatara minməsi, qatarın qapıları bağlandıqdan sonra əlindəki mobil telefonu cibinə qoyması və oradan uzaqlaşması müşahidə olunur. Qarayusifli Təqsirləndirilən şəxs həmin görüntüdə olan, mobil telefonu oğurlayan şəxsin özü olduğunu təsdiq etmişdir (i.v.42); - “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxsdən cinayət hadisəsi zamanı ələ keçirilmiş bir ədəd “Honor 200” markalı mobil telefon Əlivev X4 tərəfindən könüllü olaraq istintaq orqanına təqdim edilmişdir (i.v.56); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/34 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı, “Honor” markalı, ELİ-NX9(Honor 200) mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 630 manat (560 manat +700manat):2 müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.96-99); - “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, bir ədəd DVD diskə köçürülərək istintaqa təqdim edilmiş hadisə yerinin, yəni "xxxx" QSC-nin “28 May” stansiyasının platformasında quraşdırılmış nəzarət-müşahidə kamerasından götürülmüş video görüntü və bir ədəd Çin istehsalı “Honor 200" markalı mobil telefon maddi sübut kimi tanınmış və mobil telefon saxlanılmasından ötrü zərər çəkmiş şəxs X2 təhvil verilmişdir (i.v.102-107); - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, “Honor 200” markalı mobil telefon zərər çəkmiş şəxs X3 tərəfindən saxlamaq üçün qəbul edilmişdir (i.v.115); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Qarayusifli Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 67.5-ci maddəsinə əsasən qəti olaraq 01 il 04 ay 08 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli qərarı ilə 01 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.83- 84). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Qarayusifli Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını və vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Qarayusifli Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Qarayusifli Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə istintaqında müəyyən olunur ki, Qarayusifli Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının onun hazırkı iş üzrə həbs olunan anadək çəkilməmiş hissəsi (əsas cəza olan azadlıqdan məhrum etmə cəzasını çəkməkdən xx.xx.2024-cü il tarixdə azad edilib, xx.xx.2024-cü il tarixdə isə həbs edilib) 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün təşkil edir. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə görə cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qarayusifli Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən Qarayusifli Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməli və onun üzərində qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə və 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzaları saxlanılmalı, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalıdır. Qarayusifli Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs Qarayusifli Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 24 dekabr 2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Qarayusifli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd Çin istehsalı “Honor 200” markalı mobil telefonun zərər çəkmiş şəxs X2 geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Qarayusifli Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qarayusifli Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Qarayusifli Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, cəmi 116 (yüz on altı) manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Qarayusifli Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən Qarayusifli Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzaları saxlanılsın. Nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Qarayusifli Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd Çin istehsalı “Honor 200” markalı mobil telefonun zərər çəkmiş şəxs X2 geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Qarayusifli Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qarayusifli Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 116 (yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-247/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-247/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver