Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-248/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1973-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Ağdaş rayonu, S.Səlimoğlu küçəsi, 37-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, M.Cəfərov küçəsi, ev 14, mənzil 21-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 03:45 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 34A ünvanında yerləşən «Rus dili mərkəzi»nin plastikdən ibarət giriş qapısının kilidini vintaçan ilə açıb qanunsuz daxil olaraq, oradan bir ədəd 1.100 manat dəyərində «Samsung» markalı, «Smart TV 4KUHD49NU8070» modelli televizoru götürüb gizli talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.100 (min yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 06:20 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 26B ünvanında yerləşən «Perla» adlı restoranın arxa qapısının kilidini vintaçan ilə açıb qanunsuz daxil olaraq, «VİP-1», «VİP-4» və «VİP-5» nömrəli otaqlardan bir ədəd 400 manat dəyərində «Sony» markalı, «4» modelli, 500 GB yaddaşı olan «Playstation» oyun qurğusunu (aparatı) - (üzərində 1 ədəd oyun idarəedəni (pultu) ilə birlikdə), iki ədəd ümumilikdə 400 manat dəyərində «Sony» markalı, «3» modelli, 500 GB yaddaşı olan «Playstation» oyun qurğusunu (aparatı) - (hər bir qurğuda (aparatda) 2 ədəd oyun idarəedəni (pultu) ilə birlikdə), bir ədəd 85 manat dəyərində «Sony» markalı, «4» modelli «Playstation» oyun qurğusuna (aparata) məxsus oyun idarəedəni (pultu), bir ədəd 70 manat dəyərində «XBOX 360» «X7 Microsoft Corporation» markalı, «1470» modelli sükan formasında oyunu məsafədən idarəedən cihazı (pultu) götürüb gizli talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 955 (doqquz yüz əlli beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 25A ünvanında yerləşən «Premium tea club» adlı kafenin giriş qapısının kilidini vintaçan ilə açıb qanunsuz daxil olaraq, oradan bir ədəd 80 manat dəyərində «Hikvision» markalı, «DS-7108Nİ-SN/P» modelli videogörüntü yaddaş aparatını, bir ədəd 170 manat dəyərində «Sony» markalı, «3» modelli, «Playstation» oyun qurğusunu (aparatı), bir ədəd 650 manat dəyərində «Nikon D-5200» markalı fotoaparatı götürüb gizli talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 900 (doqquz yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin ənlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 06:10 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 33B ünvanında yerləşən «Bilik açarı» uşaq bağçasının plastikdən ibarət pəncərəsinin tutacağına vintaçan ilə açıb qanunsuz daxil olaraq, oradan bir ədəd 850 manat dəyərində «Hikvision» markalı, «16 Channel Full HD DVR» modelli videogörüntü yaddaş aparatını, bir ədəd 600 manat dəyərində «Acer» markalı, «Aspire 3A315-53 i3/4/intel/500/fre/red» modelli noutbuku, bir ədəd 25 manat dəyərində «TP-Link» markalı, bir qulaqlı (antena) internet ötürücü aparatını götürüb gizli talamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 1.475 (min dörd yüz yetmiş beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə kirayədə yaşamış, əvvəllər Rusiya Federasiyasında törətdiyi cinayət əməlinə görə məhkum olunmuşdur. Onun daimi iş yeri olmamış, bu səbəbdən müxtəlif yerlərdə fəhləlik edib günəmuzd işləyərək pul qazanmış, lakin oğurluq cinayətlərini törətdiyi vaxt heç yerdə işləmədiyi üçün pula ehtiyacı olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 03:45 radələrində oğurluq etmək məqsədi ilə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 34A ünvanında yerləşən «Rus dili mərkəzi»nə yaxınlaşmış, əvvəlcədən Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 34A ünvanında yerləşən «Rus dili mərkəzi»nin yanından keçən vaxt həmin obyektin nəzarətsiz olmağından istifadə edərək oradan oğurluq etmək qərarına gəlmişdir. O, həmin obyektin qapısını və ya pəncərəsini açıb daxil olmaq üçün özü ilə vintaçan götürmüş və ətrafa nəzər yetirərək heç kimin onu görmədiyinə əmin olduqdan sonra «Rus dili mərkəzi»nin plastikdən olan giriş qapısına yaxınlaşmışdır. Özü ilə götürdüyü vintaçan ilə plastikdən ibarət qapının kilidini zədələyərək açıb içəri daxil olmuş və oradan bir ədəd «Samsung» markalı televizoru götürüb daxil olduğu qapıdan çıxmış, oğurladığı televizoru yaşadığı evin yaxınlığında 5 mərtəbəli binanın zirzəmisində qaranlıq bir yerdə gizlətmiş və oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Ertəsi gün oğurladığı televizoru satıb pul əldə etmək məqsədi ilə gizlətdiyi yerdən götürüb Binəqədi rayonu ərazisində tanımadığı şəxsə 40 manata satmış, televizoru satdığı şəxs televizorun oğurluq olub-olmamasını soruşduqda oğurluq olmadığını bildirmiş, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin oğurluq hadisəsini tək törətməsini, onunla birlikdə heç kimin olmamasını, cinayət törətdiyi gün oğurluq etməsindən ailə üzvlərinin, eləcə də başqa heç kimin məlumatlı olmamasını, oğurluq etdiyi «Rus dili mərkəzi»ni işlədən şəxsi tanımamasını və onunla heç bir qərəzli münasibətinin olmamasını bildirmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə piyada hərəkət etmiş və orada olan obyektlərə qanunsuz daxil olub oğurluq etmək qərarına gəlmişdir. Həmin küçədə «Perla» adlı restoran görüb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin restorana daxil olub oğurluq etmək qərarına gələrək restoranın ətrafına nəzər yetirib arxa tərəfində olan qapıya yaxınlaşmış, özü ilə götürdüyü vintaçan ilə qapını açıb restorana daxil olmuş və içəridə bar olan hissəni, mətbəxi və otaqları axtarıb qiymətli əşya və ya pul oğurlamaq istəmiş, lakin kassada pul olmamış və heç nə tapa bilməmişdir. O, üzərində «VİP 1», «VİP 4» və «VİP 5» yazıları olan otaqlara daxil olmuş və oradan «SONY» markalı, «Playstation» oyun aparatlarını, həmin oyun aparatlarına məxsus 7 ədəd pultları (idarə edən) torbanın içərisinə yerləşdirib restorandan çıxmışdır. 3 ədəd oyun aparatını və oyun aparatlarının 6 ədəd pultlarını (idarə edən) «Lalafo» internet saytında tanımadığı şəxslərə xatırlamadığı tarixdə orada yazılan nömrələrə zəng edərək hər biri 150 manata satmışdır. Onun mobil telefonu olmadığına görə və işlətmədiyi üçün həmin nömrələrə tanımadığı şəxslərin telefonu ilə zəng etmiş və satdığı oyun aparatlarına görə cəmi 450 manat pul əldə etmişdir. Əldə edilmiş pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmiş, lakin oyun aparatına məxsus 1 ədəd pultu sata bilməmiş və yaşadığı evdə öz otağında saxlamışdır. Cinayət hadisələrinin törədilməsindən sonra tutulduğu vaxt həmin oyun pultunu (idarə edən) polis əməkdaşlarına təhvil verərək etdiyi oğurluğu etiraf etmişdir. O, həmin oğurluq hadisəsini tək törətməsini və ona heç kimin kömək etməməsini bildirmiş, cinayət törətdiyi gün oğurluq etməsindən ailə üzvlərinin, eləcə də başqa heç kimin məlumatı olmamış, oğurluq etdiyi restoranı işlədən şəxsi tanımamış və onunla heç bir qərəzli münasibəti olmamışdır. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 25A ünvanında yerləşən «Premium tea club» adlı çay evinin qarşısından piyada hərəkət edən vaxtı ətrafda heç kimin olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmiş, şüşə qapılara yaxınlaşaraq özü ilə götürdüyü vintaçan ilə qapını açıb içəri daxil olmuş, içəridə onun daxil olmasını qeydə alan «DVR» kamera aparatını axtarmış və onu görüntülərdə tapa bilməmələri üçün həmin aparatı götürmüşdür. Daha sonra çay evinə nəzər yetirmiş və bir ədəd «Nikon» markalı fotoaparatı və bir ədəd «Sony» markalı, «Playstation 3» modelli oyun aparatını götürərək çay evindən çıxmış, çay evinin yaxınlığında olan binaların zirzəmisinə daxil olub «DVR» aparatını daha sonra gəlib götürməsi üçün həmin yerə atmış, lakin bir müddət sonra həmin yerə gedəndə «DVR» aparatının yerində olmadığını görmüşdür. Onun həmin «DVR» aparatını satıb pul əldə etmək niyyəti olmamış və həmin aparatın görüntülərində əks olunduğuna görə onun tapılmasında kömək olunacağına görə aparatı götürmüşdür. Daha sonra çay evindən oğurladığı «Nikon» markalı fotoaparatı və «Sony» markalı, «Playstation 3» modelli oyun aparatını yolda tanış olduğu tanımadığı ayrı-ayrı şəxslərə satmış, «Nikon» markalı fotoaparatı 160 manata və «Samsung» markalı televizoru 60 manata satmışdır. O, həmin oğurluq hadisəsini tək törətməsini və ona heç kimin kömək etməməsini bildirmiş, oğurluq etməsindən ailə üzvlərinin, eləcə də başqa heç kimin məlumatı olmamış, oğurluq etdiyi çay evini işlədən şəxsi tanımamış və onunla heç bir qərəzli münasibəti olmamışdır. Bundan başqa, xx xxx 2020-ci il tarixdə səhər saat 05:30 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 33B ünvanında yerləşən «Bilik açarı» uşaq bağçasının ətrafında gəzmişdir. O, həmin bağçanın yanından keçib nəzarət etmiş və bağçadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə qapını açıb daxil olmaq üçün özü ilə vintaçan götürmüş və ətrafa nəzər yetirərək heç kimin onu görmədiyinə əmin olduqdan sonra bağçanın arxa tərəfinə keçmiş, özü ilə götürdüyü vintaçanı bağçanın plastikdən ibarət pəncərəsinin dəstək yerinə keçirərək açıb içəri daxil olmuşdur. Obyektin içərisi qaranlıq olduğu üçün alışqanın işığı ilə nəzər yetirmiş və orada bir ədəd videogörüntü yaddaş aparatını, noutbuku və qulaqlı internet ötürücü aparatını götürüb daxil olduğu yerdən çıxmış, oğurladığı əşyaları yaşadığı evə aparıb öz otağına yerləşdirmişdir. Ertəsi gün həmin əşyaları satıb pul əldə etmək məqsədi ilə oğurladığı əşyaları evdən götürmüş, videogörüntü aparatını sata bilməyəcəyini və çox pul verilməyəcəyini düşünüb məişət tullantıları qutusuna atmış, həmçinin qulaqlı internet ötürücüsünü də videogörüntü aparatını atdığı məişət tullantıları qutusuna atmışdır. Oğurladığı noutbuka nəzər yetirdikdə «Acer» markalı olmasını görmüş və həmin noutbuku «Memar Əcəmi» metrostansiyası ərazisində «Rəvan» mobil telefon alqı-satqısı mağazasında işləyən «Rəvan» adlı şəxsə 80 manata satmışdır. Həmin şəxs noutbukun oğurluq olub-olmamasını soruşduqda oğurluq olmadığını bildirmiş, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin oğurluq hadisəsini tək törətməsini, onunla birlikdə heç kimin olmamasını, oğurluq etməsindən ailə üzvlərinin, eləcə də başqa heç kimin məlumatının olmamasını bildirmişdir. Törətdiyi əməlləri etiraf edərək səmimi peşman olduğunu, dəymiş ziyanın qismən ödənildiyini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 33B ünvanında yerləşən «Bilik açarı» adlı uşaq bağçasında inzibatçı vəzifəsində işləmiş, həmin bağça müqavilə əsasında başqa şəxsin adına sənədləşdirilsə də, bağçanın içərisində olan bütün avadanlıqlar ona məxsus olmuşdur. Hətta bağçanın təmirini də özü etdirmiş, bağçada uşaqlar və müəllimlər üçün lazım olan hər bir şərait yaradılmış, orada stol, stul, televizor, kompüter və sairə avadanlıqlar olmuşdur. Bağça şənbə və bazar günündən başqa hər gün işləmiş, iş saatı səhər saat 08:00-dan axşam saat 18:00-a qədər olmuşdur. Bağçanın giriş qapısı alüminium metallı qapıdan, arxa qapısı isə plastik qapıdan ibarət olmuş və hər qapının öz kilidi olmuşdur. Respublikada olan pandemiya xəstəliyi ilə əlaqədar hadisə törədilən vaxt bağça fəaliyyət göstərməsə də, mütəmadi gedib həmin obyektə nəzarət etmişdir. xx xxx 2020-ci il tarixdə, saat 12:30 radələrində iş yerinə getmiş və giriş qapısını açar ilə açaraq bağçaya daxil olmuşdur. O, otaqlardan birinin, yəni taxta qapının açıq olmasını görüb otağa daxil olmuşdur. Bağçanın arxa tərəfdən plastikdən ibarət pəncərəsinin açıq olmasını görmüş, lakin pəncərə sınmamış və zədələnməmiş vəziyyətdə olmuşdur. Bağçaya diqqətlə nəzər yetirdikdə bir ədəd 1.200 manata aldığı «Hikvision» markalı, «16 Channel Full HD DVR» modelli videogörüntü yaddaş aparatının, bir ədəd 850 manata aldığı «Acer» markalı, «Aspire 3A315-53 i3/4/intel/500/fre/red» modelli noutbukun, bir ədəd 30 manata aldığı «TP-Link» markalı, 1 qulaqlı internet ötürücü aparatın olmadığını görmüş, ilk əvvəl digər əşyaların yerində olduğunu düşünmüş və DİN-nin «102» xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Lakin daha sonra öz obyektində videomüşahidə cihazları sıradan çıxarıldığına görə yaxınlıqda olan digər obyektin video müşahidə cihazlarına nəzər yetirərkən onun obyektindən həmçinin 1200 manat dəyərində 1 ədəd 102 diaqonal “Beko” markalı televizorun, 1300 manat dəyərində “HP pavilion i7” markalı noutbukun, 340 manat dəyərində 1 ədəd səsgücləndirici aparatın və dəyəri 120 manat olan 2 ədəd direlin də oğurlandığını müəyyən etmişdir. Həmçinin oğurluq zamanı obyektin qapısına 200 manat dəyərində maddi ziyan vurulmuş, əlavə olaraq müşahidə kameralarının qeydiyyatı üçün nəzərdə tutulmuş kabellər kəsildiyi üçün ona 250 manat məbləğində ziyan vurulmuşdur. Hal-hazırda 1.200 manata aldığı «Hikvision» markalı, «16 Channel Full HD DVR» modelli videogörüntü yaddaş aparatının, bir ədəd 850 manata aldığı «Acer» markalı, «Aspire 3A315-53 i3/4/intel/500/fre/red» modelli noutbukun, bir ədəd 30 manata aldığı «TP-Link» markalı, 1 qulaqlı internet ötürücü aparatının ona qaytarıldığını nəzərə alsa da, ibtidai istintaq vaxtı digər oğurlanmış malların qeydiyyatı aparılmamış və ona dəymiş ziyan tam olaraq ittiham aktında göstərilməmişdir. O, oğurlanmış əşyalar nəticəsində ona ümumilikdə 5490,00 manat maddi ziyanın dəyməsini, oğurlanmış əşyaların tam olaraq ona qaytarılmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın tam olaraq qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 6 ünvanında yerləşən “Perla” restoranın müdiridir və o, hər gün işə saat 10:00 radələrində gələrək obyekti açır və axşam saat 22:00 radələrində obyekti özü bağlayaraq evə gedir. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində işlətdiyi restoranı bağlayıb evə getmiş, ertəsi gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 10:00 radələrində yenidən obyektə gəlmiş və həmin gün ona naməlum şəxsin restorandan oğurluq etməsi məlum olmuş, bundan sonra restoranda olan videokameralara baxan zaman naməlum bir nəfər şəxsin xx xxxx 2020-ci il tarixdə saat 06:30 radələrində obyektin arxa qapısını açıb içəri girməsi və bar olan hissədən başlayıb obyektdə olan otaqları axtarması, lakin kassada pul olmadığı üçün pul götürə bilməməsi, lakin restoranın 1, 4 və 5 nömrəli olan otaqlarına daxil olub oradan «Sony» markalı oyun aparatlarını və təxminən 7 ədəd oyun pultlarını götürməsi, həmin naməlum şəxsin oğurladığı əşyaları restoranda olan zibil atmaq üçün nəzərdə tutulan torbaya yığıb restoranı tərk edib çıxıb getməsi müşahidə olunmuşdur. O, oğurluq nəticəsində 1 ədəd 550 manat dəyərində «Sony» markalı, «4» modelli, 500 GB yaddaşı olan Playstation oyun qurğusunun (aparat) - (üzərində 1 ədəd oyun idarəedənin (pultu) ilə birlikdə); 2 ədəd hər biri 300 manat dəyərində «Sony» markalı, «3» modelli, 500 GB yaddaşı olan Playstation oyun qurğusunun (aparat) - (hər bir qurğuda (aparat) 2 ədəd oyun idarəedənin (pultu) ilə birlikdə), 1 ədəd 120 manat dəyərində «Sony» markalı, «4» modelli Playstation oyun qurğusuna (aparat) məxsus oyun idarəedənin (pultu), 1 ədəd 80 manat dəyərində «XBOX 360» «X8 MİCROSOFT CORPORATİON» markalı, «1470» modelli sükan formasında oyun idarəedənin (pultu) oğurlanmasını və ona ümumilikdə 1.350 manat maddi ziyan dəyməsini, həmin oyun aparatlarının işlənmiş vəziyyətdə alınmasının və təxminən 1 il istifadə olunmasını bildirmişdir. O, oğurlanmış əşyalar nəticəsində ona ümumilikdə 1350 manat maddi ziyan dəyməsini, oğurlanmış əşyaların ona qaytarılmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın tam olaraq qaytarılmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 25A ünvanında yerləşən «Premium» adlı kafeni icarə əsasında işlətmişdir. xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində kafenin giriş qapısını bağlayıb yaşadığı evə getmiş, xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində kafenin giriş qapısını açmaq istədikdə, qapının kilidinin naməlum şəxs tərəfindən açılaraq kafedən 100 manat dəyərində videomüşahidə kamerasının «DVR» aparatının, 200 manat dəyərində «Sony» markalı, «Playstation 3» modelli oyun aparatının, 900 manat dəyəində «Nikon» markalı, «D5200» modelli fotoaparatın oğurlanmasını aşkar etmişdir. Daha sonra aparılmış araşdırmalar nəticəsində dəymiş ziyanın ümumilikdə 1.200 manat olmasını bildirmişdir. Lakin sonradan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən dəymiş maddi ziyanın ona ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, sonuncu barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Rəvan» adlı telefon və noutbuk alqı-satqı mağazasını icarəyə götürüb işlədir və hər gün saat 09:00- 10:00 radələrində işə gedib, axşam saat 20:00 radələrində evə qayıdır. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində işdə olan vaxtı mağazaya 1-2 dəfə telefon düzəltdirmək üçün gələn adını bilmədiyi, lakin şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs gəlmiş, sonuncu özünə məxsus noutbuku olmasını və satmaq istəməsini bildirmiş, noutbuk Təqsirləndirilən şəxs əlində olmuşdur. O, baxanda noutbukun «Acer» markalı olmasını görmüş, Təqsirləndirilən şəxs noutbuku hansı qiymətə satmasını soruşanda ona 150-160 manata satmaq istəməsini bildirmiş, sonuncudan noutbukun oğurluq olub-olmamasını soruşanda oğurluq olmadığını bildirməsinə görə noutbuku yoxlamış və razılaşıb Təqsirləndirilən şəxs 120 manat verib noutbuku ondan almış, həmçinin sonuncunun şəxsiyyət vəsiqəsinin surətini alıb, tarixi və aldığı qiyməti qeyd edərək sonra Təqsirləndirilən şəxs aldığı noutbuku 170 manata «Tap.Az» internet alqı-satqı portalında satmışdır. O, mütəmadi olaraq telefon və noutbuku müxtəlif şəxslərdən alıb internet vasitəsi ilə satmasına görə Təqsirləndirilən şəxs aldığı «Acer» markalı noutbuku kimə satmasını xatırlamamasını, həmçinin əmlakı satdığı şəxslərin anket məlumatlarını qeyd etməməsini, Təqsirləndirilən şəxs aldığı noutbukun oğurluq olmasını əvvəlcədən bilməməsini, onun bu barədə polisə dəvət olunan vaxtı məlumatının olmasını, Təqsirləndirilən şəxs ona satdığı noutbuku haradan və hansı şəraitdə əldə etməsi barədə dəqiq heç bir məlumatının olmamasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onunla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və azad olunduqdan sonra müxtəlif yerlərdə fəhlə işləmişdir. xx xxx 2020-ci il tarixdə yaşadığı mənzildə olan vaxtı polis əməkdaşları gəlib mənzilə baxış keçirəcəklərini bildirmələrinə etiraz etməmiş, bu barədə razılıq ərizəsi yazdıqdan sonra mənzilə baxış keçirilərək bir ədəd vintaçan, bir ədəd maska, bir cüt əlcək və oyun aparatına məxsus bir ədəd sükan formasında pult (idarə edən) götürülərək protokol tərtib edilmişdir. O və digər iştirakçılar tərəfindən protokol imzalanmış, həmin vaxtı ona oğlu Təqsirləndirilən şəxs müxtəlif yerlərdən oğurluq etməsi və götürülən əşyaların oğurluqda istifadə olunması müəyyən olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs oğurluq etməsi barədə ona bildirməmiş, həmçinin onun bu barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 23:30-da şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 49, 105-108). İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində 1 ədəd VİD-20200509-WA0033 videogörüntü faylı vardır. VİD-20200509-WA0033 videogörüntü faylına baxdıqda bir nəfər şəxsin obyektin otağından əlində plazma televizor ilə dəhlizə çıxaraq arxası kameraya tərəf dayanması, sonra üzünə hər hansı predmet keçirərək televizoru götürüb mərkəzin qapısından çıxması müşahidə olunmuşdur. Həmin görüntü xx.xx.2020-ci il tarixdə, saat 03:46:45-dən 03:47:40a qədər qeydə alınmışdır. Baxış zamanı digər hər hansı bir hadisənin baş verməsi müşahidə olunmamışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində VİD-20200509-WA0022(1), VİD-20200509- WA0022, VİD-20200509-WA0024, VİD-20200509-WA0025, VİD-20200509-WA0030 və VİD-20200509-WA0031 videogörüntü faylları vardır. VİD-20200509-WA0022(1) videogörüntü faylına baxdıqda bir nəfər şəxsin küçədə hər iki əlində əşya ilə getməsi, VİD- 20200509- WA0022 faylına baxdıqda yenə də bir nəfər şəxsin küçədə hər iki əlində əşya ilə getməsi, VİD-20200509- WA0024 faylına baxdıqda bağçanın giriş hissəsindən bir nəfər şəxsin ağzında qara rəngli maska və hər iki əlində isə əşya olan çanta ilə getməsi, VİD- 20200509-WA0025 faylına baxdıqda bir nəfər şəxsin küçədə hər iki əlində əşya ilə getməsi, VİD-20200509-WA0030 faylına baxdıqda gözündə eynək olan bir nəfər şəxsin binanın blokuna hər iki əlində əşya ilə daxil olduqdan sonra liftə daxil olması, VİD- 20200509-WA0031 faylına baxdıqda yenə də bir nəfər şəxsin küçədə hər iki əlində əşya ilə getməsi müşahidə olunmuşdur. İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin disk 6 videofayldan ibarətdir və əynində uzunqol gödəkcə olan bir nəfər kişi cinsinə mənsub şəxs restoranın arxa giriş hissəsindən daxil olaraq bar, mətbəx və digər otaqlar olan hissələrini axtarması və mətbəx olan hissədən 01 ədəd çuvalı götürüb oğurlamış olduğu oyun aparatlarını və onlara məxsus oyun pultlarını çuvala yerləşdirib restorandan çıxıb getməsi müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7(001)-349/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs X3 şəhər məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdən cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilmiş, xx.xx.2009-cu il tarixdə X6 İşlər Üzrə Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 03 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx xxxxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur (İİ cild, i/v 3-5, 14-16). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1738 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, eləcə kompyuter avadanlıqlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, təqdim edilmiş və tədqiq edilən əvvəllər istismar olunmuş tədqiqat obyektlərinin hazırki işlənmiş köhnə vəziyyətdə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: Bir ədəd üzərində “XBOX 360, X8 MİCROSOFT CORPORATİON, model 1470, made in China” sözləri yazılmış, xarici görünüşünə görə istismarda olmuş, sükan formasında oyunu məsafədən icazə edici cihaz 70,00 manat, təqdim edilməyən Zərərçəkmiş şəxs1 məxsus xx xxxx 2020-ci il tarixdə oğurlanmış əmlak üzrə 1100,00 manat, Zərərçəkmiş şəxs3 məxsus xx xxxx 2020-ci il tarixdə oğurlanmış əmlak üzrə 900,00 manat, Zərərçəkmiş şəxs4 məxsus xx xxx 2020-ci il tarixdə oğurlanmış əmlak üzrə 1475,00 manat, Zərərçəkmiş şəxs2 məxsus xx xxxx 2020-ci il tarixdə oğurlanmış əçlak üzrə 885,00 manat müəyyən edilmişdir (İİ cild, i/v 19-23). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 2 ədəd vintaçan, bir cüt əlcək, bir ədəd maska, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “XBOX 360” “X8 Microsoft Corporation” markalı, “1470” modelli sükan formasında oyunu məsafədən idarəedən cihaz (pult) maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə “Perla” pub-restoranın videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd disk, “Bilik açarı” uşaq bağçasının videogörüntü kamerasından köçürülərək görütülmüş 1 ədəd disk və “Rus dili mərkəzi”nin videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (İİ cild, i/v 30-31). Məhkəməyə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, «Hikvision» markalı, «16 Channel Full HD DVR» modelli videogörüntü yaddaş aparatının, bir ədəd «Acer» markalı, «Aspire 3A315-53 i3/4/intel/500/fre/red» modelli noutbukun, bir ədəd «TP-Link» markalı, 1 qulaqlı internet ötürücü aparatı Zərərçəkmiş şəxs4 qaytarıldığından, maddi ziyanın həmin hissəsində Təqsirləndirilən şəxs qarşı tələbi yoxdur. Məhkəməyə Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan ödənilmədiyindən şikayətçidir və maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərəçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəyə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı X6 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx xxxxxxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin təhülkəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs ona Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə cəzadan şərti azad olunduğu müddət ərzində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 06 ay 22 gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 75 (yetmiş beş) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş 2 ədəd vintaçan, bir cüt əlcək, bir ədəd maska məhv edilməli, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “XBOX 360” “X7 Microsoft Corporation” markalı, “1470” modelli sükan formasında oyunu məsafədən idarə edən cihaz (pult) sahibinə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Perla” pub-restoranın videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd diskin, “Bilik açarı” uşaq bağçasının videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd diskin və “Rus dili mərkəzi” nin videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə ona vurulmuş maddi ziyan kimi 5490 (beş min dörd yüz doxsan) manat və eləcə də 30 manat məbləğində ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmə hökmü ilə müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası CPM-nn 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs4 iddia ərizəsini işin halları və Təqsirləndirilən şəxs həmin hallar barəsində verdiyi ifadələri ilə müqayisəli tədqiq edib hesab edir ki, onun iddiası hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan kənara çıxdığından təmin edilə bilməz. Əks halda məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın həcmini ağırlaşdırmış olardı. Bu səbəbdən də məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs4 ona dəymiş, ümumilikdə 5520 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmasını və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olmasının izah edilməsini əsaslı sayır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə cəzadan 06 ay 22 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrumetmə cəzasının 6 ay 22 gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq hökmlərin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsn. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 75 (yetmiş beş) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş 2 ədəd vintaçan, bir cüt əlcək, bir ədəd maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “XBOX 360” “X7 Microsoft Corporation” markalı, “1470” modelli sükan formasında oyunu məsafədən idarə edən cihaz (pult) sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış “Perla” pub-restoranın videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd diskin, “Bilik açarı” uşaq bağçasının videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd diskin və “Rus dili mərkəzi” nin videogörüntü kamerasından köçürülərək götürülmüş 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 ona dəymiş, ümumilikdə, 5520 manat məbləğində maddi ziyanın və dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-248/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-248/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver