Məhkəmə qərarları › İş №1(006)-248/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-248/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-248/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçilər “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, "Araz Farm” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də aptekçi vəzifəsində işləyən, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Gənclər şəhərciyində yerləşən nömrəsiz evdə faktiki yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200- 1.2.2, 200-1.2.3 və 32,5 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən xeyli miqdarda dərman vasitələrini satmaq məqsədilə əldə etməklə saxlamış və xeyli miqdarda həmin dərman vasitələrini satmağa cəhd etmiş, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən xeyli miqdarda dərman vasitələrini satış məqsədi ilə təkrarən əldə etməklə saxlamış və külli miqdarda təkrarən satmış, vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən 8 avqust 2016-cı il tarixdə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin tarixdən təsisçisi və direktoru vəzifəsində işləyərkən həmin Cəmiyyətin Nizamnaməsinin 5-ci maddəsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, Cəmiyyətin iştirakçılarının Ümumi Yığıncağı tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları həyata keçirən maddi məsul vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 6 oktyabr 2016-cı il tarixli 091390 nömrəli lisenziya əsasında ünvan 2 ünvanında yerləşən "Araz aptek” adlı satış yerində dərman vasitələrinin pərakəndə satışını həyata keçirərkən, xidməti vəzifələrinin icrası lə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə “Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikasının ərazisində istehsalına, satışına və istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin Qanunun 6.5-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qeydiyyatı tələb olunmayan dərman vasitələrinin siyahısına uyğun gəlməyən, yəni qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini, o cümlədən, cəmi dəyəri 450 manat olan 3 qutu "Favipiravir 0.2g tab. N40" adlı, cəmi dəyəri 537,96 manat olan 1 qutu "Kaletra 200/50mq tab. N120" adlı, cəmi dəyəri 8,72 manat olan 2 qutu "Sodyum Bicarbonat 840mg/10ml iny. N10" adlı, cəmi dəyəri 5,11 manat olan 1 qutu "Tizersin 25mq tab. N50" adlı, cəmi dəyəri 63 manat olan 1 qutu "Topamax 100mg tab. N60" adlı və cəmi dəyəri 47,09 manat olan 1 qutu "Topamax 25mg tab. N60" adlı, ümumilikdə 6 adda xeyli miqdar təşkil edən cəmi dəyəri 1.111,88 manat (bir min bir yüz on bir manat səksən səkkiz qəpik) olan dərman vasitələrini 2020-ci ilin əvvəllərindən 2020-ci ilin sentyabr ayının 16-dək olan müddətdə istintaqla müəyyən edilməyən şəraitdə əldə edib daşımaqla həmin aptekdə vahid niyyətlə bilə-bilə satış məqsədi ilə saxlamış, həmin hərəkətləri ilə insanların həyatının və sağlamlığının müdafiəsi, dərman vasitələrinin qeydiyyatdan yayındırılmaqla qanunsuz dövriyyəsinin qarşısının alınması və bununla əlaqədar iqtisadi münasibətlərin şəffaflığının təmin edilməsi sahəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə keçirilən istintaq hərəkəti zamanı həmin dərman vasitələri qeyd edilən aptekdə xüsusi saxlanc yerində aşkar olunaraq götürüldüyündən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən xeyli miqdarda həmin dərman vasitələrinin qanunsuz satışını həyata keçirməkdən ibarət cinayətkar niyyətini həyata keçirməyə nail olmayıb, həmin dərman vasitələrini satmağa cəhd etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində müvafiq lisenziya əsasında ünvan 2 ünvanında yerləşən “Araz aptek” adlı satış yerində dərman vasitələrinin pərakəndə satışını həyata keçirərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə 1 fevral 2019-cu il tarixdən həmin aptekdə aptekçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları, habelə cinayətin törədilməsi üçün vasitələr vermək və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə yeni növ koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılması ilə əlaqədar həmin infeksiyanın profilaktikası üçün yalnız həkim nəzarəti və təyinatı ilə istifadə məqsədi ilə, yəni qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına idxal olunmuş "Favipiravir 200mq № 40" dərman preparatının kommersiya məqsədləri üçün istifadə olunmasının "Dərman vasitələri haqqında" 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi ilə qadağan olunmasına, habelə həmin Qanunun 6.1 və 6.7-ci maddələrinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən) dövlət qeydiyyatına alındıqdan ("Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri"nə daxil edildikdən) sonra yol verilməsinin müəyyən edilməsinə baxmayaraq, həmin infeksiyaya yoluxmuş və ya yoluxma təhlükəsi qarşısında olan şəxslərin qeyd edilən dərman preparatına olan ehtiyacından qanunsuz qazanc əldə etmək məqsədi güdən vahid cinayətkar niyyətlərinə uyğun olaraq, istehsalçı tərəfindən müəyyən edilmiş satış dəyəri və Azərbaycan Respublikasına daşıma xərcləri nəzərə alınmaqla real bazar dəyəri 1 qutu üçün 150 manat olan "Favipiravir 200mq № 40" dərman preparatının 2020-ci ilin iyul ayından 16 sentyabr 2020-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən şəraitdə 7 qutusunu satış məqsədilə vahid niyyətlə xeyli miqdarda əldə edərək həmin aptekdə Təqsirləndirilən şəxs1 ilə birlikdə real dəyərindən çox baha qiymətə satmaq üçün saxlayıb, 2020-ci ilin sentyabr ayının 1 və 2-ci ongünlüyündə həmin dərman preparatını satın almaq üçün özünə və həmin aptekə müraciət edən ayrı-ayrı şəxslərə həmin dərmanı Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu vasitəsilə real dəyərindən çox baha qiymətə, o cümlədən, Şahid1 10 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında 1 qutunu 300 manata və 15-16 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin X1rşısında 1 qutusu 600 manatdan olmaqla, 3 qutunu cəmi 1.800 manata, habelə Şahid3 14-15 sentyabr 2020-ci il tarixlərində işlədiyi həmin satış yerinin daxilində 1 qutusu 670 manatdan olmaqla, 3 qutunu cəmi 2.010 manata, ümumilikdə isə 7 qutunu cəmi 4.110 (dörd min bir yüz on) manata satmaqla əldə etdikləri pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə külli miqdarda təkrarən satmış, həmin hərəkətləri ilə dövlətin yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə dərman vasitələrinin qeydiyyatdan yayındırılmaqla qanunsuz dövriyyəsinin qarşısının alınması və infeksiya nəticəsində meydana gələn xəstəliklərin müalicəsinin düzgün aparılmasına dair fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq Təqsirləndirilən şəxs1 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs1 qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında biləbilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini satış məqsədilə vahid niyyətlə xeyli miqdarda əldə etməklə saxlama və həmin dərman vasitələrini qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda satmış, qeyrisinin vəzifəli şəxs qismində xidmət vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətini törətməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən 8 avqust 2016-cı il tarixdə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 6 oktyabr 2016-cı il tarixli 091390 nömrəli lisenziya əsasında ünvan 2 ünvanında yerləşən “Araz aptek” adlı satış yerində dərman vasitələrinin pərakəndə satışını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 1 fevral 2019-cu il tarixdən aptekçi vəzifəsində işləyərkən həmin Cəmiyyətin təsisçisi və direktoru Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə məsləhət və məlumatları, habelə cinayətin törədilməsi üçün vasitələr vermək və maneələri aradan qaldırıb yardım etməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək yeni növ koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılması ilə əlaqədar həmin infeksiyanın profilaktikası üçün yalnız həkim nəzarəti və təyinatı ilə istifadə məqsədi ilə, yəni qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına idxal olunmuş "Favipiravir 200mq № 40" dərman preparatının kommersiya məqsədləri üçün istifadə olunmasının "Dərman vasitələri haqqında" 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi ilə qadağan olunmasına, habelə həmin Qanunun 6.1 və 6.7-ci maddələrinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən) dövlət qeydiyyatına alındıqdan ("Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri"nə daxil edildikdən) sonra yol verilməsinin müəyyən edilməsinə baxmayaraq, həmin infeksiyaya yoluxmuş və ya yoluxma təhlükəsi qarşısında olan şəxslərin qeyd edilən dərman preparatına olan ehtiyacından qanunsuz qazanc əldə etmək məqsədi güdən vahid cinayətkar niyyətlərinə uyğun olaraq, istehsalçı tərəfindən müəyyən edilmiş satış dəyəri və Azərbaycan Respublikasına daşıma xərcləri nəzərə alınmaqla real bazar dəyəri 1 qutu üçün 150 manat olan "Favipiravir 200mq №40" dərman preparatının 2020-ci ilin iyul ayından 16 sentyabr 2020-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən şəraitdə 7 qutusunu satış məqsədilə vahid niyyətlə xeyli miqdarda əldə edərək həmin aptekdə Təqsirləndirilən şəxs2la birlikdə real dəyərindən çox baha qiymətə satmaq üçün saxlayıb, 2020-ci ilin sentyabr ayının 1 və 2-ci ongünlüyündə həmin dərman preparatını satın almaq üçün özünə və həmin aptekə müraciət edən ayrıayrı şəxslərə həmin dərmanı Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq şəxsən real dəyərindən çox baha qiymətə, o cümlədən, Şahid1 10 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən "Gənclik Mall” ticarət mərkəzinin qarşısında 1 qutunu 300 manata və 15-16 sentyabr 2020ci il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən Azərbaycan Tibb Universitetirin X1rşısında 1 qutusu 600 manatdan olmaqla, 3 qutunu cəmi 1.800 manata, habelə Şahid3 14-15 sentyabr 2020-ci il tarixlərdə işlədiyi həmin satış yerinin daxilində 1 qutusu 670 manatdan olmaqla, 3 qutunu cəmi 2.010 manata, ümumilikdə isə 7 qutunu cəmi 4.110 (dörd min bir yüz on) manata şəxsən vahid niyyətlə satmaqla əldə etdikləri pul vəsaitini Təqsirləndirilən şəxs2la aralarında bölüb, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə külli miqdarda satmış, həmin hərəkətləri ilə vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 dövlətin yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə dərman vasitələrinin qeydiyyatdan yayındırılmaqla qanunsuz dövriyyəsinin qarşısının alınması və infeksiya nəticəsində meydana gələn xəstəliklərin müalicəsinin düzgün aparılmasına dair fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuran vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini törətməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin sentyabr ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və həmin vaxtdan etibarən həmin MMC-nin direktoru vəzifəsində işləyir. ünvan 2 ünvanında yerləşən “Araz” adlı apteki işlədir. Həmin aptekdə 3 nəfər əczaçı və bir nəfər kassirdən ibarət 4 işçisi var, onlardan da biri Təqsirləndirilən şəxs1dur. Onun “Favipiravir” dərman vasitəsinin koronavirus pandemiyası ilə əlaqədar mübarizə tədbirlərində istifadə olunması barədə məlumatı olmuşdur. Lakin onun sahibi olduğu aptekdə həmin dərman vasitəsi satılmamışdır. Hazırda isə “Favipiravir” dərman vasitəsi açıq satışda var, rəsmi olaraq satılır. Tərəfindən hər hansı cinayət əməli törədilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, ünvan 2 ünvanında yerləşən “Araz” aptekdə aptekçi vəsifəsində işləyir və koronavirus infeksiyasının müalicəsində istifadə olunan “Favipiravir” adlı dərman preparatını satmamışdır. Tərəfindən hər hansı cinayət əməli törədilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ölkədə səhiyyə siyasətini həyata keçirən orqandır. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində Səhiyyə Nazirliyinin siyasətinə zərər dəymişdir. Belə ki, təqsirləndirilən şəxslər dövlət qeydiyyatına alınmayan dərman preparatını qanunsuz olaraq, həm də qiymətindən dəfələrlə baha qiymətə satmışlar. Dövlət qeydiyyatına alınmayan dərmanların satışı qadağandır. Cinayət hadisəsinin törədildiyi vaxt “Favipiravir” dərman preparatı dövlət qeydiyyatına alınmamışdı. Hazırda dövlət qeydiyyatına alınıb-alınmaması barədə məlumatı yoxdur. Pandemiya ilə əlaqədar “Favipiravir” dərman preparatının qeydiyyatsız Azərbaycana idxalına icazə verilmişdir. Lakin həmin dərman vasitəsi sadəcə koronavirusla mübarizə aparan tibb müəssisələrinə verilir. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxslərə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Göyçay rayonunda uzaq qohumları koronavirus xəstəliyinə yoluxmuşlar. Həmin şəxslər ona koronavirus xəstəliyinin sağalmasında “Favipiravir” dərman vasitəsindən istifadə olunduğunu, həmin dərman vasitəsinin xəstəliyin müalicəsinə müsbət təsir göstərdiyini, onun apteklərdə tapılmadığını və açıq satışda olmadığını bildirmiş, həmin dərmanı onlar üçün taparaq Göyçay rayonuna göndərməsini xahiş etmişlər. Bu səbəbdən 10 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati binası ilə üzbəüz yerləşən aptekdə işləyən, əvvəllər tanıdığı Fərid adlı şəxsə yaxınlaşaraq 4 qutu “Favipiravir" adlı dərman preparatı lazım olduğunu bildirmişdir. Fərid adlı şəxs həmin dərman vasitəsinin aptekdə mövcud olduğunu, lakin satışının qadağan olunduğunu bildirmiş, ancaq bir qutusunu 300 manata təşkil edə biləcəyini demişdir. O da razılaşmış və saat 14 radələrində “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Fərid adlı şəxslə görüşmüşlər. 300 manat pulu Fərid adlı şəxsə verib bir qutu “Favipiravir 200 mq №40” dərman vasitəsini götürmüşdür. 15 sentyabr 2020-ci il tarixdə yenidən “Gənclik Mall" ticarət mərkəzinin qarşısında Fərid adlı şəxslə görüşdükdə, sonuncu həmin dərman vasitəsinin qiymətinin bahalaşdığını və 600 manata sata biləcəyini, həmin dərman vasitəsini "Semaşko" xəstəxanasının yaxınlığında yerləşən və Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında işləyən adını bilmədiyi mühafizəçidən götürə biləcəyini demişdir. O da həmin yerə gedərək mühafizəçiyə yaxınlaşmış, onu Fəridin göndərdiyini, "Favipiravir" adlı dərman preparatını götürməyə gəldiyini bildirmiş və 1.200 manat pul verib 2 qutu dərman preparatını götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun xalası və qaynanası Covid-19 infeksiyasına yoluxmuşdu. Xalasının həyat yoldaşı rəhmətə getdiyindən, oğlu da Rusiyada yaşadığından evdə tək qalır. Buna görə də xalasının dərmanlarını o almışdır. Xalasının müalicəsi üçün “Favipiravir” adlı dərman vasitəsini almaq məqsədi ilə bir neçə aptekə müraciət etmiş, lakin tapmamışdır. Semaşko xəstəxanası ilə üzbəüz yerləşən aptektdə həmin dərmanın qiymətinin 200-300 manat olduğu deyilmiş, o da bir qutu dərman almışdır. İkinci dəfə həmin aptekə gedəndə aptekdə bir xanım və bir oğlan olmuşdur. Ona dərmanın qiymətinin 1200-1400 manat arası olduğunu demişlər. Dərmanın qiyməti birinci dəfə aldığından çox baha olduğu üçün o, aldadıldığını düşünmüş və həmin aptekdən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 12 sentyabr 2019-cu il tarixdən Azərbaycan Tibb Universiteti Cərrahiyyə Klinikasında nəzarətçi işləyir. Pandemiya ilə əlaqədar iki gündən bir işə çıxmaqla sutkalıq klinikanın giriş-çıxışına və təhlükəsizliyinə nəzarət edir. Növbədə 4 nəfər olurlar və 2 nəfər arxaya, 2 nəfər isə ön tərəfə nəzarət edir. 16 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində klinikanın əsas giriş qapısının önündə digər nəzarətçi Çinarə Quluzadə ilə xidmətdə olan zaman orta boylu, saçları qara və seyrək olan, orta köklükdə, əynində tünd göy qısaqol gödəkcə olan, təxminən 30-35 yaşlı tanımadığı oğlan ona yaxınlaşmış və ona bir sellofan paket verərək, başqa bir şəxsin həmin paketi gəlib götürəcəyini demişdir. Həmin sellofan paketin içərisində dərman vasitələri olmuşdur, lakin onların adını və sayını bilməmişdir. Bir qayda olaraq, kömək etmək məqsədi ilə xəstə yaxınları və ziyarətçiləri onlara dərman vasitələrini, ərzaq və geyim əşyalarını başqasına çatdırmaq üçün verdikdə onlar həmin əşyaları saxlayırlar və daha sonra müvafiq şəxslər onlardan götürürlər. Təxminən 30 dəqiqə sonra bir nəfər şəxs ona yaxınlaşaraq həmin sellofan paketin içərisində olan dərman vasitələrini götürmüş və ona bir ədəd şəxsiyyət vəsiqəsi təqdim edərək, sellofan paketi təqdim edən oğlanın gəlib şəxsiyyət vəsiqəsini götürəcəyini demişdir. Cinayət işinin materiallarında olan: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 18.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.193-195); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 18.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.220-222); - “Baxış keçirilməsi haqqında” 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 116A ünvanında yerləşən "Araz” aptekdə aparılan baxış zamanı həmin aptekdə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 3 qutu "Favipiravir 0.2g tab. N40" adlı, 1 qutu "Kaletra 200/50mq tab. N120" adlı, 2 qutu "Sodyum Bicarbonat 840mg/10ml iny. N10" adlı, 1 qutu "Tizersin 25mq tab. N50" adlı, 1 qutu "Topamax 100mg tab. N60" adlı və 1 qutu "Topamax 25mg tab. N60" adlı, ümumilikdə 6 adda dərman vasitəsi aşkar edilərək götürülmüşdür (İ cild, i.v.26-30); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "X5" publik hüquqi şəxsi tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli 09/14121 nömrəli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, 16 sentyabr 2020-ci tarixdə keçirilmiş istintaq hərəkətləri zamanı “Araz" aptekdə aşkar edilmiş ümumilikdə 6 adda dərman vasitəsi dərman vasitələrinin dövlət reyestrində qeydiyyatda yoxdur (İ cild, i.v.73-87); - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli rəydən görünür ki, 16 sentyabr 2020-ci tarixdə keçirilmiş istintaq hərəkətləri zamanı "Araz" aptekdə aşkar edilmiş 6 adda dərman vasitəsinin ümumi dəyəri 1.111,88 manat (min bir yüz on bir manat səksən səkkiz qəpik) təşkil edir (İ cild, i.v.95-104); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "X5” publik hüquqi şəxs tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli 03/11635 nömrəli məktubdan görünür ki, "Favipiravir 200mq №40” dərman vasitəsi Çin Xalq Respublikasının “X4” şirkəti istehsalıdır, qrip A və B viruslarının laboratoriya ştamlarına qarşı antiviral aktivliyə malikdir və xəstəxana şəraitində ciddi həkim nəzarəti altında yaşı 18-dən yuxarı olan xəstələrə istifadə olunmalıdır. Həmin dərman vasitəsi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən satış üçün deyil, stasionar müalicə olunan koronavirus xəstəliyinə düçar olmuş xəstələrin müalicəsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli 352s və 20 iyul 2020-ci il tarixli 363s nömrəli Sərəncamları əsasında müvafiq olaraq 1.250 və 12.500 qutu olmaqla Azərbaycan Respublikasına idxal olunmuşdur (İ cild, i.v.20); - Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən 8 avqust 2016-cı il tarixdə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmışdır, təsisçisi və qanuni təmsilçisi Təqsirləndirilən şəxs2dur (İ cild, i.v.126); - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 6 oktyabr 2016-cı il tarixdə "xxxx" MMC-yə lisenziya verilmişdir (İ cild, i.v.127); - Əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs1 1 fevral 2019-cu il tarixdən "xxxx" MMC-də aptekçi vəzifəsində işləyir (İ cild, i.v.128); - “Sübutların qiymətləndirilməsi haqqında” 17.02.2021-ci il tarixli qərardan görünür ki, 16 sentyabr 2020-ci il tarixdə keçirilmiş istintaq hərəkətləri zamanı ünvan 2 ünvanında yerləşən “Araz” aptekdə aşkar edilərək götürülmüş cəmi 6 adda dərman vasitəsi maddi sübut hesab edilmiş və saxlanması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5” publik hüquqi şəxsinə verilmişdir (İ cild, i.v.146-165); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayon Xalq Məhkəməsinin 23 iyun 1999-cu il tarixli hökmü ilə 1960-cı il Azərbaycan SSR-in Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 160 saat müddətə ictimai işlər cəzasına məhkum edilmişdir. (İ cild, i.v.225); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v.226). - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 01.08.2007-ci il təvəllüdlü, 13.11.2013-cü il təvəllüdlü və 25.06.2019-cu il təvəllüdlü 3 övladı var. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 17.01.2004-cü il təvəllüdlü 1 övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.1-ci maddəsi bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllərin xeyli miqdarda törədilməsinə, həmin Məcəllənin 200-1.2.1-ci maddəsi eyni əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 200-1.2.2-ci maddəsi eyni əməlin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsinə, həmin Məcəllənin 200-1.2.3-cü maddəsi isə eyni əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 200-1-ci maddəsinin Qeyd hissəsinə görə bu Məcəllənin 200- 1.1-ci maddəsində “xeyli miqdar” dedikdə min manatdan iki min manatadək olan məbləğ, 200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Qanununun 6.1-ci maddəsinə əsasən Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri "Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri"nə daxil edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən Bu Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 hərəkətlərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 32,5 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməsələr də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 200- 1.2.1, 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3 və 32,5 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi şahidlərin ifadələri və məhkəmə araşdırması zamanı tədqiq olunmuş digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmamaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etməmələrinə dair verdikləri ifadələri özünümüdafiə xarakterlidir, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3 və 32,5 308.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının, həmin Məcəllənin 308.1-ci maddəsi ilə isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının, həmin Məcəllənin 32.5, 308.1-ci maddəsi ilə isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda cinayət işi üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5” X8 saxlanılan 6 adda dərman vasitəsi dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 48 saat üçün nəzərdə tutulan 288 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 01 (bir) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 32,5 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 200-1.2.2 və 200-1.2.3-ci maddələri ilə 01 (bir) il müddətə əczaçı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 32.5, 308.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il müddətə əczaçı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5” X8 saxlanılan 6 adda dərman vasitəsi dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar