Məhkəmə qərarları › İş №1(006)-248/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-248/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-248/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan, məhkumluğu götürülmüş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanda yerləşən “28 Mall” Ticarət Mərkəzində olan zaman tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya məxsus “Redmi 11 Pro” markalı mobil telefonu danışmaq adı ilə götürmüş, həmin günü saat 21:45-də ticarət mərkəzinin qarşısında mobil telefonda olan "xxxx" ASC-nin “İBAM” mobil tətbiqinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən 5490 2641 0359 8742 nömrəli hesabdan komissiya haqqı 1 manat tutulmaqla 50 manat, saat 21:48-də komissiya haqqı 15 manat tutulmaqla 1.000 manat və saat 21:50-də komissiya haqqı 1,05 tutulmaqla 70 manat pulu istifadəsində olan 5490-****- 8742-6538 nömrəli hesaba köçürməklə mobil telefonu sonuncuya qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.137,05 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Qubad oğlunu uzun müddətdir ki, tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mall” Ticarət Mərkəzində olarkən Cəlili görüb ona yaxınlaşmış və təxminən 01 saata yaxın söhbət etmişlər. Dəfələrlə Cəlilin yaşadığı evdə qaldığına görə onun bank kartında həmişə pulun olduğunu bilmiş, hətta Cəlilin telefonunda olan "xxxx" ASC-nin “İBAM” mobil tətbiqinin şifrəsini də görmüşdür. Bu səbəbdən də Cəlilin telefonunda olan proqram vasitəsilə öz kartına pul atmağı düşünmüş, bu məqsədlə saat 21 radələrində ondan mobil telefonunu istəmiş, sonuncu da etiraz etməyib “Redmi 11 Pro” markalı mobil telefonu ona vermişdir. O da Cəlilə yarım saat ərzində telefonu qaytaracağını deyib ondan aralaşmış, bayıra çıxıb ticarət mərkəzinin qarşısında telefonundan “İBAM” mobil tətbiqinə daxil olmuş, kartda pul olduğunu müəyyən edib öz kartına üç dəfəyə 1.120 manat pul köçürmüşdür. Bundan sonra onun mobil telefonuna zəng gəlmiş və təcili olaraq Əhmədli qəsəbəsinə getmiş, telefonu Cəlilə qaytarmağı unutmuşdur. Ertəsi günü saat 10 radələrində o, Cəlilin işlədiyi “28 Mall” Ticarət Mərkəzinə gedib telefonu ona qaytarmış və Cəlildən üzrxahlıq etmişdir. Cəlil isə ona narahat olmamağı, əksinə nəyəsə ehtiyacı olduğu təqdirdə köməklik edə biləcəyini demişdir. Daha sonra ələ keçirdiyi pulların hamısını Bakı şəhərinin müxtəlif yerlərində yerləşən klub və barlarda xərcləmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində işlədiyi ünvan 1 ünvanda yerləşən “28 Mall” Ticarət Mərkəzində olarkən tanışı Təqsirləndirilən şəxs ona yaxınlaşmış, bir qədər söhbət etdikdən sonra danışmaq üçün ondan telefonunu istəyib yarım saata qaytaracağını demişdir. O da Şahnəsibi yaxından tanıdığından, habelə sonuncu onun evində bir müddət qaldığından etibar edib ona “Redmi 11 Pro” markalı mobil telefonunu vermişdir. Lakin, sonradan Şahnəsib gəlmədiyi üçün işdən evə getmişdir. Növbəti gün Şahnəsiblə Bakı şəhərində görüşdükdə sonuncu mobil telefonu ona qaytarıb üzrxahlıq etmiş və başına iş gəldiyi üçün mobil telefonu dünən qaytara bilmədiyini söyləmişdir. xx.xx.2022-ci il tarixdə istifadəsində olan "xxxx" ASC-yə məxsus kartda olan 1.200 manat pulu çıxarmaq istədikdə, hesabında pul olmadığını görmüşdür. Bundan sonra o, mobil telefonunda "xxxx" ASC-nin “İBAM” mobil tətbiqinə daxil olduqda balansda pul olmadığını və hesabdan xx.xx.2022-ci il tarixdə 03 dəfə olmaqla ümumilikdə 1.137,05 manat pulun başqa hesaba köçürüldüyünü aşkar etmişdir. O, həmin vaxt başa düşmüşdür ki, kartdan pullarını Şahnəsib oğurlamışdır. Bu səbəbdən də o, “102” xidmətinə zəng vurub bu barədə məlumat vermiş və daha sonra 22-ci polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Ona vurulmuş zərərdən 1.000 manat ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Zərərçəkmiş şəxs istifadəsində olan 5490 2641 0359 8742 saylı bank hesabından olan çıxarışa əsasən 21 oktyabr 2022-ci il tarixdə, saat 21:45 radələrində komissiya haqqı 1 manat tutulmaqla 50 manat, saat 21:48-də komissiya haqqı 15 manat tutulmaqla 1.000 manat və saat 21:50-də komissiya haqqı 1,05 tutulmaqla 70 manat pul 5490-****-8742- 6538 nömrəli hesaba köçürülmüşdür (İ cild, i.v.09-10); • Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq dövründə təqdim edilmiş ərizəyə əsasən Təqsirləndirilən şəxs ona vurmuş 1.137,05 manat ziyandan 1.000 manatını ödəmişdir (İ cild, i.v.88); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla "xxxx" ASC tərəfindən verilmiş 5490 2641 0359 8742 saylı hesabdan çıxarışlar iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.80-86); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı tətbiq edilməklə o, xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, i.v.74-75); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanda yerləşən “28 Mall” Ticarət Mərkəzində olan zaman tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya məxsus “Redmi 11 Pro” markalı mobil telefonu danışmaq adı ilə götürmüş, həmin günü saat 21:45-də ticarət mərkəzinin qarşısında mobil telefonda olan "xxxx" ASC-nin “İBAM” mobil tətbiqinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən 5490 2641 0359 8742 nömrəli hesabdan komissiya haqqı 1 manat tutulmaqla 50 manat, saat 21:48-də komissiya haqqı 15 manat tutulmaqla 1.000 manat və saat 21:50-də komissiya haqqı 1,05 tutulmaqla 70 manat pulu istifadəsində olan "xxxx" ASC-yə məxsus 5490-****-8742-6538 nömrəli hesaba köçürməklə mobil telefonu sonuncuya qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.137,05 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda həm Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin, həm də “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinin müddəalarına müvafiq olaraq onun cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 02 ay müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC tərəfindən verilmiş **********598742 saylı hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Qobustan rayonu, Nabur kəndini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qobustan rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC tərəfindən verilmiş **********598742 saylı hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar