Məhkəmə qərarları › İş №1(006)-249/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-249/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-249/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Hümbətov və Partnyorları Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ev 21, mənzil 38-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 X2 Dubay şəhərindən “Hyundai- Santafe” markalı avtomobil və həmin avtomobilə **-UU-*** dövlət qeydiyyat nişanı alacağını vəd edərək, 2017-ci ilin mart ayında sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 50000 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 19650 ABŞ dollarına **-AA-*** avtomobil dövlət qeydiyyat nişanı alacağını vəd edərək, sonuncudan 2019-cu ilin yanvar ayının 5-də Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonu ərazisində Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında göstərilən məbləğdə pulun bir hissəsini, yəni həmin vaxtın məzənnəsi ilə 8500 manat dəyərində 5000 ABŞ dolları, 2019-cu ilin yanvar ayının 13-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Luk-oil” yanacaq doldurma məntəqəsinin qarşısında isə həmin vaxtın məzənnəsi ilə 24905 manat dəyərində 14650 ABŞ dolları alaraq Zərərçəkmiş şəxs2 ümumilikdə həmin vaxtın məzənnəsi ilə 33405 manat dəyərində 19650 ABŞ dollarını ələ keçirib, vədinə əməl etməyərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almasına köməklik edəcəyini vəd edərək, 13 avqust 2020-ci il tarixdə sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, Həsən Seyidzadə küçəsində yerləşən “Yol” marketin qarşısında 1200 manat pulu ələ keçirib, vədinə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 20 il olar ki, Bakı şəhərində avtomobil alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 2015-ci ildən tanıyır. Onun Bakı şəhərində mağazası olan qohumu ilə qonşuluqda mağazası var. Qohumlarının mağazasına gedib-gəldiyi vaxtı onunla tanış olmuşdur. Çingizlə olan söhbətləri zamanı Çingiz, onun avtomobil alveri ilə məşğul olduğunu bildikdən sonra üstündə əlavə pul qaytarmaq şərti ilə ondan bir neçə dəfə borc pul alıb avtomobil alıbsatmağa sərf etmişdir. Axırıncı dəfə 2017-ci ilin mart ayında tarixini dəqiq xatırlamadığı vaxt yenə Çingizdən avtomobil alıb-satmaq üçün 50000 manat borc pul istəmişdir. Çingiz də razılaşmış və Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki 15 saylı binanın yanında onunla görüşüb 50000 manat pul vermişdir. Həmin məbləğdə pulu alıb bir ay müddətində qaytaracağını söyləmişdir. Sonra həmin pula avtomobil alıb satsa da qazanc əldə edə bilməyib, Çingizdən pulunu qaytarmaq üçün bir az vaxt verməsini xahiş etmiş, o da razılaşmışdır. Lakin 2-3 ay keçməsinə baxmayaraq maddi çətinliyə görə onun pulunu qaytara bilməmişdir. Bundan sonra da, barəsində olan cinayət işi ilə əlaqədar həbs olunduğu üçün Çingizin pulunu verə bilməmişdir. Həbsdən çıxdıqdan sonra da Çingiz verdiyi pulunu qaytarmağı tələb etməyə başlamışdır və əks halda polisə şikayət edəcəyini bildirmişdir. Ona pulunu hissə-hissə qaytarcağını deyib, vaxt istəmişdir. Çingiz də razılaşmışdır. Bundan sonra 2019-cu ilin yay aylarına kimi ona hissə-hissə olmaqla cəmi 8000 manat pul qaytarmışdır. Lakin sonra qazancı olmadığından onun pulunu qaytara bilməyib əlavə vaxt istəmişdir. Çingiz də ondan pulunu qaytaracağı barədə yazılı qəbz verməyini tələb etmiş, ona bu barədə qəbz yazıb vermişdir. Amma onun pulunu qaytara bilməmişdi. Qeyd edir ki, Çingizdən ona avtomobil gətirmək və avtomobil nömrəsi almaq üçün deyil, avtomobil alveri etmək üçün, üstündə əlavə pul qayatrmaq şərti ilə borc pul almışdır. Çingiz yalan deyir, onu aldadıb pulunu ələ keçirməmiş, sadəcə olaraq etdiyi alverdə qazancı olmadığına görə onun pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2la isə 2017-ci ildə o, özünə məxsus “Prado” markalı avtomobilini satmaq istədiyi vaxt tanış olmuşdur. Bundan sonra da onunla yaxın münasibəti yarandığına görə bir neçə dəfə avtomobil alıb satarkən onun vasitəsi ilə sələmini ödəməklə müxtəlif məbləğlərdə pul alıb sonra qaytarmışdır. Axırıncı dəfə Şamillə 2019-cu ilin yanvar ayının 13-çü ya da 14- də onun yaşadığı Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki evinin yanındakı Araz” marketin yaxınlığında görüşdüyü vaxtı ondan avtomobil alıb-satmaq üçün 25000 manat pul istəmişdir, o da özündə pulu olmadığını bildirib, Aqil adlı qohumundan sələmi ilə, yəni 25000 manatın üstündə əlavə 4000 manat pul verməklə həmin məbləğdə pul almaq mümkün olduğunu söyləmişdir. O, da razılaşaraq, həmin günü axşam saat 20 radələrində Şamil ona zəng edib danışdıqları yerə, yəni “Araz" marketin yanına çağırmışdır. Həmin yerdə görüşmüş, Şamil özünə məxsus “Hyundai” markalı avtomobilinin salonunda ona 14700 ABŞ dolları olmaqla 25000 manat pul vermiş və pul sahibinin 10 gün müddətinə üstündə 4000 manat əlavə ödəməklə həmin pulu qaytarmağını söyləmişdir. O, da əgər alveri yaxşı olarsa həmin məbləğdə pulu 10 günə qaytaracağına söz vermişdi. Lakin həmin müddətdə alveri yaxşı olmadığına görə aldığı pulu 10 günə qaytara bilməmiş və Şamildən pul sahibinə bir ay vaxt verməsini xahiş etmişdir. O isə pulu təcili qaytarmağı tələb etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Aldığı pulla satmaq üçün avtomobil aldığı uçün onun pulunu qaytara bilməyib vaxt verməsini xahiş etmişdi. Şamil də razılaşmayıb bir neçə gün dalbadal onun yanına gəlib Aqilin pulu qaytarmağını tələb etdiyini söyləmişdir. 2019-cu ilin yanvar ayının axırlarında tarixini dəqiq xatırlamdığı gündə saat təxminən 22 radələrində Şamil ona zəng edib, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yaşadığı yerin yaxınlığındakı “105” çay evinə çağırmışdır. Onun təkidi ilə həmin çay evinə gəlmiş, Şamil pulu qaytarmaq lazım olduğunu söyləmiş, o da pulu qaytarmaq üçün əlavə vaxt istəmiş, Şamil vəziyyətdən çıxmaq üçün ondan aldığı pulları hara xərcləməyini və pulu nə vaxt qaytaracağını mobil telefonuna söyləyib yaddaşına köçürüb Aqilə göstərməyini təklif etmişdir. O, da razılaşmış və həmin çay evində Şamilin mobil telefonuna ondan aldığı pulları hara xərclədiyini və pulunu nə vaxt qaytaracağını söyləmişdir. Şamil onun dediklərini mobil telefonuna çəkərək yaddaşına köçürmüşdür. Bundan sonra 2019-cu ilin fevral ayından 2019-cu ilin dekabr ayına kimi o, hissə-hissə olmaqla Şamilə 17800 manat pul qaytarmışdır. 2020-ci ilin yanvar-fevral aylarında ona pul ödəyə bilmədiyi üçün Şamil şikayət edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Abşeron RPİ-dən ona zəng edib Şamilin şikayət etdiyini və onu aldadaraq 33405 manat pulunu ələ keçirdiyini söyləmişlər. Bundan sonra o, Şamillə görüşüb bu barədə ondan soruşmuş, Şamil pulu nə vaxt qaytaracağını soruşmuş, o da pulun çox hissəsini qaytardığını ona 6000-7000 manat borcu qaldığını söyləmişdir. Şamil Aqildən alıb ona verdiyi 25000 manata görə hər ay ona 1000 manat sələm ödədiyini deyib, həmin pulları onun ödəməli olduğunu söyləyərək ondan 33000 manata yaxın pul alacağını bildirmişdir. Bundan bir neçə ay sonra o, Şamillə görüşüb ona olan borcundan əlavə olaraq 500 manat pul qaytarmışdır. O, ümumilikdə Şamilə olan borcundan 18300 manat ödəmiş, 6700 manat borcu qalmışdır. Şamilə də avtomobilinə dövlət qeydiyyat nişanı alacağını vəd verməmiş, ondan da avtomobil alveri etmək üçün üstündə əlavə pul qayarmaq şərti ilə borc pul almışdır. Bundan əlavə 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində onunla eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs3 adlı cavan oğlan onun yanına gəlib, Bakı şəhərində yerləşən hansısa şirkətdə kuryer işlədiyini bildirib, motosiklet və digər yüngül minik avtomobilləri idarə etmək üçün sürücülük vəsiqəsi almaq istədiyini söyləmiş və ondan bu işdə ona köməklik etməyini xahiş etmişdir. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün ona sürücülük vəsiqəsi almasına köməklik edəcəyini deyib, yaşadığı evin yaxınlığında Azaydan 1200 manat pulunu almış, lakin sonradan tutulduğu üçün həmin şəxsin işini düzəldə bilməmiş, sonuncuya məxsus sənədlər və 1200 manat pul onun maşınında qalmış və sonradan zərərçəkmiş şəxsə qaytarılmışdır. İfadəsinin sonunda dələduzluq cinayətini törətmədiyini, həmin şəxslərdən borc pul aldığını və tam olaraq qaytara bilmədiyini, himayəsində iki azyaşlı uşağını olduğunu və bir neçə ay sonra üçüncü uşağının dünyaya gələcəyini bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı, eləcə də avtomobil dövlət qeydiyyat nişanlarının alqı-satqısı ilə məşğul olan şəxs kimi 6 ildən uzun müddət olar ki, tanımışdır. 2019-cu ilin yanvar ayının əvvəllərində “Hyundai” markalı avtomobilinə ** AA *** dövlət qeydiyyat nişanının alınmasından ötrü Anarla əlaqə saxlayıb görüşmüşdür. Anar həmin avtomobil qeydiyyat nişanın 19.650 ABŞ dollarına, yəni 33405 manata ala biləcəyini söyləmişdir. O, da Anarla razılaşıb həmin məbləğdə pulu iki dəfəyə ona ödəmişdir. Anar ondan pulun bir hissəsini, yəni 5000 ABŞ dollarını 2019-cu ilin yanvar ayının 5-də Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki yaşadığı evin qarşısında, qalan 14600 ABŞ dollarını isə 2019-cu ilin yanvar ayının 13-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki “Luk-oil” yanacaqdoldurma məntəqəsinin qarşısında onun maşınının içərisində alıb bir həftə ərzində nömrə məsələsini həll edəcəyini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra Anardan nömrə alınması işinin nə yerdə olduğunu soruşmuş, o, da həmin işin həlli ilə məşğul olduğunu söyləyib bir az gözləməyi xahiş etmişdir. O, da gözləmiş, lakin nömrənin verilməsinin uzun müddət çəkdiyini görüb Anardan bununla bağlı kimə müraciət etdiyini soruşmuşdur. Anarın konkret cavab verməkdən yayındığını görüb, onu aldadaraq, etibarından sui-istifadə etməklə pulunu ələ keçirdiyini hiss edib 23 yanvar 2019-cu ildə onunla görüşüb nömrə məsələsinin nə vaxt həll olunacağını soruşmuşdur. Həmin vaxtı Anar ondan nömrə almaq üçün aldığı pulun 12700 manatını Saxavət adlı şəxsə, digər hissəsini isə ** TF *** və ** SB *** və ya ** SD *** dövlət qeydiyyat nişanlarının alınmasına verdiyini, ondan aldığı pulları ilk gündən şəxsi borclarının ödənilməsinə xərclədiyini etiraf etmişdir. Həmin vaxtı onun dediklərini mobil telefonunun videokamerası ilə çəkərək yaddaşında saxlamışdır. Anar ona qarşı dələduzluq etdiyini etiraf etməklə yanaşı ondan aldığı pulları yaxın vaxtda qaytaracağını söyləmişdir. O, da pullarını qaytarmadığı halda ondan şikayət edəcəyini bildirmişdi. Anar hər dəfə onu aldadaraq pulunu yaxın günlərdə qaytaracağını söz versə də qaytarmamışdır. O, da məcbur qalıb Anarın onu aldadaraq pulunu ələ keşirməsi barədə Abşeron rayon prokurorluğuna ərizə yazmış və Anarın ondan aldığı pulları hara xəcləməsi barədə söhbətin videogörüntüsünü CD formatlı diskə köçürüb ərizəyə əlavə etmişdir. Anar tərəfindən ona ümumilikdə 33405 manat ziyan dəymiş və həmin məbləğdən 3000 manatını qaytarmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir və pulunun tam həcmdə qaytarılmasını istəyir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1, ev 26A, mənzil 16-da yaşayır. Bakı şəhərində yerləşən "xxxx" MMC-də icraçı direktor işləyir. Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. O, Bakı şəhərindəki mağazasının qonşuluğundakı mağazada işləyən şəxsin uzaq qohumudur. Anarı həmin mağazaya gəlibgetdiyi vaxtdan tanıyır. Əvvəllər onunla yaxşı münasibəti olmuşdur. Anarla olan söhbətləri zamanı o, avtomobil alveri ilə məşğul olduğunu və Baş Dövlət Yol Polisi idarəsində tanışlarının olduğunu söylədiyinə görə o, da 2017-ci ildə özü üçün "Hyundai-Santafe” markalı avtomobil almaq və həmin avtomobilə özü istədiyi dövlət nömrəsi almaq istədiyini söyləmişdi. Anar da bu işdə ona köməklik edə biləcəyini deyib, ondan avtomobili Dubay şəhərindən gətirəcəyini və onun istədiyi nömrəni həmin avtomobilə alacağını söyləmişdir. O, avtomobilin alınması üçün 40000 manat, nömrəsinin alınması üçün isə 10000 manat pul istəmişdir. O, da razılaşmış və 2017-ci ilin mart ayında tarixini dəqiq xatırlamadığı gündə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki 15 saylı binanın yanında Anarla görüşüb ona 50000 manat pul vermişdir. Anar həmin məbləğdə pulu alıb ona bir ay müddətində Dubay şəhərindən avtomobil alıb gətirəcəyini və həmin maşına onun istədiyi **-UU-*** dövlət nömrə nişanını alacağını vəd verib getmişdir. Həmin müddət çatdıqda o, Anarla görüşüb avtomobili nə vaxt verəcəyini soruşmuş, o da Dubaydan avtomobilin gətirilməsinin bir az gecikdiyini deyib ona gözləməyi xahiş etmişdir. Lakin 2-3 ay keçməsinə baxmayaraq, Anar vəd verdiyi avtomobili verməmişdir. Belə olduqda ondan vəd verdiyi nömrə nişanını hazırda sürdüyü avtomobilə almasını söyləmiş, Anar da həmin nömrənin olmadığını bildirib ona “AA” hərfləri ilə olan başqa bir nömrə alacağını söyləyib, bir az gözləməyi xahiş etmişdir. Bir müddət sonra, yəni 2017-ci ilin sonuna yaxın Anar Dubay şəhərindəki şərikinin onu aldatdığını deyib ona avtomobil gətirə bilməyəcəyini söyləmiş və ondan aldığı 50000 manat pulu qaytaracağını bildirmişdir. O, da razılaşıb pulunu qaytarmasını gözləməyə başlamışdır. 2018-ci ilin aprel-may aylarında Anarın dələduzluq etdiyinə görə tutulduğunu və sonra buraxıldığını eşitmiş, bundan sonra onu da aldatdığını hiss edib pulunu tez qaytarmasını tələb etmiş və qaytarmayacağı halda polisə şikayət edəcəyini bildirmişdir. Anar isə pulu hissə-hissə qaytarmaq üçün vaxt istəmiş, 2018-ci ilin avqust ayından 2019-cu ilin yay aylarına kimi hissə-hissə olamaqla cəmi 8000 manat pul qaytarmışdır. Lakin onun sonra pulunun qalanını vermədiyini görüb onunla görüşmüş, Anar pulu hissə-hissə qaytaracağını deyib, əlavə vaxt istəmiş, o da buna əmin olmaq üçün ondan bu barədə yazılı qəbz verməsini tələb etmişdir. O, da 2019-cu ilin iyul ayında həmin məzmunda qəbzi yazıb ona vermişdir. Lakin pulu qaytarmamışdır. Dəfələrlə ona zəng etsə də, əlaqə saxlaya bilməmişdir. Anar onun telefonlarına cavab verməmiş, məcbur olub 2020-cı ilin iyul ayının axırlarında DİN-nin elektron poçtuna Anardan şikayət etmişdir. Hal-hazırda ona dəymiş maddi ziyanın məbləği 42000 manat təşkil edir, Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ev 15, mənzil 25-də yaşayır. Bakı şəhərində yerləşən "xxxx" MMC-də kuryer işləyir. Buna görə də motosiklet və digər yüngül minik avtomobillərini idarə etmək üçün sürücülük vəsiqəsi almaq qərarına gəlmiş və eyni məhəllədə qonşu binada yaşayan Təqsirləndirilən şəxs bu barədə danışmışdır. O, da sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini bildirib, bunun üçün sürücülük məktəbində oxumaq üçün və imtahan vermək üçün müəyyən məbləğdə rüsumların olduğunu söyləyib, sürücülük vəsiqəsi almaqdan ötrü ona 1200 manat pul lazım olacağını bildirmişdir. O, da razılaşıb 13.08.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsindəki “Yol” marketin qarşısında həmin məbləğdə pulu Anara vermişdir. Anar bir həftə ərzində avtomobil və motosklet idarə etmək üçün sürücülük vəsiqəsi verəcəyini bildirib, 1200 manat pulu alıb cibinə qoymuşdur. Həmin vaxtı yanlarında heç kim olmamışdır. 3-4 gün sonra Anar onu çağırıb, növbəti həftənin 1-ci günü sürücülük vəsiqəsi almaq üçün imtahana gedəcəyini söyləmişdir. Ertəsi günü yaşadığı binanın həyətində Anarla görüşdüyü vaxtı o, sürücülük vəsiqəsi almaq üçün imtahanın 1-ci gün deyil, həftənin 6-cı günü keçiriləcəyini və həmin günü birlikdə imtahana gedəcəyini söyləmişdir. Həftənin 6-cı günü səhər saatlarında imtahana getmək üçün məhəllədə Anarı axtardığı vaxtı ona polislərin Anarı tutub apardıqlarını demişlər. Elə həmin günü məlum olmuşdur ki, Anar dələduzluq etdiyinə görə Abşeron RPİ-in işçiləri gəlib onu aparmışlar. Bunu eşitdikdən sonra Anarın onu da aldadaraq sürücülük vəsiqəsi düzəltmək adı ilə 1200 manat pulunu ələ keçirdiyini yəqin edib, dərhal yaxınlıqdakı 19-cu Polis bölməsinə gedib bu barədə şikayət ərizəsi vermişdir. Hal-hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyindən ona qarşı şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi videodiskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin diskdəki videogörüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2019-cu ilin yanvar ayının 13-də, 26 yanvar 2020-ci il tarixdə qaytarmaq şərti ilə 19650 ABŞ dolları pul aldığını və həmin pulun 12700 ABŞ dollarını Səxavət adlı tanışına olan borcunun qaytarılmasına, qalanını da şəxsi işlərinin həllinə, yəni ** TF *** və ** SB *** və ya ** SD *** dövlət qeydiyyat nişanlarının alınmasına verdiyini, aldığı puldan Zərərçəkmiş şəxs2 cəmi 4100 manat qaytardığını söylədiyi müşahidə olunur. İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması haqqında 18.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.08.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində tutularaq MSY-ə təhvil verilmişdir (i/v 55). İş materiallarında olan Abşeron rayon məhkəməsinin 19.08.2020-ci il tarixli 4(012)- 374/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 18.09.2020-ci il tarixli, 4(012)- 451/2020 saylı qərarı ilə həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 18 noyabr 2020-ci il tarixədək uzadılmışdır, həmin Məhkəmənin 17.11.2020-ci il tarixli, 4(012)-560/2020 saylı qərarı ilə həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 18 yanvar 2021-ci il tarixədək uzadılmışdır, həmin Məhkəmənin 18.01.2021-ci il tarixli, 4(012)-37/2021 saylı qərarı ilə həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 18.03.2021-ci il tarixədək uzadılmışdır (i/v 79-80, 128-131, 189-193, 222-225). İş materiallarında olan Abşeron rayon məhkəməsinin 29.01.2021-ci il tarixli 4(012)- 55/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalında həbsdən azad olunmuş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 18 mart 2021-ci il tarixədək müəyyən olunmuşdur (i/v 226-230). İş materiallarında olan Abşeron rayon məhkəməsinin 15.03.2021-ci il tarixli, 4(012)- 133/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 aprel 2021-ci il tarixədək uzadılmışdır (i/v 277-281). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22.02.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 1(001)-365/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, AR Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmişdir (i/v 233-238). İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinə əlavə edilmiş yazıdan görünür ki, Təqsirləndirilən şəxs 2 il bundan qabaq Zərərçəkmiş şəxs1 50000 manat pul almışdır, 8000 AZN qaytarmışdır, qalan 42000 manat AZN-i hər ay 1000 AZN olmaqla qaytaracaqdır (i/v 107). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.04.2016-cı il təvəllüdlü X6 və 11.02.2017-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Tovuz rayon İcra və probasiya şöbəsinin 16 fevral 2021-ci il tarixli № CB-137/229594/2020 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasından heç bir ödəniş edilməmişdir (i/v 239). İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş ziyandan 15000 (on beş min) manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir (i/v 243). İş materiallarına əlavə olunmuş DİN BDYPİ-nin rəis müavini Fuad Mayılov tərəfindən Abşeron RPİ-nin rəisi Şəhriyar Şəmşirliyə ünvanlanmış 10.06.2020-ci il tarixli 016-51296- 1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsində və ona bilavasitə tabe olan hissələrdə işləmir (i/v 39). Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-249/2021 saylı, 17.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 06.09.2021-ci il tarixli, 083-13479-1221 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə axtarışda olan Təqsirləndirilən şəxs 06.09.2021-ci il tarixdə tutularaq Nəsimi RPİ-nin MSYnə təhvil verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-249/2021 saylı, 09.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilməsi özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, təqdim olunmuş videodiskdəki görüntülər və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs3 vurduğu ziyanı könüllü olaraq tam ödəməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 1(001)-365/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, AR Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 1(001)-365/2018 saylı hökmü ilə təyin edilmiş 2000 (iki) min manat cərimə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 avqust 2020-ci il tarixdən 17 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və ona 01 (bir) il 06 (altı) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2000 manat cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 2000 (iki min) manat cərimə cəzası və 01 (bir) il 06 (altı) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2000 (iki min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar