Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-25/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 23-cü döngə ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını elə keçirmək məqsədilə tanışı Salyan rayonu, Xalac kənd sakini Şahid1 qızı Şahid2 H.Əliyev adına X4 fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin struktur bölməsinə işə qəbul edilməsinə köməklik göstərməsinə dair 2019-cu ilin avqust ayında istintaqla müəyyən edilməmiş gündə özünə müraciəti ilə əlaqədar, özünün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işlədiyini, həmin Komitədə rəhbər vəzifəli şəxslərlə olan yaxın münasibətlərinə əsasən həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid1 sonuncunun tanışı, cinayətdən xəbərsiz olan Şahid3 vasitəsilə Bakı şəhəri, Səbail rayonunda yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşləri zamanı yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni həll edəcəyini vəd verərək inandırmaqla Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla sonuncunun tanışı, cinayətdən xəbərsiz olan Şahid3 vasitəsilə Şahid1 2019-cu ilin avqust ayında Bakı şəhəri, Səbail rayonunda yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığında 4.000 (dörd min) manat və 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonunda yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında 1.000 (bir min) manat, cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini aldıqdan sonra Şahid2 müvafiq işə qəbul olunmadığı üçün Şahid1 pulun geri qaytarılması ilə bağlı tələbi əsasında 2020-ci ilin fevral ayında həmin pul vəsaitindən 2.800 (iki min səkkiz yüz) manatı Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 may” metrostansiyasının yaxınlığında Şahid1 qaytarıb, sonradan 2020-ci ilin fevral ayında sonuncunun Şahid2 H.Əliyev adına X4 fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin struktur bölməsinə işə qəbul edilməsinə köməklik göstərməsinə dair özünə yenidən müraciəti ilə əlaqədar, eyni niyyətlə, guya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xatirə Xasıyeva adlı işçisi ilə özünün yaxın münasibətlərinə əsasən həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid1 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni həll edəcəyini vəd verərək inandırmaqla Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2020-ci ilin fevral ayında Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində Şahid2 8.800 (səkkiz min səkkiz yüz) manat və həmin tarixdə "xxxx" ASC-nin Salyan filialından sürətli pul köçürməsi yolu ilə 1.000 (bir min) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən onun adına göndərilməsindən sonra həmin pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin Baş ofisindən götürməklə, cəmi 9.800 (doqquz min səkkiz yüz) manat, ümumilikdə qeyd edilən qaydada Şahid1 məxsus cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, bundan sonra öz yalan vədlərinə inandırmaq üçün istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırladığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminal Kompleks” Birliyinin möhür və həmin Birliyin Kadrlar şöbəsinin rəisinin imzasının əkslərinin olduğu hüquq verən rəsmi sənəd olan saxta 21.10.2020-ci il tarixli 199 nömrəli, 07.12.2020-ci il tarixli 465 nömrəli və 17.02.2021-ci il tarixli 465 nömrəli Şahid2 barəsində tibbi şəhadətləndirməyə göndərişləri sonuncuya təqdim etməklə, vahid niyyətlə Şahid1 məxsus cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iş üzrə şahidlərdən ilkin olaraq Şahid6 tanımışdır. Bir dəfə aralarında olan söhbət vaxtı o, Rahibə onlara logistikaya işçi lazım olduğunu, işləmək istəyən olsa deməsini bildirmişdir. Bir müddət sonra Rahib bir nəfər tanışının işə düzəlmək istədiyini ona bildirmiş, o da mümkün olduğu təqdirdə müvafiq işdə ona köməklik edə biləcəyini və bunun üçün 1500 manat lazım olduğunu demişdir. Bundan sonra onunla Şahid3, Şahid1 və Şahid1 qızı Şahid2 arasında görüş olmuşdur. Görüş zamanı Şahid1 qızı Şahid2 işə düzəlmək istədiyini bildirmiş və bunun müqabilində nə qədər pulun tələb olunacağını ondan soruşmuş, o isə heç bir məbləğ deməmiş, sadəcə onların təqdim etdiyi sənədlərə baxmışdır. O, Şahid1 qızı Şahid2 işə cəlb etmək məqsədilə müvafiq kursa yönləndirmişdir. Lakin Şahid2 işlə təmin etmək mümkün olmamışdır. Şahid1 ona zəng edib Məleykənin işi ilə maraqlanmış, həmin söhbət zamanı Şahid1 Məleykənin işinə görə Şahid3 ona verməsi üçün 6000 manat pul verdiyi ortaya çıxmışdır. O da Şahid1 həmin 6.000 manat pulun ona çatmadığını demişdir. Bundan sonra o, Şahid3, Şahid1 və Şahid6 görüşmüş, görüşdə tanımadığı başqa şəxslər də olmuşdur. Məlum olmuşdur ki, onunla Şahid1 tanışlığına vasitəçilik etmiş şəxslər verilmiş 6000 manat puldan özlərinə paylar götürmüşlər. O, özünə nə qədər məbləğ çatdığını demiş və kimə nə qədər pul çatıbsa yığıb vermələrini təklif etmişdir. Səhəri gün hamı götürdüyü pulu tapıb gətirmiş, bircə Rahibin 200 manat verilməli pulu qalmışdır. Bu hadisədən təxminən bir ay sonra Şahid1 yenidən ona müraciət edərək qızı Məleykənin işə düzəlməsində köməklik etməsini ondan xahiş etmişdir. O da maraqlanacağını bildirmiş və daha sonra Xatirə Xasıyeva adlı tanışına göstərilən hal barədə müraciət etmişdir. Xatirə Xasıyeva onun yeznəsi Eldarın tanışı olan Fəridin anasıdır. O, Xatirə xanımla görüşmüş, xanım ona özünü mayor kimi təqdim etmiş, Gömrük komitəsində işlədiyini və işə düzəltmə məsələsini həll edə biləcəyini demişdir. O, Şahid1 Xatirə Xasıyeva ilə görüşə biləcəyini bildirmişdir. Şahid1 görüşə bilməyəcəyini, əlində 6000 manat olduğunu demişdir. O, 6000 manatı Zəfərdən götürüb Xatirəyə vermişdir. Bir neçə gün sonra Xatirə Xasıyeva ona zəng edib bir iş olduğunu, Şahid1 əgər razıdırsa, verilmiş pulun üzərinə 4.000 manat da əlavə eləmək lazım olduğunu demişdir. O, Zəfər ilə bir də görüşmüş, görüş zamanı Zəfər Xatirə ilə telefonla danışmış və Xatirənin təklifi ilə razılaşmışdır. Şahid1 lazımi məbləği ona göndərmişdir. Belə ki, 6.000 manatı əvvəlcədən vermiş, sonradan da 3.800 manat vermişdir. O da 200 manat Rahibdə qalan pulu əlavə edib, ümumi 10.000 manat məbləğində pulu Xatirəyə vermişdir. Xatırladığı qədəri ilə Xatirə həmin pulun ya 500, ya da 700 manatını ona vermişdir. Pulları Xatirəyə verəndən sonra 2-3 ay gözləmişlər. O, dəfələrlə Xatirənin işlədiyi yerə getmişdir. Orada ona burada belə bir xanımın işləmədiyini, ola bilsin hansısa bir idarədə oturduğunu demişlər. O, daha sonra Xatirənin özünə zəng etmiş, Şahid1 pulunu qaytarmasını demiş, Xatirə xanım da razılıq vermiş, daha sonra ona zəng edərək pulun hazır olduğunu demişdir. O, Şahid1 zəng edib pulu gəlib götürməsini, iş həll olduğu zaman pulu Xatirəyə verəcəklərini bildirmişdir. Zəfər isə ona pul lazım olmadığını və qızının məsələsini həll etmələrini demişdir. Sonra bir müddət də keçmiş, pandemiya vaxtı Xatirə Məleykənin işə düzəlmək üçün komissiyadan keçməli olduğunu demişdir. Həmçinin, X2 Məleykə barədə tərtib edilmiş təxminən 2 ədəd tibbi şəhadətləndirməyə göndərişi də ona göndərmişdir. O, həmin sənədlərin saxta olduğunu bilməmişdir. Sonradan aydın olmuşdur ki, bir neçə nəfərin sənədləri bu formada götürülmüş, lakin pulları qayıtmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1 maddələri ilə özünü təqsirli bilərək ilk dəfə cinayət törətməsini, himayəsində iki uşağının olduğunu, hamilə olmasını və əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 3 il bundan əvvəl, 2019-cu ilin avqust ayında Şahid3la tanış olmuşdur. Kazıma qızı Məleykəni işə düzəltmək istədiyini bildirmişdir. O da Gülnar adlı tanışının onun qızını işə düzəldə biləcəyini və bunun üçün 6.000 manat pul lazım olduğunu bildirmişdir. O da həmin pulu hazır edib Gülnara çatdırması üçün Kazıma vermişdir. Bir neçə gün sonra Şahid3 Bakı şəhərində 28 May metrostansiyasının qarşısında görüş təyin etmiş və görüşə Gülnarın da gələcəyini demişdir. O, qızı Məleykə ilə birlikdə Kazımın dediyi yerə getmişdir. Gülnar özünü gömrük orqanının əməkdaşı kimi təqdim etmiş və qızı Məleykəni qısa müddətdə Bakı şəhərində H.Əliyev adına X4 fəaliyyət göstərən gömrük orqanına işə düzəldəcəyini və bunun üçün Məleykənin kursa getməli olduğunu bildirmişdir. Məleykə 3 ay kursa getmiş, lakin ondan sonra işdən bir xəbər çıxmamışdır. 2020-ci ilin fevral ayında o, Gülnara zəng edib Məleykənin nə vaxt işə qəbul olunacağını soruşmuşdur. Gülnar isə bu iş üçün ona cəmi 2.000 manat pul verildiyini demişdir. Bundan sonra o, Kazıma zəng etmiş və onu aldatdığını, ona vəd verdiyi işə görə 6.000 manat aldığı halda həmin puldan Gülnara niyə 2.000 manat verdiyini demiş və pulunu Kazımdan tələb etmişdir. Kazım ondan şikayət etməməyini xahiş etmiş və pulunu qaytaracağını demişdir. Bir neçə gün sonra Kazım ona 28 May metrostansiyasına gəlməyini demişdir. O, görüşə gələndə Kazımın yanında Kənan, Mətləb və Rahib adlı şəxslər də olmuşdur. Kazım onlardan pulları toplayıb 3.800 manat ona vermiş və 200 manat pulun Rahibdə qaldığını, 2.000 manat pulun isə Gülnarda olduğunu demişdir. Sonra Gülnar ona qızını 100 faiz işə düzəldəcəyini demiş, Xatirə adında bir xanım tapdığını və qızını işə düzəltmək üçün həmin xanımın 10.000 manat pul istədiyini bildirmişdir. O, Gülnara onu Xatirə ilə görüşdürməsini demiş, lakin Gülnar, Xatirə adlı xanım ilə görüşmək olmaz deyə bildirmişdir. Sonra ona bir xanım zəng edib Xatirə xanım olduğunu bildirmiş və Gülnar xanım nə desə, onu da etməsini bildirmişdir. Xatirə Xasıyeva adlı şəxsin adını o, Gülnardan eşitmiş, lakin həmin şəxsi heç vaxt görməmişdir. Gülnar ondan 12.000 manat pul almış, lakin verdiyi vədə əməl etməyərək qızı Məleykəni işə düzəltməmişdir. Son nəticədə Gülnarın onu aldatdığını başa düşdüyü üçün sonuncudan şikayət etmişdir. Hazırda Gülnar ondan aldığı 12000 manat puldan 7500 manatını ona qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin avqust ayının 1-də tanış olmuşlar. Onları Şahid3 adlı şəxs tanış etmişdir. Tanışlıqdan bir müddət sonra Təqsirləndirilən şəxs onu kursa yönləndirmişdir. Bir ay yarım kursa getmiş, daha sonra Gülnar ona orada yaxşı öyrədilmədiyini deyib onu başqa kursa göndərmişdir. Sonra isə Təqsirləndirilən şəxs bəhanələrə başlamış, bir dəfə demişdir ki, “sənə kreslo gətirəcəklər, onu gözləyirlər, ondan sonra səni işə götürəcəklər”. Bu hal bir ay davam etmişdir. Onun işə düzəlməyində məsuliyyətli olan şəxs Kazım idi. X6 Komitəsində mayor olduğunu demişdir. Sonra onlar öyrənmişlər ki, Kazım da verdikləri puldan götürmüşdür. Belə ki, onun işə düzəlməyi üçün 6.000 manat pul verilmiş, Gülnara həmin pulun bir qismi çatmış, pulun qalan hissəsini isə Kazım və ondan başqa bir neçə şəxs özlərinə götürmüşlər. Həmin şəxslərdən pulu geri almışlar. Bir nəfərdə 200 manat, Gülnarda da 800 manat qalmışdı. 2020-ci ildə yanvar ayının təxminən 10-u olardı, Gülnar xanım atasına onu 6.000 manata gömrükdə başqa işə düzəldə biləcəyini demişdir. O, bacısı ilə birlikdə 6.000 manat pulu aparıb Gülnara vermişdir. Daha sonra Gülnar onlara Gömrük Komitəsində Xatirə adlı tanışının işlədiyini və orada onu işə düzəldə biləcəyini demiş, bunun üçün cəmi 10000 manat pul lazım olduğunu demişdir. Onlar qalan məbləği də düzəldib pulu Gülnara vermişlər. Gülnar ona sonradan saxta olduğunu bildikləri “Tibbi şəhadətləndirməyə göndəriş” adı ilə sənəd də vermişdir. Axırda onun valideyni bütün sənədləri götürüb Dövlət Komitəsinə getmiş və orada müəyyən olunmuşdur ki, sənədlərin heç biri həqiqi deyil, saxtadır. Nəhayət, Təqsirləndirilən şəxs onları aldatdıqlarını başa düşmüşlər və atası bununla bağlı polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, liseydə hərbi müəllim işləyir. Şahid1 ona müraciət edərək qızını işə düzəltməsini xahiş etmişdir. O, Zəfərin özünü birbaşa tanımamış, Zəfərin həmkəndlisi ona qızını işə düzəlmək istəyən bir nəfər olduğunu demiş, bu vasitə ilə Zəfəri tanımışdır. O, özü müəllim işləyir və elə bir gücü yoxdur ki, kimisə işə düzəltsin. Lakin bu məsələ ilə bağlı kollektivdə soruşacağını demişdir. Bir dəfə Zəfər sənədləri gətirmiş, lakin işə düzəltmək alınmamış, sənədləri özünə qaytarmışdır. İkinci dəfə gələndə o, Şahid4 tapmış, Kənana qızını işə düzəltmək istəyən bir nəfər olduğunu demişdir. Kənan da işə düzəldə biləcək tanışının olduğunu bildirmiş, onlar 28 May metrostansiyası yaxınlığında görüşmüş, Zəfər, Zəfərin qızı və Gülnar orada olmuşlar. Sənədləri Gülnara göstərmiş, Gülnar işə götürməyə razılıq vermiş və sənədləri götürüb çıxıb getmişdir. Zəfər ona 6.000 manat pul vermiş, birinci dəfə 4.000 manat vermiş, 2.000 manatı da bank vasitəsilə yollamışdır. O, həmin pulun 4.000 manatını Gülnara vermiş, 2.000 manatını özündə saxlamış, həmin 2000 manatın 1.000 manatını sonradan Koroğlu metrostansiyası yanında Gülnara vermiş, qalan 1.000 manatı isə pullar qaytarılan vaxt Zəfərə qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 onun tanışı olmuş, Şahid3 Xalqlar dostluğu metrostansiyası yaxınlığında liseydə müəllim işləmiş və o da sonuncunu belə tanımışdır. Bir dəfə Kazım ondan gömrük orqanında tanıdığı adam olub-olmadığını soruşmuş, bir nəfər tanışının qızını işə düzəltmək istədiyini demişdir. O da maraqlanacağını demişdir. Bir-iki gün keçmiş, Mətləb adlı iş yoldaşından bu barədə soruşanda Mətləb ona gömrük orqanında Gülnar adlı qohumu olduğunu və həmin xanımın bu məsələdə köməklik edə biləcəyini demişdir. O da Kazıma bir nəfər adam olduğunu, istəyirsə onları tanış edə biləcəyini və danışmalarını demişdir. Kazım həmin şəxsin nə qədər güvənli olduğunu soruşmuş, o da xanımı tanımadığını, Mətləbi tanıdığını demiş və Mətləbin də narahat olmamalarını, heç bir qorxu olmadığını dediyini bildirmişdir. Daha sonra Kazımla Gülnar zəngləşib danışmışlar. Kazım Gülnarla görüşüb pulu verməli idi. Zəfər, Kazım və Gülnar görüşüb iş barəsində söhbət etmişlər. Gülnar Zəfərin qızının kursa getməli olduğunu, kursu bitirəndən sonra işə götürəcəklərini demişdir. Bundan sonra o, arada Kazımdan işin düzəlib-düzəlmədiyini soruşur, Kazım da Zəfərin qızının kursa getdiyini bildirirdi. İş üçün Gülnara pulun verilməsini gözü ilə görməsə də, 100 faiz bilirdi ki, pulu veriblər. Qız kursu bitirmiş, amma iş alınmamışdır. Gülnar problemlər olduğunu, gözləmələrini, problemlər aradan qalxdıqda qızın işə götürüləcəyini demişdir. O, hərdən zəng edib bu işi maraqlanmış, sonra Kazım işin alınmadığını demişdir. O, Gülnarı bir dəfə 28 May metrostansiyasının yanında Dəmiryolu vağzalının gözləmə zalında işə düzəltmək üçün aldığı pulu qaytaran zaman görmüşdür. X1 düzəltmək üçün başqa bir iş tapdığını eşitmişdir. Lakin bu iş də alınmamış, Şahid1 pulunun getdiyinə və işin alınmamağına əsəbiləşmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, adını bilmədiyi bir şəxs qızını işə düzəltmək istəyirdi. Bununla bağlı iş gedişatı olmuş, ordan ona 500 manat pul qalmışdır. 500 manat pulu ona Şahid6 vermişdir. Lakin iş alınmamış, 28 May metrostansiyası yaxınlığında görüşülüb pul qaytarılmışdır. Pulları qaytarmış, barələrində də şikayət olmamışdır. Hadisə pandemiya başlamamışdan əvvəl baş vermişdir. Ondan sonra işin görülüb-görülməməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Gülnar xanımı çoxdan tanıyır. Özü təcili tibbi yardım stansiyasında sürücü işləyir. Gülnar xanım aeroportda işləyirdi. Hansı vəzifədə işlədiyini bilmirdi. Gülnar xanım ona demişdi ki, “adam olsa, xəbər edərsən, işə düzəldərəm”. O, Mətləbə bu barədə demişdir. Daha sonra Şahid1 adlı şəxsin qızının işə düzəldilməsi ilə bağlı razılığa gəlinmişdir. Razılığa əsasən qız iki aya işə çıxacaqdı. Bu işə görə Gülnar ona 1.000 manat vermişdi. Lakin iş alınmamış, ona görə də pul qaytarılmışdır. İş alınmayandan sonra o da həmin pulu Gülnara qaytarmışdır. 28 May metrostansiyası yaxınlığında pul Şahid1 verilmişdir. 200 manat qalmış, onu da Mətləb vermiş, o da aparıb gecə ilə pulu Gülnar xanıma vermişdir. Onun ümumi verilən məbləğdən və daha sonra verilən puldan xəbəri olmamışdır. İş materiallarında olan: - 21.10.2020-ci il tarixli 199 nömrəli, 07.12.2020-ci il tarixli 465 nömrəli və 17.02.2021-ci il tarixli 465 nömrəli saxta tibbi şəhadətləndirməyə göndərişlərdən görünür ki, Şahid2 Azərbaycan Respublikası "Azərterminalkompleks” Birliyi tərəfindən həmin Birliyin Ümumi şöbəsinə mütəxəssis vəzifəsinə xidmətə qəbul üçün Birliyin Xüsusi həkim ekspertiza komissiyasına şəhadətləndirilməsi məqsədilə göndərilmişdir (İ cild, i.v.14; i.v.75- 76); - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin 24.04.2021-ci il tarixli 2300-030/001-22/000231 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində tibbi şəhadətləndirməyə göndəriş adlı sənəd tərtib olunmamış, Şahid2 işə qəbulla bağlı "Azərterminalkompleks" Birliyinə müraciət etməmiş, 17.02.2021-ci il tarixli, 465 nömrəli tibbi şəhadətləndirməyə göndəriş adlı sənədin üzərindəki imzanın “Azərterminalkompleks” Birliyi Kadrlar şöbəsinin rəisi X3, sənədin üzərindəki möhürün isə Birliyin kadrlar şöbəsinə məxsus olmadığı müəyyən edilmişdir (İ cild, i.v.83); - 07.02.2020-ci il tarixli **********31 nömrəli ödəniş sənədindən görünür ki, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs adına "xxxx" ASC-nin Salyan filialından sürətli pul köçürməsi yolu ilə 1.000 (bir min) manat məbləğində pul vəsaiti göndərilmişdir (İ cild, i.v.77); - “Sübutların qiymətləndirilməsi haqqında” 16.05.2021-ci il tarixli qərardan görünür ki, 24.04.2021-ci il tarixli, 2300-030/001-22/000231 nömrəli məktub, 21.10.2020-ci il tarixli 199 nömrəli, 07.12.2020-ci il tarixli 465 nömrəli və 17.02.2021-ci il tarixli 465 nömrəli tibbi şəhadətləndirməyə göndərişlər maddi sübut kimi tanınmışdır. (İ cild, i.v.160-182); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01.05.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.119); - Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 09.02.2010cu il və 12.04.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan iki övladı var. - “X8 Təbabəti” Klinikasının müayinəyə dair 27.10.2021-ci il və 04.01.2022-ci il tarixli sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs 7 həftəlik hamilədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş şahid ifadələri və digər obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə dələduzluq etmə, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmə, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələri və digər obyektiv sübutların məcmusu ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini qismən səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və hamilə olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini qismən səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və hamilə olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması və islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 68.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 24.04.2021-ci il tarixli, 2300-030/001- 22/000231 nömrəli məktub, 21.10.2020-ci il tarixli, 199 nömrəli, 07.12.2020-ci il tarixli, 465 nömrəli və 17.02.2021-ci il tarixli, 465 nömrəli tibbi şəhadətləndirməyə göndərişlər, 07.02.2020-ci il tarixli, **********31 nömrəli ödəniş sənədi iş materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, 32.4, 312.1-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və 320.1-ci maddəsi ilə aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilən 01 il müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3-cü maddəsinin tələblərinə uyğun olaraq 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 24.04.2021-ci il tarixli, 2300-030/001- 22/000231 nömrəli məktub, 21.10.2020-ci il tarixli, 199 nömrəli, 07.12.2020-ci il tarixli, 465 nömrəli və 17.02.2021-ci il tarixli, 465 nömrəli tibbi şəhadətləndirməyə göndərişlər, 07.02.2020-ci il tarixli, **********31 nömrəli ödəniş sənədi iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-25/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-25/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver