Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-25/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu, A.Aslanov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan yerdə nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan 29 yanvar 2023-cü il tarixdə saat 16:10da texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21074» markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsindən çıxarıb 30-40 km/saat sürətlə irəliyə doğru hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobilin idarəetməsini itirərək yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs avtomobilin ön tərəfi ilə vurması nəticəsində sonuncunun sol bud sümüyünün aşağı 1/3-də yerdəyişmiş qəlpəli sınıq və sol bazu oynağının bağ-kapsul aparatının qapalı zədələnməsi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi yoxdur. 29 yanvar 2023-cü il tarixdə təxminən saat 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 211 nömrəli orta məktəbin yaxınlığında, xalası oğlu Şahid5 işlədiyi avtomobillərin yuyulması məntəqəsində olmuş, bu zaman “VAZ 2107” markalı **-OR-*** dövlət nömrə nişanlı avtomobili yuyulduqdan sonra qurulanması üçün bayıra çıxarılmalı olmuşdur. Avtomobilin açarı üstündə olduğundan o, “VAZ 2107” markalı **-OR-*** dövlət nömrə nişanlı avtomobili işə salaraq arxaya verib yuyulma yerindən küçəyə çıxarmış və irəli sürüb avtomobili rahat bir yerdə saxlamaq məqsədilə 30-40 km/saat sürətlə irəli sürən zaman sağ ayağı avtomobilin qaz pedalına ilişdiyindən idarəetməni itirmiş, avtomobil sürətlə hərəkət etməyə başlayaraq qarşıda piyada qismində olan sonradan tanıdığı Zərərçəkmiş şəxs vurmuşdur, daha sonra yolun sol tərəfində park edilmiş “Mercedes Benz E200” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin arxasına dəymişdir. Sonradan ora gəlmiş həkimlər təcili tibbi yardım maşını ilə piyadanı xəstəxanaya aparmışlar. Daha sonra dəymiş zərəri ödədiyini, ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 yanvar 2023-cü il tarixdə baş etibarnamə ilə idarə etdiyi «VAZ-21074» markalı **-OR- *** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurmaq üçün oğlu Şahid2la birlikdə yaşadığı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsinə aparmışlar. Orada avtomobili adını sonradan bildiyi Əmrah adlı şəxsə təhvil vermiş və sonuncu avtomobili yumağa başlamışdır. Açar isə avtomobilin üzərində qalmışdır. Sonra o, yaşadığı evə getmişdir ki, avtomobil yuyulandan sonra gəlsin. Təxminən saat 16 radələrində oğlu Əli ona zəng vuraraq təcili avtoyuma məntəqəsinə gəlməsini demişdir. O, evdən çıxıb avtoyuma məntəqəsinə gəldikdə görmüşdür ki, ona məxsus avtomobil avtoyuma məntəqəsindən aralıda dayanmış «Mersedes» markalı avtomobilin arxa hissəsində dayanıb. O, oğlu Əlidən nə baş verdiyini soruşduqda, oğlu ona bildirmişdir ki, avtoyuma məntəqəsində işləyən Əmrah adlı oğlana avtomobilin açarlarını vermiş, həmin Əmrah adlı şəxs avtomobili qurulamaq üçün avtoyuma məntqəsindən çıxarıb kənara aparmaq istəyən zaman qəfildən sürət əyləcinə basdığı üçün yol ilə gedən piyada kişini vurmuş, sonra isə avtomobili yolun kənarında dayanmış «Mercedes» markalı avtomobilin arxa hissəsinə vurmuşdur. O, avtoyuma məntəqəsinə gəldikdə vurulan piyada yerdə uzanıqlı vəziyyətdə idi, yanında başqa tanımadığı şəxslər var idi. Avtomobili idarə edən Əmrah adlı şəxs də orada idi. Bir müddət sonra ora təcili tibbi yardım avtomobili gəlib xəsarət almış piyadanı xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən avtomobil yuma məntəqəsini icarəyə götürüb orada işləyir. Xalası oğlu Təqsirləndirilən şəxs uşaq vaxtlarından xəstə olduğu üçün heç bir yerdə işləmir. Əmrah uşaq olarkən onun hər iki valideyni vəfat etdiyinə görə Əmrah onların evində böyümüşdür. Əmrah arabir onun işlədiyi avtomobil yuma məntəqəsinə gəlib getsə də, həmin məntəqədə işçi olmamışdır. 29 yanvar 2023-cü il tarixdə təxminən saat 16:30 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, Nərimanov rayonu ərazisində, «Ayna Sultanova» heykəlinin yanında olan zaman mobil telefonuna tanışlarından biri zəng vuraraq xəbər vermişdir ki, o, işdə olmadığı vaxt bir nəfər «VAZ-2107» markalı avtomobili yudurtmaq üçün avtomobil yuma məntəqəsinə gətirmiş, Əmrah orada olduğundan avtomobili yumaq üçün təhvil almış, avtomobili yuduqdan sonra qurulumaq üçün avtoyuma məqtəqəsindən küçəyə çıxarıb kənarda saxlamaq istəyərkən bir nəfər piyada kişini vurmuş, daha sonra isə Əmrahın idarə etdiyi avtomobil yolun kənarında dayanmış «Mercedes» markalı avtomobilin arxa tərəfinə dəymişdir. Bu xəbəri eşidən kimi təcili olaraq iş yerinə gəlmiş və məlum olmuşdur ki, Əmrah avtomobili düzgün idarə edə bilməyərək yolda olan piyadanı, sonradan tanıdığı Zərərçəkmiş şəxs Dastəbəy oğlunu vurmuş, daha sonra yolun kənarında dayanmış «Mercedes Benz E200» markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin arxasından dəymişdir. O, hadisə yerinə gələndə xəsarət almış Zərərçəkmiş şəxs hadisə yerində olmuş, az sonra ora gəlmiş təcili tibbi yardım həkimləri maşınla onu xəstəxanaya aparmışlar. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində etibamamə ilə idarə etdiyi «Mercedes Benz E200» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yerləşən avtomobillərin təmiri məntəqəsinə gələrək avtomobilin qabaq sağ qanadında dəmirçi və rəngsaz işlərinin təmir edilməsi üçün rəngsaz işləyən Tural adlı ustaya avtomobili açarları ilə birlikdə verib zəhmət haqqını danışaraq çıxıb evinə getmişdir. Həmin gün təxminən saat 16:30 radələrində mobil telefonuna zəng edilərək bildirmişlər ki, orada avtomobillərin yuyulma məntəqəsində işləyən Əmrah adlı şəxs «VAZ 2107» markalı **-OR-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək yolun hərəkət hissəsində olan piyadanı vurduqdan sonra ona məxsus avtomobilin arxa hissəsindən vurmuş və zərbənin təsirindən avtomobilinin qabaq hissəsi park edilmiş yerdə divara dəymişdir. O, dərhal yaşadığı evdən hadisə yerinə gələrək deyilənlərin həqiqət olmasını görmüşdür. Məhkəmə istintaqında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 məhkəmə-tibb eksperti X1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlər əsasında 29 mart 2023-cü il tarixli 54 nömrəli rəyi vermişdir. Rəydən də göründüyü kimi, Zərərçəkmiş şəxs 29 yanvar 2023-cü il tarixdə X16 müraciət etmiş və ona «Sol bud sümüyünün aşağı 1/3 hissəsinin yerdəyişmiş parçalı qəlpəli sınığı. Sol bazu oynağının kapsul-bağ aparatının travması» diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 29 yanvar 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:15-də Ə.D.Məlikov adına X11 müraciət edərkən ona «Beyin qan dövranı insult tipli pozulması. Kəskin miokard infarktı. Serebral koma. Serebral ödem. Kəskin ürək-ağciyər çatışmazlığı» diaqnozu qoyulmuşdur və xx.xx.2023-cü il tarixdə saat 05:00-da bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi aparılmadığına görə ölümünün səbəbi, o cümlədən ölümünün travma ilə səbəbli əlaqəsinin olub-olmaması haqqında fikir söyləmək mümkün olmamışdır. Məhkəmə istintaqında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 məhkəmə-tibb eksperti X4 ifadəsində göstərmişdir ki, o, Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Murad Quliyevin 30 may 2023-cü il tarixli qərarı əsasında məhkəmə-tibb eksperti X2 ilə birlikdə mərhum Zərərçəkmiş şəxs ölüm faktına dair komisyon məhkəmə-tibbi ekspertizasını aparmış və tibbi sənədlər və ilkin rəy əsasında 12 iyun 2023-cü il tarixli rəy vermişdir. Mərhum Zərərçəkmiş şəxs sol bud sümüyünün aşağı 1/3-də yerdəyişmiş qəlpəli sınıq, sol bazu oynağının bağ-kapsul aparatının qapalı zədələnməsi olmuşdur. Qeyd olunan xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü ildə avtomobil qəzası zamanı yarana bilərdilər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Təqdim edilən sənədə əsasən Zərərçəkmiş şəxs ölümünə səbəb beyin qan dövranının insult tipli pozulması, kəskin miokard infarktı nəticəsində yaranmış kəskin serebral koma olmuşdur. Belə olan halda isə avtoqəza nəticəsində yetirilən xəsarətlə ölüm arasında səbəbli əlaqə olmasını inkar etmək olar, yəni ölümün yol-nəqliyyat hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, şəxsin ölümü ilə yol-nəqliyyat hadisəsi arasında 2 həftə vaxt olmuş, əgər xəstədə travmadan əmələ gələcək şok olsaydı, onu heç xəstəxanadan buraxmazdılar, reanimasiyaya yerləşdirib həmin vəziyyətdən çıxartmaq üçün ona dərmanlar verilərdi. Xəstə huşu normal vəziyyətdə xəstəxanaya daxil olmuş və xəstənin vəziyyəti o dərəcədə olmamışdır ki, ölümünə səbəb olsun. Buna görə də ambulator müalicəyə buraxılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.213); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 2 ünvanının qarşısıdır (i.v.11-16); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/2678 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması aşkar edilmişdir (i.v.28); - Ə.D.Məlikov adına X10 tərtib edilmiş 742 nömrəli xəstəlik tarixinin təsdiq edilmiş surətindən görünür ki, aparılan bütün intensiv terapiya və reanimasion tədbirlərə baxmayaraq 19 fevral 2023-cü il tarixdə saat 05:00-da Zərərçəkmiş şəxs bioloji ölüm faktı qeydə alınmışdır (i.v.140); - Məhkəmə-tibbi ekspertizasının 18 fevral 2023-cü il tarixli 151 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs 29 yanvar 2023-cü il tarixdə X16 müraciət etmiş və ona «Sol bud sümüyünün aşağı 1/3 hissəsinin yerdəyişmiş parçalı qəlpəli sınığı. Sol bazu oynağının kapsul-bağ aparatının travması» diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 29 yanvar 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (i.v.58-60); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 26 aprel 2023-cü il tarixli, 8/1050 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Kərimov avtomobili sürücülük vəsiqəsi olmmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (i.v.107-109); - Əlavə məhkəmə-tibbi ekspertizasının 29 mart 2023-cü il tarixli 54 nömrəli rəyində görünür ki, 1. Zərərçəkmiş şəxs 29 yanvar 2023-cü il tarixdə X16 müraciət etmiş və ona «Sol bud sümüyünün aşağı 1/3 hissəsinin yerdəyişmiş parçalı qəlpəli sınığı. Sol bazu oynağının kapsul-bağ aparatının travması» diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 29 yanvar 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. 2. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:15-də Ə.D.Məlikov adına X11 müraciət edərkən ona «Beyin qan dövranı insult tipli pozulması. Kəskin miokard infarktı. Serebral koma. Serebral ödem. Kəskin ürəkağciyər çatışmazlığı» diaqnozu qoyulmuşdur və xx.xx.2023-cü il tarixdə saat 05:00-da bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi aparılmadığına görə ölümünün səbəbi, o cümlədən ölümünün travma ilə səbəbli əlaqəsinin olub-olmaması haqqında fikir söyləmək mümkün olmadı (i.v.111-115); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X14 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 1532 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül kəmağıllıq aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu, onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.164-165); - Komisyon məhkəmə-tibbi ekspertizasının 12 iyun 2023-cü il tarixli T370/2023 nömrəli rəyində görünür ki, 1,2. Mərhum Zərərçəkmiş şəxs sol bud sümüyünün aşağı 1/3də yerdəyişmiş qəlpəli sınıq, sol bazu oynağının bağ-kapsul aparatının qapalı zədələnməsi olmuşdur. Qeyd olunan xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü ildə avtomobil qəzası zamanı yarana bilərdilər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. 3.Təqdim edilən sənədə əsasən Zərərçəkmiş şəxs ölümünə səbəb beyin qan dövranının insult tipli pozulması, kəskin miokard infarktı nəticəsində yaranmış kəskin serebral koma olmuşdur. Belə olan halda isə avtoqəza nəticəsində yetirilən xəsarətlə ölüm arasında səbəbli əlaqə olmasını inkar etmək olar (i.v.167-170); - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 19 iyun 2023-cü il tarixli 3-13-16/2-79466/2023 nömrəli məktubundan görünür ki, xx xxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (i.v. 173); - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə ittiham elan edilmiş, iş üzrə «VAZ-21074» markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və həmin avtomobil sahibi Şahid1 qaytarılmışdır (i.v.174-179); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.95a); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və digər yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını və dəymiş zərəri ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «VAZ-21074» markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 və zərər çəkmiş şəxsin hüquqi varisi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 194.1-1-ci maddəsinə əsasən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «VAZ-21074» markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-25/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-25/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver