Məhkəmə qərarları › İş №1(006)-250/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-250/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-250/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,211 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 31 yanvar 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,211 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil, uzun müddət narkotik vasitə olan “kakos” qəbul etmişdir. İlk dəfə psixotrop maddə istifadə etdiyinə görə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, bundan sonra artıq 9 aydır ki, narkotik vasitə qəbul etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə təsadüfən tanımadığı şəxs ona narkotik vasitə təklif etmiş, o da almışdır. Həmin tarixdə saat 21:00 radələrində ünvan 6 ünvanın qarşısında olarkən 2 nəfər polis ona yaxınlaşaraq, narkotik vasitənin təsiri altında özünü şübhəli apardığını bildirmiş, o isə səmimi olaraq üzərində narkotik maddə olduğunu, lakin istifadə etmədiyini bildirmişdir. Bundan sonra onu idarəyə dəvət etmişlər, müdafiəçinin iştirakı ilə üzərinə baxış və axtarış keçirilmiş, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O əynindəki şalvarının cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etmiş və bükümün içərisindəki maddənin “kakos” olduğunu bildirmişdir. Daha sonra o əynində olan gödəkçənin sağ yan cibindən elektron qolbağa məxsus elektron cihazını çıxarmış, təqdim edərək Biləsuvar rayon məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini bildirmişdir. Onun üzərindən başqa qanunla qadağan edilən hər hansı bir əşya tapılmamışdır. Təqdim etdiyi 01 ədəd bükümün içərisindəki “kakos”-u təsadüfən yolda gedərkən narkotik satan bir şəxsdən aldığını izah etmişdir. Bundan sonra 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təyziqə məruz qalmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, 1 yetkinlik yaşına çatmayan övladı və 1 azyaşlı övladı olmasının nəzərə alınmasını, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, hal-hazırda Yasamal RPİ-nin X2 əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, xx.xx.2024-cü il tarixdə “Sadıq” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 onun iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Onlar xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvana yollanmış, təxminən 15-20 dəqiqə gözlədikdən sonra saat 21:00-da “Sadıq” adlı şəxsin gəldiyini görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirərək, onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində Nəsimi RPİ-nin təhqiqatçısı Zaur Hacızadənin və təyin edilmiş müdafiəçinin iştirakı ilə baxış keçirilməzdən əvvəl üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o isə ayağa qalxaraq əynində olan göy rəngli şalvarının cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etmiş və həmin maddənin “kakos” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nəsimi rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 5 manat pul verərək öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra şəxs əynində olan gödəkçənin sağ yan cibindən elektron qolbağa məxsus elektron cihazı çıxararaq, barəsində Biləsuvar rayon Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini bildirmişdir. Şəxsin üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş hal-hazırda Yasamal RPİ-nin X3 əməliyyat müvəkkili işləyən Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Zaur Hacızadə tərəfindən tərtib edilmiş, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis kapital Şahid1, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, mütəxəssis qismində dəvət edilmiş X9, müdafiəçi X12 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 31 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürməsi barədə protokoldan görünür ki, 31 yanvar 2024-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bükümdə narkotik vasitəyə bənzər maddə və 01 bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən «Sony» markalı video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmiş, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir (i/v 49-51). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/636 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ....” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,211 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 58-59). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 2072 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 124-126). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,211 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut növü kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,161 qram narkotik vasitə heroinin məhkəmə hökmündən sonra məhv edilməsi üçün Nəsimi RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i/v 127-136). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-53/2024 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i/v 19-20, 97-100). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli tələbnamədən və Biləsuvar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i/v 105-106, 112-118). İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülnar Şükürova tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 21-1-3-11428-2 nömrəli məktubdan görünür ki, Məmmədov X6 rayon Məhkəməsinin 1(022)-91/2023 saylı xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə hökmü xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya idarəsində qeydiyyata alınmış, məhkum xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixə hesablamışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin 4(006)-53/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən cəza müddətinin axımı 03 ay müddətində dayandırılmış, onun xx.xx.2024-cü il tarixədək cəzasının çəkilməmiş hissəsi 02 il 07 ay 20 gün təşkil edir. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X11 və azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Biləsuvar rayon Məhkəməsinin 1(022)-91/2023 saylı xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm icraya yönəldildikdən sonra sonuncu digər cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin 1(022)-91/2023 saylı xx.xx.2023-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,211 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,161 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-250/2024 saylı 26 aprel 2024-cü il tarixli qərara əsasən 30 aprel 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Biləsuvar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(022)-91/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,211 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,161 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar