Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-251/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 iyul 1976-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun kompekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan sandıqça və döyüş sursatı olan patronları əldə edib, özündə saxlayaraq daşımaqla gəzdirmiş 20 fevral 2023-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gun saat 11:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin cibindən 01 ədəd silah zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə olan yivli odlu döyüş silahı hesab edilən yarımavtomatik tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” modelli tapançaların komplekt hissəsi olan sandıqça və 04 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18mm kalibrli “Makarov” modelli tapançalardan, “Steçkin” konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatı olan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, tutulduğu günədək uzun müddət işsiz olmuş və maddi çətinlikləri olmuşdur. O, saxlanıldığı gündən bir həftə əvvəl “28 May” metrostansiyasının yaxınlığında yerləşən xatırlamadığı binanın yanında zibil yeşiyini axtaran zaman oradan sellofana bükülü vəziyyətdə tapança tapmışdır. Həmin tapança onun marağını cəlb etdiyi üçün onu götürüb cibinə qoymuş və üzərində gəzdirməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanının qarşısında piyada hərəkətdə olarkən iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Onlarla razılaşıb birlikdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şobəsinə gəlmiş və bundan sonra oradakı xidməti otaqların birində videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuş və o, ilk əvvəl əynində olan gödəkçənin sol yan cibindən bir neçə birmanatlıq əskinazı, sonra isə həmin gödəkçənin sağ yan cibindən sellofana bükülmüş həmin tapançanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilsə də, qanunsuz heçnə aşkar edilməmişdir O, səmimi olaraq həmin tapançanı zibillikdən tapmasını və sadəcə olaraq maraq üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra aşkar olunan tapança ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. O, həmin tapançanı üzərində gəzdirsə də, ondan istifadə edərək cinayət əməlini törətmək niyyəti olmamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya mənəvi zorakılığa məruz qalmamışdır. Sonda törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını bildirərək, məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun xidmət etdiyi şöbənin inzibati ərazisində “Teymur” adlı şəxsin üzərində odlu silah olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 20 fevral 2023-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin digər əməliyyat müvəkkili ilə birlikdə ünvan 5 ünvana gələrək Təqsirləndirilən şəxs həmin ünvanın qarşısında olmasını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə şöbəyə getməyə razılıq vermişdir. Nəsimi RPİ-nin 22-ci polis şöbəsində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ayağa qalxaraq könüllü şəkildə üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli bükülmüş halda olan sellofanı çıxararaq stolun üzərinə qoymuş və sellofanın içərisində tapança olmasını bildirmişdir. Həmin sellofana baxış keçirilən zaman həqiqətən də qara rəngli sellofanın içərisindən odlu silah tipində tapança aşkar olunmuş və həmin tapançanın sandıqçası yoxlanılan zaman oradan 04 ədəd patron da aşkar edilərək masanın üzərinə düzülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Pərviz Həsənov tərəfindən tərtib edilmiş və həmin şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş X2, barəsində istintaq hərəkəti aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 20 fevral 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ayağa qalxaraq bildirdi ki, əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən qara rəngli sellofana bükülünü, həmin gödəkçənin sol yan cibindən üç manat pulu masanın üzərinə qoyaraq üzərində olan əşyaların bundan ibarət olduğunu bildirmişdir. Qara rəngli sellofana baxış zamanı içindən 1 ədəd üzərində qeydiyyat nömrə rəqəmləri silinmiş, tutacağı qəhvəyi rəngli materialdan olan, digər hissələri dəmirdən olan daraqlı tapança, darağında 4 ədəd patron olan silah aşkar edilərək götürülmüşdür. Sonuncu ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi tapança “makarov” tapançasıdır. Həmin tapançanı bir müddət əvvəl “28 May” metrostansiyasının yaxınlığında yerləşən hal-hazırda xatırlamadığı binanın yanındakı zibil qutusundan tapdığını, üzərində gəzdirmək üçün oradan götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əyninda olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman aşkar olunan tapança öz rəngli sellofanında qablaşdırılaraq zərfə qoyulmuş və DİN-nin 190 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Üç manat pul araşdırma əhəmiyyəti kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 40-46). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməballistik ekspertizasının 21 fevral 2023-cü il tarixli, 3/352 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı, seriya və modeli silinmiş yarımavtomatik tapançadır-yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Silahın seriya-nömrəsini və istehsal ilini bildirən sahələr dərindən silindiyindən ilkin mətnini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş 01 ədəd sandıqça-Makarov (PM) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik olan zavod üsulu ilə istehsal olunmuş sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş 04 ədəd patron, 9 mm kalibrli “Makarov” (PM), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” konstruksiyalı avtomat tapançalarda (“APS”) və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 9x18mm kalibrli patronlardır, təyinatı üzrə istifadəyə yararlıdırlar. (i/v 53-55). İş materiallarına əlavə olunmuş “Sübutların qiymətləndirilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş 9x18 mm kalibrli 04 (dörd) ədəd patron maddi sübut kimi tanınmış və kriminalistik tədqiqatlardan sonra 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 03 (üç) ədəd patron və 01 (bir) ədəd 9x18 mm kalibrli patronun gilizi saxlanılmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi qərara alınmışdır (i/v 115-119). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arayışdan və Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 avqust 2016-cı il tarixli, 7(007)- 852/2016 saylı Qərarından görünür ki, Ağayev X1 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun cəzası Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i/v 108-110, 112-113). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Nəsimi rayon məhkəməsinin 4(006)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 22, 94-98). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Elnur Nəsibov tərəfindən DİN-nin Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə ünvanlanan 17 aprel 2023-cü il tarixli, 3-13-11/2-4922/2023 saylı məktubdan görünür ki, təqdim edilmiş 9 mm kalibrli, №-si silinmiş PM modelli “Makarov” konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i/v 114). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci 64 (altmış dörd) manat pul tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 03 (üç) ədəd patron və 01 (bir) ədəd 9x18 mm kalibrli patronun gilizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-251/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli “Makarov” konstruksiyalı tapança, 01 (bir) ədəd sandıqça, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istifadə edilmiş döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 03 (üç) ədəd patron və 01 (bir) ədəd 9x18 mm kalibrli patronun gilizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-251/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-251/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver