Məhkəmə qərarları › İş №1(006)-252/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-252/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-252/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1990-cı ildə Şəki şəhərində kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamaş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 dekabr 2020-ci il tarixdə saat 21 radələrində X3 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “New Castle” pivə evinin plastik pəncərəsini özündə olan istintaqa məlum olmayan metal əşya ilə müdaxilə edib açaraq oraya qanunsuz daxil olub pivə evinin foyesində olan piştaxtanın üzərindən enerji naqilləri ilə birlikdə 1 ədəd 600 manat dəyərində 2 ekranlı “İSSYZone pos" markalı barkod kompüter avadanlığını, enerji naqilləri ilə birlikdə 1 ədədinin qiyməti 60 manat təşkil edən, ümumilikdə 120 manat dəyərində 2 ədəd “Rangta” markalı çek printerini, 1 ədəd 35 manat dəyərində 1 litr həcmli “Kahlua” markalı likyor içkisini, 1 ədəd 40 manat dəyərində 1 litr həcmli “Bailes” markalı likyor içkisini, 1 ədəd 35 manat dəyərində 1 litr həcmli “Jegermeister” markalı likyor içkisini, 1 ədəd 45 manat dəyərində 1 litr həcmli “Jack Daniels” markalı viski içkisini, 1 ədəd 16 manat dəyərində 0,75 litr həcmli “X14 VVhite” markalı şərab içkisini, 1 ədəd 12 manat dəyərində 0,75 litr həcmli '‘Savalan” markalı şərab içkisini, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən, ümumilikdə 7 manat 20 qəpik dəyərində 3 ədəd 1 litr həcmli “Sandora” markalı meyvə şirəsi içkisini, 1 ədədinin qiyməti 2 manat 5 qəpik təşkil edən, ümumilikdə 12 manat 50 qəpik dəyərində 5 ədəd 0,3 litr həcmli “Miller” markalı pivə içkisini, 1 ədədinin qiyməti 2 manat təşkil edən, ümumilikdə 60 manat dəyərində 30 ədəd 0,330 litr həcmli “Red Bull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 80 manat təşkil edən, ümumilikdə 160 manat dəyərində 2 ədəd 1 litr həcmli “Chivas Regal” markalı viski içkisini, 1 ədədinin qiyməti 34 manat təşkil edən, ümumilikdə 68 manat dəyərində 2 ədəd 1 litr həcmli “Stolichnaya” markalı araq içkisini, 1 ədədinin qiyməti 38 manat təşkil edən, ümumilikdə 76 manat dəyərində 2 ədəd 1 litr həcmli “Finlandiya” markalı araq içkisini, zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 1 ədəd 20 manat dəyərində 0,5 litr həcmli “Finlandiya” markalı araq içkisini və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədədinin qiyməti 2 manat təşkil edən, ümumilikdə 12 manat dəyərində 6 ədəd “Efes Draft” markalı pivə içkisini gizli olaraq talayaraq zərərçəkmiş şəxs X6 ümumilikdə 1318 manat 70 qəpik maddi ziyan vırmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə təxminən 2-3 ay müddətində “New Castle” adlı pivə evində administrator işləmiş və əmək haqqı ilə razı olmadığı üçün işdən ayrılmışdır. 18 dekabr 2020-ci il tarixdə şəhərdə olduğu zaman maddi durumu zəif olduğuna görə və pivə evinin əvvəlki sahibindən acıqlı olduğu üçün daha əvvəllər işlədiyi “New Castle” adlı pivə evindən oğurluq etmək qərarına gəlmişdir. Əvvəllər pivə evində işlədiyindən və orada müşahidə kameralarının olduğunu bildiyindən həmin gün saat 18 radələrində pivə evinə yaxınlaşmış və pivə evindən kənarda quraşdırılmış işıq sayğacını söndürmüşdür. Həmin vaxt əmin olmuşdur ki, pivə evində heç kəs yoxdur və sonra dərhal daxil olmamışdır ki, işıq söndükdən sonra bir müddət kamera qeydiyyat aparar. Bir neçə saat pivə evinin ətrafında gəzişdikdən sonra həmin gün, 18 dekabr 2020-ci il tarixdə saat 21 radələrində yenidən daha əvvəllər işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi 144 ünvanında yerləşən “New Castle” adlı pivə evinə yaxınlaşmışdır. Pivə evinin pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açaraq oraya daxil olmuş və dəmir parçasını pəncərədən uzağa tullamışdır. Pivə evinə daxil olduqdan sonra orada mətbəxdə olan soyuducudan və pivə evinin özündə olan rəflərdən bir ədəd “Kahlua” markalı likyor, bir ədəd “Bailes” markalı likyor, bir ədəd “Jagermeister” markalı likyor, bir ədəd “Jack Daniels” markalı viski, bir ədəd “Hili X13” markalı şərab, bir ədəd “X12” markalı şərab, üç ədəd “Sandora” markalı meyvə şirəsi, beş ədəd “Miller” markalı pivə, otuza yaxın “Red Bull” markalı energetik içki, iki ədəd “Chivas Regal” markalı viski, iki ədəd “Stolichnaya” arağı, 3 ədəd “Finlandiya” markalı araq, 6 ədəd “Efes” markalı pivə içkilərini pivə evində olan göy paketlərə yığmışdır. Daha sonra pivə evində olan “Barkod” kompüter avadanlığını orada olan paketin içərisinə qoymuş və pəncərədən həmin əşyaları çıxarmışdır. Oradan çıxdıqdan sonra aralıda mobil telefon vasitəsi ilə “Bolt” taksi şirkətindən avtomobil sifariş etmiş və gedəcəyi ünvanı yaşadığı ünvan 3 dəqiqə sonra sifariş etdiyi taksi şirkəti ona gümüşü rəngli “Mercedes” markalı avtomobil göndərmiş və daha əvvəllər tanımadığı taksi sürücüsü avtomobildən düşərək, arxa qapını açmış, əlində olan əşyaları oturacaqlara yerləşdirmişdir. Oğurladığı əşyaları arxa oturacağa yerləşdirdikdən sonra avtomobilin ön oturacağında əyləşmiş və taksi sürücüsü onu yaşadığı ünvana aparmışdır. Oğurladığı əşyaların bir qismini yaşadığı evdə olan otağına yerləşdirmiş, bir qismini isə valideynləri ilə yaşadığından sonuncuların şübhələnməməsi üçün hazırda xatırlamadığı yerə atmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə məsuliyyətə cəlb olunduğunu və dəymiş zərərin tam şəkildə zərərçəkmiş şəxsə ödənildiyini bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 verdiyi ifadəsində göstərmişdir ki, o, 20 sentyabr 2020-ci il tarixdən etibarən ünvan 4 ünvanda yerləşən “New Castle” pivə evinin icarədarıdır. Mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq gündəlik olmasa da günaşırı, bir gündən bir həmin obyekə baxmış, hər şeyin öz yerində olduğunu görüb pivə evinə nəzər yetirdikdən sonra evinə getmişdir. Elə bu minvalla 18 dekabr 2020-ci il tarixdə günün ikinci yarısı icarədarı olduğu pivə evində gəlmişdir Hər şeyin öz yerində olduğuna əmin olmuş, ətrafa göz gəzdirmiş, içkilərin yerində olub-olmadığına əmin olduqdan sonra “New Castle” pivə evinin qapı və pəncərələrini bağlayaraq oranı tərk etmişdir. O, pivə evindən çıxarkən təxminən saat 16:14 olmuşdur. Çünki həmin vaxt mobil telefona baxdıqda saatın 16:14 olduğunu xatırılayır. Evə getmiş, bir gündən sonra yəni, 20 dekabr 2020-ci il tarixdə saat saat 17 radələrində icradan olduğu ünvan 5 ünvanda yerləşən “New Castle “ pivə evinin qapısını açaraq oraya daxil olduqda həmin obyektin içəri daxil olarkən sol istiqaməti boyunca sıralanan pəncələrindən sonuncu pəncərənin açılmış vəziyyətdə olduğunu görmüşdür. Bu zaman o, pəncərəyə yaxınlaşdıqda pəncərənin kənarlarının hər hansı bir alətlə müdaxilə olunub orada izlər olduğunu gördükdə bir daha əmin olmuşdur ki, kimsə obyektə daxil olmuşdur. Çünki həmin müdaxilə nəticəsində plastik pəncərələrin açılması mümkün olur. Ardınca o, pivə evinin içərisinə nəzər yetirdikdə bar masasından ümumi qiyməti 1700 manat olan 1 ədəd 2 ekranlı “İSSYzone” markalı barkod kompüter avadalnlığının, iki ədəd “Rangta” markalı qara rəngli çek printerinin, habelə onlara məxsus 3 ədəd enerji adapter naqillərinin talandığını görmüşdür. Daha sonra isə mətbəxə baxdıqda isə oradan, habelə bar masasından müxtəlif növ içikilərin, dəyəri 45 manat olan 1 ədəd “Kahlua” markalı likyor, 1 ədəd dəyəri 45 manat olan bir ədəd “Bailes” markalı likyor, dəyəri 42 manat bir ədəd “Jagermeister” markalı likyor, dəyəri 50 manat olan bir ədəd “Jack Daniels" markalı viski, dəyəri 16 manat olan bir ədəd “Hili X13” markalı şərab, dəyəri 12 manat bir ədəd “X12” markalı şərab, 3 ədəd “Sandora” markalı ümumi dəyəri 7 manat 50 qəpik olan meyvə şirəsi, 5 ədəd ümumi dəyəri 12.5 qəpik olan “Miller” markalı pivə, 30 ədəd ümumi dəyəri 60 manat olan “Red Bull” markalı energetik içkilər, 2 ədəd ümumi dəyəri 110 manat olan “Chivas Regal” markalı viski, 2 ədəd ümumi dəyəri 47 manat olan “Stolichnaya” markalı araq, 2 ədəd “Finlandiya” markalı ümumi dəyəri 50 manat olan araq, 1 ədəd 0,5 litr olan dəyəri 20 manat olan “Finlandiya” markalı araq, 6 ədəd ümumi dəyəri həcmini xatrılamadığı 12 manat olan “Efes Draft” markalı pivənin talanmasının şahidi olmuşdur. Dərhal pivə evinin təhlükəsizlik müşahidə kameralarına baxdıqda görmüşdür ki, elektrik sistemi tamamilə söndürülmüşdür. Bu zaman ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər oraya daxil olmuş, elektrik cərəyanını söndürmüşlər ki, müşahidə kameraları onları çəkməsin. Daha sonra o, işığı yandırıb müşahidə kamrerasına baxdıqda ona məlum olmuşdur ki, pivə evinin elektrik cərəyanı 18 dekabr 2020-ci il tarixdə saat 17:42-də söndürülmüşdür. Sonradan ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən hal-hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Göstərilənlərə əsasən, məhkəmədən təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, bir nəfər şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “New Castle” pivə evinin ətrafında gəzintisi müşahidə olunur. Daha sonra isə 18 dekabr 2020-ci il tarixdə saat 21 radələrində həmin pivə evinin pəncərəsini açaraq pivə evinə daxil olur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 25 dekabr 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 104-105). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2021-ci il tarixli, 6/66-9/78 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən etiket adları 1 saylı cədvəldə qeyd olunan alkoqollu və alkoqolsuz içkilər orqanoleptik və fizikikimyəvi göstəricilərinə görə müvafiq standartların tələblərinə və etiketləri üzərindəki göstəricilərə uyğundurlar. Tədqiqata nümunələri təqdim edilmiş malların və təqdim edilməyən malların 2020-ci ilin dekabr ayına orta bazar qiyməti 1 ədəd istifadə olunmuş 2 ekranlı “İSSYZone pos” (enerji naqilləri ilə birlikdə) barkod kompüter avadanlığını 600 manat, 2 ədəd istifadə olunmuş “Rangta” markalı qara rəngli çek printerinin ümumi qiyməti 120 manat, 1 ədəd 1 litr həcmli “Kahlua” markalı likyor içkisinin qiyməti 35 manat, 1 ədəd 1 litr həcmli “Bailes” markalı likyor içkisinin qiyməti 40 manat, 1 ədəd 1 litr həcmli “Jagermeister” markalı likyor içkisinin qiyməti 35 manat, 1 ədəd 1 litr həcmli “Jack Daniels” markalı viski içkisinin qiyməti 45 manat, 1 ədəd 0,75 litr həcmli “X14 VVhite” markalı şərab içkisinin qiyməti 16 manat, 1 ədəd 0,75 litr həcmli “Savalan” markalı şərab içkisinin qiyməti 12 manat, hər birinin həcmi 1 litr tutumlu 3 ədəd “Sandora” markalı meyvə şirəsi içkisinin ümumi qiyməti 7 manat 20 qəpik, hər birinin həcmi 0,3 litr tutumlu 5 ədəd “Miller” markalı pivə içkisinin ümumi qiyməti 12 manat 50 qəpik, hər birinin həcmi 0,330 litr tutumlu 60 ədəd “Red Bull” markalı enerji içkisinin ümumi qiyməti 60 manat, hər birinin həcmi 1 litr tutumlu 2 ədəd “Chivas Regal” markalı viski içkisinin ümumi qiyməti 160 manat, hər birinin həcmi 1 litr tutumlu 2 ədəd “Stolichnaya” markalı araq içkisinin ümumi qiyməti 68 manat, hər birinin həcmi 1 litr tutumlu 2 ədəd “Finlandiya” markalı araq içkisinin ümumi qiyməti 76 manat cəmi 1304,70 manat müəyyən edilmişdir. “Efes Draft” markalı pivənin həcmi barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı (i/v 111-116). İş materiallarında olan 05 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, bir ədəd “Kahlua” markalı likyor, bir ədəd Bailes markalı likyor, bir ədəd “Jagermeister” markalı likyor içki, bir ədəd “Jack Daniels” markalı viski, bir ədəd “İİill X13” markalı şərab, bir ədəd “X12” markalı şərab, iki ədəd “Sandora” markalı meyvə şirəsi, 3 ədəd “Miller” markalı pivə, iki ədəd “Red Bull” markalı enerjctik içki və bir ədəd 2 ekranlı “İSSY zone” markalı barkod kompyuter avadalnlığı, iki ədəd “Rangta” markalı qara rəngli çek printeri, habelə onlara məxsus 3 ədəd enerji naqilləri maddi sübut qismində tanınmış və məsul saxlanc üçün zərərçəkmiş şəxsə təhvil verilməsi barədə qərar qəbul olunmuşdur (i/v 117). İş materiallarında olan qəbzdən görünür ki, X2 RPİ-nin İŞ-nin baş müstəntiqi Əli İmanovdan ona məxsus “New Castle” pivə evindən talanmış kompüter avadanlıqlarını və müxtəlif növ içkiləri təhvil almışdır (i/v 118). İş materiallarında olan 23 dekabr 2020-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs taladığı əşyaları yaşadığı ünvan 6 ünvana qoyduğunu bildirmiş və sonuncunun ərizəsi ilə yaşadığı mənzilə tərəfimdən baxış keçirilmiş, orada aparılan baxış zamanı mənzildən sonuncunun yataq otağından bir ədəd “Kahlua” markalı likyor, bir ədəd Bailes markalı likyor, bir ədəd “Jagermeister” markalı likyor içki, bir ədəd “Jack Daniels” markalı viski, bir ədəd “Hili X13” markalı şərab, bir ədəd “X12” markalı şərab, iki ədəd “Sandora” markalı meyvə şirəsi, 3 ədəd “Miller” markalı pivə, iki ədəd “Red Bull” markalı energetik içki və bir ədəd 2 ekranlı “İSSYzone” markalı barkod kompüter avadalnlığı, iki ədəd “Rangta” markalı qara rəngli çek printeri, habelə onlara məxsus 3 ədəd enerji naqilləri aşkar edilərək götürülmüşdür (i/v 55-62). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (i/v 41-42, 101-103). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26.01.2021-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 110). Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 tərəfindən təqdim olunan 04 may 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və dəymiş zərərin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23.12.2020-ci il tarixdən 25.12.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kahlua” markalı likyor, bir ədəd Bailes markalı likyor, bir ədəd “Jagermeister” markalı likyor içki, bir ədəd “Jack Daniels” markalı viski, bir ədəd “Hili X13” markalı şərab, bir ədəd “X12” markalı şərab, iki ədəd “Sandora” markalı meyvə şirəsi, 3 ədəd “Miller” markalı pivə, iki ədəd “Red Bull” markalı energetik içki və bir ədəd 2 ekranlı “İSSYzone” markalı barkod kompüter avadalnlığı, iki ədəd “Rangta” markalı qara rəngli çek printeri, habelə onlara məxsus 3 ədəd enerji naqillərin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alımalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-252/2021 saylı, 19 mart 2021-ci il tarixli qərara əsasən 19 mart 2021-cu il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kahlua” markalı likyor, bir ədəd Bailes markalı likyor, bir ədəd “Jagermeister” markalı likyor, bir ədəd “Jack Daniels” markalı viski, bir ədəd “Hili X13” markalı şərab, bir ədəd “X12” markalı şərab, iki ədəd “Sandora” markalı meyvə şirəsi, 3 ədəd “Miller” markalı pivə, iki ədəd “Red Bull” markalı energetik içki və bir ədəd 2 ekranlı “İSSYzone” markalı barkod kompüter avadalnlığı, iki ədəd “Rangta” markalı qara rəngli çek printeri, habelə onlara məxsus 3 ədəd enerji naqillərinin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar