Məhkəmə qərarları › İş №1(006)-252/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-252/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-252/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Qazax şəhəri, Azadlıq küçəsi, ev 98-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 48-də yaşayan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs Bəhman oğlunun etibarnamə əsasında idarə etdiyi “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırıb avtomobildən öncədən götürdüyü ehtiyat açarını Şahid1 vermiş, sonuncu da ehtiyat açarı ilə avtomobilin mühərrikini işə saldıqdan sonra Şahid2 və Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş, birlikdə avtomobili ələ keçirməklə qaçıraraq Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsinə kimi sürüb səkiyə çırparaq avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 1.995 manat maddi ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tanışı Şahid2 ilə 12 avqust 2021-ci il tarixdə, təxminən saat 23 radələrinə metronun “20 Yanvar” stansiyasının yaxınlığında “Badu Kubə” şadlıq sarayının qarşısında olan zaman tanışı Şahid1 “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmiş, bu maşının dayısının müdirinə məxsus olduğunu deyib onlara avtomobil ilə gəzməyi təklif etmişdir. Onlar da buna etiraz etməyib avtomobilin arxa oturacağına əyləşmişlər. Hümbət avtomobili əvvəlcə Xırdalan şəhəri istiqamətinə, sonra isə metronun “Ulduz” stansiyası tərəfə sürmüşdür. Orada Hümbət avtomobildən düşərək arxa yük yerini axtarmağa başlamış, bu zaman o, başa düşmüşdür ki, Hümbət avtomobili oğurlayıb. Buna görə ona etirazını bildirmiş, Hümbət isə narahat olmamağı deyib maşını Günəşli qəsəbəsi istiqamətinə sürmüşdür. Günəşli qəsəbəsində avtomobili bir az Nazim, sonra isə o, özü sürməyə başlamışdır. Lakin, o, avtomobili idarə edən zaman Nazim və Hümbət onu çaşdırdığı üçün maşını səkiyə çırpmış, nəticədə avtomobilin ön hissəsi, hər iki qabaq və arxa sol təkərləri yararsız vəziyyətə düşmüşdür. Avtomobildən düşdükdən sonra Hümbət onu sürüb başqa küçədə saxlamış, bir müddət sonra geri qayıdıb oğurlanmaması üçün avtomobilin maqnitafonunu və səs gücləndirdicisini götürdüyünü demişdir. Avtomobilin qabaq sağ şüşəsinin sınıq olmasından məlumatsız olmuş, həmin avtomobilin açarını öncədən götürüb Hümbətə verməmişdir. Zərər çəkmiş şəxsə dəymiş zərərdən 450 manat ödəniş etmiş, qalan ziyanı da hissə-hissə ona ödəyir, onunla barışmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 12 avqust 2021-ci il tarixdə, təxminən saat 12 radələrində istifadəsində olan və etibarnamə əsasında idarə etdiyi “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 1 binanın qarşısında, yolun kənarında saxlayıb evə getmişdir. 13 avqust 2021-ci il tarixdə, səhər saatlarında işə gedən zaman avtomobilin saxladığı yerdə olmadığını və yerdə şüşə qırıqlarını aşkar etmişdir. Dərhal “102” xidmətinə zəng edərək avtomobilin qaçırılması barədə məlumat vermiş, eyni zamanda sosial şəbəkələrdə və internet səhifələrində paylaşım edib öz 050 ***-**-** saylı mobil telefon nömrəsini qoymuşdur. xx.xx.2021-ci il tarixdə, saat 00:06 radələrində tanımadığı 055 ***-**-** saylı mobil telefon nömrəsindən ona zəng gəlmiş və zəng edən şəxs sosial şəbəkədə avtomobilin qaçırılması barədə elan gördüyünü, həmin avtomobilin Günəşli qəsəbəsində yeni massiv binaların arasında olduğunu söyləmişdir. O da dərhal Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə məlumat vermiş, polis əməkdaşları ilə birlikdə avtomobilinin olduğu Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsinə gedib maşını orada aşkar etmişlər. O, avtomobilə yaxınlaşan zaman avtomobildə olan 140 manat dəyərində akkumulyatorun, 200 manat dəyərində “Pioneer” markalı maqnitofonun, 1.000 manat dəyərində usta açar dəstinin, 70 manat dəyərində “KİA CEED” markalı avtomobilin baqaj dəstinin, hər birinin qiyməti 100 manat təşkil edən iki ədəd, ümumilikdə 200 manat təşkil edən videoqeydə alıcının, 150 manat dəyərində qara dəri çantanın yerində olmadığını aşkar etmişdir. Həmçinin avtomobilin qabaq sol qanadı və qabaq buferi, təkər hissəsində olan “çaşka”, iki ədəd diski təkərin yararsız vəziyyətə salınması nəticəsində ona təmir xərci ilə birlikdə 1.995 manat zərər vurulmuşdur. Bu zərərdən Təqsirləndirilən şəxs tərəfindən 450 manat ödəniş olunmuş, qalan hissəni də hər ay ödənilməsi barədə Orxanla razılıq əldə etmişdir. Onun hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirdi ki, o, əvvəllər avtomobil ustası kimi işləmişdir. Təqsirləndirilən şəxs və Şahid2 təxminən bir ildən artıq olar ki, tanımış, onlarla dostluq münasibəti yaranmışdır. 12 avqust 2021-ci il tarixdə, axşam saatlarında Orxan onunla əlaqə saxlayıb metronun “20 Yanvar” stansiyasının yaxınlığına çağırmışdır. O da həmin yerə gedib Orxanla görüşmüş, Lazımağa da Orxanın yanında olmuşdur. Görüş zamanı Orxan ona Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində saxlanılmış “BMW 320” markalı avtomobilin olduğunu, həmin avtomobilin qabaq sağ şüşəsini sındırıb avtomobilə aid ehtiyat açarını salondan götürdüyünü deyərək avtomobili oğurlayıb satmağı təklif etmişdir. Bundan sonra, Orxan və Lazımağa taksi ilə onu aparıb avtomobilin yerini göstərmiş və açarı ona vermişdir. O da gecə saat 02 radələrində avtomobilin dayandığı Nəsimi rayonu, A.Salamzadə küçəsinə gedib “BMW 320” markalı avtomobili Orxanın ona verdiyi ehtiyat açarı ilə işə salmış və idarə edərək Orxan və Lazımağanın olduğu yerə, metronun “20 Yanvar” stansiyasının yaxınlığına gətirmişdir. Oradan Orxan və Lazımağanı götürüb avtomobili Xırdalan şəhəri istiqamətində idarə etmiş, yolda Orxan avtomobili satmaq üçün bir neçə nəfərə zəng edib müştəri axtarsa da, tapa bilməmişdir. Daha sonra onlar metronun “Ulduz” stansiyası tərəfə getmiş, orada o, avtomobili saxlayıb arxa yük yerində olan əşyaları yerə boşaltmışdır. Daha sonra onlar birlikdə Günəşli qəsəbəsinə getmişlər. Günəşli qəsəbəsinə qədər avtomobili o, idarə etmişdir. Sonra o, avtomobildən düşmüş və avtomobili Lazımağa idarə etmişdir. Daha sonra Orxan sükan arxasına əyləşib avtomobili idarə etməyə başlayan zaman anidən idarəetməni itirib maşını səkiyə çırpmışdır. Zərbənin təsirindən avtomobilin ön hissəsi, hər iki qabaq və arxa sol təkərləri yararsız vəziyyətə düşmüşdür. Orxan və Lazımağa avtomobildən düşdükdən sonra o, avtomobili Günəşli qəsəbəsində tanımadığı küçəyə sürüb saxlamış, “Pioneer” markalı maqnitafonu və iki ədəd səs gücləndiriciləri söküb özü ilə götürmüşdür. Daha sonra onlar birlikdə taksi ilə metronun “Neftçilər” stansiyasına gəlmiş, orada Orxandan ayrılıb avtobusa minərək “Papanin” adlanan əraziyə gedib tanımadığı şəxsə həmin maqnitafon və səs gücləndiriciləri 15 manata satmışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 12 avqust 2021-ci il tarixdə, axşam saatlarında metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Badu Kubə” şadlıq sarayının qarşısında olan zaman tanışı Təqsirləndirilən şəxslə rastlaşmış, bir qədər gəzdikdən sonra digər tanışı Şahid1 “BMW 320” markalı avtomobillə ora gələrək onlara maşında gəzməyi təklif etmişdir. Onlar birlikdə avtomobillə Xırdalan şəhərinə getmiş, orada bir qədər gəzdikdən sonra metronun “Ulduz” stansiyasının yanında yerləşən beton zavodun qarşısına getmişlər. Orada Hümbət avtomobildən düşərək yük hissəsindən açar dəstini götürmüş, bundan sonra onlar Günəşli qəsəbəsinə getmişlər. Ora çatdıqda Hümbət avtomobildən düşmüş, Orxan isə sükan arxasına əyləşərək avtomobili idarə etməyə başlamışdır ki, idarəetməni itirib avtomobili səkiyə vurmuşdur. Orxan avtomobildən düşüb qaçmağa başlamış, o, isə kənarda dayanmışdır. Hümbət də avtomobili sürüb Günəşli qəsəbəsində tanımadıqları küçədə saxlamış və avtomobildə olan maqnitafonu və səs gücləndiricilərini söküb yerindən çıxarmışdır. Bundan sonra, onlar birlikdə taksi ilə metronun “Neftçilər” stansiyasının yanına gəlmiş, orada Hümbət maqnitafonu və səs gücləndiriciləri götürüb getmiş, o da öz evinə qayıtmışdır. İş materiallarında olan: - “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunda Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, o, Şahid1 və el arasında “Nazim” adı ilə tanınan əsil adı və soyadı Şahid2 təxminən 5-6 aydır ki, tanımışdır. Bu müddətdə Hümbət və Lazımağa ilə dostluq münasibətlari yaranmışdır. xx.xx.2021-ci il tarixdə, təxminən saat 22 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində piyada gəzən zaman “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görmüş və həmin avtomobili qaçırıb sürmək istəmişdir. Avtomobili qaçırıb sürmək istəsə də, avtomobil idarə etməyi tam olaraq bacarmamışdır. O, avtomobilə yaxınlaşmış, avtomobilin salonuna baxanda ehtiyat açarın salonda olduğunu görmüş, ətrafda heç kimin olmadığını görüb avtomobilin qabağ sağ şüşəsini sındırmış və ehtiyat açarı götürmüşdür. Həmin açarı götürdükdən sonra avtomobilin mühərrikini işə salmaq istəsə də, avtomobildən bir o qədər də anlayışı olmadığı üçün mühərriki işə sala bilməmişdir. Həmin vaxt ətrafdan kiminsə onu görə biləcəyini ehtimal edib oradan uzaqlaşaraq Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən "xxxx" ASC-nin qarşısına gəlmişdir. Həmin avtomobilin ehtiyat açarı onda olduğuna görə fikirləşmişdir ki, tanışı Hümbət avtomobil idarə etməyi yaxşı bacardığından Hümbətə zəng edib açarı ona versin, Hümbət də avtomobili olduğu yerdən qaçıraraq gətirsin və onlar birlikdə həmin avtomobili şəhərdə sürsünlər. O, Hümbət ilə əlaqə saxlayaraq "xxxx" ASC-nin qarşısına çağırmış, lakin nə üçün çağırdını telefonda ona deməmişdir. Hümbəti "xxxx" ASC-nin qarşısında gözləyən vaxtı digər tanışı Lazımağanı orada görmüşdür. Bir müddət sonra Hümbət də gəlmişdir. O, Hümbətə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində saxlanılmış “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsini sındırıb avtomobilə məxsus ehtiyat açarını götürdüyünü demiş və avtomobili qaçırıb sürməyi təklif etmişdir. Hümbət də onunla razılaşmışdır. Bundan sonra o və Lazımağa taksi ilə Hümbəti aparıb avtomobili göstərdikdən sonra o, avtomobilin açarını Hümbətə vermiş, Lazımağa ilə o, yenidən "xxxx" ASC-nin qarşısına gəlmişlər. Bir qədər keçdikdən sonra Hümbət “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların olduqları ünvana gəlmişdir. Orada Hümbət onu və Lazımağanı götürüb Xırdalan şəhəri istiqamətinə tərəf sürmüşdür. Daha sonra onlar metronun “Ulduz” stansiyasına tərəf gəlmiş, Hümbət arxa yük yerində olan əşyaları xatırlamadığı yerə boşaltmış və yenidən avtomobili idarə edərək xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsinə gəlmişlər. Ora çatdıqda o, Hümbətə yolda başqa avtomobillərin olmadığı üçün bir qədər bu avtomobili sürmək istədiyini demişdir. Hümbət avtomobildən düşmüş, o da sükana əyləşib avtomobili idarə etməyə başlamışdır. O, elə yenicə avtomobili idarə etməyə başlayan zaman Günəşli qəsəbəsində anidən idarəetməni itirdiyi üçün avtomobili səkiyə vurmuşdur. Bu zaman avtomobilin qabaq sol hissəsi, qabaq buferi, hər iki sol qabaq və arxa sol təkərləri yararsız vəziyyətə düşmüşdür. Avtomobili səkiyə vurduqdan sonra qorxduqları üçün o və Lazımağa avtomobildən düşərək qaçmağa başlamışlar. Hümbət isə avtomobilə əyləşib Günəşli qəsəbəsində tanımadığı küçəyə gedərək avtomobili orada saxlamışdır. Onlar da piyada Hümbətin arxasınca avtomobili saxladığı ünvana gəlmişlər. Hümbət avtomobildən “Pioneer” markalı maqnitofonu və iki ədəd səs gücləndiriciləri çıxardıb özü ilə götürmüşdür. O və Lazımağa isə avtomobildən heç bir əşya və ehtiyat hissəsi götürməmişlər. Daha sonra o, Hümbət və Lazımağa birlikdə taksi ilə metronun “Neftçilər” stansiyasının yanına gəlmiş, oradan o, getmiş, Hümbət və Lazımağanın isə hara getdiklərindən məlumatı olmamışdır. Bu hadisədən bir müddət sonra parkda hündür bir yerdən yıxıldığı üçün ayağı sınmış və Nəsimi rayonu ərazisində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunmuşdur. Bu səbəbdən Hümbət və Lazımağa onun yanına gedib-gəlmişlər. Həmin ərəfədə polis əməkdaşları ora gəlmiş və ona avtomobil qaçırmaqda şübhəli olduğunu bildirmişlər. O da polis əməkdaşlarından çəkindiyi üçün heç bir avtomobil qaçırmadığını, sözügedən avtomobilin Hümbətin ona deməsinə görə guya dayısı və dayısı oğluna məxsus olduğunu, birlikdə sürdüklərini bildirmişdir (İİ cild, i.v.180-183); - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq qaçırmaları ilə əlaqədar istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Şahid1 və Şahid2 barəsində istintaqı yekunlaşdırılaraq işin məhkəməyə göndərilməsi ilə əlaqədar həmin cinayət işindən Təqsirləndirilən şəxs Alxan oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (İ cild, i.v.01-05); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-118/2022 saylı hökmünə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayətə görə Şahid1 Cinayət Məcəlləsinin 177.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 isə həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşlar. Həmin hökmlə hadisəni özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması və “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmışdır (İİİ cild); - xx.xx.2013-cü il tarixli, AC 026546 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r. Həmin avtomobili idarə etmək və üzərində digər hüquqları həyata keçirmək səlahiyyəti etibarnamə ilə xx.xx.2022-ci ilə qədər Zərərçəkmiş şəxs verilmişdir (İ cild, i.v.84-85); - “Renault” avtomobil servis mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin və görülən işlərin ümumi xərci 1.995 manat təşkil edir (İİ cild, i.v.79); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışı və məhkəmə qərarının surətindən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər oğurluq, soyğunçuluq, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməyə görə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi də nəzərə alınmaqla qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanuna müvafiq olaraq əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İİ cild, i.v.155-157,194-200); - 31 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.184-185). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırma) görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilməsə də, tədqiq edilmiş digər mötəbər dəlillərlə, o cümlədən hazırki əməllə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum olunmuş, iş üzrə şahid kimi dindirilmiş Şahid1 və Şahid2 ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə bu əməlin törədilməsində onun iştirakçılığı tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə onun belə ifadəsini məsuliyyətdən yayınmaq məqsədi daşıdığını qeyd edir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətlərə görə məhkumluğu ödənilmədən hazırki əməlləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Göründüyü kimi, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzalarına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən belə cinayətin törətməsini, məhkumluğunun ödənilməməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə hökm elan olunduğu vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlarla bağlı məsələnin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-118/2022 saylı hökmü ilə həll olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 30 saat üçün nəzərdə tutulan 180 manat, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübutlarla bağlı məsələnin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-118/2022 saylı hökmü ilə həll olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən), Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar