Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-252/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7, X18, X11, X8, X24, X9, X12, X3, X19, X14, X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7, X18, X11, X8, X24, X9, X12, X3, X5, X1, X25, X19, X14, X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20, X35, X26, X21, X40, X22, X27, X13, X15, X6, X41, X36, X32 və X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş A.İ.Baxşəliyeva qrup halında X10 (***- ***-**-**), X28 (***-***-**-**), Qarayev Ramin (***-***-**-**), Sərxanov Samir (***-***-**-**), Sadıqov Rafayıl (***-***-**-**), X33, X29 (***-***-**-**), Məmmədov Sabir, Əliyev Araz, Həsənova Dilarə, X17 (055-562-76 16) və digər tanımadıqları şəxslərlə əlbir olub kütləvi informasiya vasitələrinin TV efirlərindən, bilavasitə sosial şəbəkələrdə İnternet informasiya resurslarında saxta adlar, profillər, hesablar yaradıb yüz minlərlə kütlə arasında Teleqram, Tik-Tok, İnstagram, Facebook, YouTube və WhatsApp qruplarında, onlara pul vermədiyi halda onları şantaj edir, onlardan pul tələb edir, hər vasitə ilə təhdid edir, onları şəxsən tanımadığı halda qəsdlərinə durub şifahi və yazılı şəkildə davamlı şərəf və ləyaqətlərini ən ağır, nalayiq formada söyür alçaldır, ən biədəb sözlərlə təhqir edir, namusu ləkələyən şərböhtan yağdırır, iftira atır, küçədə tanımadığı insanların üzərinə hücum edir, döyür, söyür, qorxudur, onların nüfiuzuna və səhhətlərinə zərbə vurur, onları rahatsız edir, sarsıtmaq niyyətilə vətəndaşlar arasında fitnə-fəsad yaradır, insanları bir-birinin üstünə qaldırır, vətəndaş qarşıdurması yaradır, evlərdə dava salır, ailələr dağıdır. A.Baxşəliyeva sosial şəbəkələrdə profilinə Azərbaycan dövlət Gerbinin şəklini qoyub özbaşınalıq edir. Halbuki fərdin dövlət gerbini şəxsi məqsədlər üçün istifadə etməsi qanunla qadağandır! Gerbi öz şəkli simasında qoyub əxlaqsız söyüşlər yazır, şantaj edir, pul tələb edir, kütləvi ərizələr yazıb vətəndaşların adından yayır, qəbullara adamlar aparır, kütləni yalan məlumatlarla doldurub heç tanımadığı şəxslərə qarşı qarğış, lənət, əxlaqsız söyüşlər təhqirlər yazdırır, evlərə basqın etməyə yönəldir. Qəbula gedərkən yalan danışmağı təlimatlandırılır. Qəbulda görüntü yaratmaq xatirinə heç işlə əlaqəsi olmayan küçədən tutma vətəndaşları cəlb edir. A.Baxşəliyeva ona aid olmayan, heç səlahiyyəti çalmadığı halda hüquqmühafizə orqanlarının adından çıxış edir, yazılı və şifahi formada inşaları həbslə təhdid edir, əmlaklarını müsadirə edəcəyini bildirir, kütləvi yayında hədələyir, ona pul verməsələrdə daha betər başlarına iş açacağına onlarl daha betər rüsvay edəcəyini, daha betər əxlaqsız formada video montajlar yayacağını elan edir. Adı yuxarıda çəkilən dəstə üzvləri ilə insanların şəxsi həyalına müdaxilə edir, özəl həyata aid şəkilləri yayır, gizli səslər yıızır, foto-video çəkir. Son günlər isə vətəndaşların ayrı ayrı vaxtlarda TV kanallarda efirdə gedən müsahibələri kəsib montaj edir, mahnılar qoşur, təhqir böhtan yazır və böyük kütlə arasında yayır, şəıəf və ləyaqəti biədəb əxlaqsız formada alçaldır. Həbsdə olan Xəyal Yahyayevin başını Fövqəladə Hallar Nazirliyində işdə qadınları cinsi istismar edən zabitin bədəninə montaj edib və ləyaqətli Azərbaycan qadınlarını “otel quşu”, “başıpozuq”, “namussuz” adlandırırlar. Həbsinə nail olduğu Yeganə Məmmədova və bütün Şirkətə üzv olan qadınlar haqqında “pozğun qadın” rəyi formalaşdırıb və şikayət etməyən hər bir qadını, yaşından asılı olmayaraq “dələduz”, “gəzəyən”, “əxlaqsız”, “fahişə” deyə adım, şəklini cəmiyyətə tanıdırlar. “Məmmədyan”, “Şərəfsiz erməni yığını”, “ermənidən əmələ gələn”, “erməni nəsli”, “kişiciklərə pul xərcləyən”. “Xəyalın arvadları”, “otel qadınları”, kişilərə isə eynən fərq qoymadan “alfons”, “peysər”, “erməni altından çıxanlar”, “otel quşlarının pulu ilə yaşayan kişiciklər”, “dələduz” və sair aşağılayıcı təhqirləri böhtanları deməkdən həzz aldıqlarını bildirir, əcəb edib döyürük, söyürük, məhkəmə önündə “qoca kaftar ağzınızı cırırıq, stress atırıq”- deyir lovğalanırlar. Əcaib heyvanların üzərində adlarını, soyadlarını yazırlar, musiqi qoşurlar. Admin olaraq A.Baxşəliyeva tapşırıq verib ki, vətəndaşlar hər yerdə onlarln ad, soyadlarını kiçik hərilərlə yazsın, onları insanların gözündə küçümsəmək məqsədi güddüyünü bildirmişdir. Məhkəmədən You Tube yayımlanan “ARAŞDİRİN-KİM GÜNAHKARDİR BASİN GÖZÜNÜ ÇİXARİN!”, “OCOS Manifesti. Xəyal Yəhyayev. Ağır Cinayətlər Məhkəməsi. 17.02.23”, “OCOS MƏHKƏMƏSİNDƏ YENƏ ŞİKAYƏT ETMƏYƏNLƏRƏ TƏCAVÜZ OLUNDU” başlıqlı reportajlara baxın və haqqında şikayət etdikləri şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edirlər. Dələlərlə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Baş Polis İdarəsinə, Nəsimi rayon Prokurorluğuna Nəsimi 22 RPŞ-nə kollektiv media vasitəsilə canlı yayınlardan və bilavasitə ayrı-ayrılıqda birbaşa müraciətlər etmişlər, bu cinayətkar qrupun qanuna, əxlaqa zidd hərəkətlərinin qarşısını almağı təkidlə tələb etmişlər, lakin heç bir tədbir görülməmişdir. Ümumiyyətlə Aygün və dəstəsi heç polisi saymayıb, çağırışa, izahata getməyib. Polis onlara təhqir böhtan işinə məhkəmə baxdığını bildirmişdir. Haqqında şikayət etdikləri şəxsləri polis müəyyən etmədiyi üçün, onları da Aygünü tanımadıqları üçün ev ünvanları, iş yerləri bəlli deyil, odur ki, hüquqlarını tapdalayan, cəmiyyətə və qanuna qarşı hörmətsizlik edən bu dəstə üzvlərinin hamısının A.Baxşəliyeva vasitəsilə tapılıb birgə cinayət məsuliyyətinə cəlb edilməsini ərizənin leytmotivi hesab edin. Məhkəmənin A.Baxşəliyeva və onun dəstəsi bütün ölkə boyu hətta xaricdən hamı kimi qazanc əldə etmək məqsədilə könüllü şirkətə qoşulublar, yatırım etdikləri maliyyə vəsaitlərini dərhal onlayn şəxsi kabinetində görüblər, özləri də bonuslar alıblar, öz növbəsidə əlavə gəlir əldə etmək üçün digər şəxsləri şəbəkəyə qoşublar. Şirkətdən gəlir əldə edəndə yaxşı idi iş dayananda pis oldu, bunda onların nə günahları? Onlarında şirkətdə pulları qalıb. Bir fərqləri var ki, bu Aygün adamları qaldırıb söyüş təhqirlər yalanlar yayır şikayət etməkdə davam edir, onlar isə şikayətçi deyillər və həbsdəki şəxslərin ev dustaqlığına buraxılmasının, xalqın pulunun qaytarılmasına şərait yaradılmasının tərəfdarıdırlar. Şikayətçi olmadıqları üçün həyasızcasına, əxlaqsızcasına bu şəxslərin xalqa divan tutmağa ixtiyarı yoxdur!! Bu dəstə Real TV, Toplum TV efirindən dövlət qurumlarının ittiham edib, məmurlar dələduzlarla əlbir olduğunu, dövlətdə saxta şirkətlər açıldığını açıqca səsləndirdilər, hüquq-mühafızə orqanları işin öhdəsindən gəlmədiyini ifadə etdilər. Şirkətin fəaliyyəti dövründə Prezentasiya zamanı çəkilmiş foto-video fraqmentləri göstərib, axtarışda olduğu halda 40 nəfər dələduz ortalıqda gəzdiyini, müxtəlif saxta şirkətlər yaradıb, insanları aldatmaqda davam edirlər, şəkildə gördükləri və adları çəkilən şəxsləri, (yani onları) yaxalamaq üçün əhalini “102” polisə məlumat verməyə çağırış etdilər. 216 nəfər zərərçəkən şəxs məhkəmədə 4 milyon 500 min manat pul tələb eldiyi halda, efirdən doğra olmayan 4 milyon dollar mənimsənildiyi bildirilmişdir. 1 il müddətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq gedib və adı ittiham aktında zərərçəkmiş şəxs qismində olduğu halda bu vətəndaşları dələduz adlandırmaq bir başa cinayətdir və dövlət qurumlarının özünün fəaliyyətinə kölgə salınır. Göstərilənləri nəzərə alaraq təqdim etdikləri təkzibedilməz, kütləvi yayımlanan yazıları, audio, video foto sübutlara əsasən məhkəmədən xüsusi ittiham qaydasında məhkəməyə verdikləri şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə dair yayılsa da məhkəmə tərəfindən ictimai və ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan faktlar diqqətə alınması və gərəkən tədbirlər görülməsi, adının A.İ.Baxşəliyevanın əxlaqsızlıq tribunası olan şirkətin emblemi üzərində “İn Sarsax” yazdığı Teleqram qrupu ləğv edilməsi, şəxsən A.İ.Baxşəliyevanın tanımadığı şəxslərin qəsdinə durması, insanlığa sığmayan anormal, qanuna və əxlaqa zidd hərəkətləri psixi çatışmazlığına dəlalət etdiyi üçün təxirə salmadan məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi, zəruri olduğu halda cəmiyyətdən təcrid edilməsi, başda A.İ.Baxşəliyeva olmaqla X10 (050-708- 90-11), X28 (***-***-**-**), Qarayev Ramin (***-***-**-**), Sərxanov Samir (***-***-**-**), Sadıqov Rafayıl (***-***-**-**), X33, X29 (***-***-**-**), Məmmədov Sabir, Əliyev Araz, Həsənova Dilarə, X17 (***-***-**-**) yaşayış yerinin müəyyən edilib törətdiyi əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və layiq olduqları cəzaya məhkum edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər S.B.Hüseynova, B.N.Babayeva, R.Ə.Hüseynova, M.M.İsmayılov, C.C.Hacıyev, N.N.Muradova, N.M.Qasımov, F.M.Məmmədov, H.İ.Paşayeva, K.C.Nəcəfova və A.M.Əskərova ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etməyən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs F.S.Umudova məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, o, A.İ.Baxşəliyevadan şikayətçidir, onun əməllərinə görə ailəsi dağılmış və o rayona köçmüşdür. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.İ.Baxşəliyeva bildirmişdir ki, şikayət əsassızdır, heç bir mötəbər sübuta əsaslanmır. Həmçinin, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A.İ.Baxşəliyevanın müdafiəçisi Müdafiəçi bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, belə ki, əməlin harada, nə vaxt və hansı səbəbdən baş verməsi ərizədə göstərilməmiş, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətin məhkəmə aidiyyatı düzgün müəyyən edilməmişdir. Belə ki, şikayətdə göstərilmişdir ki, A.İ.Baxşəliyeva onların barəsində böhtan və təhqir xarakterli ifadələri “Teleqram, Tik-Tok, İnstagram, Facebook, YouTube və WhatsApp” sosial şəbəkələrində özünə məxsus istifadəçi səhifəsində yaymışdır. “Teleqram, Tik-Tok, İnstagram, Facebook, YouTube və WhatsApp” sosial şəbəkələri isə xaricdə qeydiyyata alınmış internet informasiya ehtiyatıdır. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarına əsasən xüsusi ittham qaydasında şikayətə təhqir xarakterli məlumatları belə kütləvi informasiya vasitəsində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.İ.Baxşəliyeva isə ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyatı Nərimanov Rayon Məhkəməsi olduğu üçün işə də həmin məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.İ.Baxşəliyeva xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələri Teleqram, Tik-Tok, İnstagram, Facebook, YouTube və WhatsApp qruplarında özünə məxsus istifadəçi profilində yaymışdır. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən və “AZEMİS” elektron məhkəmə sistemindən olan çıxarışdan görünür ki, A.İ.Baxşəliyeva ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin barəsində böhtan və təhqir xarakterli məlumatlar “Teleqram, Tik-Tok, İnstagram, Facebook, YouTube və WhatsApp” sosial şəbəkələrində yerləşdirilmişdir. “Teleqram, Tik- Tok, İnstagram, Facebook, YouTube və WhatsApp” sosial şəbəkələri isə internet informasiya ehtiyatı hesab edilməklə, xaricdə qeydiyyatdadır və Azərbaycan Respublikasının ərazisində qeydə alınmış hüquqi ünvanı yoxdur. Belə olan halda, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə böhtan və təhqir xarakterli məlumatlar “Teleqram, Tik- Tok, İnstagram, Facebook, YouTube və WhatsApp” sosial şəbəkələrində yerləşdirildiyindən, həmin internet informasiya ehtiyatı xaricdə qeydiyyata alındığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.İ.Baxşəliyeva ünvan 1 ünvanında yaşadığından və həmin ünvan isə Nərimanov rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı şikayətə Nəsimi Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7, X18, X11, X8, X24, X9, X12, X3, X5, X1, X25, X19, X14 və X4 şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-252/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-252/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver