Məhkəmə qərarları › İş №1(006)-252/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-252/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-252/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1973-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 02 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 noyabr 2024-cü il tarixdə, saat 01:30 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Vaz 2107” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qapısını istintaqla müəyyən edilməyən üsulla açaraq avtomobilin salonundan 05 manat dəyərində 01 ədəd “AUX” naqilini, 10 manat dəyərində 01 ədəd “Samsung” markalı mobil telefon üçün nəzərdə tutulmuş telefon adapterini, 105 manat dəyərində 01 ədəd “Pioneer” markalı, “DEH-3250UB” modelli maqnitofonu, 05 manat dəyərində 01 ədəd usta bıçağını və 95 manat dəyərində 01 ədəd laqondanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 220 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, eyni niyyətlə 12 noyabr 2024-cü il tarixdə, saat 04 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Vaz 2107” markalı, **- KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qapısını istintaqla müəyyən edilməyən üsulla açaraq avtomobilin salonundan 24 manat dəyərində 01 ədəd “X3” markalı elektron siqareti, 15 manat dəyərində avtomobil üçün nəzərdə tutulmuş 01 ədəd mobil telefon tutacağını, 20 manat dəyərində 01 ədəd kişi ətrini, 260 manat dəyərində 01 ədəd “Bosch” markalı dreli, hər biri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd böyük ölçülü qapı kilidini, 04 manat dəyərində 01 ədəd kiçik ölçülü qapı kilidini və 600 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 953 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, spirtli içkinin təsiri altında olduğu üçün hadisələr tam yadında qalmamış, ancaq oğurluq etdiyini gecə vaxtı etdiyini xatırlayır. Belə ki, “Şamaxinka” deyilən ərazidə binaların birinin həyətində “Vaz 2107” markalı avtomobilin saxlanıldığını görmüş, ona yaxınlaşıb qapısının açıq olmasından istifadə edərək salonda bir az isinmək məqsədilə oturmuşdur. Bir müddətdən sonra o, salonda olan maqnitofon və elektron siqareti götürüb avtomobili tərk etmişdir. O, avtomobildən yalnız bir dəfə belə hərəkətə yol vermiş, digər əşyaları götürməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ələ keçirdiyi bu iki əşyanı təqdim etmişdir. Ailəlildir, himayəsində xəstə iki uşağı və arvadı var. Ona yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, özünə məxsus “Vaz 2107” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşadığı ünvan 1 binanın həyətində saxlayır. 07 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində avtomobili həmin ünvanda saxlamış, səhəri günü saat 10 radələrində yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitəsinə yaxınlaşdıqda sürücü tərəfdən qapısının açıq olduğunu görmüşdür. O, avtomobilə əyləşdikdə “Pioneer” markalı, “DEH-3250UB” modelli maqnitofonun, 01 ədəd “AUX” naqilinin, “Samsung” markalı mobil telefon üçün nəzərdə tutulmuş 01 ədəd adapterin, 05 manat dəyərində olan usta bıçağının və 95 manat dəyərində olan laqonda aparatının oğurlandığını aşkar edib bu barədə “102” xidmətinə məlumat vermişdir. Bundan başqa o, 11 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində avtomobilini yaşadığı binanın qarşısında saxlayıb mənzilə qalxmış, ertəsi günü saat 10 radələrində yenə də maşından oğurluq edildiyini müəyyən etmişdir. Belə ki, nəqliyyat vasitəsinə baxdıqda 01 ədəd “X3” markalı elektron siqaretin, 15 manat dəyərində avtomobil üçün nəzərdə tutulmuş 01 ədəd mobil telefon tutacağınının, 20 manat dəyərində 01 ədəd kişi ətrininin, 260 manat dəyərində 01 ədəd “Bosch” markalı drelin, hər biri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd böyük ölçülü qapı kilidininin, 04 manat dəyərində 01 ədəd kiçik ölçülü qapı kilidininin və 600 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Dərhal “102” xidmətinə zəng edib əvvəlcədən şübhələndiyi Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, 07 noyabr 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Asif Məhərrəmov küçəsi, 62 saylı binanın qarşısında ağ rəngli nömrəsinin sonu “880” olan avtomobilin dayandığını görmüşdür. Maddi imkanı zəif olduğu üçün fikirləşmişdir ki, gecə saatlarında həmin avtomobilin qapısını açaraq içərisindən bəzi əşyaları götürüb sataraq qazanc əldə etsin. O, həmin avtomobilə yaxınlaşmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin sürücü tərəfdən qapısını açmışdır. O, “Vaz” markalı avtomobillərində qapı kilidli olduğu halda belə qapının hansı yolla özünə məxsus üsulla açmağı bilir. Qapını açdıqdan sonra salonda olan “Pioneer” markalı maqnitofonu sökərək götürüb oradan uzaqlaşmış, avtomobildən başqa heç nə oğurlamamışdır. 11 noyabr 2024-cü il tarixdə, axşam saatlarında həmin avtomobilin yenə də qeyd olunan ünvanda olduğunu görmüş, avtomobilin qapısını özünə məxsus üsulla açaraq salona daxil olmuş və oradan bir ədəd “X3” markalı elektron siqareti götürmüşdür. Sonradan isə polis əməkdaşları tərəfindən saxlanılmış və oğurladığı 01 ədəd maqnitofonu və 01 ədəd elektron siqareti təqdim etmişdir (İ cild, i.v. 90-92, 172-173); • "Videogörüntülərə baxış keçirilməsi barədə" 12 noyabr 2024-cü il tarixli protokol və diskdə olan görüntüdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:28 radələrində “Vaz 2107” markalı, **-KR- *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin qapısını açmaqla salona daxil olur və saat 04:30 radələrinədək avtomobilin içərisində olmaqla əşyaları oğurlayıb hadisə yerini tərk edir (İ cild, i.v.17-18, disk); • “Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılmış “Vaz 2107” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən oğurladığı 01 ədəd “Pioneer” markalı maqnitofonu və 01 ədəd “X3” markalı elektron siqareti təqdim etmişdir (İ cild, i.v.24); • “CD disk baxış keçirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş özündə videogörüntüləri əks etdirən 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskin içərisində 05 ədəd videogörüntü var, həmin videogörüntülərdə bir nəfərin ağ rəngli “Vaz 2107” markalı avtomobilə qanunsuz daxil olması və oradan bəzi əşyaların oğurlaması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörtintüdə olan yerin ünvan 1 ünvanın qarşısı olduğunu, qeyd olunan avtomobilin “Vaz 2107” markalı, **- KR-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin avtomobildən oğurluq edən şəxsin özü olduğunu təsdiq etmiş, zərər çəkmiş şəxs də həmin yerin yaşadığı ünvan 1 ünvanın qarşısı olduğunu, qeyd olunan avtomobilin özünə məxsus olan “Vaz 2107” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu təsdiq etmişdir (İ cild, i.v.93); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 24.12.2024-cü il tarixli, 9/9441 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Pioneer” markalı, “DEH-3250UB” modelli maqnitofonun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 105,0 manat, təqdim edilməyən 01 ədəd “AUX”naqilinin orta istismar müddəti və orta istismar intensivliyi parametrinə müvafiq olaraq 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 05 manat, təqdim edilməyən 01 ədəd “Samsung” markalı mobil telefon üçün nəzərdə tutulmuş telefon adapterinin orta istismar müddəti və orta istismar intensivliyi parametrinə müvafiq olaraq 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 10 manat müəyyən edilir. 01 ədəd usta bıçağı və 01 ədəd laqondanın isə ətraflı məlumat (markası, modeli və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.144-146); • 25.12.2024-cü il tarixli, 9/9440 saylı rəyinə görə ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd istifadə olunmuş “X3” markalı elektron siqaret yeni vəziyyətdə olması nəzərə alınmaqla 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 24,00 manat müəyyən edilir. Bir qayda olaraq hər hansı bir əmtəənin qiymətləndirilməsi üçün onun markası, modeli, texniki göstəriciləri, parametrləri, təyinatı, istifadəyə yararlılığı və sair müəyyən edilməlidir. Bu səbəbdən ekspertiza təyini haqqında qərarda qeyd 05 adda mallar, yəni 01 ədəd mobil telefon aksessuarı (mobil telefonu şitdə saxlamaq üçün aksessuar), 01 ədəd kişi ətri, 01 ədəd “Bosch” markalı drel, 03 ədəd böyük ölçüdə qapı kilidi və 01 ədəd kiçik ölçüdə qapı kilidi üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.148-150); • “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “Pioneer” markalı, “DEH-3250UB” modelli avtomobil üçün maqnitofon, 01 ədəd “X3” markalı elektron siqaret və 12 noyabr 2024-cü il tarixdə olan oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, maqnitofon və siqaret zərər çəkmiş şəxsə qaytarılmış, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.178-186, 193); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 635/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.106-110); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və məhkəmə aktlarına görə Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə oğurluğa görə məhkum olunmuş, o cümlədən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 02 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Daha sonra o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.117-119, 123-127, 129-134); • Cəlilabad Rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 02/2025- 30-11 saylı məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuş və o, cəzanı çəkməmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Eyni zamanda, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs “Vaz 2107” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilindən yalnız bir dəfə oğurluq edərək oradan da ancaq “Pioneer” markalı maqnitofonu və “X3” markalı elektron siqareti götürdüyünü bildirsə də, məhkəmədə müəyyən edilir ki, maqnitofon avtomobildən 08 noyabr 2024-cü il tarixdə, elektron siqaret isə 12 noyabr tarixdə talanmışdır. Yəni bu və digər əşyalar müxtəlif tarixlərdə oğurlanmış, təqsirləndirilən şəxs də bu əməlləri bildirdiyinə görə sərxoş halda törətmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin göstərilən maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə (Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə münasibətdə) məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı analoji cinayətin törətməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. O da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətmişdir. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 13 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Pioneer” markalı, “DEH-3250UB” modelli maqnitofon və 01 ədəd “X3” markalı elektron siqaret zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində, 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ”Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına müvafiq olaraq (xx.xx.2025-ci il tarixdə bu qərara edilmiş dəyişikliklər nəzərə alınmaqla) 18 saat üçün ümumilikdə 123 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Pioneer” markalı, “DEH-3250UB” modelli maqnitofon və 01 ədəd “X3” markalı elektron siqaret zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18 saat üçün 123 (yüz iyirmi üç) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar