Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-253/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 5 saylı inzibati binada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,828 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 24 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,053 qram və 0,775 qram olmaqla ümumi çəkisi 1,828 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə “heroin” aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,309 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 01 mart 2023-cü il tarixdə saat 12:00-da Nəsimi rayonu, Düşərgə küçəsi, 5 saylı ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gəlirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 0,309 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən 6 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlardan əsasən isə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının arxasından tanımadığı şəxsdən əldə edir. 24 fevral 2023-cü il tarixdə saat təxminən 18:05 radələrində ünvan 4 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis olaraq təqdim etdikdən sonra, onu şübhəli şəxs kimi Nəsimi RPİ-yə dəvət etmişlər. İnzibati binanın xidməti otağının birində olan zaman ona üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o da əynində olan boz rəngli cins şalvarın cibindən iki ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O, əynindəki yaşıl rəngli gödəkçənin cibindən Nokia markalı və Xiomi markalı mobil telefonu, sol cibindən “Rotmans” markalı siqareti, qolunda olan “Rolex” markalı saatı çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi yaşıl rəngli gödəkçənin sağ və sol yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayaqqabılarını çıxarılması təklif olunmuş o, ayaqqabılarını çıxararaq silkələmiş, heç bir əşya aşkar edilməmiş və ondan üst-başını səliqəyə salınmağı tələb edilmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, iki ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin el içində “kakos” deyilən narkotik vasitə “heroin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda uzun müddətdir ki, narkotik vasitə aludəçisi olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı adını Müvi kimi bildiyi şəxsdən onun bank kartına 110 manat pul vəsaiti göndərərək, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən mağazanın arxasından götürdüyünü və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin bir ədəd kağız bükümündə içərisində kristal şəkilli maddəni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd ağ rəngli kağız bükümündə içərisində kristal şəkilli maddə zərfə qoyularaq, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. xx.xx.2023-cü il tarixində saat 12:00 radələrində ünvan 5 ünvanın qarşısında ətrafda gəzişən zaman, mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək onu Nəsimi rayonu polis idarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirərək, onun hüquqlarını müdafiə etmək üşün dövlət hesabına müdafiəçi dəvət etmişdirlər. Ona hüquq və vəzifələri izah olunduqdan sonra, videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirmişlər. İlk öncə geyindiyi tünd yaşıl rəngli gödəkçənin sol yan cibinə baxılmış və 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm aşkar edilərək masanın üzərinə qoyulmuş və gödəkçəsinin sağ yan cibinə baxılmış və özünə məxsus 01 ədəd “Hisense” markalı və 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Sonra əynində olan göy rəngli köynəyinə baxılmış və hər hansı bir əşya aşkar edilməmiş, sonra əynində olan boz rəngli şalvarın ciblərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Sonra ayağında olan ayaqqabısına baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ayaqqabısını geyinməsini, üst başını səliqəyə salması xahiş olunmuşdur. Tünd yaşıl rəngli gödəkçəsnin sol yan cibindən götürülmüş 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümün içərisində olan maddənin narkotik vasiətəyə bənzədiyi məlum olmuşdur. Bu zaman həmin 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümün nə zaman və haradan almasını və içərisində nə maddə olduğu ondan soruşulmuş və o, həmin narkotik vasitəyə bənzər maddəni xx.xx.2023-cü il tarixdə “Nizami metrosunun arxası” adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını və bükümün işərisində heroin olduğunu bildirmişdir. Bundan sonra ondan aşkar edilən narkotik vasitəyə bənzər 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm, 01 ədəd “Hisense” markalı və 01 ədəd “Nokia” markalı mobil telefon götürülmüşdür. Daha sonra onun üzərində şəxsi axtarış aparılmışdır, lakin başqa qanunla qadağan olunmuş heç bir əşya tapılmamışdır. Üzərində şəxsi axtarışın keçirilməsi prosesi video yazı vasitəsi ilə qeydə alınmış və bu barədə protokol tərtib olunmuşdur. İfadəsinin sonunda törətdiyi cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə Nəcməddin adlı şəxsin ünvan 6 ünvanın qarşısında qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq qəbulu ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Nəsimi RPİ-nin rəisinə raportla müraciət etdikdən sonra daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna Nəsimi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Həmin məlumat əsasında onlar birlikdə ünvan 7 ünvanda bir nəfər şəxsin gəzdiyini görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, o özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçirilməsi üçün onu Nəsimi RPİ-yə dəvət etmişlər. Polis idarəsində olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuş və daha sonra ona hüquqları izah olunmuşdur. Videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, ilk öncə ona üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, öz növbəsində əynində olan boz rəngli cins şalvarın cibindən iki (02) ədəd şəffaf selofana bükülmüş bükümləri çıxararaq masanın üzərində qoymuşdur. Həmin bükümü İran İslam Respublikası vətəndaşından onun kart hesabına 110 manat pul vəsaitini göndərməklə daha sonra Həzi Aslanov metrostansiyasının yaxınlığından götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd qəhvəyi rəngli kağıza bükülmüş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qsimində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru, Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda Nəcməddin adlı şəxsin narkotik vasitələri əldə edib üzərində saxlayaraq qəbulu ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Nəsimi RPİ-nin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 01 mart 2023-cü il tarixdə saat 12 radələrində ünvan 8 ünvanın qarşısında bir nəfər şəxsin gəzdiyini görüb həmin şəxsin Nəcməddin adlı şəxs olduğunu müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək adını soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçirilməsi üçün sonuncunu Nəsimi RPİ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin xidməti otaqlarının birində olan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş, daha sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs onun hüquqları izah olunduqdan sonra üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Videoçəkiliş dəvət olunmuş mütəxəssiz tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzərində qeyri-qanuni aşyalar varsa könüllü təqdim etməsi ona təklif olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, əynindəki yaşıl rəngli gödəkçənin cibindən 01 ədəd qızılı kağıza bükülmüş büküm aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə “heroin” olduğunu bildirmiş və həmin bükümü şəxsi istifadəsi üçün Nizami metrostansiyasının arxasından üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən aldığını demişdir. İş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Saleh Salahzadə tərəfindən tərtib olunmuş 01 mart 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq götürülmüşdür (i/v 47- 47). İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı İlham Məmmədov tərəfindən tərtib olunmuş 24 fevral 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının cibindən iki ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür (i/v 153-155). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 fevral 2023-cü il tarixdə Nəsimi rayon prokuroru tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (i/v 132, 191-192). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 fevral 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 193). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 22, 93-97). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 mart 2023-cü il tarixli, 6/1238 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs-imza, üç imza, S.Salahzadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,309 qram, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 56-58). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2023-cü il tarixli, 6/1139 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə; Təqsirləndirilən şəxs-imza, üç imza, İ.Məmmədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 1,053 qram, 0,775 qram, ümumi təmiz çəkisi 1,828 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 161-164). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli tələbnamədən və Salyan rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin 1(057)-120/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1 və 234.1-ci maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 197-204). İş materiallarına əlavə olunmuş “maddi sübut kimi tanımaq haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd bükümdə təmiz çəkisi 1,828 qram olan narkotik vasitə heroinin maddi sübüt kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,728 qram hissəsinin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 205). İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi haqqında” 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,390 qram olan narkotik vasitə heroinin maddi sübüt kimi tanınması və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i/v 225-234). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1847 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 223-224). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs “cinayətləri təkrar törətməsini” məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 184 (yüz səksən dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 1,828 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,728 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 0,309 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,259 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-253/2023 saylı 18 may 2023-cü il tarixli qərara əsasən 18 may 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 184 (yüz səksən dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 1,828 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,728 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 0,309 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,259 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-253/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-253/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver