Məhkəmə qərarları › İş №1(006)-253/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-253/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-253/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002-ci il tarixdə Ucar rayonu, Rəstəcə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qarabörk ərazi dairəsi, Rəstəcə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 92 ünvanında yerləşən meyvə-tərəvəz mağazasının içərisində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vuraraq, sonuncuya sağ bud-çanaq oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli hematoması, boynun sol-yan səthinin qançır-şişkinlik halında əzilməsi, sol bazunun, sol saidin və sağ budun qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 92 ünvanının qarşısında meyvə-tərəvəz mağazası işlədən xalası oğlu Rahibin yanına gəlmiş, Rahib mağazaya mal almaq məqsədi ilə gedərkən mağazanı ona tapşırmışdır. Mağazada olan zaman Zərərçəkmiş şəxs oraya gələrək ondan Rahibin harada olmasını soruşmuş, o isə cavabında Rahibin mağazada olamadığını demiş və sonuncudan mağazadan çıxmasını tələb etmişdir. Bundan sonra Gülnar ona Rahiblə özünün arasında olan münasibəti nə üçün atasına dediyini soruşmuş və əxlaqsız qadın olmadığını, Rahiblə aralarında heç bir şeyin olmadığını bildirərək onu nalayiq ifadələrlə təhqir etmiş, o, bu təhqirlərə dözməyərək Gülnarın üz nahiyəsindən tutaraq sıxmış və üzünə şillə zərbəsi vurmuşdur. Onların arasınında olan mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, yaşadığı ünvanın yaxınlığında yerləşən meyvə-tərəvəz mağazasında xadiməlik edir, həmin mağazanı işlədən Rahib adlı şəxsin qohumu Təqsirləndirilən şəxs da orada işləyir və sonuncu onun Rahiblə yaxın əlaqəsi olduğunu düşünmüşdür. xx.xx.2024-cü il tarixdə Rahib ona zəng etmiş, lakin o, zəngi eşitmədiyi üçün cavab verməmiş, zəngi gördükdə Rahibin onu təmizliyə çağırdığını düşünmüş və bu səbəbdən mağazaya yaxınlaşmışdır. Mağazaya getdikdə mağazada yalnız Rahibin qohumu Təqsirləndirilən şəxs olmuş, İlkandan Rahibin harada olduğunu soruşduqda İlkan Rahibin mağaza üçün mal almağa getdiyini bildirmişdir. Daha sonra İlkana onun əxlaqı ilə bağlı nə üçün söz-söhbət çıxardığını soruşmuş, İlkan isə cavabında onu təhqir edərək üzərinə hücum çəkmiş və boğazından tutaraq onu boğmağa başlamışdır. Daha sonra İlkan onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş və vitrində olan süd məhsullarının qablarını onun üzərinə aşırmışdır. Daha sonra, o, İlkanın əlindən çıxaraq içəridə olan mətbəxə doğru qaçmışdır. Onların arasında olan mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda onlar barışmış, ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli 461 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ bud-çanaq oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli hematoması, boynun sol-yan səthinin qançır-şişkinlik halında əzilməsi, sol bazunun, sol saidin və sağ budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və dəymiş zərəri tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar