Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-254/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər “Fides” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 yanvar 2024-cü il tarixdə saat 09 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Xoxo” gecə klubunun giriş qapısını istintaqla müəyyən edilməyən üsulla açdıqdan sonra oraya qanunsuz daxil olub klubun içərisindən sonuncuya məxsus 01 ədəd 250 manat dəyərində “HP” markalı notbuku və 01 ədəd 30 manat dəyərində tozsoranı gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 280 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 yanvar 2024-cü il tarixdə saat 09 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Xoxo” gecə klubunun giriş qapısını istintaqla müəyyən edilməyən üsulla açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub klubun içərisindən sonuncuya məxsus 01 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə 1000 manat dəyərində 1000 metr uzunluğunda elektrik naqillərini, 01 ədəd 3000 manat dəyərində kofe aparatını, 01 ədədinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 03 ədəd aliminium qazanı, 01 ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd aliminium tavanı, 01 ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd boşqabı, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 ədəd qaşığı, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 30 manat dəyərində 15 ədəd çəngəli və 01 ədəd həmin günün məzənnəsi ilə 10200 manat təşkil edən 6000 ABŞ dolları dəyərində “DJ” aparatını idarəetmə pultunu və 01 ədəd 500 manat dəyərində böyük monitor idarəetmə pultunu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12310 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 yanvar 2024-cü il tarixdə saat 09 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Xoxo” gecə klubunun giriş qapısını istintaqla müəyyən edilməyən üsulla açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub klubun içərisindən sonuncuya məxsus 01 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə 1000 manat dəyərində 1000 metr uzunluğunda elektrik naqillərini, 01 ədəd 3000 manat dəyərində kofe aparatını, 01 ədədinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 03 ədəd aliminium qazanı, 01 ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd aliminium tavanı, 01 ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd boşqabı, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 ədəd qaşığı, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 30 manat dəyərində 15 ədəd çəngəli və 01 ədəd həmin günün məzənnəsi ilə 10200 manat təşkil edən 6000 ABŞ dolları dəyərində “DJ” idarəetmə pultunu və 01 ədəd 500 manat dəyərində böyük monitor idarəetmə pultunu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12310 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 yanvar 2024-cü il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Xoxo” gecə klubunun giriş qapısını istintaqla müəyyən edilməyən üsulla açdıqdan sonra oraya qanunsuz daxil olub klubun içərisindən 01 ədəd 50 manat dəyərində “Samsung” markalı kompüter monitorunu, 01 ədəd 100 manat dəyərində “Dell” markalı kompüter monitorunu və 01 ədəd həmin günün məzənnəsi ilə 1119 manat 72 qəpik təşkil edən 600 avro dəyərində blenderi gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1269 manat 72 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Xoxo” gecə klubunun giriş qapısını istintaqla müəyyən edilməyən üsulla açdıqdan sonra oraya qanunsuz daxil olub klubun içərisindən 01 ədədinin qiyməti 2500 manat olmaqla ümumilikdə 5000 manat dəyərində 02 ədəd elektron kassa-menyu aparatını, 01 ədəd həmin günün məzənnəsi ilə 746 manat 48 qəpik təşkil edən 400 avro dəyərində şirə çəkən aparatı və 01 ədəd həmin günün məzənnəsi ilə 373 manat 24 qəpik təşkil edən 200 avro dəyərində şirə sıxan aparatı gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 6119 manat 72 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 yanvar 2024-cü il tarixdə saat 05 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Xoxo” gecə klubunun giriş qapısını istintaqla müəyyən edilməyən üsulla açdıqdan sonra oraya qanunsuz daxil olub klubun içərisindən 01 ədəd 3000 manat dəyərində dinakordu (səs tənzimləyici qurğu) və 01 ədəd 3000 manat dəyərində “Alen&Heath” firmasına məxsus DJ aparatını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evdə dalaşdığı üçün evi tərk etmiş, küçədə qaldığı üçün yatmaq məqsədilə xatırlamadığı tarixdə günorta saat 12:00-13:00 arası ünvan 4 ünvanında yerləşən “Xoxo” gecə klubunun arxa tərəfindən kluba daxil olmuşdur. Kluba daxil olarkən klubun qapısı sındırılmış vəziyyətdə olmuşdur. Onun yemək almağa pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və həmin vaxt klubdan 01 ədəd “HP” markalı notbuku götürmüşdür. İkinci dəfə eyni tarixdə axşam saat 19:00-20:00 arası yenidən həmin kluba daxil olmuş, girərkən içəridə əvvəllər tanıdığı qonşusu Təqsirləndirilən şəxs2 görmüşdür. İkinci dəfə daxil olarkən klubdan 2 ədəd aliminium tavanı, 03 ədəd aliminium qazanı və 01 ədəd kofe aparatını götürmüş, Təqsirləndirilən şəxs2 oğurladığı əşyalardan xəbəri olmamış, bir-birilərinə əşyaları oğurlamaqda kömək etməmiş, oğurluq etməklə bağlı Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olmamış, aralarında hər hansı bir razılaşma olmamışdır. Oğurladığı əşyaları Şahid2 adlı qonşusuna 50 manata satmış və əşyaları satarkən tək olmuşdur. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalmamış, lakin o, başqa cür ifadə versə də, ifadəsi onun dediyi kimi yazılmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra əməlindən peşman olduğunu, oğurladığı əşyaları qaytardığını, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ondan şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 yanvar 2024-cü il tarixdə axşam vaxtı ünvan 3 ünvanında yerləşən “Xoxo” gecə klubuna oğurluq məqsədi ilə girmiş, girərkən klubun qapısı açıq olmuş, içəri daxil olduqdan bir müddət sonra əvvəllər tanıdığı qonşusu Təqsirləndirilən şəxs1 də həmin kluba girmişdir. Qeyd olunan klubdan oğurluq etməklə bağlı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olmamış, aralarında hər hansı bir razılaşma olmamış, onlar orada təsadüfən rastlaşmışlar. Klubdan hər biri ayrılıqda müəyyən əşyaları oğurlamış və sonra da hərə öz oğurladığı əşyanı götürüb oradan çıxıb getmişdir. Bundan sonra o, oğurluq etmək məqsədilə daha bir neçə dəfə kluba daxil olmuş və oradan müəyyən əşyalar oğurlamışdır. Lakin o, klubdan ittiham aktında göstərilən əşyaların hamısını yox, bir qismini götürmüşdür. Belə ki, o, elektrik naqillərini, 02 ədəd kompüter monitorunu, şirə çəkən aparatı, 02 ədəd kassa-menyu aparatını, dinakordu (səs tənzimləyici qurğu) oğurlamış, oğurladığı əşyaları qaytarmış, yalnız elektrik naqillərini və şirə çəkən aparatı satmışdır. Elektrik naqillərinin satışından 40 manat pul əldə etmişdir. İbtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. Daha sonra dəymiş zərəri qismən ödədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhərində fərdi sahibkarlıqla məşğul olur. Belə ki, Bakı şəhərinin müxtəlif yerlərində obyektlər icarəyə götürüb işlədir. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Zabitlər parkında olan “Xoxo klub” adlı ictimai-iaşə obyektini 2 il bundan əvvəl icarə müqaviləsi əsasında işlətmişdir. Həmin obyekt 2022-ci ilin sonlarına kimi gecə klubu kimi fəaliyyət göstərmişdir. O həmin obyektdə işçilərin işinə və klubun gündəlik fəaliyyətinə nəzarət etmişdir. 2022-ci ilin sonlarında isə maliyyə problemləri ilə əlaqədar obyekt bağlanmışdır. Lakin obyektin içərisində olan ləvazimatlar oradan çıxarılmamışdır. Məqsədi bir müddət sonra yenidən həmin klubda fəaliyyətini bərpa etmək olmuşdur. Bu səbəbdən də obyektdə olan elektron əşyaları, səs avadanlıqlarını, qab-qacaq dəstlərini və digər əşyaları oradan çıxartmamışdır. O, obyektdə olmayan zaman Emil adlı şəxs obyektin işlərinə nəzarət etmişdir. Obyekt bağlanandan sonra Emil təxmini olaraq həftədə bir dəfə obyektə gələrək oranı açarla açmış və ordakı əşyaların tamlığına nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Emil onun mobil telefonuna zəng edərək obyektə nəzarət etmək üçün gəldiyini, obyektin dağınıq olduğunu, elektrik naqillərinin qırıldığını, çox hissəsinin oğurlandığını, obyektin arxa qapısının qıfılının sındırıldığını, obyektdən digər əşyaların da oğurlandığını ona bildirmişdir. Emil ona sonuncu dəfə xx.xx.2024-cü il tarixdə obyekti yoxladığını, həmin vaxt obyektdəki əşyaların tam olduğunu və heç bir qıfılın sındırılmadığını bildirmişdir. O, həmin vaxt Bakı şəhərində olmadığından Emilə baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verməsini bildirmişdir. Bundan sonra, o, Bakı şəhərinə gələrək obyektə getmişdir. Orada Emillə birlikdə oğurlanmış əşyaları dəqiqləşdirmək üçün baxış keçirtmişdir. Obyektə baxış keçirdikdən sonra obyektdə olan 01 ədəd 500 manat dəyərində böyük monitor pultunun, 01 ədəd 600 avro dəyərində blenderin, 01 ədəd 400 avro dəyərində sok çəkən qurğunun, 01 ədəd 6.000 ABŞ dolları dəyərində “DJ” pultunun, 01 ədəd 3.000 manat dəyərində dinakorun, 01 ədəd 200 avro dəyərində sok sıxan aparatın, 01 ədəd 3.000 manat dəyərində qırmızı rəngli “Alen&Heath” firmasından olan səs nizamlayıcı DJ aparatının, 01 ədəd 3.000 manat dəyərində boz rəngli kofe üyüdən aparatın, 01 ədəd 100 manat dəyərində “Dell” markalı kompüter monitorunun, 01 ədəd 250 manat dəyərində “HP” markalı notbukun, 01 ədədinin qiyməti 2.500 manat olmaqla ümumilikdə 5.000 manat təşkil edən 02 ədəd elektron kassa-menyu aparatının, 01 ədəd 50 manat dəyərində “Samsung” markalı kompüter monitorunun, 01 ədədinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat təşkil edən 03 ədəd aliminium qazanın və 01 ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat təşkil edən 02 ədəd aliminium tavanın, 01 ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd boşqabın, 01 ədədinin qiyməti 2 manat olan ümumilikdə 20 manat dəyərində 10 ədəd qaşıq və 01 ədədinin qiyməti 2 manat olan ümumilikdə 30 manat dəyərində 15 ədəd çəngəl, 01 ədəd 30 manat dəyərində markasını bilmədiyim tozsoranın, həmçinin 1 metri 1 manat olan 1000 metr uzunluğunda ümumilikdə 1000 manat dəyərində elektrik naqillərinin oğurlanmasını müəyyən etmişlər. Daha sonra oğurlanan əşyalardan 03 ədəd aliminium qazan, 02 ədəd aliminium tava, 01 ədəd kofe üyüdən aparat, 01 ədəd “Samsung” markalı kompüter monitoru, 01 ədəd “Dell” markalı kompüter monitoru, 02 ədəd elektron kassa-menyu aparatı, 01 ədəd dinakor (səsnizamlayıcı qurğu) və 01 ədəd “HP” markalı notbuk ona qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərərin ödənildiyini, onunla barışdığını və ondan şikayəti və tələbinin olmadığını, digər Təqsirləndirilən şəxs2 tərəfindən isə ona dəymiş zərərin qismən ödənildiyini və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, fərdi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Bakı şəhərinin müxtəlif yerlərində obyekt icarəyə götürür və oranı işlədir. ünvan 4 ünvanında yerləşən Zabitlər Parkı adlanan ərazidə “Xoxo” klub adlı ictimai-iaşə obyektini Zərərçəkmiş şəxs işlədir. Aqili uzun müddətdir ki, tanıyır. Aqilə məxsus bir neçə obyektdə administrator kimi işləmişdir. “XOXO” klub adlı obyekt hal-hazırda fəaliyyət göstərmir. Lakin həmin klub işləyən zaman o, oranın administratoru kimi fəaliyyət göstərmişdir. Lakin obyektdə olan bütün əmlak Zərərçəkmiş şəxs məxsusdur. Həmin obyekt 2022-ci ilin sonlarına kimi gecə klubu kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin sonlarında isə maliyyə problemləri ilə əlaqədar obyekt bağlanmışdır. Lakin obyekt icarədarının göstərişinə əsasən obyektin içərisində olan ləvazimatlar oradan çıxarılmamışdır. Çünki bir müddət sonra yenidən həmin klubu işlətmək istəyirdilər. Bu səbəbdən də obyektdə olan elektron əşyaları, səs avadanlıqlarını, qab-qacaq dəstlərini və digər əşyaları oradan çıxartmamışdılar. O, obyekt işləyən vaxtlarda hər gün obyektin işlərinə nəzarət edir və gündəlik olaraq hesabatı Aqilə verirmiş. Obyekt bağlanandan sonra o, təxmini olaraq həftədə bir dəfə obyektə gələrək oranı açarla açır və ordakı əşyaların tamlığına nəzarət edirmiş. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, obyektə nəzarət etmək üçün həmin obyektin yerləşdiyi yerə gəlmişdir. Obyektin iki giriş qapısı mövcuddur. O, əsas giriş qapısını açaraq içəri daxil olduqda obyektin dağınıq olduğunu, elektrik naqillərinin qırıldığını, çox hissəsinin oğurlandığını, obyektin ikinci sol tərəfdə yerləşən qapısının qıfılının sındırıldığını, obyektdən digər əşyaların da oğurlandığını aşkar etmişdir. O, bu barədə dərhal obyektin sahibi olan Zərərçəkmiş şəxs telefonla zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs göstərişinə əsasən o, DİN-nin 102 xidmətinə obyektdən oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, qohumlarda olan el şənliklərində məclislər zamanı yemək bişirməklə məşğul olaraq ailəsinə qazanc əldə edir. Həmçinin, xırda məişət əşyalarının alqı-satqısı ilə də məşğul olur. Vüsal və Eldar adlı şəxsləri onunla qonşu olduqlarından uzun müddətdir ki, tanıyır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində Vüsal və Eldar onun yaşadığı ünvana gələrək əllərində olan 02 ədəd tava, 03 ədəd qazan və 01 ədəd kofe aparatını satmaq istədiklərini bildirmişdilər. O, həmin əşyaların onlarda hardan olduğunu soruşduqda onlar evlərinin söküləcəyini bildirərək həmin əşyaların onlara məxsus olduğunu bildirib onları 50 manata satdıqlarını bildirmişdilər. Bundan başqa onlarda digər qab-qacaq dəstinin də olduğunu, həmin əşyaların da evlərində olduğunu və evləri söküləcəyi üçün onları da satmaq istədiklərini bildirmişdilər. Lakin o, həmin əşyaları almaq istəməmişdir. 02 ədəd tava, 03 ədəd qazan və 01 ədəd kofe aparatını isə oğurluq olmadığını bilib onlardan həmin əşyaları alaraq saxlamışdır. O, yemək bişirməklə məşğul olduğundan həmin qazan və tava dəstləri ona istifadə üçün lazım idi. Lakin həmin əşyaların oğurluq olması barədə Eldar və Vüsal ona heç bir məlumat verməmişdilər. Bundan təxminən 7 gün sonra polis əməkdaşlarının dəvəti ilə polis idarəsinə dəvət olunan zaman həmin əşyaların oğurluq olduğunu bilib əşyaları polisə könüllü təqdim edəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.74-75); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-35/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.167-170); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.50-51); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-36/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.163-166); - “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 198-199); - “Hadisə yerinə baxış və götürmə barədə" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən “Xoxo” gecə klubuna baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 4-11); - “Götürmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan, həmin tarixli “könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş 03 ədəd aliminium qazan, 02 ədəd aliminium tava və 01 ədəd kofe üyüdən aparatı sonuncudan götürülmüşdür (i.v. 88-90); - “Götürmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan, həmin tarixli “könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “Samsung” markalı və 01 ədəd “Dell” markalı kompüter monitorları, 02 ədəd kassa-menyu aparatı və 01 ədəd səsnizamlayıcı aparat sonunculardan götürülmüşdür (i.v. 132-139); - “Götürmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan, həmin tarixli “könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “HP” markalı notbuk sonuncudan götürülmüşdür (i.v. 140-142); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılmış və onlar ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər ( i.v.124-131); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1777 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza mallarının istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir. 01 ədəd qırmızı rəngli “Alen&Heath” markalı səs nizamlayıcı DJ aparatı - 1200,0 manat, 01 ədəd “Mazzer” markalı boz rəngli, böyük ölçülü kofe üyüdən aparat – 1000,0 manat, 01 ədəd “Dell” markalı komyuter monitoru – 80,0 manat, 01 ədəd “HP” markalı core i7 texniki xüsusiyyətli, boz rəngli notbuk 350,0 manat, 02 ədəd üzərində “Pos system” yazıları olan qara rəngli elektron kassa-menyu aparatı – 2000,0 manat, (02 ədəd x 1000 manat), 01 ədəd “Samsung” markalı kompüter monitoru – 60,0 manat, 02 ədəd böyük ölçülü aliminium qazan – 60,0 manat (2 ədəd x 30,0 manat), 01 ədəd orta ölçülü aliminium qazan – 25,0 manat, 02 ədəd orta ölçülü aliminium tava – 30,0 manat (2 ədəd x 15 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.190-193); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 03 ədəd aliminium qazan, 02 ədəd aliminium tava, 01 ədəd kofe üyüdən aparat, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Dell” markalı kompüter monitoru, 02 ədəd kassa-menyu aparatı, 01 ədəd səsnizamlayıcı aparat, 01 ədəd “HP” markalı noutbuk iş üzrə maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılmışdır (i.v.238- 248); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 03 ədəd aliminium qazan, 02 ədəd aliminium tava, 01 ədəd kofe üyüdən aparat, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Dell” markalı kompüter monitoru, 02 ədəd kassa-menyu aparatı, 01 ədəd səsnizamlayıcı aparat, 01 ədəd “HP” markalı noutbuk zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v.196); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v.175- 176); - Azərbaycan Respublikası DİN-nin portal çıxarışından və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.18-20, 184- 189); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmələri, yəni “Xoxo” gecə klubuna qabaqcadan əlbir olan bir qrup şəxs halında yox, ayrı-ayrılıqda girmələri və ittiham aktında göstərilən əşyaların bir neçəsinin onlar tərəfindən oğurlanmaması ilə ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməlini qismən etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinədək, yəni 05 ay 29 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini qismən etiraf etməsini və vurulmuş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini və vurulmuş ziyanı qismən ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd aliminium qazanın, 02 ədəd aliminium tavanın, 01 ədəd kofe üyüdən aparatının, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Dell” markalı kompüter monitorunun, 02 ədəd kassa-menyu aparatının, 01 ədəd səsnizamlayıcı aparatın və 01 ədəd “HP” markalı noutbukun sahibi Zərərçəkmiş şəxs oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, yəni 05 ay 29 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd aliminium qazanın, 02 ədəd aliminium tavanın, 01 ədəd kofe üyüdən aparatın, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Dell” markalı kompüter monitorunun, 02 ədəd kassa-menyu aparatının, 01 ədəd səsnizamlayıcı aparatın və 01 ədəd “HP” markalı notbukun sahibi Zərərçəkmiş şəxs oğluna təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – ümumilikdə 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-254/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-254/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver