Məhkəmə qərarları › İş №1(006)-255/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-255/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-255/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X1 X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 12, ev 46da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 12, ev 46-da qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal Şərq küçəsi, döngə 15-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək cinayət əlaqəsinə girib 17 iyun 2020-ci il tarixdə, saat 22:30 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Nasimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 108-də yerləşən “Sultan” gözəllik salonunun qarşısında Təqsirləndirilən şəxs1 əvvəldən açarının çöl tərəfdən divara vurulmuş alkopan üzlüyün arxa hissəsində saxlanıldığı barədə verdiyi məlumat əsasında onu götürüb giriş qapısını açarla açdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə oraya qanunsuz daxil olaraq saxlanc yerləri olan dolablar, siyirmələr və digər yerlərdən Zərərçəkmiş şəxs1 məxsus hər biri 30 manat dəyərində iki ədəd “ProMozer” markalı saçqırxan aparatları, 30 manat dəyərində bir ədəd “Braun” markalı ütü, 20 manat dəyərində bir ədəd “Super Max” markalı hava fenlərini, hər biri 5 manat dəyərində on ədəd süni kirpikləri, 100 manat dəyərində 150 qram çəkidə təbii qadın saçları dəstini, hər birinin 15 manat dəyərində yeddi əddəd “Estel” markalı saç boyalarını, hər biri 10 manat dəyərində on ədəd dırnaq boyalarını, 800 manat dəyərində bir ədəd “Vlachhavas” markalı kürkü, 15 manat dəyərində bir cüt qəhvəyi rəngli çəkməni, 100 manat dayarində bir ədəd “Charmant” markalı döymə aparatını, 20 manat dəyərində bir cüt “Merlin” markalı ayaqqabını, 60 manat pul və 1 ədəd 180 manat dəyərində 3 qram çəkidə, 585 əyarlı qızıl üzüyü, Zərərçəkmiş şəxs3 məxsus 30 manat dəyərində bir ədəd “ProMozer” markalı saçqırxan aparatını, hər biri 30 manat dəyərində iki ədəd “Braun” markalı ütü feni, 20 manat dəyərində bir ədəd saçqıran aparatını, hər biri 5 manat dəyərində on ədəd süni kirpikləri, 100 manat dəyərində 150 qram çəkidə təbii qadın saçını, içərisində ümumilikdə 1.000 manat təşkil edən müxtəlif çeşiddə kosmetik vasitələr olan 40 manat dəyərində qutunu gizli olaraq talayıb zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 1.640, Zərərçəkmiş şəxs3 isə 1.300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 18 iyun 2020-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs2 oglunun işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 108-də yerləşən “Sultan” gözəllik salonunun çöl tərəfdən divarına vurulmuş alkopan üzlüyünün arxasından açarını götürərək giriş qapısını açdıqdan sonra oraya qanunsuz daxil olub saxlanc yerləri olan dolablar, siyirmələr və digər yerlərdən Zərərçəkmiş şəxs2 məxsus 120 manat dəyərində bir ədəd “Multistar” markalı DVR, 40 manat dəyərində bir ədəd “Hiwatch” markalı müşahidə kamerasını, 300 manat dəyərində bir ədəd boz rəngli “iPad Air 2” markalı planşeti, “Sony Bravia” markalı televizora aid 20 manat dəyərində bir ədəd pultu və naqili, 30 manat dəyərində bir ədəd “ProMozer” markalı saçqırxan aparatını, Zərərçəkmiş şəxs4 məxsus hər biri 140 manat dəyərində dörd ədəd “Biorevitalizant” markalı kosmetik vasitəni, 12 manat dəyərində bir ədəd badam boyasını, 8 manat dəyərində bir ədəd “Collagen” markalı kosmetik maskanı, 40 manat dəyərində bir ədəd “Nude” və 15 manat dəyərində bir ədəd “Ultimate” markalı kosmetik tenləri, hər biri 25 manat dəyərində iki dəst probilkanı gizli olaraq talayıb zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 530, Zərərçəkmiş şəxs4 isə 685 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı evə yaxın olan, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 108-də yerləşən “Sultan” gözəllik salonunu tanıyır və qonşusu Əfsanə də orada işləyir. Əfsanə arvadı Əminə ilə rəfiqə olduğundan sonuncu tez-tez həmin salona gedirdi. 2020-ci ilin iyun ayının əvvəllərində Əmindən eşitmişdir ki, işçilər axşam evə gedəndə salonu bağlayıb açarı giriş qapısının sağ tərəfində divara vurulan, sıradan çıxmış alkopan üzlüklərin birinin qatlanan hissəsinin arxa tərəfindəki dəmirin üzərində saxlayırlar. Pula ehtiyacı olduğundan o, salondan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 17 iyun 2020-ci il tarixdə, saat 22:30 radələrində o, Əminə ilə birlikdə gəzmək adı ilə evdən çıxıb qeyd olunan salon tərəfə gəlmişlər. Bu zaman o, özü ilə hər ehtimala çəkic və dəmir parçası da götürmüşdür. Salona yaxınlaşanda Əminə ona açarın yerini göstərmiş, o da giriş qapısının sağ tərəfindəki divara vurulmuş alkopan üzlüklərdən birinin qabarıb yuxarı qalmış hissəsinin arxa tərəfindən dəmirin üzərində olan açarı götürmüşdür. Kimsənin onları görmədiyinə əmin olduqdan sonra salonun qapısını açıb Əminə ilə bərabər içəri girmişlər. Əminə ona kassanın olduğu otağı göstərmiş, lakin kassada heç nə olmamışdır. Əliboş qayıtmamaq üçün qərara gəlmişdir ki, pulun əvəzinə salonda olan qiymətli aşyaları götürüb satsın. Salonun otaqlarında qiymətli əşyaları axtararkən 60 manat pul tapmışdır. Otaqlardan birinin qapısı bağlı olduğundan o fikirləşmişdir ki, yəgin içəridə pul olar. Buna görə də özü ilə gətirdiyi dəmir parçası və çəkiclə qıfılı sındırıb içəriyə daxil olmuş, lakin oradan heç nə tapa bilməmişdir. Əminə ilə birlikdə dolablardan üç ədəd saçqırxan aparatını və “Braun” markalı ütü, bir ədəd “Super Max” markalı hava fenlərini, bir ədəd saçqıran aparatını, 20yə yaxın süni kirpikləri, təbii qadın saçlarını, kosmetik vasitələr olan qutunu, yeddi ədəd “Estel” markalı saç və on ədəd dırnaq boyalarını, tenləri və qadın kürkünü çantalara yığmış və daha sonra nəzarət kamera sisteminin avadanlıqlarını sökmüşdür. Salondan Əminə ilə birlikdə çıxıb qapının qıfılını açarla bağlamış və oğurladığı əşyalar olan çantaları piyada yaşadıqları evə daşımışlar. Sonradan oğurladıqları aşyaların elə də qiymətli olmadığını düşünüb salonda olan televizoru oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 18 iyun 2020-ci il tarixdə, saat 06 radələrində həmin salona gəlmiş, açarı öz yerindən götürüb giriş qapısını açıb içəriyə daxil olmuş, salondan “Sony Bravia” markalı televizoru götürsə də, sonradan fikirləşmişdir ki, artıq hava işıqlanır və televizoru aparsa onu görən olan. Buna görə də bu fikrindən daşınmış və salondan müxtəlif çeşiddə kosmetik vasitələri, bir ədəd döymə aparatını, qadın ayaqqablarını bir çantaya, planşet, televizora aid pultu və bir qızıl üzüyü isə bir sellofan torbaya, 60 manat pulu isə cibinə qoyub salondan çıxıb evinə gəlmiş, açarı da həmin yerə qoymuşdur. Yolda olarkən pult, planşet və üzüyün olduğu torba əlindən xatırlamadığı yerdə düşmüşdür. Əminənin bu oğurluqdan xəbəri olmamış, ona törətdiyi bu əməli yalnız sonra danışmışdır. 18 iyun 2020-ci il tarixdə, saat 11 radələrində yuxudan oyananda yaşadığı mənzilə polis əməkdaşları gəlib ona birlikdə 19-cu polis şöbəsinə getməyi təklif etmişlər. Şöbədə olarkən ona oğurluğu əks etdirən müşahidə kamerasından videogörüntü təqdim edilmişdir. Bir daha belə əməllərə yol verməyəcək, zərər çəkmiş şəxslərə vurulmuş ziyan da ödənilib. Himayəsində bir yetkinlik yaşına çatmayan övladı var. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə evlidir, bir uşaqları var. Yaşadığı evin yaxınlığında “Sultan” adlı gözəllik salonu yerləşir və onun qonşusu Əfsanə orada saç ustası işləyir. Əfsanə ilə rəfiqə olduğundan onunla tez-tez evdə telefonla danışmış, saçını kəsdirmək üçün də onun yanına gedirdi. 17 iyun 2020-ci il tarixdə bu salona getmiş, axşama tərəf orada işləyən digər işçilər işdən tez çıxmış və saat 20 radələrində o, Əfsanə ilə birlikdə salondan çıxarkən sonuncu giriş qapısını bağlayıb açarı sağ tərəfdəki divara vurulmuş alkopan üzlüyün altında olan əyilmiş hissənin arxasında gizlətmişdir ki, səhər tezdən xadimə gəlib salonu təmizləsin. Əri Məsud narkotik qəbul etdiyindən və buna görə ona mütəmadi pul lazım olduğundan gördüklərini ona danışmış, sonuncu da açarın yerini göstərməyi təklif edəndə o, bununla razılaşmışdır. Həmin günü, saat 22:30 raədələrində onlar evdən gəzmək adı ilə çıxıb həmin salonun qarşısına gəlmiş, ərinə açarın yerini göstərəndə Məsud onu oradan götürmüş, sonra qapını açıb içəri daxil olmuşlar. Məsud ondan kassanın yerini soruşmuş, o isə bundan xəbəri olmadığını demişdir. Məsud əlindəki dəmir parçası ilə otaqlardan birinin qapısını qırmış, bundan başqa bir-bir içəridə olan dolabları axtarmışdır. Ətraf qaranlıq olduğu üçün o mobil telefonunun işığını yandıraraq Məsuda axtarışda köməklik etmişdir. Məsud salonda olan əşyaları və bundan başqa təhlükəsizlik kamerasının avadanlıqlarını, üç ədəd saçqırxan aparatını və “Braun” markalı ütü və bir ədəd “Super Max” markalı hava fenlərini, müxtəlif kosmetik vasitələri, qadın boyalarını, saç boyalarını, qadın kürkünü, bir ədəd saçqıran aparatını, iyirmi ədəd süni kirpikləri, təbii qadın saçlarını, ayaqqabıları, döymə aparatını və digər əşyaları çantalara yığmışdır. Daha sonra salonun qapısını açarla bağlayıb götürdükləri əşyaları yaşadıqları evə gətirmişlər. 18 iyun 2020-ci il tarixdə, saat 08 radələrində o, yuxudan oyandıqda Məsud ona yenidən “Sultan” gözəllik salonuna oğurluq etmək üçün getdiyini demişdir. O, bununla bağlı Məsudə heç nə demədən işə getmiş, bir müddət sonra Əfsanə ona zəng edib salondan oğurluq olduğunu bildirmiş və ondan bunu Məsudun edib-etmədiyini soruşmuşdur. O da Əfsanəyə bundan xəbərinin olmadığını söyləmiş, eyni zamanda Məsuda Əfsanənin ondan şübhələndiyini bildirmişdir. 18 iyun 2020-ci il tarixdə, saat 11 radələrində evdə olarkən özlərini polis əməkdaşı kimi təqdim edən bir neçə nəfər gəlib Məsudu polis şöbəsinə aparmışlar. Daha sonra o da polis şöbəsinə dəvət edilmişdir. Oğurlanmış əşyaları polisə təqdim etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 108-də yerləşən “Sultan” adlı gözəllik salonunu işlədir. Həmin salonda lazeroloq X5, manikür ustası Zərərçəkmiş şəxs3, saç ustası Zərərçəkmiş şəxs1 və kosmetoloq Zərərçəkmiş şəxs4 işləyirlər. Salonda ona məxsus və qeyd olunan işçilərin istifadə etdikləri əşyalar və digər şəxsi əşyaları saxlanılır. Hər gün salonu Leyli açır və axşam iş bitdikdən sonra bağlayır, buna görə də giriş qapısının açarı onda olur. 17 iyun 2020-ci il tarixdə Leyli işdən tez çıxdığına görə açarı Əfsanəyə vermiş, sonuncu da saat 20 radələrində işdən çıxarkən qapını bağlayıb açarı sağ tərəfdə olan divara vurulmuş alkopan üzlüyün alt tərəfindəki əyilmiş hissənin arxasında gizlətmişdir. Əfsanə açarı qoyduğu yeri Leyliyə demiş, Leyli də öz növbəsində bunu səhəri günü tezdən salonu təmizləməyə gələn Gülarəyə bildirmişdir. 18 iyun 2020-ci il tarixdə, səhər saat 09 radələrində xadimə Gülarə salona gəlib açarı yerindən götürmək istədikdə qapının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəriyə girdikdə orada olan əşyaların dağınıq vəziyyətdə, qapıların qıfıllarının isə qırıldığını aşkar etmişdir. Hadisə barədə Leyliyə məlumat verilmiş, sonuncu da dərhal ona zəng etmişdir. Salona gəlib içəridəki vəziyyəti gördükdə oğurluq hadisənin baş verdiyində tam əmin olmuşdur. Ətrafa nəzər yetirdikdə salondan ona məxsus təhlükəsizliyə nəzarət kamerasının avadanlıqlarının və işçilərə aid əşyaların oğurlandığını aşkar etmişdir. Bir neçə saat sonra polis əməkdaşları oğurluğu törədən şəxsin Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Sonradan Məsudun hadisə günü Əfsanənin yanında olan Əminənin əri olduğunu bilmişlər. Əfsanə salonu bağlayıb açarı gizlədərkən Əminə onun yanında olduğundan açarın yerini görmüş, buna görə də həmin günü gecə vaxtlarında Məsud qapını sərbəst açıb içəriyə qanunsuz daxil ola bilmişdir. Hadisə zamanı salonun içərisində olan iki otağın giriş qapılarının çərçivələri və daxili qıfılları sındırılmış, kamera və televizor naqillərini yerindən çıxarılarkən divar kağızlarının cırılması ilə ona əlavə olaraq 1.000 manat maddi ziyan dəymişdir. Həmçinin baş vermiş hadisə zamanı təhlükəsizliyə nəzarət kamerasının avadanlıqları ilə yanaşı bir ədəd “iPad Air 2” markalı planşet, bir ədəd “Sony Bravia” markalı televizora aid pult və 20 manat dəyərində bir ədəd həmin televizora aid naqil və ona məxsus bir ədəd “ProMozer” markalı saçqırxan aparatı da talanmışdır. Sonradan təqdim olunan, Məsud tərəfindən oğurlanmış əşyaların içərisində ona məxsus planşet, televizorun pultu və naqili olmamışdır. Hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 108-də yerləşən “Sultan” adlı gözəllik salonunda saç ustası işləyir. Hər gün salonu lazeroloq Leyli açıb-bağlayır. 17 iyun 2020-ci il tarixdə Leyli işdən tez çıxdığı üçün qapının açarını ona vermişdir. O həmin vaxt salonda müştəri olan Əminənin saçını düzəldirdi. Saat 20 radələrində Əminə ilə birlikdə işdən çıxarkən salonun giriş qapısını bağlamış və açarı sağ tərəfdə olan divara vurulmuş alkopan üzlüyün alt tərəfindəki əyilmiş hissənin arxasında gizlətmiş ki, xadimə Gülarə səhər tezdən gəlib salonu təmizləyə bilsin. Daha sonra bu barədə Leyliyə, o da tezdən salonu təmizləməyə gedən Gülarəyə zəng vurub bildirmişdir. 18 iyun 2020-ci il tarixdə, saat 09 dələrində xadimə Gülarə salonun açarını onun gizlətdiyi yerdən götürmək istədikdə qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra içəriyə girdikdə orada olan əşyaların dağıdılaraq yerə töküldüyünü, qapıların və qıfılların qırıldığını müəyyən etmişdir. Bunu gördükdən sonra Gülarə zəng edib baş vermiş hadisəni Leyliyə, o da öz növbəsində bu barədə salonu işlədən Zərərçəkmiş şəxs2 bildirmişdir. Onlar salona daxil olub əşyaların yerində olub-olmadığına baxdıqda ona məxsus iki ədəd saçqırxan aparatının, bir ədəd “Braun” markalı ütü və bir ədəd “Super Max” markalı hava feninin, on ədəd süni kirpiklərin, ona və Günelə aid 150 qram çəkidə təbii qadın saçlarının, ona məxsus yeddi ədəd “Estel” adlı saç boyalarının, on ədəd dırnaq boyalarının, bir ədəd qadın kürkünün, bir ədəd çəkmənin, bir ədəd döymə aparatının, bir ədəd ayaqqabının, 60 manat məbləğində pulun və 200 manat dəyərində qızıl üzüyün oğurlandığını aşkar etmişdir. Daha sonra məlum olmuşdur ki, salondakı oğurluğu Əminənin əri Təqsirləndirilən şəxs2 törədib. Qaytarılan əşyaların içərisində bir ədəd qızıl üzük və 60 manat pul olmamışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 108-də yerləşən “Sultan” adlı gözəllik salonunda saç ustası işləyir. 18 iyun 2020-ci il tarixdə səhər vaxtı məlumat əldə etmişdir ki, salondan oğurluq edilib. Ora gələndə görmüşdür ki, əşyalar dağınıq vəziyyətdədir, salonun sahibin Zərərçəkmiş şəxs2, onun və digər işçilərin əşyaları talanıb. Salondan ona məxsus bir ədəd saçqıran aparatı, iki ədəd “Braun” markalı ütü, on ədəd süni kirpiklər, ona və Əfsanəyə məxsus 150 qram çəkidə təbii qadın saçları, ona aid 1.000 manat dəyərində içərisində müxtəlif çeşiddə kosmetik vasitələr olan qutu oğurlanmışdır. Hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs4 ünvan 1 ünvanda yerləşən “Sultan” adlı gözəllik salonunda kosmetoloq işləyir, salondan oğurluq baş verən zamanı ona məxsus dörd ədəd “Biorevitalizant” markalı kosmetik vasitə, bir ədəd badam boyası, bir ədəd “Collagen” markalı maska, bir ədəd “Nude” və “Ultimate” markalı kosmetik tenlər, iki dəst probilka talanmışdır. Oğurluq nəticəsində ona 685 manat məbləğində maddi ziyan dəymişdir (İ cild, i.v.133-135, 241-242). İş materiallarında olan:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27.11.2020-ci il tarixli, 9/5080 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Multistar” markalı DVR-in dəyəri 120 manat, bir ədəd “Hiwatch” markalı müşahidə kamerasının dəyəri 40 manat, dörd ədəd “ProMozer” markalı saçqırxan aparatının ümumi dəyəri bir ədədinin qiyməti 30 manat olmaqla 120 manat, üç ədəd “Braun” markalı ütü feninin ümumi dəyəri bir ədədinin qiyməti 30 manat olmaqla 90 manat, bir ədəd “Super Max” markalı hava feninin dəyəri 20 manat, bir ədəd saçqıran aparatının dəyəri 20 manat, iyirmi ədəd süni kipiklərin ümumi dəyəri bir ədədinin qiyməti 5 manat olmaqla 100 manat, bir dəst 150 qram çəkidə təbii qadın saçlarının dəyəri 100 manat, bir ədəd içərisində müxtəlif çeşiddə kosmetik vasitələr olan qutunun dəyəri boş vəziyyətdə 40 manat, yeddi ədəd “Estel” markalı saç boyalarının ümumi dəyəri bir ədədinin qiyməti 15 manat olmaqla 105 manat, on ədəd dırnaq boyasının ümumi dəyəri bir ədədinin qiyməti 10 manat olmaqla 100 manat, iki ədəd tenin ümumi dəyəri bir ədədinin qiyməti 10 manat olmaqla 20 manat, bir ədəd “Vlachhavas” markalı qadın kürkünün dəyəri 800 manat, dörd ədəd “Biorevitalizant” markalı kosmetik vasitənin ümumi dəyəri bir ədədinin qiyməti 140 manat olmaqla 560 manat, bir ədəd badam boyasının dəyəri 12 manat, bir ədəd “Collagen” markalı kosmetik maskanın dəyəri 8 manat, bir ədəd “Nude” markalı kosmetik tenin dəyəri 40 manat, bir ədəd “Ultimate” markalı kosmetik tenin dəyəri 15 manat, iki dəst probilkanın ümumi dəyəri bir dəstinin qiyməti 25 manat olmaqla 50 manat, bir ədəd qəhvəyi rəngli qadın çəkməsinin dəyəri 15 manat, bir ədəd “Charmant” markalı döymə aparatının dəyəri 100 manat, bir ədəd “Merlin” markalı qadın ayaqqabısının dəyəri 20 manat olmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2.495,0 manatdır; ekspertiza tədqiqatına təqdim edilməyən, 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti bir ədəd boz rəngli “iPad Air 2” markalı planşetin dəyəri 300 manat, bir ədəd “Sony Bravia” markalı televizora aid pultun dəyəri 20 manat, bir ədəd 3 qram çəkidə, 585 əyarlı qızıl üzüyün dəyəri 180 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.204-208);  “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 22.02.2021-ci il tarixli qərarla istintaq zamanı X3 zərər çəkmiş şəxs kimi statusuna xitam verilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamlarda L.Bəşirovaya dəymiş ziyanın hesablanmaması nəzərə alınmışdır. Oğurluq hadisəsinin qeydə alındığı videğörüntülər olan DVD disk və Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş Zərərçəkmiş şəxs2 məxsus “Multistar” markalı DVR və “Hiwatch” markalı müşahidə kamerası, bir ədəd “ProMozer” markalı saçqırxan aparatı, Zərərçəkmiş şəxs1 məxsus iki ədəd “ProMozer” markalı saçqırxan aparatı, bir ədəd “Braun” markalı ütü feni, bir ədəd “Super Max” markalı hava feni, on ədəd süni kirpiklər, 150 qram çəkidə təbii qadın saçları dəsti, yeddi ədəd “Estel” adlı saç boyaları, on ədəd dırnaq boyası, “Vlachhavas” markalı qadın kürkü, qəhvəyi rəngli qadın çəkməsi, “Charmant” markalı döymə aparatı, “Merlin” markalı qadın ayaqqabısı, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “ProMozer” markalı saçqırxan aparatı, iki ədəd “Braun” markalı ütü feni, bir ədəd saçqıran aparatı, on ədəd süni kirpiklər, 150 qram çəkidə təbii qadın saçları dəsti, kosmetik vasitələr üçün nəzərdə tutulan boş qutu, X4 məxsus olan iki ədəd ten, Zərərçəkmiş şəxs4 məxsus olan dörd ədəd “Biorevitalizant” markalı kosmetik vasitə, bir ədəd badam boyası və iki ədəd probilka iş üzrə maddi sübut kimi tanınaraq hər biri öz sahiblərinə qaytarılmış, disk isə cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.302-320);  “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs2 18.06.2020-ci il tarixdə tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsinin icra edən R.Qasımov tərəfindən 20.06.2020-ci il tarixdə imtina olunmuşdur (İ cild, i.v.50-51, 91-93);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli, 4(006)-71/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.202);  Doğum haqqında şəhadətnamənin surətinə görə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 20.05.2010-cu il təvəllüdlü bir övdı var (İ cild, i.v.274);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.06.2020-ci il və 13.02.2021-ci il tarixli arayışlarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.108, 277). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 hərəkətlərində isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslərə vurulmuş zərərin aradan qaldırılmasını və onlarla barışıq əldə olunmasını, həmçinin himayələrində yetkinlik yaşına çatmayan övladlarının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, hər ikisinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, cəzalarını yüngülləşdirən halların mövcud olmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 03 ay 03 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzalarını yaşayış yeri üzrə çəkməli, cəzanın icrası müddətinin əvvəli isə onların hər birinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Multistar” markalı DVR və “Hiwatch” markalı müşahidə kamerası, bir ədəd “ProMozer” markalı saçqırxan aparatı, Zərərçəkmiş şəxs1 məxsus iki ədəd “ProMozer” markalı saçqırxan aparatı, bir ədəd “Braun” markalı ütü feni, bir ədəd “Super Max” markalı hava feni, on ədəd süni kirpiklər, 150 qram çəkidə təbii qadın saçları dəsti, yeddi ədəd “Estel” adlı saç boyaları, on ədəd dırnaq boyası, “Vlachhavas” markalı qadın kürkü, qəhvəyi rəngli qadın çəkməsi, “Charmant” markalı döymə aparatı, “Merlin” markalı qadın ayaqqabısı, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “ProMozer” markalı saçqırxan aparatı, iki ədəd “Braun” markalı ütü feni, bir ədəd saçqıran aparatı, on ədəd süni kirpiklər, 150 qram çəkidə təbii qadın saçları dəsti, kosmetik vasitələr üçün nəzərdə tutulan boş qutu, X4 məxsus olan iki ədəd ten, Zərərçəkmiş şəxs4 məxsus olan dörd ədəd “Biorevitalizant” markalı kosmetik vasitə, bir ədəd badam boyası və iki ədəd probilka hər biri sahiblərinin istifadəsində, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 03 (üç) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 12, ev 46-nı hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal Şərq küçəsi, döngə 15-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilsin Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Multistar” markalı DVR və “Hiwatch” markalı müşahidə kamerası, bir ədəd “ProMozer” markalı saçqırxan aparatı, Zərərçəkmiş şəxs1 məxsus iki ədəd “ProMozer” markalı Maçqırxan aparatı, bir ədəd “Braun” markalı ütü feni, bir ədəd “Super Max” markalı hava feni, on ədəd süni kirpiklər, 150 qram çəkidə təbii qadın saçları dəsti, yeddi ədəd “Estel” adlı saç boyaları, on ədəd dırnaq boyası, “Vlachhavas” markalı qadın kürkü, qəhvəyi rəngli qadın çəkməsi, “Charmant” markalı döymə aparatı, “Merlin” markalı qadın ayaqqabısı, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “ProMozer” markalı saçqırxan aparatı, iki ədəd “Braun” markalı ütü feni, bir ədəd saçqıran aparatı, on ədəd süni kirpiklər, 150 qram çəkidə təbii qadın saçları dəsti, kosmetik vasitələr üçün nəzərdə tutulan boş qutu, X4 məxsus olan iki ədəd ten, Zərərçəkmiş şəxs4 məxsus olan dörd ədəd “Biorevitalizant” markalı kosmetik vasitə, bir ədəd badam boyası və iki ədəd probilka hər biri sahiblərinin istifadəsində, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar