Məhkəmə qərarları › İş №1(006)-255/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-255/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-255/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-479/2021 saylı hökmü ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən zərər çəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 18 yanvar 2022ci il tarixdə, saat 17:00 radələrində Bakı Metropoliteni QSC-nin «Gənclik» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Gənclik» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarın sağ arxa cibindən sonuncuya məxsus dəyəri 220 manat olan «Redmi» markalı, «M2010J19SG (9T)» modelli **********73769 və **********73777 İMEİ kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan ***-***-**-** nömrəli GSM mobil nömrəni və həmin telefonun üzərindəki dəyəri 16 manat olan kabronu çıxarıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 241 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 09 fevral 2022-ci il tarixdə saat 15:34 radələrində Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 May» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan şalvarın sağ arxa cibindən sonuncuya məxsus dəyəri 130 manat olan «Huaweı» markalı, «MAR-LX1M (P30Lite)» modelli **********33889 və **********43896 İMEİ kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 10 manat olan ***-***-**-** nömrəli GSM mobil nömrəni çıxarıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun 44 yaşı var, 16 yaşından işləmişdir. Ailəlidir və dörd övladı var. Uşaqlarının biri astma xəstəsi, biri isə ruhi xəstədir. O, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, lakin Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququ 01 müddətinə məhdudlaşdırıldığından işsiz qalmış, maddi vəziyyəti aşağı olmuşdur. Uşağının astması tutduğu üçün ona dərman lazım olmuş, onun da dərman almağa pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. 18 yanvar 2022ci il tarixdə, saat 16:00 radələrində yaşadığı evdən çıxandan sonra metronun “Gənclik” stansiyasında sıxlıq olduğuna görə orada cibgirlik etmək üçün əlverişli şərait olduğunu düşünüb “Gənclik" metrosuna gəlmiş, saat 17:00 radələrində metronun “Gənclik” stansiyasının platformasında dayanıb oğurluq etmək üçün yanından keçən xanımların əl çantalarına və ciblərinə baxmağa başlamışdır. Həmin vaxt adını və soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs2 yanından keçdiyini və şalvarının arxa cibində mobil telefon cihazının olduğunu görmüş, sonuncunun mobil telefon cihazını oğurlamaq məqsədilə həmin xanımı təqib etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 arxası ilə gedib onunla birlikdə qatara minmək istəyərkən həmin xanımın və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə əmin olduqdan sonra qatarın qapısının qarşısında Zərərçəkmiş şəxs2 şalvarının arxa cibindən mobil telefon cihazını oğurlamış və qatara minməyib geri qayıdaraq “Gənclik" metrosundan çölə çıxmışdır. xx.xx.2022-ci il tarixdə Şəki şəhərinə getmiş və orada telefon mağazasını işlədən Şahid şəxsiyyət vəsiqəsini təqdim etməklə Zərərçəkmiş şəxs2 oğurladığı «Redmi» markalı telefonu 130 manata satmışdır. Əldə etdiyi pula uşağının dərmanını almışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində metronun "28 may" stansiyasına gəlmiş, ad və soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs1 şalvarının arxa cibindən mobil telefon cihazını oğurlamış və “28 may" metrosundan çölə çıxmışdır. Həmin telefonu özü işlətmək qərarına gəlmiş və telefonu format edib özünə məxsus mobil telefon nömrəsini üzərinə qoyub işlətməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində metronun "Elmlər Akademiyası” stansiyasında dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib Bakı şəhəri Baş Polis İdarəsinin və Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və onu Bakı Metropolitenin Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona etdiyi oğurluq cinayətlərinin video görüntüləri təqdim olunmuş və o, həmin video görüntülərə baxdıqdan sonra hər iki oğurluq cinayətini törətdiyini səmimi olaraq etiraf etmişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini, 2-ci qrup əlil olmasını, biri azyaşlı olmaqla 4 övladının olmasını, qızının ruhi xəstə, oğlunun isə astma xəstəsi olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə “Gənclik Mall” ticarət mərkəzinə getmiş, saat 17:00 radələrində metronun “Gənclik" stansiyasına daxil olmuşdur. Metronun "Gənclik" stansiyasının platformasında çoxlu sayda sərnişin olduğundan platformada sıxlıq olmuşdur. Bu vaxt istifadəsində olan “Redmi 9T" markalı mobil telefon əynində olan cins şalvarın arxa sağ cibində olmuş, qatara mindikdən sonra qatar hərəkətə başlamışdır. O, həmin vaxt şalvarının arxa sağ cibində olan telefonu götürmək istəmiş, telefonu tapa bilmədiyi üçün metroda xidmətdə olan polis əməkdaşına şifahi müraciət etmiş, polis əməkdaşları onu X1 yönləndirmişlər. Hadisə baş verdiyi gün, yəni xx.xx.2022-ci il tarixdə yaşadığı evə getmiş və telefonu kimsə tapıb özünə qaytarar deyə düşündüyündən polisə rəsmi ərizə ilə müraciət etməmişdir. Lakin ona məxsus mobil telefon tapılmamış, bundan sonra o, polisə rəsmi ərizə ilə müraciət etmək qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə Bakı Metropolitenində Polis şöbəsinə gələrək xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində metronun "Gənclik” stansiyasının platformasında “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatara minərkən üzərində olan “Redmi 9T" markalı mobil telefonunun oğurlaması faktı ilə bağlı şikayət ərizəsi yazmışdır. Daha sonra oğurlanmış telefonun özünə qaytarıldığını, ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı Metropoliteni QSC-nin "28 May" stansiyasına daxil olmuş, metronun «Dərnəgül» stansiyası istiqaməti ilə gedən qatara minməli idi. Həmin vaxt «28 May» stansiyasının platformasında çoxlu sayda sərnişin olduğundan platformada sıxlıq olmuş, istifadəsində olan “Huaweı R30 Lite” markalı mobil telefonu əynində olan cins şalvarının arxa sağ cibinə qoyduqdan sonra qatara minmiş, metronun “Gənclik" stansiyasına çatdıqdan sonra qatardan düşmüşdür. Platformada olarkən şalvarının arxa sağ cibində olan telefonu götürmək istəmiş, həmin vaxt əlini əynində olan şalvarının arxa sağ cibinə salmış, telefonu şalvarının arxa sağ cibində axtarmış və telefonun cibində olmadığını aşkar etmişdir. Sonra metroda xidmət aparan polis əməkdaşlarına şifahi olaraq müraciət etmiş, polis əməkdaşları onu X1 yönləndirmişlər. O, evə tələsdiyindən hadisə baş verdiyi gün, yəni xx.xx.2022-ci il tarixdə polis şöbəsinə rəsmi ərizə ilə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Metropolitenində Polis şöbəsinə gələrək xx.xx.2022-ci il tarixdə “28 May” stansiyasının platformasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatara minərkən naməlum şəxsin ona məxsus üzərində ***-***-**-** olan “Huaweı R30 Lite" markalı mobil telefonu oğurlaması ilə bağlı şikayət məzmunlu ərizə yazmışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı əlavə ifadə verərkən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 aprel 2022-ci tarixli, 9/2869 nömrəli rəyi ilə tanış olduğunu, rəydə ekspert tərəfindən ona məxsus «Huaweı» markalı, “MAR-LX1M (P30Lıte)” modelli telefonun 130 manata dəyərləndirildiyini və ekspertin ona məxsus telefona qoyduğu qiymətlə razı olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazada mobil telefon alqı-satqısı ilə məşğul olur. Həmin telefon mağazasını icarə müqaviləsi əsasında işlədir. xx.xx.2022-ci il tarixdə əvvəllər tanımadığı, ümumiyyətlə, Şəki şəhərində rastlaşmadığı hündürboylu bir kişi işlədiyi mobil telefon mağazasına yaxınlaşmış, bir ədəd «Redmi» markalı mobil telefonu satmaq istədiyini bildirmiş, o, həmin şəxsdən ilk növbədə telefonun kimə məxsus olduğunu soruşmuş, həmin şəxs telefonun özünə məxsus olduğunu ona bildirmişdir. Daha sonra o, telefona baxıb həmin şəxsdən telefonu neçəyə satmaq istədiyini, həmçinin də telefonun qutusunu və cərəyan adabterini soruşmuş, həmin şəxs telefonun qutusunun və cərəyan adabterinin evdə olduğunu, avtomobili xarab olaraq yolda qaldığından məcburiyyətdən telefonu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi götürdükdən və baxdıqdan sonra qarşılıqlı razılaşma yolu ilə bir ədəd «**********73769» İMEİ kodlu «Redmi» markalı mobil telefonu 130 manata almış, lakin həmin şəxslə razılaşıb telefon qutusunu və cərəyan adapterini ona təhvil verənə qədər həmin telefonu satmayacağını bildirmişdir. Telefonu ona satan şəxs Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.69-73); - “Götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılaraq Bakı Metropolitenində PŞ-nə gətirmiş Təqsirləndirilən şəxs bir ədəd «Huaweı P30Lite» markalı mobil telefon götürülmüşdür (i.v.31); - “Götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində fəaliyyət göstərən telefon mağazasında işləyən Şahid bir vərəqədən ibarət olan Təqsirləndirilən şəxs adına olan şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, şəxsiyyət vəsiqəsinin surəti çap olunmuş vərəqədə aşağıdakı əlyazma yazılar vardır: “imza. Təqsirləndirilən şəxs özümə məxsus “Redmi Note 9T” markalı mobil telefonu saz şəklində satdım. xx.xx.2022-ci il tarixdə 130 manat”. İş üzrə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti çap olunmuş vərəqədə və bir ədəd “Redmi Note 9T” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən Şahid götürülmüşdür (i.v.93); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2869 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd arxa korpus şüşəsi zədəli vəziyyətdə olan «Huaweı» markalı, «MAR-LX1M (P30Lite)» modelli mobil telefon aparatının satış üçün kompektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 130,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.104-106); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2871 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Redmi” markalı, “M2010J19SG (9T)” modelli mobil telefon aparatının satış üçün kompektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 220,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.107-109); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd «Huaweı» markalı, «MAR-LX1M (P30Lite)» modelli mobil telefon aparatı və 01 ədəd “Redmi” markalı, “M2010J19SG (9T)” modelli mobil telefon aparatı və hadisənin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd «Huaweı» markalı, «MAR-LX1M (P30Lite)» modelli mobil telefon aparatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və 01 ədəd “Redmi” markalı, “M2010J19SG (9T)” modelli mobil telefon aparatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (i.v.134-142); - İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd videofayl vardır, onlardan 1-ci videofayl 19 saniyə, 2-ci videofayl isə 34 saniyə davam edir. 1-ci videofaylda olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minmək istəyən Zərərçəkmiş şəxs1 əynindəki cins şalvarının arxa cibinə əlini daxil edərək bir ədəd mobil telefon aparatını götürərək qətara minmədən platformanı tərk etmişdir. 2-ci videofaylda olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan bir daha istifadə edərək platformada dayanaraq qatara minmək istəyən Zərərçəkmiş şəxs2 əynində olan şalvarının arxa cibinə əlini daxil edərək bir ədəd mobil telefon aparatını götürərək qatara minmədən platformanı tərk etmişdir. Təqsirləndirilən şəxs video görüntülərdəki şəxsin özü olduğunu məhkəmə iclasında bir daha təsdiq etmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-479/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi təqsirli bilinərək, 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.118-129); - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bu günə kimi 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir; - 32 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin ünvanda qeydiyyatda olduğu müddətdə onun haqqında 32 saylı MKİS-ə nə yazılı, nə də şifahi şikayət daxil olmuşdur (i.v.131); - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən Bakı Metropolitenində Polis Şöbəsinə ünvanlanan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona məxsus oğurlanmış «Huaweı» markalı, «MAR-LX1M (P30Lite)» modelli mobil telefonu tam işlək vəziyyətdə istintaq qrupundan təhvil almışdır. Ona dəymiş maddi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur (i.v.132); - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən Bakı Metropolitenində Polis Şöbəsinə ünvanlanan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona məxsus oğurlanmış «Redmi 9T» markalı mobil telefon işlək vəziyyətdə X3 tərəfindən ona qaytarılmışdır. Ona dəymiş maddi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur (i.v.133); - Yasamal rayon ƏSMM tərəfindən xx.xx.2011-ci il tarixdə verilən 058635 №-li əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı üç övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməlin təkrar törədilməsinə, 177.2.5-ci maddəsi isə eyni əməlin zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, 2-ci qrup əlil olmasını və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, 2-ci qrup əlil olmasını və himayəsində azyaşlı uşağının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-479/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi təqsirli bilinərək, 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanı çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-479/2021 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 06 ay həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, «Huaweı» markalı, «MAR-LX1M (P30Lite)» modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs1, «Redmi» markalı, «M2010J19SG (9T)» modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat pul ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)- 479/2021 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 06 ay həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Huaweı» markalı, «MAR-LX1M (P30Lite)» modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 və «Redmi» markalı, «M2010J19SG (9T)» modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar