Məhkəmə qərarları › İş №1(006)-256/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-256/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-256/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən zərər çəkmiş şəxsin əmlakını cibindən və çantasından gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 19 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus dəyəri 13 manat olan pul qabını və pul qabının içərisində olan 167 manat nağd pulu çıxarıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 11 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasının metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 sağ çiynindən asmış olduğu əl çantasından sonuncuya məxsus dəyəri 120 manat olan 1 ədəd «Samsung» markalı «SM-A105F (A 10)» modelli, **********67016 və **********77014 İMEİ kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 4 manat olan arxa qoruyucusunu, dəyəri 4 manat olan ekran qoruycusunu və dəyəri 5 manat olan ***-***-**-** saylı SİM nömrəni çıxarıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 133 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdən çıxıb metronun “İnşaatçılar” stansiyasına getmək üçün “Həzi Aslanov” stansiyasına daxil olmuş, metronun “Həzi Aslanov” stansiyasından “İçəri şəhər” stansiyası istiqamətində hərəkət edən qatara minmiş, qatara mindikdən sonra qatarın şəhər istiqamətində hərəkət etdiyini bilmiş, metronun “İnşaatçılar” stansiyasına getmək üçün “Dərnəgül” istiqamətində gedən qatara minmək məqsədilə metronun “28 may" stansiyasında qatardan düşmüşdür. Metronun “28 may" stansiyasının platformasında sərnişinlərin sıxlıq olduğunu görüb cibgirlik etmək üçün oradan keçən xanımların əl çantalarına və ciblərinə baxmağa başlamışdır. Bu zaman yanından keçən adını və soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs1 əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibində pul qabı olduğunu görmüş və platformadakı sıxlıqdan istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən Zərərçəkmiş şəxs1 əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus pul qabını və həmin pul qabının içərisində olan hazırda məbləğini dəqiq xatırlamadığı nağd pulu oğurlamışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə metronun “28 May” stansiyasında olan zaman adını və soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs2 çiynindən asmış olduğu əl çantasının ağzının açıq olduğunu görmüş, həmin xanımı təqib etməyə başlamış və Zərərçəkmiş şəxs2 qatara minmək istəyən zaman xanımın və ətrafdakıların ona fikir vermədiklərindən əmin olduqdan sonra Zərərçəkmiş şəxs2 çiynindən asdığı əl çantasından sonuncuya məxsus 1 ədəd «Samsung» markalı mobil telefonu oğurlamışdır. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və hər iki zərər çəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 19 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində anası Şahid2 və bacısı Şahid1 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən çıxıb həmin ərazidən elektrik qatarı ilə Bakı şəhər Dəmiryol vağzalına gəlmişdir. Buradan «Memar Əcəmi» metrosuna gəldikləri üçün metronun «28 may» stansiyasına daxil olmuş, platformada gözlədikdən sonra «Dərnəgül» metrosu istiqamətində gedən qatar gəlmiş və onlar sıxlıqda qatara daxil olmuş, qatarda sıxlıq olduğu üçün ayaq üstə dayanmışlar. Qatar metronun «Nizami» stansiyasında olan zaman yanında dayanan 35-40 yaşlarında bir kişinin qolu ona toxunmuş, həmin şəxsə aralı durmağını demiş, bu vaxt qatar metronun «Nizami» stansiyasında saxlamış, qatar dispeçeri sərnişinlərə qatarı tərk etməyi demişdir. Onlar qatardan düşmüş, bu vaxt əynində olan ağ rəngli qış gödəkcəsinin sağ yan cibinə əlini daxil etdikdə içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, «Kapital bank»-ın sosial kartı və 167 manat pulu olan dəri materialdan olan qırmızı rəngli pul kisəsinin cibində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt yanında dayanan və qolu ona toxunan qeyd etdiyi şəxsdən şübhələnmiş və qatardan düşüb həmin şəxsi axtarmağa başlamışdır. Lakin həmin şəxsi platformada tapa bilməmiş, bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq cinayəti hadisəsi nəticəsində ona ümumilikdə 180 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini və sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 11 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində həyat yoldaşı Şahid3, himayəsində olan 7 yaşlı oğlu Əli Ələkbərli və 4 yaşlı qızı Sona Ələkbərli ilə birlikdə «Azadlıq» metrosuna getdikləri üçün metronun «28 may» stansiyasına daxil olub platformaya düşmüş, platformada gözlədikdən sonra «Dərnəgül» metrosu istiqamətində gedən qatar gəlmişdir. Qatara minən zaman metronun «28 May» stansiyasının ptatformasında çoxlu sayda sərnişin olmuş, həmin vaxt ona toxunan olmuş, lakin ona toxunan şəxslərin qəsdən və ya sıxlığa görə toxunduğunu bilməmişdir. Qatara mindikdən sonra sağ çiynindən asmış olduğu çantasına baxmış və çantasının düyməsinin açıq olduğunu görmüşdür. Şübhələndiyi üçün çantasına baxmış, ***-***-**-** nömrə altında istifadə eldiyi **********67016 və **********77014 İMEİ kodlu, «Samsung Galaxy A-10» markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Çantasının içərisindən mobil telefonunu oğurlayan şəxsi görməmiş, bundan sonra həyat yoldaşı Şahid3 oğurlanmış mobil telefonunun üzərində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, lakin telefonuna zəng çatsa da, cavab verən olmamışdır. Təxminən bir saat sonra telefonuna zəng çatmamışdır. Baş vemiş oğurluq cinayəti nəticəsində ona məxsus dəyəri 360 manat olan «Samsung Galaxy A-10» markalı **********67016 və **********77014 İMEİ kodlu mobil telefon, dəyəri 4 manat olan telefonun arxa qoruyucusu, dəyəri 4 manat olan telefonun qabaq şüşəsi və telefonun üzərindəki dəyəri 5 manat olan ***-***-**-** №-li GSM nömrə oğurlanmış və ona ümumilikdə 373 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini və sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 Kamil qızının ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 19 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində anası Şahid2 və bacısı Zərərçəkmiş şəxs1 ilə birlikdə «Memar Əcəmi» metrosuna getmək üçün metronun «28 may» stansiyasına daxil olub platformada bir qədər gözlədikdən sonra «Dərnəgül» metrosu istiqamətində gedən qatar gəlmiş, onlar sıxlıqda qatara daxil olmuşlar. Qatarda sıxlıq olduğu üçün onlar ayaq üstə dayanmış, qatar metronun «Nizami» stansiyasında olan zaman bacısı Zərərçəkmiş şəxs1 içərisində sənədləri və pulu olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin vaxt qatar dispeçeri sərnişinlərə qatarda yaranan nasazlığa görə qatardan düşmələrini demiş, onlar sərnişinlərlə bərabər qatardan düşmüş, onlar qatardan düşən zaman Firuzə pul kisəsini oğurlamaqda onun yanında dayanan bir kişidən şübhəldiyini demişdir. Onlar qatardan düşdükdən sonra bacısı Zərərçəkmiş şəxs1 həmin şəxsi axtarmağa başlamış, lakin tapa bilməmişdir. bundan sonra bacısı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Firuzənin dəri materialından ibarət olan pul kisəsinin içərisində ümumilikdə 167 manat pul olmuş, həmin pullar 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq, 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq pul əskinazlarından ibarət olmuş, bundan əlavə Firuzənin pul kisəsinin içərisində ona aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bir ədəd içərisində heç bir məbləğdə pul olmayan «Kapital Bank»a aid sosial müavinat almaq üçün istifadə olunan plastik bank kartı olmuşdur. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 19 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində qızı Şahid1 və Zərərçəkmiş şəxs1 ilə birlikdə «Memar Əcəmi» metrosuna getmək üçün metronun «28 may» stansiyasına daxil olub platformada bir qədər gözlədikdən sonra «Dərnəgül» metrosu istiqamətində gedən qatar gəlmiş, onlar sıxlıqda qatara daxil olmuşlar. Qatarda sıxlıq olduğu üçün ayaq üstə dayanmış, qatar metronun «Nizami» stansiyasında olan zaman qızı Zərərçəkmiş şəxs1 içərisində sənədləri və 167 manat pulu olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin vaxt qatar dispeçeri sərnişinlərə qatarda yaranan nasazlığa görə qatardan düşmələrini demiş, onlar sərnişinlərlə bərabər qatardan düşmüş, onlar qatardan düşən zaman Firuzə dəri materialından ibarət olan pul kisəsini oğurlamaqda onun yanında dayanan bir kişidən şübhələndiyini qeyd etmişdir. Onlar qatardan düşdükdən sonra Firuzə həmin naməlum şəxsi axtarmağa başlamış, lakin, onun axtarışları heç bir nəticə verməmiş, bundan sonra Firuzə DİN-nin 102 xidmətinə zəng edib oğurluq barəsində məlumat vermişdir. Firuzənin dəri materialından ibarət olan pul kisəsinin içərisində ümumilikdə 167 manat pul olmuş, həmin pullar 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq, 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq pul əskinazlarından ibarət olmuş, bundan əlavə Firuzənin pul kisəsinin içərisində ona aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bir ədəd içərisində heç bir məbləğdə pul olmayan «Kapital Bank»a aid sosial müavinət almaq üçün istifadə olunan plastik bank kartı olmuşdur. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 11 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində arvadı Zərərçəkmiş şəxs2, himayəsində olan 7 yaşlı oğlu Əli Ələkbərli və 4 yaşlı qızı Sona Ələkbərli ilə birlikdə «Azadlıq» metrosuna getmək üçün metronun “28 may” stansiyasına daxil olub platformaya düşmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 istifadəsində olan «Samsung Galaxy 10» markalı mobil telefonu sağ çiyin nahiyəsində asmış olduğu çiyin çantasının içərisində olmuşdur. Platformada gözlədikdən sonra «Dərnəgül» metrosu istiqamətində gedən qatar gəlmiş, qatara minən zaman metronun «28 May» stansiyasının platformasında çoxlu sayda sərnişin olmuş, onlar sıxlıqda qatara daxil olmuşlar. Qatar hərəkətə başlamış, həmin vaxt Mələk sağ çiyin nahiyəsindən asmış olduğu çantasının içərisində olan telefonu götürmək istəmişdir. Mələk əlini çantasının içərisinə salmış, telefonu çantanın içərisində axtarmış, telefonun olmadığını görüb ondan mobil nömrəsini yığmağını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 nömrəsini öz telefonundan yığmış, telefona zəng çatmış, amma cavab verən olmamış, təxminən bir saat sonra yenidən telefona zəng etmiş, lakin telefon sönülü olduğundan telefona zəng çatmamışdır. Bu barədə Zərərçəkmiş şəxs2 demiş, onlar metroda xidmət aparan polis əməkdaşlarına şifahi müraciət etmiş, polis əməkdaşları onları X2 yönəltmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.47-48); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.92); - “Götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılaraq Bakı Metropolitenində PŞ-nə gətirmiş Təqsirləndirilən şəxs bir ədəd sübut əhəmiyyəti kəsb edən «Samsung» markalı, «SM-A105F (A10)» modelli, **********67016 və **********77014 İMEİ kodlu mobil telefon götürülmüşdür (i.v.57); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2868 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Samsung» markalı, «SM-A105F (A10)» modelli mobil telefon aparatının satış üçün kompektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.126-128); - “İfadənin yerində yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, polis əməkdaşları ilə birlikdə ünvan 3 ünvanında yerləşən zibil yeşiklərinin yanına gəlmiş və burada həmin zibil yeşiklərindən birini göstərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus pul kisəsini həmin zibil qutusuna tullamışdır. İfadənin yerində yoxlanıİması zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.80-82); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd «Samsung» markalı, «SM-A105F (A10)» modelli mobil telefon aparatı və hadisənin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd «Samsung» markalı, «SM-A105F (A10)» modelli mobil telefon aparatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (i.v.135-145); - İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə metronun «28 may» stansiyasından «Dərnəgül» istiqamətində hərəkətdə olan qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 yaxından təqib edərək vaqonun giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minmək istəyən Zərərçəkmiş şəxs1 əynində olan ağ rəngli qış gödəkcəsinin sağ yan cibinə əlini daxil edərək dəri materialından ibarət olan pul kisəsini götürərək qatara minmədən platformanı tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə metronun «28 may» stansiyasından «Dərnəgül» istiqamətində hərəkətdə olan qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 yaxından təqib edərək vaqonun giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan bir daha istifadə edərək platformada dayanaraq qatara minmək istəyən Zərərçəkmiş şəxs2 sağ çiyin nahiyəsində olan düyməsi açıq əl çantasının içərisindən bir ədəd «Samsung» markalı «SM-A105 F (A 10)» modelli mobil telefon aparatını götürmüşdür. Təqsirləndirilən şəxs diskə baxış zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs1 pul kisəsini və Zərərçəkmiş şəxs2 mobil telefon aparatını oğurlayan şəxs onun özüdür; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Moskva şəhər Taqansk rayon Məhkəməsinin xx.xx.2016-cı il hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 2-ci hissəsinin Q bəndi, 30-cu maddəsinin 3-cü hissəsi, 69-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.122-123); - Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Rusiya Federasiyası Moskva şəhəri Taqansk rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmünün tanınmasına dair cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmamışdır; - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur; - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməlin təkrar törədilməsinə, 177.2.5-ci maddəsi isə eyni əməlin zərər çəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 06 ay 23 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 01 ay 16 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, 01 ədəd «Samsung» markalı, «SM-A105F (A10)» modelli mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 06 (altı) ay 23 (iyirmi üç) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 16 (on altı) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Samsung» markalı, «SM-A105F» modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar