Məhkəmə qərarları › İş №1(006)-257/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-257/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-257/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, müəllim, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 11 radələrində təcrübəçi olduğu ünvan 2 ünvanında yerləşən “AF Business House” mərkəzinin binasında fəaliyyət göstərən “Code" MMC-yə məxsus yeməkxanada həmin Cəmiyyətin Qrafik və Veb Dizayn tədris proqramı üzrə tələbəsi Zərərçəkmiş şəxs oğlunun diqqətlə ona baxmasını cüzi səbəb kimi bəhanə gətirib sonuncu ilə sözlü mübahisə edərək yeməkxanadan çölə çağırıb həmin ünvanında yerləşən keçiddə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə sonuncunun sifət nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona burun sümüyünün yerdəyişmiş sınığı və burunla tənəffüsün ikitərəfli pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançırşişkinlik halında əzilməsi, sol gözaltı nahiyənin qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından ünvan 3 ünvanında yerləşən “Code Akademy" hazırlıq kursunda qrafik dizaynerlik üzrə müəllim köməkçisi işləmişdir. Zərərçəkmiş şəxs həmin kurslarda tələbə kimi tanımış və sonuncu onun müəllim köməkçisi olduğu sinifdə təhsil alırmış. xx.xx.2023-cü il tarixdə saat 11:30-da tənəffüs zamanı digər tələbə Şahid ilə birlikdə yeməkxanada əyləşib kofe içən zaman İbrahim dayanmadan ona qərəzli baxışlarla baxıb gülümsəyirdi. İbrahimdən hansı səbəbdən ona baxdığını və güldüyünü soruşduqda sonuncu ona isə “yaxşı edirəm, göz baxmaqdan yanadır və səninlə mırtdaşıram” deyərək ona kobud sürətdə cavab qaytarmışdır. Həmin vaxt onların ətrafında 10-12 nəfər tələbə var idi. Tələbələrin yanında hörmətsizlik olmaması və mübahisə baş verməməsi səbəbindən o, İbrahimi bayıra çağırmış, onlar birlikdə “AF BİZNES HOUSE” mərkəzinin yan hissəsində olan keçidə keçmişlər, orada o, İbrahimdən təkrarən hansı səbəbdən ona belə hörmətsizlik etdiyini soruşmuş, sonuncu isə təkrarən onunla “mırtdaşdırdığını” bildirmişdir. O, isə yenədə özünü ələ alıb İbrahimə iradını bildirmiş və tələb etmişdir ki, bir daha tələbələrin yanında ona belə hörmətsizlik etməsin. Bu zaman İbrahim ona təkrar kobud cavab qaytardığı üçün o, da özünü saxlaya bilməmiş və sağ əli ilə İbrahimin üz nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra İbrahimin burnundan qan gəlməsini gördükdə Musa ilə birlikdə İbrahimə yardım etmiş, su ilə onun üzünü yumuş və sonuncunun paltarında qan ləkələri olduğu üçün, onlara dərsə girməmələrini bildirərək özü dərs otağına gedib İbrahimin çantasını götürüb bayıra çıxmışdır. Daha sonra İbrahimi yaşadığı ünvana qədər ötürmüş və onunla birlikdə sonuncunun yaşadığı mənzilində çay içmiş, sonra da oradan çıxıb getmişdir. Dalaşma zamanı ətrafda heç kim olmamış Musa isə sonradan gəlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş vermə səbəbi Zərərçəkmiş şəxs onun “Code Akademy" hazırlıq kursunda qrafik dizaynerlik üzrə müəllim köməkçisi işlədiyi yerdə tələbələr qarşısında ona qarşı etdiyi kobud sözlər və hörmətsizlik olmuşdur. Həmçinin bildirmişdir ki, o, hadisəni xuliqanlıq və ya cəmiyyətə hörmətsizlik niyyəti ilə etməmiş, istintaq orqanı isə həmin xüsusatları nəzərə almadan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əsassız ittiham elan etmişdir. Göstərilən halları nəzərə alaraq onun əməlini həmin Məcəllənin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışdığı üçün barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin zərərçəkən Zərərçəkmiş şəxs tələbə və müəllim arasında şəxsi münasibətlər zəminində və mübahisənin zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmasına baxmayaraq, onun hərəkətlərinin xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirlib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yanvar ayından Nizami küçəsi 203-də yerləşən “AF BİZNES HOUSE" da yerləşən “Cod Academy" də qrafik və veb dizayn kursunda təhsil alır. O, kursda təcrübəçi işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2023-cü ilin yanvar 19-da saat 12 radələrində dərslərinin ikinci fasiləsi zamanı Şahverdi və qrup yoldaşı Şahid ilə birlikdə yeməkxanada əyləşib kofe içən zaman, Şahverdi söhbət etdiyindən o, sonuncunu dinlədiyi üçün diqqətlə ona baxırmış, həmin vaxtı “nə üçün mənə diqqətlə baxırsan?”- deyə Şahverdi ona baxaraq soruşmuş, o, da "göz nə üçün yaradılıb, sadəcə baxıram, sonra isə səninlə mırtdaşıram deyə” Şahverdıyə söyləmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Şahverdi onu çölə çağırmış, o, da razılaşaraq çölə çıxmışdır. “AF BİZNES HOUSE” yerləşən ünvanın yanında olan zibil qutuları üçün nəzərdə tutulan xırda bir dalana girmiş, Şahverdi onunla üzbəüz dayanmış sonra isə qəflətən yumruqla üzünə vurmuş, o, da zərbənin təsirindən müqavimətini itirmişdir, lakin bir qədər sonra özünə gəlmiş, burnundan qan gəldiyindən orada olan Musa su gətirmiş, üzünü isə Şahverdi yumuşdur. Sonuncu onun halsız olduğunu gördüyü üçün suyu öz əlinə töküb onun üzünü yumağa köməklik etmişdir. Sonra da Şahverdi onunla birlikdə onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev 6, 26-cı mənzilə getmiş evdə oturub çay içmişlər, sonra da Şahverdi getmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yalnız üz nahiyəsindən bir dəfə vurmuş, zərbənin gücündən o, müqavimətini itirmiş, sonradan onların yanına Musa yaxınlaşmış və başqa şəxs və ya şəxslər olmamışdır. Hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı etdiyi əməldən peşman olduğunu, vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, ona qarşı heç bir tələb, şikayət və mülki iddiasının olmamasını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından Bakı şəhəri, Nəsimi rayonu, "Cod Akademy” hazırlıq kursunda, dizaynerlik üzrə təhsil alır. xx.xx.2023-cü il tarixdə hazırlıq kursunda olan zaman saat 11 radələrində tənəffüs zamanı, o, müəllim köməkçisi Təqsirləndirilən şəxs və onunla birlikdə təhsil alan tələbə Zərərçəkmiş şəxs hazırlıq kursunun kafesində bir yerdə masa ətrafında oturub çay içən zaman İbrahim dayanmadan Şahverdiyə qərəzli baxışlarla baxıb gülümsəyirdi. Şahverdi İbrahimdən hansı səbəbdən ona baxdığını və güldüyünü soruşduqda sonuncu ona isə uca səslə "yaxşı edirəm göz nə üçün yaradılıb, sadəcə baxıram da, sonra isə səninlə mırtdaşıram deyə” ona kobud sürətdə cavab qaytarmışdır. Bu səbəbdən orada onların arasında sözlə mübahisə yaranmış və Şahverdi masadan qalxaraq İbrahimi çölə çağırmışdır. O, biraz geçikərək onların dalaşmamaları üçün arxası ilə çıxmış və həmin ünvanda yerləşən “AF BİZNES HOUSE" mərkəzinin yanında olan keçidə çatarkən Şahverdinin İbrahimin sifət nahiyəsindən yumruqla zərbə vurmasının şahidi olmuşdur. Zərbənin gücündən İbrahimin burnundan qan gəldiyi üçün o, yaxınlığda olan mağazadan su alıb gətirmiş Şahverid İbrahimin üzünü yumuş, sonra da İbrahim Şahverdi ilə birlikdə getmişlər. İbrahimlə Şahverdi dalaşan zaman ətrafda heç kim olmamışdır. Məhkəmə iclasında Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, kafedə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hörmətsizlik edən zaman onların yanında digər masada 10-12 nəfərə yaxın tələbə oturmuş və bu hadisənin şahidi olmuşlar. Cinayət işinin 118-119-cu vərəqələrində olan 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 154-155-ci vərəqələrində olan 17 mart 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 162-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin ekspertizasının 14 aprel 2023-cü il tarixli, T183/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - burun sümüyünün yerdəyişmiş sınığı və burunla tənəffüsün ikitərəfli pozulması ilə müşayiət olunan burun nahiyyəsinin qançır- şişkinlik halında əzilməsi, sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni insan bədəninin hissəsinin (baş, əl, ayaq, və s.) təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 170-171-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 01 iyun 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş və məhkəmə iclasında təqdim etdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir mülki iddiası və şikayəti yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında olan xuliqanlıq niyyətini göstərməklə kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törətməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda Təqsirləndirilən şəxs əməlini tövsif edərkən hadisənin xx.xx.2023-cü il tarixdə saat saat 11:30-da “AF Business House” mərkəzinin binasında fəaliyyət göstərən “Code" MMC-yə məxsus yeməkxanada tənəffüs zamanı tələbə Şahid Təqsirləndirilən şəxs və zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə yeməkxanada əyləşib kofe içən zaman baş verdiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs dayanmadan qərəzli baxışlarla baxmasını və ondan hansı səbəbdən ona baxdığını və güldüyünü soruşduqda Zərərçəkmiş şəxs ona “yaxşı edirəm və səninlə mırtdaşıram deyərək ona kobud sürətdə cavab qaytarmasını, həmin vaxt onların ətrafında 10-12 nəfər tələbənin olmasını, tələbələrin yanında hörmətsizlik olmaması və mübahisə baş verməməsi səbəbindən təqsirləndirilən şəxsin zərərçəkən şəxsi bayıra çığarmasını və orada da Təqsirləndirilən şəxs təkrarən hansı səbəbdən ona belə hörmətsizlik etdiyini soruşduqda Zərərçəkmiş şəxs isə təkrarən onunla mırtdaşdırdığını bildirməsini nəzərə almamışdır. Göründüyü kimi hazırki cinayət işi üzrə əməl zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verdiyindən, həmçinin təqsirləndirən şəxs Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirilmədiyindən, içtimai qaydaları və içtimai maraqları, habelə əxlaq normalarını pozan və buna ehtinasızlıq göstərən hərəkətlər etmədiyindən xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin digər mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmi nümayiş etdirilməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərlə ifadə olunur. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təhriki ilə və təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmədən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etmədən baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikasının CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin zərərçəkmiş şəxsin təhriki nəticəsində baş verməsini, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Bu səbəbdən də, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar