Məhkəmə qərarları › İş №1(006)-257/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-257/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-257/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,173 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 03 dekabr 2024-cü il tarixdə saat 20:00-da ünvan 3 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi rayon polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 21-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 03 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,447 qram, 0,332 qram və 0,394 qram olmaqla ümumi təmiz çəkisi 1,173 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xeyli müddətdir ki, "patı" adlanan psixotrop maddə qəbul etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində Sovetski adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən psixotrop maddə olan 03 bükümdə patını 30 manata almışdır. xx.xx.2024-cü il tarixdə saat 20:00-da yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdırlar. Özlərinin polis olduqlarını təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini bildirmişdirlər. O da özü haqda anket məlumatlarını şifahi təqdim etmişdir. Polislər onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 21-ci PB-ni inzibati binasında otaqlardan birinə dəvət etmişdirlər. Polis Bölməsində olan zaman ona dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Sonra ona bildirilmiş ki, üzərində şəxsi axtarış keçiriləcək. Baxışda video çəkiliş aparmaq üçün bir nəfər şəxs dəvət etmişdirlər. Ona müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, da əynindəki qara rəngli idman şalvarının sağ yan çibindən 03 ədəd şəffaf sellofan kəsiyində bükümü və gödəçəsinin sol cibindən "Samsung" markalı mobil telefonunu, həmçinin bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində başqa bir əşya və ya predmet olmadığını bildirmişdir. Üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ona təqdim etdiyi 03 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o, həmin bükümün içərisindəkinin psixotrop maddə olan patı olduğunu və 30 (otuz) manata Sovetski adlanan ərazidən aldığını bildirmişdir. O, həmin psixotrop maddələri özünün istifadəsi üçün və ya hər hansı bir şəxsə verməyi üçün aldığını bildirmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. İçərisində "patı" olan 03 ədəd bükümün və mobil telefonun zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Ona məxsus olan alışqan sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin üzərindən aşkar olunan psixotrop maddə olan patı ilə bağlı ona başqa hər hansı bir yerdə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlayıbsaxlamamağını sual etdikdə hər hansı bir əşya olmadığını bildirmişdir. Məhkəmə iclasında ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onda elektron tərəzi olmamışdır. İstintaq zamanı verilən sənədləri oxumamış, nə vermişlərsə imzalamışdır. O, istintaq zamanı ifadə verməmişdir, sadəcə sual veriblər ki, nə üçün almısan, o isə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, narkotikin satışı ilə heç vaxt məşğul olmamışdır. İstintaqda ona işinin 234.1-ci maddəsi ilə aparıldığını bildirmişlər, ona görə sənədləri oxumadan qol çəkmişdir. İstintaq da ona qarşı zor tətbiq edilməyib. Sonda Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə heç vaxt məşğul olmadığını, onu yalnız özünün şəxsi məqsədləri üçün, həmçinin üzərindən aşkar edilmiş narkotik maddəni öz istifadəsi üçün əldə etdiyini bildirərək, əməlinin Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif olunmasını və həmin maddə ilə məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəis müavini Şahid ifadəsində göstərmişdir ki, 03 dekabr 2024-cü il tarixdə o, Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili X6 ilə birlikdə, ünvan 5 ünvanın qarşısında olarkən bir nəfər şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhələnərək həmin şəxsə saat 20:00 radələrində yaxınlaşmışlar, özlərini təqdim edib həmin şəxsə özünü təqdim etməsini bildirmişdirlər. Həmin şəxs də özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra onlar həmin şəxsin özünü narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında şübhəli apardığını bildirmişlər, sonuncu səmimi olaraq narkotik vasitənin üzərində olduğunu demiş və onu Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər həmin şəxs buna etiraz etməmişdir. Həmin şəxs Nəsimi RPİ-nin 21ci PB-nə gətirildikdən sonra Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə rəhbərliyə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Nicat Qasımzadəyə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışdırlar. Təqsirləndirilən şəxs vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkilin və onun öz istəyi ilə Şəxsi axtarışda vəkil iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs ilkin olaraq əynindəki olan idman şalvarının yan cibindən şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal maddə olan 03 ədəd bükümü, gödəkçəsinin sol çibindən “Samsung” markalı mobil telefonu 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs həmin bükümlərdə psixotrop maddə “Patı” olduğunu, həmin ağ rəngli kristal şəkilli psixotrop maddənin “Sovetski” adlanan yerdən adını bilmədiyi şəsxdən 30 manata öz istifadəsi üçün və tanışlarına verməsi üçün aldığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi, axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti daşıdığı üçün zərfə qoyularaq qablaşdırılmış və 01 ədəd alışqan özünə qaytarılmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21ci PB-nin baş əməliyyat müvəkkili X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid X3 istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq olunmuşdur. Cinayət işinin 21-ci vərəqində olan “Şübhəli şəxsin tutulması barədə” 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 34-35-ci vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 03 dekabr 2024-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üzərində olan əşyalara baxış keçiriləcəyi bildirildi. O, buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirdi. Daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli İdman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş içərislndə ağ rəngli kristal maddə olan 03 ədəd bükümü, gödəkçəsinin sol cibindən “Samsung” markalı mobil telefonu, 01 ədəd alışqanı masanın üzərinə qoymaqla təqdim etdi. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddəyə baxış keçirilməsinə başlandı. Təqdim olunan 03 ədəd bükümə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bükümün içində “patı” adlı psixotrop maddənin olduğunu dedi. Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu məlum oldu. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminə bənzər maddəni «Sovetski» adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün və tanışlarına verməsi məqsədilə 30 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli, kristal şəkilli maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün və “Samsung” markalı mobil telefonu maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada ayrıayrılıqda hər biri 01 ədəd kağız zərflərdə qablaşdırılaraq DİN-nin 189 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmalarnın üzərinə imza etdilər. 01 ədəd alışqan sübut əhəmiyyəti daşımadığı üçün Təqsirləndirilən şəxs qaytarıldı. Cinayət işinin 44-45-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2024-cü il tarixli, 6/5371 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°52» dairəvi möhür əksi, «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 büküm psixotrop maddəyə bənzər maddə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs » yazısı və imzalar olan zərfdəki, 03 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,447 qram, 0,332 qram, 0,394 qram, ümumi təmiz çəkisi 1,173 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 78-ci vərəqində olan “Mobil telefona baxış keçirilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “Samsung” markalı mobil telefonun daxilindəki məlumatlara baxış zamanı “yığılmış”, “qəbul edilmiş”, “zənglər” və “SMS”lər bölməsində iş üçün əhəmiyyətli heç bir məlumatın olmadığı müəyyən edilmədi. Cinayət işinin 79-80-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 7649 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 88-92-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-692/2024 saylı qərarından görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi. həbsetmənin əvvəlinin 03 dekabr 2024-cü il tarixdən, saat 20:00-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 96-cı vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırrığından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri kimdən almasının və onun psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə 21-ci Polis Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Cinayət işinin 97-ci vərəqində olan Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa məlumat veriləcəkdir. Cinayət işinin 101-102-ci vərəqlərində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 104-108-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-256/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) il gün müddətin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hazıki hökmlə təyin olunmuş cəzadan çıxılması və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 112-120-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 3(üç) ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,173 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.053 qram qalığın saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına verilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən qəbul edilmiş və digər sübutlarla birlikdə cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16- 21-1/2-40421/2025 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyatda alınmışdır. Nəsimi Rayon Məkhəməsinin 4(006)- 692/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəinin xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 07 ay 02 gün təşkil edir. Məhkəmə tərəfindən qəbul edilmiş və digər sübutlarla birlikdə cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-257/2025 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarix saat 00:00-dan – xx.xx.2024-cü il tarix saat 00:00-dək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələrin anten dairəsi haqqında məlumatların müvafiq olaraq "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli, 19336 nömrəli məktubuna,"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, GQ-2-439-330-2025 saylı və xx.xx.2025-ci il tarixli, AZF/LGL-565/25 saylı məktublarına əlavə edilmiş ümumilikdə 03 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hallar aşkar edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli İdman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etməsi müəyyən olundu. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, şahid ifadələri ilə, iş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli protokolla (i.v.78), məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 19336 nömrəli məktubuna,"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, GQ-2-439-330-2025 saylı və xx.xx.2025-ci il tarixli, AZF/LGL-565/25 saylı məktublarına əlavə edilmiş ümumilikdə 03 ədəd disklə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktı sübuta yetirilməmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə nəticəyə gələrkən Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddələrin qramı və bükümlərin sayını əsas götürmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı “psixtorop maddəni özünün istifadəsi və ya hər hansı bir şəxsə verməsi üçün alması” ilə bağlı xüsusata dair qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında həmin ifadəsini təkzib etmiş, ona istintaq zamanı əməlinin CM-in 234.1-ci maddəsi ilə istintaq edildiyi bildirildiyindən sənədləri oxumadan imzaladığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərilmiş bu hal digər sübutlarla təsdiq edilmədiyindən məhkəmə həmin ifadəni təqsirləndirilən şəxsin etirafı kimi qəbul etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” işi üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, təqsirləndirilənin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Belə ki, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda “Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa məlumat veriləcəkdir.” ifadələri qeyd edilsə də həmin məktub mənbəyinin mötəbərliyi şübhə doğurduğundan sübut kimi qəbuledilən deyil. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, yuxarıda qeyd edilən məktubda Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddənin satışı ilə məşğul olması faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki məktuba münasibətdə isə ümumiyyətlə, irəli sürülmüş tezisi əsaslandıran arqument mövcud deyil. Digər tərəfdən, əgər həqiqətən məktubda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdirsə, nəyə görə psixotrop maddənin satıldığı istehlakçıların müəyyən edilməsi üçün həyata keçirilən əməliyyat tədbirlərinin müsbət nəticə verməsi barədə istintaq orqanına məlumat verilməmişdir. Bundan başqa iş üzrə ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri, iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitələri öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 1,173 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitələri heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,173 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,173 qram çəkidə psixotrop maddə metmafetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikasının Cinayət prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Səftər oğlunun əməlini qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs Səftər oğlu, əvvəllər məhkum olunsa da (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-256/2024 saylı hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-256/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 7 (ay) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 9 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi cinayət işi üzrə keçirilmiş 13 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 39 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə məhkəmədə iştirak etdiyi 39 (otuz doqquz) iş saatına görə 369 (üç yüz altmış doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-256/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 7 (ay) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 9 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,053 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 39 (otuz doqquz) iş saatına görə 369 (üç yüz altmış doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar