Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-258/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Kürdəmir rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 177.2.3-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə, saat 22:10 radələrində təsadüfən yanından keçdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 52 saylı ünvanda yerləşən “Bistro” kafe-barda Zərərçəkmiş şəxs1 əyləşməsini görüb kafeyə daxil olmuş, sonuncudan bir gün əvvəl onu söyüb-təhqir etməsinin səbəbini soruşduqda, Zərərçəkmiş şəxs1 belə hərəkətlərə yol vermədiyini bildirməsindən əsəbləşərək xuliqanlıq niyyəti ilə qəfildən Zərərçəkmiş şəxs1 əvvəlcə kafenin içərisində, daha sonra kafenin giriş hissəsində sifət nahiyyəsindən yumruqla vurub əli ilə itələyib yıxaraq onun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan burun sümüyünün açıq yerdəyişən sınığı, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan alın, sol qaş və qaşarası nahiyələrin əzilmiş-cırılmış yaraları, hər iki gözaltı və burun nahiyələrinin qançırları kimi sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 04:30 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 217 saylı ünvanda yerləşən “Əlvan metal qəbulu” emalatxanasının kilidini sındıraraq ora qanunsuz daxil olmuş, oradan 01 kiloqramı 07 manat 50 qəpik olan 78,75 kq çəkidə 590 manat 62 qəpik dəyərində misi, 01 kiloqramı 05 manat 60 qəpik olan 42,50 kq çəkidə 238 manat dəyərində latunu və 01 ədəd 250 manat dəyərində “Dahua Technology” markalı müşahidə kamerasını oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.078,62 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 21:30 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Muğan” parkına istirahət etmək məqsədi ilə gedərək skamyaların birində əyləşmişdir. Bu zaman bir nəfər yaşlı kişi, şəxsiyyəti ona sonradan Zərərçəkmiş şəxs1 kimi məlum olan şəxsin müvazinətini saxlaya bilmədiyini görmüş və onun hərəkətlərindən sərxoş olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 üz-üzə olan skamyanın yanında dayanıb skamyanın üzərinə sidiyini ifraz etməyə başladığına görə o, ona iradını bildirəndə sonuncu onu təhqir etmişdir. O da ona əhəmiyyət verməyərək sakitcə oradan uzaqlaşmış, lakin onun bu hərəkəti ona pis təsir etmişdir. Səhəri günü saat 22 radələrində Nəsimi rayonu, 28 May küçəsi ərazisində məişət tullantıları toplayaraq “Bistro” kafesinin qarşısından keçən vaxt, orada məişət tullantıları yığılan qutulara baxanda bir gün əvvəl onu parkda təhqir edən Zərərçəkmiş şəxs1 kafedə əyləşib yemək yediyini görmüşdür. Bu şəxsin bir gün əvvəl ona qarşı etdiyi hərəkətlərə görə ondan üzr istəməsi üçün ona yaxınlaşıb hadisəni yadına salmış, lakin Zərərçəkmiş şəxs1 onu yenə də təhqir etmişdir. O isə ona onunla mübahisə etməyə gəlmədiyini və sərxoş vəziyyətdə düzgün olmayan hərəkətlər etməsini deyəndə, Zərərçəkmiş şəxs1 yenə də nalayiq sözlər işlədərək “əcəb edib söymüşəm” deyəndə, o yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Bunu görən kafedə olan müştəri və orada olan şəxslər onu kafedən çıxartmış, bu zaman Zərərçəkmiş şəxs1 kafedən çıxıb onun üzərinə gəlmiş və onlar yerə yıxılmışlar. O, altda qalmış və bundan istifadə edən Zərərçəkmiş şəxs1 onun başını yerə vurmuş, o da əli ilə onu itələyib yıxmış, daha sonra məişət tullantıları yığdığı arabanı götürüb oradan uzaqlaşmışdır. Oğurluq hadisəsi ilə bağlı bildirir ki, o, Zərərçəkmiş şəxs2 Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 217 saylı ünvanda yerləşən emalatxananı işlədən şəxs kimi tanıyır, onunla tanışlığı olmuşdur. xx xxxx 2020-ci il tarixdə bu emalatxanaya gəlmiş, bu zaman Eldənizin kisələrə mis, latun olmuş və sair əşyaların kisələrə yığdığını görmüşdür. Eldəniz həmin əlvan metalları səhəri günü satacağını bildirdiyinə görə o, onları talayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Ona görə o, emalatxananın dəmirdən ibarət pəncərəsinin arxa tərəfində olan qıfılı açıq qoymuş, saat 19:30 radələrində Eldəniz emalatxananı bağlayıb çıxıb getmişdir. Gecə saat 04:30 radələrində həmin emalatxanaya getmiş, yolda gedən vaxt Eldənizi yoxlamaq üçün onun telefonuna zəng edərək guya ailəsinin rayondan Bakı şəhərinə gətirmək üçün ondan köməklik istəmiş, sonuncu da kömək edəcəyini və hazırda evində olduğunu bildirmişdir. Bundan sonra o, emalatxananın pəncərəsini açıb içəri daxil olmuş, Eldənizin əvvəlcədən yığdığı əlvan metallar olan 05 ədəd kiçik kisələri götürüb pəncərədən çıxardaraq kənara qoymuş, həmçinin emalatxanada olan videomüşahidə kamerasını götürmüşdür. Sonra metronun “28 May” stansiyası yaxınlığına getmiş və orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsin idarə etdiyi “Mitsubishi” markalı minik avtomobildə olduğunu görmüş, ona yaxınlaşaraq metronun “20 Yanvar” stansiyası ərazisinə apara biləcəyini soruşduqda həmin şəxs 07 manata aparacağını bildirsə də, onunla 05 manata razılaşıb emalatxanadan oğurladığı və içərisində əlvan metallar olan 05 ədəd kiçik kisələri həmin şəxsin avtomobilinə yerləşdirmişdir. “20 Yanvar” stansiyası ərazisinə gəldikdə o, əlvan metal olan kiçik kisələri ağ rəngli “QAZ-24” markalı avtomobil ilə metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə bu metalları 325 manata, videomüşahidə kamerasını isə başqa şəxsə 10 manata satmışdır. Sonra o, Kürdəmir rayonuna getmiş və oğurluq nəticəsində əldə etdiyi ümumilikdə 335 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Səhəri günü Eldəniz ona zəng edib əlvan metalların onun tərəfindən götürüb-götürməməsini soruşanda o, törətdiyi əməli etiraf etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, xx xxxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Nəsimi rayonu, 28 May küçəsi, 52 saylı ünvanda yerləşən “Bistro” adlı kafe-barda yemək yeyərkən tanımadığı bir şəxs, adı sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxs ona yaxınlaşaraq hansı səbəb görə ona nalayiq söz işlətdiyini soruşanda, o belə bir hərəkətin etmədiyini demiş, lakin buna baxmayaraq heç bir səbəb olmadan Ağasən yumruqla onun sol qaş nahiyyəsindən vurmuş və onu sürüyərək kafedən bayıra çıxartmışdır. Küçədə Ağasən yenə onu döyməyə başlayaraq yumruq və təpiklə bədəninin müxtəlif yerlərindən vurmuşdur. O da bir anlığa huşunu itirmiş və özünə gələndə sonra “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2020ci ilin yanvar ayından Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 217 saylı ünvanda yerləşən şüşə qəbulu emalatxanasını icarəyə götürüb işlədir. Həmin emalatxanada tək işləyir, emalatxananı saat 09 radələrində açıb, saat 18 radələrində bağlayır. xx xxxx 2020-ci il tarixdə, saat 09 radələrində həmişə olduğu kimi emalatxanaya getmiş, saat 13 radələrində ora tanıdığı Təqsirləndirilən şəxs şəxs gəlmişdir. Həmin gün, saat 19:30 radələrində emalatxananı bağlayıb evinə getmiş, bu vaxta kimi də Ağasən onun yanında olmuşdur. xx xxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində emalatxanaya gələrkən görmüşdür ki, onun qapısı açıqdır, qapının kilidi də sındırılıb. İçəri daxil olanda müəyyən etmişdir ki, müxtəlif şəxslərdən aldığı əlvan metallar - 78,75 kq çəkidə mis, 42,50 kq çəkidə latun, həmçinin 250 manata aldığı “Dahua Technology” markalımüşahidə kamerası yoxdur. Dərhal düşünmüşdür ki, oradan bu əşyaları Ağasən götürüb. Çünki, o bu əşyaların kisələrə yığılmasını görmüş, habelə gecə vaxtı ona zəng vurub ailəsinin Bakıya gətirilməsinə kömək göstərilməsini ondan xahiş etmişdir. Buna görə də o, Ağasənin nömrəsinə zəng edərək oğurluq barədə soruşmuş, sonuncu da bunu etiraf etmiş və dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də o, bir müddət polisə şikayət etməmiş, lakin Ağasən verdiyi sözə əməl etmədiyi üçün sonradan polisə müraciət etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi Rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 02 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1bədənində aşkar olunmuş xəsarətlər - burun sümüyünün açıq yerdəyişən sınığı, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan alın, sol qaş və qaşarası nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözaltı və burun nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.127-129); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1131 saylı rəyinə əsasən bir kq əlvan olan misin qırıntı kimi 7,50 manat, bir kq əlvan olan latunun qırıntı kimi qiyməti isə 5,60 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.207-209); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-231/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.80-84); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayış və məhkəmə aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən (09 ay 02 gün) şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitmişdir (İ cild, i.v.184-186, 195-196). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarında qeyd olunur ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci, yaxud 126.2.4-cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir (5-ci bənd). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-258/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-258/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver