Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-258/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1994-cü ildə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantın rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir" tələblərini pozaraq yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvan 2 ünvanını 04 yanvar 2021-ci il tarixdə tərk edib ünvan 3 ünvanında yerləşən insanların olduğu “Alvadi” marketə daxil olaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmış və 04 yanvar 2021-ci il tarixdə saat 12:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsində Nəsimi rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, 28 dekabr 2020-ci il tarixdə səhhəti ilə əlaqədar bir sıra problemləri olduğu üçün, həmçinin həmin vaxt dünyada yayılmış “Covid- 19” virusuna yoluxmasına dair özündə şübhələr olduğundan 28 dekabr 2020-ci il tarixdə test analizi vermək məqsədilə Bakı Sağlamlıq Mərkəzinin X1 müraciət etmişdir. Orada həmin gün “Covid-19” virusuna yoluxub-yoluxmamağını öyrənmək üçün test nümunələri vermişdir. Bundan sonra test nümunələrinə dair operativ cavabın alınması üçün istifadəsində olan mobil telefon nömrəsini də həmin mərkəzə təqdim etmişdir. Daha sonra yaşadığı ünvan 2 saylı ünvana gəlmişdir. 29 dekabr 2020-ci il tarixdə saat 09:22-də istifadəsində olan mobil telefona Bakı Sağlamlıq mərkəzindən “Covid-19” virusu ilə bağlı verdiyi testin nəticəsinin müsbət olması, yəni onun “Covid-19” virusunun daşıyıcısı olmasına dair telefonuna sms gəlmişdir. Təxminən bir həftəyə yaxın evdə qalmış və həmin vaxt tanışları və yaxınları ilə mobil telefonla əlaqə saxlamış və ona gündəlik ərzaq məhsullarının alıb gətirmələrini xahiş etmiş və həmin şəxslər də öz növbəsində bunu etmişlər. 04 yanvar 2021-ci il tarixdə evdə xəstə anası olması səbəbindən qida məhsullarını qəbul etmək üçün çörək lazım olmuş və bu səbəbdən tez bir şəkildə yaşadığı evin yaxınlığında yerləşən “Alvadi” marketə gedərək oradan çörək almağı qərara almışdır. Bundan sonra “Alvadi” marketə gedib çörək almış və yaşadığı mənzilə qayıdarkən yolda polis əməkdaşı ona yaxınlaşaraq ondan icazəsinin olub-olmadığını soruşmuş, o, ad və soyadını polis əməkdaşına təqdim etmiş və yoxlandıqda onun “karonavirus” daşıyıcısı olduğu bilinmişdir. Ondan nə səbəbə mənzili tərk etdiyi soruşulduqda, o, çörək almaq üçün “Alvadi” adlı marketə getdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı onu kənara çəkərək digər polis əməkdaşlarını çağırmış və Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və nə səbəbə xəstə olduğu təqdirdə mənzili tərk etdiyini ondan soruşduqda o, bir daha çörək almaq üçün yaşadığı mənzili tərk etdiyini, evdə xəstə anasının olduğunu və çarəsiz qaldığını onlara bildirmişdir. Daha sonra isə o, polis əməkdaşının müşayiəti ilə evə göndərilmişdir. İfadəsinin sonunda həmin vaxt yaşadığı mənzildə xəstə anasının olmasını, evdə qida məhsullarının olmaması səbəbindən mənzili tərk etməsini bildirərək, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19cu Polis Şöbəsinin sahə inspektoru Şahid verdiyi ifadəsində göstrmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər etmişdir. Eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də sonradan bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Onlar vətəndaşların sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar. Bundan başqa, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini layiqincə yerinə yetirməyə çalışırlar. Məhz elə bu səbəbdən həm insanlar arasında sosial məsafəni qorumağa çalışır, habelə aktiv karonavirus xəstələrini cəmiyyətdən təcrid etməklə xəstəliyin geniş miqyasda yayılaraq insanların həyatını real təhlükə altına qoymaqdan çəkindirməyə çalışırlar. O, 04 yanvar 2021-ci il tarixdə xidməti ərazidə olarkən, Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsində vəzifəsindən irəli gələn karantin rejimi qaydalarının pozulmasına qarşı mübarizə apardığı vaxt sonradan anket məlumatları müəyyənləşən Təqsirləndirilən şəxs yaxınlaşaraq portal sistemdə icazəsinin olub-olmadığını, habelə karantin qaydalarına riayət edib-etmədiyini müəyyənləşdirmək üçün ad və soyadını portal sistemə daxil etdikdə sonuncunun aktiv koronavirus xəstəsi olduğu təqdirdə yaşadığı ünvan 2 ünvanını tərk etməsi və virusun yayılması üçün real təhlükə yaratmasını müəyyən etmişdir. Bu zaman ondan aktiv virus xəstəsi olduğu təqdirdə nə səbəbə mənzili tərk etdiyini soruşduqda, Təqsirləndirilən şəxs “Alvadi” adlanan marketə getdiyini və bu səbəbədən mənzili tərk etdiyini bildirmişdir. Həmin vaxt ondan mənzili tərk etməməli olduğu tələbini izah etdikdən sonra baş vermiş halın sənədləşdirilməsi üçün müstəntiqin məsafə saxlamaqla iştirakı ilə həmin şəxsə yaxınlaşılmışdır. Həmin şəxsin portalda bir daha ad və soyadı yoxlanıldıqda aktiv koronavirus xəstə olması aşkar olunmuşdur. Beləliklə, baş müstəntiq Elşən Mustafayevin iştirakı ilə Təqsirləndirilən şəxs suallar verilmiş və nə səbəbə koronavirus xəstəsi olasını bilə-bilə insanların həyat və sağlamlığına laqeyd münasibət bəsləyərək virusun yayılması üçün real təhlükə yaratmasını soruşduqda Təqsirləndirilən şəxs əlində çörək olduğunu göstərib marketdən gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə gətirmiş, bir daha pozitiv nəıticəyə dair məlumat aldıqdan 14 gün müddətində evdən çıxmamaq lazım olduğunu izah etmişdir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzinin X3 tərəfindən verilmiş analiz nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə verdiyi “Covid- 19” virusu ilə əlaqədar analizinin nəticəsi «pozitiv» çıxmışdır və analizin cavabının təsdiqlənmə tarixi 28 dekabr 2020-ci il tarixi qeyd olunmuşdur (i/v 8). İş materiallarında olan ***-***-**-** nömrəsinə göndərilmiş 29 dekabr 2020-ci il tarixli sms mesajından görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə verdiyi “Covid-19”la bağlı analizin nəticəsi pozitiv olmuş və ona yaşayış yerini tərk etməməsi barədə xəbərdarlıq edilmişdir (i/v 21). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X7 baş həkimi Elxan Hacıyev tərəfindən Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis Şöbəsinin baş müstəntiqi Əli İmanova ünvanlanmış 147/2 saylı, 25 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində SARS-CoV-2 Real-time PZR müayinəsindən keçmiş, test müayinəsinin nəticəsi pozitiv çıxmışdır. Test müayinəsinin nəticəsi yaxını (atası) tərəfindən axşam radələrində Təcili yardımın qeydiyyat şöbəsindən götürülmüşdür (i/v 28). İş materiallarında olan “Videogörüntülərə baxış keçirilməsi haqqında” 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, videogörüntünün yazıldığı DVD diskdə 1 ədəd fayl vardır. Həmin fayla daxil olduqda videoyazının olması olması müəyyən olunmuşdur. Həmin video yazıya baxıldıqda 1 nəfər şəxsin ətrafında polis əməmkdaşı və İstintaq şöbəsinin baş müstəntiqi Elşən Mustafayevin olması müşayiət olunmuşdur. Elşən Mustafayev tərəfindən həmin şəxs sorğu edilmişdir. Sorğu-sual olunan şəxsin “Covid-19” xəstəsi olduğu təqdirdə yaşadığı ünvan 6 ünvanını tərk edərək Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsində yerləşən “Alvadi” marketə getməsi müəyyən olunmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videoyazılarda olan şəxsin özü olduğunu və 04 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və yoxlanış zamanı “Covid-19” xəstəsi olmasının aşkar olunduğunu bildirmişdir. Ona görə də, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Əli İmanov tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs və müdafiəçi Rasim Əhmədov tərəfindən əlavə və ya etiraz daxil olmamış, ona görə də imzalarla təsdiq edilmişdir (i/v 51). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 10). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i/v 52-53). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 08 fevral 2021-ci il tarixli, 117/KEŞ saylı ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (COVİD-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı nəticəsinin pozitiv olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “COVİD-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla yoluxdura biləcəyi istisna edilməmişdir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam etmişdir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i/v 23-25). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020ci il tarixli Qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində karantin rejimi sərtləşdirilmişdir. «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarına əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsi, Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin və hüquqi statusunun müəyyən edilməsi, Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi və sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması və ödənilməsi qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aiddir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-258/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 19 mart 2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-258/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-258/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver