Məhkəmə qərarları › İş №1(006)-258/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-258/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-258/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X12 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Müdafiəçi: “ ro Bono“Vəkil Bürosunun vəkili P Müdafiəçi Zərər çəkmiş şəxslər: X5 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Dəvəçi rayonunda (Şabran rayonu) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Şabran şəhəri, H.Əliyev prospekti, ev 74-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-294/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X13, X15 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 yanvar 2020-ci il tarixdə, saat 02 radələrində Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi ərzaq mağazasının qarşısına gəlib aralarında olan vəzifə bölgüsünə əsasən Əliağa İsmayılov və Nurlan Məmmədov kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə Zaman Yarışovla birlikdə mağazanın giriş qapısının kilidini istintaqa məlum olmayan alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub mağazanın içərisindən Zərərçəkmiş şəxs2 məxsus, bir qutusunun qiyməti 01 manat 40 qəpik təşkil edən, ümumilikdə 9.100 manat dəyərində 6.500 qutu “Argo” markalı siqaretləri oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmuşlar. Bundan başqa o: - 01 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış, X9 məxsus “Chevrolet Cruze” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsinin açıq olmasından istifadə edərək əlini şüşədən içəri salmaqla avtomobilin qapısını açıb salonun müxtəlif yerlərindən içərisində 100 manat nağd pul, bir ədədinin qiyməti 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində iki ədəd "xxxx" KB ASC-yə məxsus plastik bank kartları olan 05 manat dəyərində “Louis Cardy” markalı pul kisəsini, bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində qadın ətirini, bir ədəd 60 manat dəyərində qadın ətirini, bir ədəd 02 manat dəyərində “Aloe Lipstick” markalı dodaq balzamını, bir ədəd 02 manat dəyərində makiyaj fırçasını, həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları və 250 manat nağd pulu; - əvvəlcədən gizli olaraq taladığı X9 məxsus, identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" KB ASC-yə aid 5292-5465-5664-2690 nömrəli bank kartı vasitəsilə ünvan 2 ünvanda yerləşən “Real S” mağazasında 01 dekabr 2021-ci il tarixdə, saat 07:25-də 19 manat, saat 07:35-də 19 manat 70 qəpik, saat 07:36-da 19 manat 50 qəpik, saat 08:01-də 19 manat 50 qəpik, saat 08:03-də 37 manat 50 qəpik məbləğində alış-veriş etməklə həmin kartın hesabından ümumilikdə 115 manat 20 qəpik məbləğində pulu; - 07 dekabr 2021-ci il tarixdə, saat 04 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus “Hyundai İX35” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidinin açıq olmasından istifadə edərək avtomobilin salonunun müxtəlif yerlərindən 30 manat dəyərində “HTC” markalı, “OP6B640” modelli mobil telefonu, bir ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartını, bir ədəd 10 manat dəyərində enerji aparatını, 550 manat dəyərində “Citizen” markalı qol saatını gizli olaraq talayıb zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Nurlan Məmmədov və Semral Məmmədov qohumlarıdır, Nurlanın “Lada VAZ-2114” minik markalı avtomobili vardır. X10 və X1 dayısı oğlanlarıdır, münasibətləri normal olmuşdur. X4 isə taksi sürücüsü Əli adı ilə tanımış, onunla münasibəti yaxşı olmuşdur. Əliağanın “Mersedes-Benz” markalı, Qəribşahın isə “Lada Priora” markalı avtomobili vardır. 08 yanvar 2020-ci il tarixdə, təxminən saat 17:30 radələrində o, Nurlan, Əliağa və Zaman Bakı şəhərində Nurlangilin yaşadığı məhəllədə çayxanada oturub çay içib söhbət edən zaman Nurlan rayona gedəcəyini və Əliağadan onu apara bilib-bilməyəcəyini soruşmuşdur. Əliağa Nurlandan hansı rayona gedəcəyini soruşanda Nurlan ona əvvəlcə Ucar rayonuna gedəcəyini demiş, sonra söhbət əsnasında Nurlan onlara Gədəbəy rayonuna gedəcklərini, orada mağazanın anbarı olduğunu, həmin anbardan siqaret oğurlayacaqlarını bildirmişdir. Nurlandan nə məsələ olduğunu, necə oğurlayacaqlarını soruşanda, Nurlan əvvəlcə demək istəməsə də, sonradan hər şeyin qaydasında olduğunu, öz maşını ilə Gədəbəy rayonuna gəlib getdiyini bildirmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün o, Nurlanla razılaşmışdır. Bundan sonra onlar Gədəbəy rayonuna gəlib anbardan siqaret oğurlamaq barədə tam qərara gəlmişlər. Saat 20:30 radələrində Bakıdan avtomobil ilə çıxıb Gədəbəyə gəlmişlər. Anbarın yaxınlığına çatıb bir neçə dəfə avtomobil ilə onun ətrafına fırlandıqdan sonra heç kəsin olmadığına əmin olub Əliağa avtomobili anbardan 25-30 metr aralıda saxlamışdır. Əliağa avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı götürüb ona vermiş, o da Zamanla anbara yaxınlaşmışdır. Əliağa ilə Nurlan isə avtomobilin yanında qalmışlar. Anbarın qarşısına çatdıqda qapıda üç ədəd qıfıl olduğunu görmüş və təkər açarı ilə qıfılı sındırmışlar. Bu zaman Nurlan Zamana zəng vuraraq vəziyyəti soruşmuşdur. Zaman da ona qıfılları sındırdıqlarını deyəndə, Nurlan ona içəri girən kimi sola dönməyi və düz gedib sonra sağa dönəndə qarşılarına piştaxta çıxacağını, siqaret qutularının da orada olacağını demişdir. Nurlanın dediyi kimi anbara daxil olub siqaret qutuları olan yerə getmiş, Zamanla birlikdə onları götürüb bayıra çıxarmışlar. Sonra da Nurlan avtomobili idarə edib anbarın qarşısına gətirmiş, onlar da siqaret qutularının bəzilərini açıb avtomobilin salon və yük baqajına yükləmiş, bəzilərini isə qutu ilə birlikdə avtomobilin salonuna qoyub Bakıya yola düşmüşlər. Təxminən saat 06 radələrində Bakıya çatıb Nurlanın kirayədə yaşadığı Xırdalan şəhərinə getmiş, orada siqaretləri boşaldıb onları harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt Nurlan bir nəfər şəxslə danışmış, lakin ondan xəbər çıxmamışdır. Həmin günü yatıb istirahət etmiş, sonra da siqaretləri satmağa qərar vermişlər. Bunun üçün də Nurlan və Əliağa oğurladıqları “Argo” markalı siqaretdən 200 blok, yəni 2.000 ədəd siqareti avtomobilə qoyub Şabran rayonuna yollanmışlar. O da taksi çağırmış və Zamanla birlikdə 450 blok, yəni 4.500 ədəd siqareti avtomobilə qoyub Siyəzən rayonuna getmiş və tanımadığı mağaza sahibinə onlaerı 2.500 manata satmışlar. Həmin puldan o, 430 manat götürmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon tərəflərdə olarkən məhəllələrin birində “Chevrolet” markalı avtomobilin sağ yan şüşəsinin yarıya kimi açıq olmasını görüb əlini şüşədən içəri salmış, qapının düyməsini sıxaraq avtomobilin qapılarını açmışdır. Avtomobilin içərisindən 250 manat pul görüb götürmüş, sonra salonun içərisini axtarmağa başlamışdır. Bu zaman avtomobilin salonunda olan panelin üst hissəsində olan daxılı açaraq oradan 200 ABŞ dollarını, daha sonra əsas daxıl hissəsindən isə bir ədəd içərisində 100 manat və plastik kartlar olan qadın pul kisəsini və 03 ədəd işlənmiş ətiri oğurlayaraq oradan uzaqlaşmışdır. Plastik kartların içərisində pulun olub-olmamasını aydınlaşdırmaq məqsədilə oğurladığı kartlardan biri ilə ünvan 2 ünvanda yerləşən “Real S” adlı mağazadan siqaret və yemək almış, sonra digər mağazaya gedib yenidən siqaretlər almışdır. Siqaretləri almaqda da məqsədi daha sonra onları başqa-başqa yerlərdə sataraq nağd pula çevirmək olmuşdur. Oğurladığı kart vasitəsilə müxtəlif mağazalardan həmin günü ümumilikdə təxminən 115 manat 20 qəpik dəyərində məhsullar almışdır. Daha sonra o, pul kisəsini və plastik kartları özü ilə birlikdə Nəsimi rayonu, 2-ci mikrorayon ərazisində yerləşən “Nənəmin Təndiri” adlanan yerin arxasında məskunlaşdığı, sahibsiz tikiliyə gətirərək gizlətmişdir. Bundan əlavə, o, yenidən oğurluq etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 04 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsindən keçərkən orada ağ rəngli “Hyundai İX 35” markalı avtomobilin qapısının açıq olmasını görüb onun salonunda olan bir ədəd mobil telefon, enerji aparatını, "xxxx" ASC-yə məxsus bank kartını və bir ədəd “Citizen” markalı kişi saatını oğurlamışdır. Daha sonra “Şamaxinka” adlanan ərazidə yerləşən marketə daxil olaraq oğurladığı bank kartı ilə oradan 06 manat 80 qəpil dəyərində siqaret və müxtəlif əşyalar almışdır. Oğurladığı kişi saatının bağlanan hissəsinin nasaz olmasını aşkar etmiş, həmin saatı və pul olmadığı üçün kartı da yaxınlıqda olan zibil qabına atmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X14 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində “Chevrolet Cruze” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 1 binanın qarşısında saxlayaraq mənzilinə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində işlətdiyi mobil bank tətbiqinə “sms”lər gəlməyə başlamışdır. Həmin “sms”lərə baxdıqda görmüşdür ki, "xxxx" KB ASC-yə məxsus bank kartının hesabından marketdən 01 dekabr 2021-ci il tarixdə, saat 07:25-də 19 manat, saat 07:35-də 19 manat 70 qəpik, saat 07:36-da 19 manat 50 qəpik, saat 08:01-də 19 manat 50 qəpik, saat 08:03-də 37 manat 50 qəpik, ümumilikdə 115 manat 20 qəpik məbləğində alış-veriş edilərək pul çıxarılmışdır. Bu məlumatdan sonra o, dərhal avtomobilinə yaxınlaşanda görmüşdür ki, onun ön sağ yan pəncərəsi açıq vəziyyətdə, salonda olan əşyalar isə dağınıq haldadır. Salona baxdıqda alətlər panelindəki böyük daxılda, içərisində 100 manat nağd pul, bir ədədinin qiyməti 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində iki ədəd "xxxx" KB ASC-yə məxsus plastik bank kartları olan “Louis Cardy” markalı pul kisəsi, alətlər panelinin üzərindəki daxıldan 200 ABŞ dolları və 250 manat pul, bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində qadın ətirini, bir ədəd 60 manat dəyərində qadın ətirini, bir ədəd 02 manat dəyərində “Aloe Lipstick” markalı dodaq balzamını, bir ədəd 02 manat dəyərində makiyaj fırçasının oğurlandığını aşkar etmişdir. Hadisə barədə polisə şikayət etmiş, daha sonra oğurluq edən şəxs Təqsirləndirilən şəxs tutulmuş, müstəntiq tərəfindən ona bir ədəd "xxxx" ASC-yə aid bank kartı, dodaq balzamı, makiyaj fırçası və pul kisəsi qaytarılmışdır. Ona vurulmuş zərər tam ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində özünə məxsus “Hyundai İX35” markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 3 binanın qarşısında saxlayıb getmişdir. Bununla belə avtomobilin qapısını bağlayıb-bağlamadığı yadında qalmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində avtomobilə əyləşən zamanı salonun dağınıq olduğunu görmüşdür. Salona nəzər yetirdikdə 4-5 il əvvəl 250 manata aldığı və ekranı sınıq vəziyyətdə olan “HTC markalı”, “OP6B640” modelli mobil telefonun, bir ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartını, bir ədəd 10 manat dəyərində enerji aparatını, 550 manat dəyərində “Citizen” markalı qol saatının oğurlandığını aşkar etmişdir. Bundan sonra həmin kartla 06 manat 80 qəpil dəyərində alış-veriş olunduğunu görüb hadisə barədə “102” xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ona qarşı törədilmiş oğurluq hadisəsi ilə bağlı digər təqsirləndirilən şəxslər X13, X6 və başqalarının işi üzrə Gədəbəy Rayon Məhkəməsində vermiş və qanuni qüvvəyə minmiş hökmdə əks edilmiş ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs2 həmin ifadəsinə əsasən o, Gədəbəy şəhərində sahibkarlıqla məşğul olur. Özünə məxsus Gədəbəy şəhəri, X19 küçəsində yerləşən ərzaq mağazasının anbarından 2019-cu ilin dekabr ayının sonlarında və 07 yanvar 2020-ci il tarixdə gecə saatlarında oğurluq hadisəsi olmuşdur. Belə ki, 2019-cu ilin dekabr ayının ikinci on günlüyündə səhər saatlarında özünə məxsus ərzaq mağazasının anbarına yaxınlaşanda, anbarın giriş qapısının sındırıldığını və içəriyə naməlum şəxslərin daxil olduğunu aşkar etmişdir. Anbara yaxınlaşıb içəri daxil olanda anbarın içərisindən siqaret qutularının və anbara quraşdırdığı təhlükəsizlik kamerasının yaddaş qurğusunun oğurlandığını aşkar etmişdir. Anbarda olan satış üçün nəzərdə tutuduğu əmlakı nəzərdən keçirmiş və müəyyən olunmuşdur ki, anbardan hər bağlamasında 500 qutu olmaqla cəmi 14 ədəd bağlamada 7.000 qutu “Argo” markalı siqareti, 24 qutu 250 ml çəkidə “Hell” energy içkisi və təhlükəsizlik kamerasının yaddaş qurğusu oğurlanmışdır. Həmin vaxt mağazadan baş vermiş oğurluq hadisəsində mağazanın işçilərindən şübhələndiyi üçün bu barədə polisə məlumat verməmişdir. 07 yanvar 2020-ci il tarixdə də səhər saatlarında anbara yaxınlaşmış və anbarın giriş qapısının açıq olduğunu, giriş qapısının qarşısında yol tərəfdə boş siqaret qutularının olduğunu görmüşdür. O, anbara daxil olmuş və anbardan 7 bağlamada cəmi 3.500 qutu “Argo” markalı siqaretin, 1 ədəd bağlamada 500 qutu “Magna” markalı siqaretin, 2 bağlamada 24 qutu olmaqla cəmi 48 ədəd 120 qram çəkisi olan, Gəncə şəhərində “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasiminlərində istifadə olunan qəndin və 24 qutu 250 ml çəkidə “Hell” energy içkisinin oğurlandığını aşkar etmişdir. Bunun üçün də oğurlanmış əmlakın siyahısını tutmuş, mağazada və anbarda işləyən işçilərinə bu barədə məlumat vermişdir. İşçilərindən də heç kəs mağazadan və anbardan oğurluq etmədiyini bildirdikləri üçün polisə məlumat vermək qərarına gəlmişdir. 09 yanvar 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq anbara getmişdir. Yenə də anbara gedəndə anbarın giriş qapısının açıq olduğunu, anbarın giriş qapısının yaxınlığında yerləşən bulağın ətrafında siqaret qutularının boş qablarını, bir bağlamada 500 qutu olmaqla siqaretin bulağın ətrafında olduğunu aşkar etmişdir. O, şöbəyə gəlmiş və polisə şikayət ərizəsi yazmışdır. Polislə birlikdə hadisə yerinə baxış keçirilən zaman iştirak etmiş, baxış zamanı anbarın yaxınlığıdna qalmış 500 qutu siqaret olan bağlamanı anbara qoymuş və məlum olmuşdur ki, anbardan 13 ədəd bağlamada cəmi 6.500 qutu “Argo” markalı siqaret oğurlanmışdır. Təqsirləndirlən şəxslər ona dəymiş ziyanı ödəmişlər. Ona görə də təqsirləndirlən şəxslərdən şikayəti yoxdur, onları bağışlayır və onlara yüngül cəza verilməsini xahiş edir (cild Vİ). İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli “Təqdim etmə və götürmə” protokola əsasən Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən sahibsiz tikilidə məskunlaşmış Təqsirləndirilən şəxs uşaq arabasının üzərindən içərisində 3 ədəd plastik kart, 2 ədəd qadın dodaq boyası olan krem rəngli pul kisəsini təqdim edir (İ cild, i.v.20-23); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola görə ünvan 2 ünvanda yerləşən “Real S” adlı marketdən əldə olunmuş video görüntüdə Təqsirləndirilən şəxs “Chevrolet Cruze” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı plastik kart vasitəsilə müxtəlif növ siqaretlər və qida məhsullarının alması əks olunub (İ cild, i.v.16, 127); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: -xx.xx.2022-ci il tarixli, 9/899 saylı rəyinə əsasən 01 ədəd istifadədə olmuş, üzərində “Louis Cardy” yazıları olan, 11,5x18 sm ölçüdə, krem rəngli, çoxcibli qadın üçün pul kisəsi istifadədə olub, kənarlarında istismar xarakterli qüsurlar var – qiyməti 05 manatdır, 03 ədəd istifadə edilmiş bank kartları – 30 (3x10) manat, 01 ədəd “HTC” markalı, “OP6B640” model mobil telefon istifadədə olub, hazırkı ekranı zədələnmiş vəziyyətdə - 30 manat, istifadədə olmuş normal vəziyyətdə - 80 manat, 01 ədəd istifadə edilmiş, mavi rəngli, 7,5 sm uzunluqda, üzərində istismar xarakterli qüsurlar olan fırça gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfindən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsizdir, 01 ədəd istifadə edilmiş, üzərində “Aloe Lipstick” yazısı olan dodaq balzamı gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfindən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsizdir. 01 ədəd “Citizen” markalı qol saatı və 03 ədəd markası məlum olmayan qadın ətiri tədqiqata təqdim edilmədən qiymətləndirmə aparmaq mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.150-152); - xx.xx.2020-ci il tarixli, 3178 saylı rəyinə görə “Argo” markalı qalın siqaretin, 08-09 yanvar 2020-ci il tarixə respublikadaxili orta bazar satış qiyməti təxminən 1,40 manat müəyyən edilir (İİİ cild, i.v.118-119); - Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə olunmuş çıxarışa əsasən xx.xx.2021-ci il tarixə 01 ABŞ dollarının məzənnəsi 1,70 AZN təşkil edir (Vİ cild, i.v.12); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus bank kartından 06 manat 80 qəpik pulun oğurlanması xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti materiallar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd "xxxx" KB ASC-nin, 01 ədəd "xxxx" ASC-nin plastik bank kartları, 01 ədəd “Louis Cardy” markalı pul kisəsi, 01 ədəd “Aloe Lipstick” dodaq balzamı, 01 ədəd makiyaj fırçası və 01 ədəd “HTC” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün müvafiq olaraq zərər çəkmiş şəxslər Dinara Muşailovaya və Zərərçəkmiş şəxs3 qaytarılmışdır (Vİ cild, i.v.13-37); - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-15/2022 saylı hökmü ilə X6 və X13 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdikləri oğurluq əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək hər biri 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə X7 təyin edilmiş cəzanın müddəti 02 il 05 ay 22 gün, X3 isə 02 05 ay 26 gün həddində müəyyən edilmişdir (cild Vİİ cild); - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-156/2022 saylı hökmü ilə X15 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi oğurluq əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, habelə digər quldurluq əməli üzrə həmin Məcəllənin 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən saxlanılmışdır (cild Vİİ cild); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-551/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.121-124); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.125-126); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-294/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri üzrə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli həmin tarixdən hesablanmışdır (Vİİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş zərərin aradan qaldırılmasının, Zərərçəkmiş şəxs3 ilə isə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum olunsa da, onun hazırkı iş üzrə törətdiyi cinayət əməlləri həmin hökmdən əvvəl törədilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin onun cəzasının əvvəli hazırki iş üzrə həbsdə olduğu vaxtdan - 09 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd "xxxx" KB ASC-nin, 01 ədəd "xxxx" ASCnin plastik bank kartları, 01 ədəd “Louis Cardy” markalı pul kisəsi, 01 ədəd “Aloe Lipstick” dodaq balzamı, 01 ədəd makiyaj fırçası və 01 ədəd “HTC” markalı mobil telefon müvafiq olaraq zərər çəkmiş şəxslər Dinara Muşailovna və Zərərçəkmiş şəxs3 istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cüvmaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd "xxxx" KB ASC-nin, 01 ədəd "xxxx" ASCnin plastik bank kartları, 01 ədəd “Louis Cardy” markalı pul kisəsi, 01 ədəd “Aloe Lipstick” dodaq balzamı, 01 ədəd makiyaj fırçası və 01 ədəd “HTC” markalı mobil telefon müvafiq olaraq zərər çəkmiş şəxslər Dinara Muşailovnanın və Zərərçəkmiş şəxs3 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar