Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-26/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Abdurəhmanlı Pinar Zakir qızının katibliyi, Xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 müdafiəçilər Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X1, təqsirləndirilən şəxs X4 iştirakları ilə, 02 avqust 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 xüsusi ittiham qaydasında şikayat ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İ.İ.İsmayılov 2018-ci ilin noyabr ayından başlayaraq özünün «Facebook» səhifəsində onun barəsində aşağıdakı həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymışdır: - «Vəkil Məharət Hüseynli! Bu gün «İdeal» şirkətinin ofisinə dəvət edib hədə-qorxu gələrək VB statusuna «like» etmiş 4 əməkdaşın öz xahişi ilə işdən azad olma ərizələrini almısınız. Vəkillər Kollegiyasının üzvü kimi Azərbaycan Respublikasının qanunlarına zidd hərəkətləriniz barəsində müvafiq orqanlara lazımi məlumatlar veriləcək. Şirkətin indiki rəhbərliyinin vergi yayınmaları və əmək qanunvericiliyi pozuntuları barəsində lazımi orqanlara təkzibedilməz faktlarla müraciətlər olunacaqdır. Azərbaycan Respublikasının hüquqi dövlət olduğunu, dəfələrlə yol verdiyiniz qanun pozuntularına görə ölkənin məhkəmə sistemi qarşısında cavab verəcəyinizi xatırlatmağı özümə borc bilirəm. P.S. Vəkillər Kollegiyasından aldığım məlumata görə üzv deyilmişsiniz. X17 şirkətinin əməkdaşısınız»; - «Əhvalınız yaxşıdır, cənablar! Çöhrəniz parıldayır, maşallah. 18 il gecə-gündüz qanla-tərlə şirkət, brend yaradan insanı öz əmlakını mənimsəmə ittihamı ilə həbsxanaya göndərin, həyatınızda görmədiyiniz ilgi və diqqəti görüb keyfə girin. P.S. Bu «şərəfli» məxluqların hər birinin törətdiyi əməllərin sübutları hazırdır, anında yayınlanacaq. P.S.S. Dövlətin vergilərindən yayındınız deyə bədəlini 8 milyon manatla büdcəyə ödədiniz. - Şirkət əməkdaşlarının haqqını yeməyin, tezliklə hesab verəcəksiniz. - «UZAQDAN ADAMSİNİZ, AMMA ADAMLİQDAN UZAQSİNİZ!!»; - «Elçin bəy, heç kimdirlər, sahibləri kimi...»; - «Canlı yayında haqqında fakt və sübutlarla danışacaqlarını: - Vip Aviation şirkətinin rəhbəri İlham Şükürovun "xxxx" MMC-nin qəsbindəki rolu; - Ofisində üstümə silah çəkən «ağsaqqal» kimdir? - Özünü vəkil adlandıran dələduz (fotoda ortada) Məharət Hüseynli nədən gizlənir? - Premium bank rəhbəri Elçin Əhmədov cinayətini sahibinin əmri ilə etdiyini neçə dəfə boynuna alıb? - İdealın hazırkı direktoru, əvvəllər məhkum olunmuş (fotodakı sağda) Samir Əliyev hansı cinayətlərə görə sahibləri tərəfindən mükafatlandırılıb? - Canlı yayım zamanı tezliklə Sizlərə bildirəcəm, Dəyərli Dostlarım!». Onun barəsində yayılmış qeyd edilən məlumatlar yalan məlumatlardır. Belə ki, o, «İdeal» şirkətinin ofisinə dəvət edib hədə-qorxu gələrək VB statusuna «like» etmiş 4 əməkdaşın öz xahişləri ilə işdən azad olma ərizələrini almamışdır. Özünü heç vaxt Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməmiş və Vəkillər Kollegiyasının üzvü adı ilə Azərbaycan Respublikasının qanunlarına zidd hər hansı hərəkət etməmişdir. Hər hansı qanun pozuntusunu yol verməmişdir. Heç kimi öz əmlakını mənimsəmə ittihamı ilə həbsxanaya göndərməmişdir. İşlədiyi və ya rəhbəri olduğu hər hansı müəssisə tərəfindən dövlət büdcəsindən hər hansı məbləğdə vergi yayındırılmamışdır. Hər hansı şirkətin hər hansı əməkdaşının hüququnu (haqqını) hər hansı şəkildə pozmamışdır. Lakin İ.İ.İsmayılov tərəfindən yalan olduğunu bilə-bilə onun barəsində qəsdən yayılmış qeyd edilən yalan məlumatlar bir vətəndaş olaıaq onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Göründüyü kimi, İ.İ.İsmayılov onun barəsində özünün «Facebook» səhifəsində bilə-bilə yalan məlumatlar yaymaqla onun şərəf və layəqətini qəsdən ləkələmiş, bununla da Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş böhtan cinayət əməlini törətmişdir. Hesab edirki, İ.İ.İsmayılov onun barəsində özünün «Facebook» səhifəsində bilə-bilə yalan məlumatlar yaymaqla onun şərəf və ləyaqətini qəsdən ləkələdiyindən Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Eyni zamanda İ.İ.İsmayılov 2018-ci ilin noyabr ayından başlayaraq özünün «Facebook» səhifəsində onun barəsində yalan məlumatlar yayarkən, onun barəsində «şərəfli» məxluq, «UZAQDAN ADAMSİNİZ, AMMA ADAMLİQDAN UZAQSİNİZ!!» və «Özünü vəkil adlandıran dələduz (fotoda ortada) Məharət Hüseynli nədən gizlənir?» ifadələrini yaymaqla onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Hesab edir ki, İ.İ.İsmayılov özünün «Facebook» səhifəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığından həm də Azərbaycan Respublikası CMnin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Göstərilənləri nəzərə alaraq İ.İ.İsmayılovun Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzaya məhkum edilməsinə dair ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı M.Ə.Hüseynlinin nümayəndəsi və vəkili Müdafiəçi3 və vəkili Müdafiəçi4 şikayət ərizəsinin mahiyyətinə uyğun ifadə verərək bildirmişlər ki, hazırkı iş üzrə xüsusi ittihamçı M.Hüseynlinin dindirildiyi məhkəmə iclasınadək təqsirləndirilən şəxs İ.İ.İsmayılov iddia edirdi ki, M.Hüseynli barəsində özünə məxsus «Facebook» səhifəsində yayılmış məlumatlar onun tərəfindən deyil, başqa şəxs tərəfindən onun səhifəsinə qanunsuz müdaxilə edilərək yayımlanmışdır. Həmin məhkəmə iclasından sonra isə təqsirləndirilən şəxs mövqeyini dəyişərək iddia etdi ki, onun səhifəsinə heç bir kənar müdaxilə olmamışdır, məlumatların yayıldığı səhifə onun səhifəsi deyil. Belə ki, onun səhifəsi və profili «İ.İsmayılov» adlanır, məlumatların yayıldığı səhifə və profil isə «İ.İsmayilov»dur. Lakin onlar tərəfindən məhkəməyə təqdim edilmiş «İ.İsmayilov» adlı səhifənin tarixçəsi adlı sənədlə sübuta yetirildi ki, təqsirləndirilən şəxsin onun səhifəsi olduğunu qəbul və etiraf etdiyi «İ.İsmayılov» səhifəsi 20.10.2020-ci il tarixədək elə «İ.İsmayilov» adı ilə fəaliyyət göstərmiş səhifənin özüdür. Məhkəmənin 08.06.2021-ci il tarixdə keçirilmiş iclasında isə müdafiə tərəfinin mövqeyi aşağıdakı kimi oldu: «İ.İsmayılovdan başqa səhifənin 4 domeni var. Hüseynli Məharət haqqında yayılmış məlumatların kim, yəni onların hansı tərəfindən yazılması, yayılması məlum deyil». Buna qədərki məhkəmə iclaslarında da olduğu kimi 08.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında da müdafiə tərəfinə səhifənin digər domenlərinin (idarəedicilərinin) kimlər olduğu barədə məhkəməyə məlumat verilməsi təklif edilsə də, müdafiə tərəfi digər domenlərin (idarəedicilərin) şəxsiyyətləri barədə məhkəməyə məlumat verməkdən imtina etdi. Beləliklə, yayılmış məlumatlarla bağlı müdafiə tərəfi 3 fərqli mövqe nümayiş etdirdi, lakin hər üç mövqenin də əsassız olduğu hesab edir, məhkəmə istintaqı zamanı tam sübuta yetirildi. Xüsusi ittiham qaydasında şikayət 2020-ci ilin may ayının 31-də məhkəməyə təqdim edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılmağa başlandıqdan dərhal sonra isə yayılmış məlumatlar səhifədən silinmişdir. Maraqlıdır ki, səhifədən yalnız xüsusi ittihamda göstərilən məlumatlar silinmiş, silinmiş məlumatlarla birbaşa əlaqəsi olan digər məlumatlar isə silinməmişdir. Həmin məlumatlar, məsələn silinmiş məlumatlardakı «Vip Aviation» şirkətinin rəhbəri barəsində olan məlumat, «Premium bank» rəhbəri Elçin Əhmədov barəsindəki məlumat silinmiş məlumatlarda anons edilməsinə və sonradan da yayılmasına baxmayaraq, sonradan başqa tarixlərdə yayılmış həmin anons edilmiş məlumatlar silinməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxsə məxsus olan məlum səhifədə yayılmış məlumatlar İ.İsmayılovun əvvəllər təsisçilərindən biri oduğu «İdeal» şirkətindəki 25 % təsis payının özgəninkiləşdirilməsi və «Premium bank»dan götürülmüş 5 milyonluq kredit müqaviləsinin bağlanması zamanı baş vermiş hadisələrlə birbaşa bağlı olan məlumatlardır ki, bunlar da İ.İsmayılov tərəfindən təkzib edilməmişdir. Məhkəmə istintaqı zamanı «İ.İsmayılov» və «İ.İsmayilov» adlı səhifələrin dostlarının az bir fərqlə eyni adamlar olduğu sübuta yetirilmişdir. O cümlədən sonradan «İ.İsmayılov» səhifəsində yazışan «Facebook» istifadəçilərinin «İ.İsmayılov» ilə deyil, adət etdikləri kimi «İ.İsmayilov» ilə yazışmış olduqları da sübuta yetirilmişdir. İş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının 12 aprel 2021-ci il tarixli 4/285 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: «X4 «Facebook» səhifəsində yayılmış yazılarda M.Hüseynlinin ünvanına işlədilmiş məlumatlar (insanlara hədə-qorxu gəlməklə işdən azad olunma barəsində ərizə alması, qanun pozuntularına yol verməsi, vergidən yayınması, əmək qanunvericiliyini pozması, şəxsi öz əmlakını mənimsəmə ittihamı ilə həbsxanaya göndərməsi) yalan olduğu təqdirdə xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ya yaxud ayrı-ayrı şəxslər arasında M.Hüseynli barəsində mənfi rəy yaradan fikirlərdir. Həmin məlumatların həqiqi olub-olmamasının araşdırılması ekspert-linqvistin səlahiyyətinə aid deyildir. Eyni zamanda «şərəfli» məxluq, «UZAQDAN ADAMSİNİZ, AMMA ADAMLİQDAN UZAQSİNİZ!!» və «Özünü vəkil adlandıran dələduz (fotoda ortada) Məharət Hüseynli nədən gizlənir?» ifadə və cümlələrdə M.Hüseynlinin şərəf və ləyaqətini alçaldan sözlər işlədilmişdir». Məhkəmə istintaqı zamanı tədqiq edilmiş istinad edilən bu sübutlarla hesab edir ki, M.Hüseynli haqqında «İ.İsmayilov» adlı «Facebook» səhifəsində yayılmış yalan məlumatların həmin səhifənin İ.İ.İsmayılova məxsus olmasının sübut edilməsi ilə İ.İ.İsmayılov tərəfindən yayılmış olduğu sübuta yetirilmişdir. Həmin məlumatların yalan olması ilə bərabər həm də şərəf və ləyaqəti nalayiq formada alçaldan məlumatlar olduğu ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Həmin məlumtların İ.İ.İsmayılov tərəfindən qəsdən yayılmış olduğu da sübuta yetirilmişdir. Lakin məhkəmənin nəzərinə onu da çatdırır ki, X5, X9 və X10 şahid qismində məhkəmə iclasında dindirilmələrinə dair ittiham tərəfinin vəsatəti məhkəmə tərəfindən təmin edilməsinə baxmayaraq, həmin şahidlərin məhkəmə iclasında dindirilmələri təmin edilməmişdir. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizası üzrə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert Mətanət Muradovanın 12.03.2021-ci il tarixli vəsatətində İ.İ.İsmayılovun tədqiq olunan yazılara, yəni İ.İ.İsmayılovun «Facebook» səhifəsində yayılmış məlumatlara uyğun üslubda və yaxın məzmunda yazılmış 10-15 vərəqədə eksperimental yazı nitqi nümunələrinin alınaraq ekspertə təqdim edilməsi xahiş edilsə də, bu xahiş təmin edilməmiş, nəticədə İ.İ.İsmayılovun «Facebook» səhifəsində yayılmış məlumatların ekspertizaya təqdim edilmiş mətnlərdəki mənalı sözlərin miqdarının az olması səbəbindən həmin mətnlərin müəllifini iş üzrə təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizası ilə müəyyən etmək mümkün olmamışdır. Lakin buna baxmayaraq cinayət işində olan digər sübutlar həmin məlumatların müəllifinin məhz İ.İ.İsmayılovun özünün olduğunu sübut edir. Belə ki, yayılmış məlumatlar bilavasitə İ.İsmayılov və M.Hüseynliyə aid olan məlumatlardır. Həmin məlumatları M.Hüseynlinin yayması, özü də İ.İsmayılova aid «Facebook» səhifəsində özü haqqında yayması istisna olunur. Əvvəla, ona görə ki, heç kim özü haqqında şərəf və ləyaqəti alçaldan yalan məlumatları kütləvi şəkildə yaymaz. İkincisi də ona görə ki, İ.İsmayılov əvvəlcə M.Hüseynli barəsində özünə məxsus «Facebook» səhifəsində yayılmış məlumatların onun tərəfindən deyil, başqa şəxs tərəfindən onun səhifəsinə qanunsuz müdaxilə edilərək yayımlandığını məhkəməyə bildirmiş, lakin bununla bağlı heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Təsadüfi deyildir ki, ilk məhkəmə iclaslarında İ.İsmayılov M.Hüseynli barəsində özünə məxsus «Facebook» səhifəsində yayılmış məlumatların onun tərəfindən deyil, başqa şəxs tərəfindən onun səhifəsinə qanunsuz müdaxilə edilərək yayımlandığını məhkəməyə bildirərkən tərəflərindən İ.İsmayılova özünün «Facebook» səhifəsinə kənar şəxslərin qanunsuz müdaxilə edərək, başqa sözlə səhifəni sındıraraq orada M.Hüseynli barəsində yalan məlumatları yaymaları barədə hüquq mühafizə orqanlarına məlumat verib-verməməsi barədə sual verdikdən sonra, sonrakı məhkəmə iclaslarında İ.İsmayılov onun «Facebook» səhifəsinə kənar müdaxilə edilmədiyini, məlumatların yayımlandığı səhifənin ona məxsus olmadığını məhkəməyə bildirmişdir. Məhkəmə istintaqı zamanı İ.İsmayılova tərəflərindən verilmiş aşağıdakı suallar cavabsız saxlanılmışdır:
1. «İlqar İsmayılov» Facebook səhifəsinin «Səhifənin tarixi» adlı sənəddən görsənir ki, «İlqar İsmayılov» Facebook səhifəsi 13 yanvar 2017-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək «İlqar İsmayilov» adı altında, yalnız 11 oktyabr 2020-ci il tarixdən sonra «İlqar İsmayılov» adı ilə fəaliyyət göstərməyə başlamışdır. Bununla bağlı nə deyə bilərsiniz?
2. Bu sənəddə yazılıb ki, adın dəyişdirilməsi əsasında Səhifənin məqsədinin, məramının zaman keçdikcə dəyişib-dəyişməməsi haqqında mühakimə yürütmək olar. Əgər keçmişdə bu Səhifə başqa Səhifə ilə birləşmişsə, bu o deməkdir ki, digər Səhifənin təqibçiləri də bu Səhifəyə köçürülmüşlər. Əgər belədirsə, onda demək olarmı ki, ad dəyişiləndən sonra «ilqar İsmayilov» Səhifəsinin təqibçiləri avtomotik olaraq «İlqar İsmayılov» Səhifəsinin təqibçilərinə çevrilmişlər? 3.Əgər Səhifənin tarixi adlı sənəddə göstərilənləri qəbul etmirsinizsə, onda bu sənəddə göstərilənlərin əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilərsinizmi?
4. Səhifədən görünür ki, 2020-ci ilin aprel-may aylarında «İlqar İsmayilov» Səhifəsində paylaşılmış materialların (postların) bir hissəsi sonradan silinmişdir, lakin həmin aylarda paylaşılmış digər materiallar (postlar) həmin vaxt necə var idisə, hazırda «İlqar İsmayılov» adlı Səhifədə də eyni qaydada qalmaqdadır. Bu halların «İlqar İsmayılov» Səhifəsinin aprel-may aylarında «İlqar İsmayilov» Səhifəsi olduğunu təsdiq edib-etməməsi ilə bağlı nə deyə bilərsiniz?
5. Sizin Səhifənizin 5 idarəedicisi var, onlardan 4-ü Azərbaycanda, 1-i isə ABŞ-dadır. Onların kimlər olduğu barədə məhkəməyə məlumat verə bilərəsinizmi?
6. Həm «ilqar İsmayilov», həm də «İlqar İsmayılov» adlı Facebook səhifəsinin təqibçilərinin demək olar ki, əksəriyyəti eyni şəxslərdir. Paylaşılan məlumatlardan (postlardan) və onlara dair şərhlərin məzmunlarından aydın görünür ki, paylaşılan məlumatlar (postlar) və bununla bağlı təqibçilər tərəfindən edilən şərhlər eyni məsələ ilə bağlı olan eyni şərhlərdir. Habelə, hər iki ad altında təqdim edilən səhifədə məlumat (post) paylaşan eyni şəxs, edilən şərhlər də eyni şəxsə ünvanlanmış olan şərhlərdir. Bununla bağlı nə deyə bilərsiniz?
7. Sizə məxsusdur dediyiniz «İlqar İsmayılov» adlı Facebook səhifəsindən çap edilmiş sənəddə təqibçilərinzdən bir çoxu, Sizin olmadığını iddia etdiyiniz «ilqar İsmayilov» səhifəsinin sahibi İlqar İsmayılovla yazışırmışlar kimi yazışırlar, şərhlər göndərirlər. Bununla bağlı nə deyə bilərsiniz?
8. «ilqar İsmayilov» adlı Facebook səhifəsindən 11 oktyabr 2020-ci il tarixədək çap edilmiş materiallarla, «İlqar İsmayılov» adlı Facebook səhifəsindən çap edilmiş materialları müqayisə etdikdə əksəriyyəti eyni olan təqibçilərin bəzilərinin profil şəkillərinin materialın «İlqar İsmayılov» adlı Facebook səhifəsindən 11 oktyabr 2020-ci il tarixdən sonra çap edilməsi zamanı dəyişmiş olduğu müşahidə olunur. Yəni, bəzi təqibçilərin sonradan profil şəkillərini yeniləmələrinə baxmayaraq, hər iki səhifənin təqibçiləri, pylaşılan məlumatlar və həmin məlumatlara dair edilən şərhlər eynidirlər. Bu hal da təsdiq edir ki, «İlqar İsmayılov» adlı Facebook səhifəsi «ilqar İsmayilov» adlı Facebook səhifəsinin adı dəyişdirilmiş variantıdır. Bu barədə nə deyə bilərsiniz?
9. «ilqar İsmayilov» adlı Facebook səhifəsinin təqibçilərindən Samir Əfətli yazır: «İlqar müəllim, başınıza gələnlər həqiqi xoş bir şey deyil. Siz 03.02.2017-ci ildə İdeal rəhbərliyindən getmişdiniz»? Bu şərhdən görünür ki. X19 şirkətinin rəhbəri olmuş İlqar müəllimlə, yəni sizinlə Sizin «ilqar İsmayilov» adlı Facebook səhifənizdə və məhz «ilqar İsmayilov» adlı Facebook səhifənizə göndərməklə yazışır. Bununla bağlı nə deyə bilərsiniz?
10. «ilqar İsmayilov» adlı Facebook səhifəsinin təqibçilərindən Samir Zeynalov yazır: «Qeyd olunur ki, borc öhdəliyiniz mövcud deyil. Bu cavab məktubu artıq mötəbər sənəddir». «Borc öhdəliyiniz mövcud deyil» ifadəsi «ilqar İsmayilov» adlı Facebook səhifəsində 28 aprel 2020-ci il tarixdə paylaşdığınız AR X15 «Premium Bank»la olan 5.000.000 manatlıq kredit mübahisəniz ilə bağlı sizə ünvanladığı 06 fevral 2020-ci il tarixli 26-06652-2020 saylı cavab məktubunda qeyd olunub. Eyni vəziyyət «İlqar İsmayılov» adlı Facebook səhifəsində hazırda da müşahidə olunur. Bununla bağlı nə deyə bilərsiniz? Hesab edir ki, göstərilənlər xüsusi ittiham qaydasında şikayətdə qeyd olunmuş və İ.İsmayılova aid «Facebook» səhifəsində yayımlanmış məlumatların məhz İ.İsmayılov tərəfindən qəsdən və qərəzli olaraq yayılmış olduğunu tamamilə sübut edir. Bu isə öz növbəsində təqsirləndirilən şəxs İ.İ.İsmayılovun əməllərində Azərbaycan Respublikası CMnin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin olduğunu təsdiq edir. Odur ki, göstərilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxs İ.İ.İsmayılovun Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzaya məhkum edilməsinə dair ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs İ.İ.İsmayılov barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətlə razılaşmayaraq bildirmişdir ki, onun barəsində verilmiş şikayət əsassızdır və o, M.Hüseynli barəsində status paylaşmamışdır. O, M.Hüseynlini tanıdığını, sonuncunu onun yanına “Nur Stefan” şirkətinin rəhbərinin göndərdiyini bildirmişdir. Xüsusi ittihamçının şikayət ərizəsində göstərdiyi “Facebook” sosial şəbəkəsində olan istifadəçi profili ona aid deyil, onun “Facebook”da profili, yəni istifadəçi adı “İlgar İsmayılov”dur, “İlgar İsmayılov” deyil. Onun “Twitter” və “İnstagram” hesabları var, lakin həmin hesabların hansı elektron poçtla, yəni imeyllə açılması məlumu deyil, çünki hesablar işçiləri tərəfindən açılmışdır. Belə ki, “İlgar İsmayılov” səhifəsi 13 yanvar 2017-ci il tarixdə yaradılmış, həmin səhifənin 5 admini, yəni idarəedicisi olmuş, səhifə yaradılarkən adminlərin dördünün yeri Azərbaycan, digərinin isə ABŞ olmuşdur. Həmçinin 11 oktyabr 2020-ci il tarixdə isə səhifənin adı “İlgar İsmayılov”dan “İlgar İsmayılov”a dəyişdirilmişdir. M.Hüseynli məhkəməyə kağız -kseroks formasında sənədlər təqdim edərək, həmin sənədlərdəki yazıların onun tərəfindən sonuncuya məxsus facebook səhifəsində yayımlandığını və bununla da həmin yazılarda xüsusi ittihamçıya qarşı böhtan və təhqir cinayət tərkibli əməllərə yol verdiyini iddia etmişdir. Belə ki, M.Hüseynli məhkəmə araşdırmasında öz şikayətində göstərdiyi əsasları sübuta yetirə bilmədi, ittihamı sübutetmə yükü xüsusi ittihamçının üzərinə düşür. O, xüsusi ittihamının istinad etdiyi məlumatları nə özünə məxsus facebook səhifəsində, nə də başqa yerdə yayımlamamış, onun istifadə etdiyi facebook səhifəsinin idarə edəni, yəni admini təkcə o deyil. Həmin səhifənin daha 4 idarəedicisi var və M.Hüseynlinin məhkəməyə təqdim etdiyi kağız daşıyıcıda olan məlumatları haradan əldə etdiyini bilmir. Onun adına asanlıqla facebook səhifəsi yaradıla bilər və bunun üçün hər hansı bir telefon nömrəsi və ya email ünvanı olmasi yetərlidir. M.Hüseynli məhkəmədə istinad etdiyi yazılardakı üslubun ona aid olubolmamasının yoxlanmasından ötrü ekspertizaya göndərməsini xahiş etmiş, bunun üçün müdafiə tərəfindən müqayisəli tədqiqat üçün ekspertin tələb etdiyi nümunələr belə təqdim edilmiş, lakin yenə də həmin yazıların məhz ona məxsus olub-olmadığı məlum olmamışdır. Bundan başqa, ittiham tərəfi məhkəməyə müxtəlif paylaşımlar, şərhlər, yazılar təqdim edərək bildirir ki, bütün məlumatlar ona məxsus olan facebook səhifəsindən götürülüb, eyni zamanda onun Facebook səhifəsində dostluğunda olan şəxslərin siyahısını məhkəməyə təqdim edərək, bununla sübut etmək istəyir ki, istinad etdiyi məlumatlar onun səhifəsində yayımlanmışdır. Halbuki bu absurddur. Bu halı onun “Facebook”da dostluğunda olan şəxslərin siyahısı ilə necə təsdiq etmək olar? İttiham tərəfi məhkəməyə əslində onun səhifəsində olmayan, haradansa götürdüyü məlumatlar təqdim edir və iddia edir ki, bu məlumatlar onun səhifəsindəki paylaşımlara aiddir. Həmçinin o, bildirmişdir ki, xüsusi ittihamçı M.Hüseynli ilə onun arasında digər məhkəmə çəkişmələri də mövcuddur. Belə ki, o, M.Hüseynliyə qarşı onun nümayəndəsi olaraq “İdeal” əmtəə nişanına görə aldığı 800.000 (səkkiz yüz min) manatın tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Yəni, bu məsələ ittiham tərəfinin məhkəmədə qaldırdığı “M.Hüseynli niyə görə özü barəsində bu cür məlumatları yaymalı idi?” sualını cavablandırır. Hazırda geniş ictimaiyyətə də məlumdur ki, M.Hüseynlinin nümayəndəsi və hüquqşünası olduğu tərəflə onun arasında çoxsaylı və uzunsürən məhkəmə çəkişmələri davam edir. Həmçinin bildirmişdir ki, göründüyü kimi xüsusi ittihamçı məhkəmədə ittihamı sübuta yetirə bilmədi. O, öz təqsirsizliyini sübut etməyə borclu deyil. Lakin, bunu belə etmişdir. Bu səbəbdəndə məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, vəkilləri Müdafiəçi1 və G.M.Quluzadə İ.İ.İsmayılovun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu və həmin ittihamının sübut edilməməsini nəzərə alaraq İ.İ.İsmayılovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə İ.İ.İsmayılova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İ.İ.İsmayılovun xüsusi ittihamçı M.Ə.Hüseynlinin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi müəyyən edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.1. cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.2. təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.3. təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.4. cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.5. təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı; 346.1.6. əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən Məhkəmə bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Beləliklə, xüsusi ittihamçı M.Ə.Hüseynli tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim edilmişdir: “Facebook” səhifəsində “İlgar İsmayilov və İlgar İsmayilov” adlı profilində müxtəlif vaxtlara aid səhifə paylaşımları; Məhkəmə istintaqı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş İ.İ.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli olmaması aşağıdakılarla sübuta yetirilir. Belə ki, cinayət işinin 1-ci cild 273-277-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarından görünür ki, xüsusi ittihamçı tərəfindən verilmiş vəsatət təmin edilərək məhkəmə-müəllifşünaslıq ekspertizası təyin olunmuşdur. Cinayət işinin 2-ci cild 1-ci vərəqəsində olan ekspert Mətanət Muradovanın 12 mart 2021-ci il tarixli vəsatətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixdə təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizasının aparılması üçün əlavə tədqiqat və iş materiallarının ekspertə təqdim olunmasını xahiş edir. Cinayət işinin 2-ci cild 84-85-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, ekspert M.Muradovanın vəsatəti təmin olunmuş, xüsusi ittihamçı və təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş əlavə materiallar tədqiq edilərək ekspertizaya göndərilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 4/211 saylı məhkəməmüəllifşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, cinayət işinin 1-ci cildinin 5-ci vərəqəsində olan “İlqar İsmayılov” adlı “Facebook” səhifəsindəki “Canlı yayında haqqında fakt və sübutlarla danışacaqlarım: - Vip Aviation şirkətinin rəhbəri İlham Şükürovun "xxxx" MMC-nin qəsbindəki rolu; - Ofisində üstümə silah çəkən “ağsaqqal” kimdir? - Özünü vəkil adlandıran dələduz (fotoda ortada) Məharət Hüseynli nədən gizlənir? - Premium bank rəhbəri Elçin Əhmədov cinayətini sahibinin əmri ilə etdiyini neçə dəfə boynuna alıb? - İdealın hazırkı direktoru, əvvəllər məhkum olunmuş (fotodakı sağda) Samir Əliyev hansı cinayətlərə görə sahibləri tərəfindən mükafatlandırılıb? - Canlı yayım zamanı tezliklə Sizlərə bildirəcəm, Dəyərli Dostlarım! mətninin (1-ci mətn); - Cinayət işinin 1-ci cildinin 159-cu vərəqəsində olan “İlqar İsmayılov” adlı “Facebook” səhifəsindəki “Əhvalınız yaxşıdır, cənablar! Çöhrəniz parıldayır, maşallah. 18 il gecəgündüz qanla-tərlə şirkət, brend yaradan insanı öz əmlakını mənimsəmə ittihamı ilə həbsxanaya göndərin, həyatınızda görmədiyiniz ilgi və diqqəti görüb keyfə girin! - P.S. Bu “şərəfli” məxluqların hər birinin törətdiyi əməllərin sübutları hazırdır, anında yayınlanacaq.. - P.S.S. Dövlətin vergilərindən yayındınız deyə bədəlini 8 milyon manatla büdcəyə ödədiniz!. Şirkət əməkdaşlarının haqqını yeməyin, tezliklə hesab verəcəksiniz! UZAQDAN ADAMSİNİZ, AMMA ADAMLİQDAN UZAQSİNİZ! Elçin bəy, heç kimdirlər, sahibləri kimi... (c.1 i/v 161-də kommentdə verilib)” mətninin (2-ci mətn); Cinayət işinin 1-ci cildinin 160-cı vərəqəsində olan “İlqar İsmayılov” adlı “Facebook” səhifəsindəki “Vəkil Meharet Huseynli, bugun İdeal Shirketinin ofisine devet edib hede qorxu gelerek FB statusuna like etmiş 4 emekdashın oz xahishi ile ishden azad olma erizelerini almisiniz. Vekiller Kollegiyasinin uzvu kimi Azerbaycan Respublikasinin qanunlarina zidd hereketleriniz baresinde müvafiq orqanlara lazimi melumatlar verilecek. Shirketin indiki rehberliyinin vergi yayinmalari və emek qanunvericiliyi pozuntulari barəsində lazimi orqanlara tekzibedilmez faktlarla müracietler olunacaqdir. Azerbaycan Respublikasinin huquq dovleti oldugunu, defelerle yol verdiyiniz qanun pozuntularina gore olkenin mehkeme sistemi qarshisinda cavab vereceyinizi xatirlatmagi ozume borc bilirem. P.S.Vəkillər Kollegiyasından aldığım məlumata görə üzv deyilmişsiniz. X17 şirkətinin əməkdaşısınız” mətninin (3-cü mətn) müəllifinin – tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəbə görə İ.İ.İsmayılov olub-olmaması haqqında rəy vermək mümkün deyildir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 132 (bir yüz otuz iki) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 286-289-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 4/285 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, İ.İ.İsmayılovun “Facebook” səhifəsində yayılmış yazılarda M.Hüseynlinin ünvanına işlədilmiş məlumatlar (insanlara hədə-qorxu gəlməklə işdən azad olunma barəsində ərizə alınması, qanun pozuntularına yol verməsi, vergidən yayınması, əmək qanunvericiliyinin pozması, şəxsi öz əmlakını mənimsəmə ittihamı ilə həbsxanaya göndərməsi) yalan olduğu təqdirdə xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında M.Hüseynli barəsində mənfi rəy yaradan fikirlərdir. Həmin məlumatların həqiqi olub-olmamasının araşdırılması ekspert-linqvistin səlahiyyətinə aid deyildir. Eyni zamanda, “şərəfli” məxluq, “UZAQDAN ADAMSİNİZ, AMMA ADAMLİQDAN UZAQSİNİZ!!” və Özünü vəkil adlandıran dələduz (fotoda ortada) Məharət Hüseynli nədən gizlənir?” ifadə və cümlələrdə M.Hüseynlinin şərəf və ləyaqətini alçaldan sözlər işlədilmişdir. Cinayət işinin 1-ci cild 287-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 155-ci vərəqəsində olan “Facebook” səhifəsindən olan çıxarışdan görünür ki, “İlgar İsmayilov” adlı səhifə 13 yanvar 2017-ci il tarixdə yaradılmış, 11 oktyabr 2020-ci il tarixdə isə həmin səhifənin adı “İlgar İsmayilov” adından “İlgar İsmayilov” adına dəyişdirilmişdir. Həmçinin “İlgar İsmayilov” adına olan səhifənin Azərbaycandan 4 admini, ABŞ-dan isə 1 admini, yəni idarəedisici olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuyla, təqsirləndirilən şəxsin ifadəsi ilə, yəni onun “Facebook” hesabında adının “İlgar İsmayılov” kimi yox “İlgar İsmayılov” kimi qeyd olunması, 08 may 2021-ci il tarixli məhkəmə müəllifşünaslıq ekspertizası rəyinə əsasən həmin səhifədə yazılanların müəllifinin İ.İ.İsmayılov olmaması, “İlgar İsmayılov” adlı səhifənin 5 adminin, yəni idarəedicisinin olması, səhifə yaradılarkən adminlərin dördünün yeri Azərbaycan, digərinin isə ABŞ-də olması və həmin yazıların adminlərdən istənilən birinin yazma ehtimalının olması bir daha təsdiq edir ki, həmin ifadələrin məhz İ.İ.İsmayılov tərəfindən yazılması məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir həmçinin qərarda dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Beləliklə məhkəmə tərəfindən cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi məqsədi ilə xüsusi ittihamçıya ittihamı əsaslandırmaq üçün bütün zəruri şəraitin yaradılmasına və sübutetmə vəzifəsi xüsusi ittihamçının üzərində düşməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı ittihamçı tərəfindən şikayət ərizəsində qeyd olunanlar öz təsdiqini tapmamış və yalnız ehtimallara və şübhələrə əsaslanılmışdır. Məhkəmə hesab edir ki qanunvericiliklə müəyyən edilən şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunduğundan və “İlgar İsmayılov” adlı “Facebook”səhifəsinin 5 adminin olması səbəbindən xüsusi ittihamçı M.Ə.Hüseynlinin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayılması və ya onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması cinayətini məhz kim tərəfindən törədilməsi məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü iltarixli Qərarının 6-cı bəndində göstərilir ki,məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi İ.İ.İsmayılovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İ.İ.İsmayılovun ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddələr ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.5ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İ.İ.İsmayılova bəraət verildiyi üçün iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə dair cəmi xərclənmiş 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti xüsusi ittihamçı X2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı CPM-nin 42, 55, 344-347, 349, 350, 352, 353.3, 353.5, 356, 358, və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X7 izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 432 (dörd yüz otuz iki) manat xüsusi ittihamçı X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Azər Tağıyev