Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-26/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 48,79 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımışdır. xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 02:50-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 48,79 qram təşkil edən çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış həmin narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən almışdır. xx.xx.2024-cü il tarixdə saat 02:50 radələrində ünvan 1 ünvanında dostu X12 ilə birlikdə olan zaman 2 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onların hərəkətlərinin şübhəli olduğunu bildirmişlər, onları Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Polis İdarəsində onların hər ikisinə dövlət hesabına vəkil təyin etmişlər və hər ikisini şübhəli şəxs kimi tutmuşlar. Sonra onlara bildirmişlər ki, üzərlərinə şəxsi axtarış keçiriləcək. Vəkillərin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, ilk öncə əynindəki qara rəngli şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ota bənzər bitki olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra o, əynindəki göy rəngli gödəkçəsinin cibindən “Xiaomi Redmi 12” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmişdir, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşı onun üzərində axtarış aparmağa başlamış və üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etmək təklif olunmuşdur. O, bir ədəd şəffaf selofana bükülmüş içərisində ota bənzər bitkinin el arasında “nəşə” deyilən narkotik vasitə “marixuana” olduğunu bildirmişdir, ondan həmin narkotik vasitələrin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni “Watsapp”da ona Rusiya nömrəsi ilə yazan adını bilmədiyi şəxs nisyə narkotik maddə təklif edərək xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsində yerləşən binanın giriş qapısınn arxasında gizlədəcəyini bildirmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində tanışı X12 ilə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsində yerləşən binanın qarşısına gələrək “Watsapp”da ona yazan şəxsin dediyi binanın giriş qapısının arxasında gizlədilmiş şəffaf sellofana bükülmüş 01 büküm marixuananı taparaq, içərisinə baxmış, həmin sellofanın içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu anlamış, Elnur ondan həmin ünvandan nə götürdüyünü soruşmuş, o isə sonra deyəcəyini deyərək, içərisində marixuana olan bükümü öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirdiyini, özünə məxsus “Xiaomi Redmi 12” markalı mobil telefondan adını bilmədiyi Rusiya nömrəsi ilə ona yazan şəxs ilə yazışmaları və şəkillləri sildiyini bildirmişdir. Bundan sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ondan aşkar edilmiş maddə tərkibinin müəyyən olunması üçün qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamışdır. Özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bu səbəbdən də məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməklə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Bəylər” və “Elnur” adlı şəxsin Nəsimi rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması ilə bağlı polis idarəsinə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etmiş və həmin qərarın icra olunması ilə bağlı o və Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 100 ünvanına yollanmışlar. xx.xx.2024-cü il tarixdə saat 02:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 100 ünvanının qarşısında olarkən “Bəylər” və “Elnur” adlı şəxsləri görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələri əldə etmələri, üzərilərində saxlamaları və daşımaları ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, “Bəylər” və “Elnur” adlı şəxləri Nəsimi RPİ-nin CAŞ-nə dəvət etmişlər. Sonuncular onlarla birlikdə Nəsimi RPİ-nin CAŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən “Bəylər” adlı şəxsin Təqsirləndirilən şəxs, “Elnur” adlı şəxsin isə X12 olması müəyyən olunmuş və raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X7a həvalə olunmuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs oğlu və X12 şübhəli şəxs qismində tutularaq sonunculara hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə X12 və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı X8 və Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının cibindən 01 ədəd bükümü və göy rəngli gödəkçəsinin cibindən “Xiaomi Redmi 12” markalı teleonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış aparılaraq, hər hansı bir qanunsuz əyşa və ya predmet aşkar olunmamışdır. Şalvarının cibindən çıxartdığı 01 ədəd bükümə baxış keçirilərək həmin bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda o, 01 ədəd bükümün içərisində olan maddənin narkotik vasitə marixuana olduğunu bildirərək, həmin narkotik vasitəni adını bilmədiyi şəxsin +**********75 mobil nömrəsinin “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə tanış olaraq ona nisyə narkotik vasitə marixuana satmasını xahiş etdiyini, həmin şəxs isə narkotik vasitə marixuananı gizlədəcəyi ünvanın konumunu və həmin ünvanın şəklini ona göndərmiş, Bəylər isə xx.xx.2024-cü il tarixdə gecə saatlarında tanışı Elnur ilə ünvan 4 ünvanda yerləşən binaya daxil olaraq, binanın blokundan qapının arxasından 01 ədəd bükümdə içərisində narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan marixuanaya bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq, protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs ilə birlikdə saxlanımış X6 üzərinə axtarış keçirilərək hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi icraata qəbul edilmişdir. (i.v.98); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.118-119); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.120-121); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılmaı haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.133-135); - “Cinayət işi üzrə icraatın təzələməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.138); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v.141); - “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.157-158); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının cibindən bir ədəd şəffaf selofana bükülmüş içərisində ota bənzər bitki olan narkotik vasitə - qurudulmuş marixuanaya bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (i.v.74-76); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/461 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində kağız paketdə 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 48,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir (i.v.87-90); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3396 nömrəli rəyindən görünür ki, müayinə zamanı X3 Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.170-171); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 üzərindən aşkar edilərək götürülmüş 48,79 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 48,74 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, təqsirləndirilən şəxs X4 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.172-177); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.137); - Elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü 2 azyaşlı övladı var. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki qara rəngli şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ota bənzər bitki olan narkotik vasitəni çıxarıb masanın üstünə qoyur və həmin vasitəni Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 100 ünvanında yerləşən binanın blokunun qapısının arxasından “Watsapp”da ona Rusiya nömrəsi ilə yazan adını bilmədiyi şəxsdən nisyə olaraq öz şəxsi istifadəsi üçün aldığını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 01 bükümdə təmiz çəkisi 48,79 qram olmaqla narkotik vasitə - qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabda Təqsirləndirilən şəxs qeyd edilən qurudulmuş marixuananın satış məqsədi ilə əldə edilməsinin qeyd olunması səbəb olmuşdur. Lakin, iş materiallarında olan Nəsimi RPİ-nin 21-ci polis bölməsinin xx.xx.2024-cü il tarixli həmin cavab məktubunda deyilir ki, bır sıra əməliyyat-axtarış tədbirləri həyata keçirərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, onun konkret olaraq kimlərə narkotik vasitə satması hazırki vaxta qədər müəyyən edilməmiş, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral-mart aylarında şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə narkotik vasitə olan qurudulmuş marixuananı hissə-hissə olmaqla müxtəlif tarixlərdə satmış, həmçinin o, istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qəsdən qanunsuz olaraq 48,79 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, onun konkret olaraq kimlərə narkotik vasitə qurudulmuş marixuananı satmasını hazırki vaxta qədər müəyyən etmək mümkün olmamışdır. Hazırda tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə məlumat veriləcəkdir (i.v.131). Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Həmçinin Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, həmin narkotik vasitələri kimlərəsə satması sübut edilməmişdir, bu yalnız ibtidai istintaq orqanı tərəfindən ehtimal üzərində qurulmuş mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 bükümdə təmiz çəkisi 48,79 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlaması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarı 5 qram təşkil edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixi, saat 02:50-dən xx.xx.2024-cü il tarixi, saat 12:30dək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X2 Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 396 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 48,74 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 48,74 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-26/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-26/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver