Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-260/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, dalan 02, ev 01-də qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,207 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşımış, 14 oktyabr 2020-ci il tarixdə, saat 07:25-də Bakı Dəmir Yolu Vağzalında dəmiryol keçidini müəyyən olunmayan yerdən keçməklə inzibati xəta törətdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq X7 Polis İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sag yan cibindən həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 13 oktyabr 2020-ci il tarixdə Bakı Dəmir Yolu Vağzalına “Şərq bazarı” adlanan ərazi istiqamətində olan daş hasardan tullanaraq oradakı dəmir yolu xəttini keçmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb etdiyi hərəkətin səbəbini soruşmuş, o da qısa yoldan getmək üçün dəmir yolu xəttindən keçdiyini bildirmişdir. Səhəri günü mobil nömrəsi həmin ərazidə yerə düşdüyündən onu axtarmaq üçün geri qayıtmışdır. Yenidən polis əməkdaşları ona yaxınlaşaraq onu X7 Polis İdarəsinə dəvət etmişlər. İdarədə üzərinə videoçəkilişlə axtarış keçirilmədən əvvəl polislər ona narkotik maddəni verib öz üzərinə götürməsini təkid etmişlər. O da təzyiq altında qorxub narkotik vasitənin guya ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmədə X7 Polis İdarəsinin X7 Polis İdarəsinin Sərnişin X4-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid1 şahid qismində ifadəsində göstərdi ki, Bakı Dəmir Yolu Vağzalında 4 saylı postda 14 oktyabr 2020-ci il tarixdə iş yoldaşı Şahid2la birlikdə xidmət apararkən saat 07:15 radələrində bir nəfər şəxsin dəmir yolunun “Şərq bazarı” adlanan ərazi istiqamətində olan daş hasarın üzərindən tullanaraq oranın ərazisinə daxil olduğunu və dəmir yolu xəttinin müəyyən edilməmiş hissəsindən keçdiyini müşahidə etmişlər. Məsələ barəsində dərhal manqa komandiri Şahid3 məlumat verərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, onun şəxsiyyətinin müəyyən edilməsi və barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə onu X7 Polis İdarəsinə dəvət etmişlər. İdarəyə gedərkən yolda bu şəxs narkotik vasitə istifadəçisi olduğunu, hazırda da üzərində narkotik daşıdığını etiraf etmişdir. İdarəyə gətirildikdən sonra bu şəxsin X9 olduğu müəyyən edilmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisindən iki bükümdə maddələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə olduğunu, onu 13 oktyabr 2020-ci il tarixdə Mərkəzi Bankın qarşısında “Kürd” adlı şəxsdən 8 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 Polis İdarəsinin X7 Polis İdarəsinin Sərnişin X4-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 və X7 Polis İdarəsinin Sərnişin X4-patrul xidməti bölüyünün manqa komandiri Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: “Şəxsi axtarış və götürmə haqqında” protokol və “CD-də olan videgörüntülərə baxış keçirilməsi barədə” 29.10.2020-ci il tarixli protokola əsasən baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan görüntü 12 dəqiqə 39 saniyə davam edir. 14.10.2020-ci il tarixdə, saat 07:15 radələrində X7 Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman ondan əvvəlcə özündə qanunsuz əşyanın olub-olmadığı soruşulur. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Büküm açıldıqda içərisindən iki ədəd şəffah sellofan büküm aşkar edilir. Onlardan birində qəhvəyi rəngli tozşəkilli maddə, digərində ağ rəngli kristala bənzər maddə olduğu müəyyən edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Mərkəzi Bankın qarşısında “Kürd” ləqəbli şəxsdən 8 manata öz istifadəsi üçün aldığını bildirir (İ cild, i.v.23, 84, disk); Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadəsindən aydın olur ki, o, bir müddətdir narkotik vasitələrdən istifadə edir və onları Bakı şəhərində tanımadığı müxtəlif yerlərdən əldə edir. 13 oktyabr 2020-ci il tarixdə o, Mərkəzi Bankın yaxınlığında olarkən əvvəllər tanıdığı “Kürd” ləqəbli şəxslə təsadüfən görüşmüş, onunla söhbət zamanı sonuncu ona üzərində “kakos” va “şüşə” adlanan narkotik vasitələrin olduğunu söyləmişdir. O, özü narkotik vasitə istifadəçisi olduğundan ondan həmin maddələrin qiymətini maraqlanmış, “Kürd” ləqəbli şəxs də bükümləri 8 manata satdığını bildirmişdir. Onunla razılaşıb 8 manata bükümləri ondan alaraq əynindəki salvarın cibində qoymaqla yaşadığı evə aparmışdır. 14 oktyabr 2020-ci il tarixdə, saat 07 radələrində o, aldığı bükümü evdən götürüb işə getmək üçün “Şərq bazarı” adlanan yerin yaxınlığına gəlmiş, orada olan daş hasardan Bakı Dəmir Yolu Vağzalının ərazisinə keçmişdir. Dəmir yolu xəttinin üzərində olarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb bu qanunsuz əməlinə görə ona iradlarını bildirmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün onu idarəyə dəvət etmişlər. O, idarəyə gedərkən polislərə üzərində narkotik vasitə daşıdığını etiraf etmişdir. Polis idarəsində onun üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofanda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı onları Mərkəzi Bankın yaxınlığında “Kürd” ləqəbli şəxsdən 8 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə işə baxılarkən tutulacağından qorxduğu üçün narktoik vasitənin ona aid olmadığını demişdir. Lakin hazırda əməlini səmimi etiraf edir, peşmandır. (İ cild, i.v.24-25, 46-48, 60-62, 117-118); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 14 oktyabr 2020-ci il tarixli, 6/2168 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,207 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metafetaminin ümumi qalıq çəkisi 0,025, heroinin 0,157 qram, aparılmış tədqiqatın dəyəri isə 81,82 manat təşkil edir (İ cild, i.v.30-35); “Şübhəli bilinən şəxsin tutulması haqqında” 14.10.2020-ci il tarixli prokoldan aydın olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 4(006)-605/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, müstəntiqin qərarı əsasında barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.21, 72-77); “Maddi sübut kimi tanıma və saxlanması üçün verilməsi haqqında” 16 və 29 oktyabr 2020-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,157 qram narkotik vasitə heroin, 0,025 qram psixotrop maddə metamfetamin, habelə şəxsin üzərində keçirilmiş axtarışın videogörüntülərini əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, heroin və metamfetamin saxlanılması üçün X7 Polis İdarəsinə təhvil verilmiş, disk isə cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.79, 85); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator X1 haqqında 22.10.2020-ci il tarixli, 2942 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.87-88); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13.03.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 0,035 qram çəkidə psixotrop maddə olan metamfetaminin çəkisi şəxsi istehlak miqdarından artıq olmadığı üçün ona bu hissədə ittiham verilməmişdir (İ cild, i.v.120-124); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.11.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.03.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sonuncu dəfə isə həmin məhkəmənin 16.07.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir (İ cild, i.v.79); “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs Rauoğlunun 25.04.2015-ci il təvəllüdlü bir övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməli törətməsi ibtidai araşdırma dövründən fərqli olaraq özü tərəfindən məhkəmədə inkar olunsa da, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan digər təkzibedilməz dəlillərlə onun əməli tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq X7 Polis İdarəsində saxlanılan, qalıq qalan 0,157 qram narkotik vasitə olan heroin və 0,025 qram psixotrop maddə olan metamfetamin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 81,82 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq X7 Polis İdarəsində saxlanılan, qalıq qalan 0,157 qram narkotik vasitə heroin və 0,025 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-260/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-260/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver