Məhkəmə qərarları › İş №1(006)-260/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-260/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-260/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 320-də qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,305 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində polis əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 320-də olarkən evin qapısı döyülmüşdür. O qapını açanda polis əməkdaşları onun haqqında qonşulardan şikayət olduğunu deyib onu polis şöbəsinə aparmışlar. Saxlanılan günü üzərində metamfetamin olmamışdır. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 Şəmsəddi oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumatın yoxlanılması üçün ondan və şöbənin əməliyyat müvəkkili Şahid1 Zülfüqar oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin günü onlar Nəsimi rayonu, A.Mustafayev küçəsi, 01 saylı ünvana yaxınlaşaraq özlərinə mövqe seçmiş və saat 12:30-da bir nəfər şəxsin məlumatda təsviri verilən “Yusif” adlı şəxslə eyni əlamətlərinin olmasını müəyyən edib dərhal ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan özünü təqdim etməyi tələb etmişlər. Bu şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış və ona üzərində olan əşyaların təqdim edilməsi təklif edilmiş, o da əynində olan qara rəngli gödəkcəsinin üst cibindən 01 ədəd gümüşü rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümün içərisində “patı” adlanan psixotrop maddənin olduğunu deyərək onu bir neçə gün bundan öncə “Xutor” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 Zülfüqar oğlu Şahid2 Şəmsəddi oğlunun ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin üst cibindən 01 ədəd gümüşü rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoyur və bildirir ki, həmin büküm “patı”dır və onu bir neçə gün əvvəl “Xutor” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.53-55, 83); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/623 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş “1.imza Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan zərfdə 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,305 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,255 qram, aparılmış tədqiqatın dəyəri 88 manat təşkil edir (İ cild, i.v.62-65); • “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 02 fevral 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, 5-6 ildir narkotik vasitələrdən istifadə edir. Saxlanılmamışdan təxminən 3-4 gün öncə “Xutor” adlanan ərazidə axşam saatlarında tanımadığı şəxsdən öz şəxsi tələbatını ödəmək məqsədi ilə 10 manat qarşılığında 01 bükümdə “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin əldə etmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O, anket məlumatlarını şifahi bildirdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli bilindiyini və bu səbəbdən də onu 19-cu polis şöbəsinə getməli olduğunu bildirmişlər. Şöbədə ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkcəsinin üst cibindən 3-4 gün bundan öncə əldə etdiyi bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq olunmamışdır (İ cild, i.v.93-94); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 880 saylı rəyinə görə Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.113-114); • “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,255 qram çəkidə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə saxlama otağına verilmişdir (İ cild, i.v.120); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-51/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Qərarda Təqsirləndirilən şəxs izahatında üzərində aşkar olunan psixotrop maddənin ona məxsus olduğu qeyd olunmuşdur (İ cild, i.v.102-105); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına və hökmə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəməyədək icraat dövründə tutulduğu ümumi 02 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.111-112, İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadəsi, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən hazırda anoloji cinayətə görə azadlıqdan məhrum etmə cəzasının çəkdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə həbsə alındığı andan – 31 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,255 qram psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 88 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə müvafiq olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,255 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar