Məhkəmə qərarları › İş №1(006)-260/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-260/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-260/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X11 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1999-cu ildə Rusiya Federasiyasının Arxangelsk şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4a, mənzil 200-də qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 59, mənzil 26-da yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 26 noyabr 2024-cü il tarixdə saat 15 radələrində idarə etdiyi «Mercedes- Benz» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Mustafa Topçubaşov və Feyzulla Qasımov küçələrinin kəsişməsində yolun hərəkət hissəsində saxlayıb eyni istiqamətdə arxa tərəfdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə maneçilik törətməsinə görə sonuncunun yolu boşaltmaqla bağlı haqlı iradını cüzi səbəb kimi bəhanə gətirib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edərək əli ilə sonuncunun bədən nahiyələrinə qəsdən zərbələr vurmaqla ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan sağ təpə-gicgah və sağ qaşüstü nahiyələrin dərialtı hematomaları, sağ əlin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 26 noyabr 2024-cü il tarixdə saat 15 radələrində idarə etdiyi «Mercedes-Benz» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili Nəsimi rayonu, Mustafa Topçubaşov və Feyzulla Qasımov küçələrinin kəsişməsində saxlayıb park etmək üçün boş yer axtarmışdır. Bu zaman onun arxa tərəfində dayanmış «Volkswagen» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü keçmək üçün ona yolu boşaltması üçün avtomobilin səs və işıq siqnalları ilə işarə verməyə başlamışdır. Lakin həmin avtomobilin keçib getməsi üçün yolda kifayət qədər yer olmuşdur. Buna görə də o, idarə etdiyi avtomobilin şüşəsini aşağı endirərək əlini bayıra çıxarıb keçib getmək üçün həmin avtomobilin sürücüsünə işarə vermişdir. «Volkswagen» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini hərəkətə gətirib onun avtomobilinin yanında saxlamış və avtomobilin sükanı arxasında əyləşdiyi vəziyyətdə ona yolu bağlamasını irad olaraq bildirmişdir. O, avtomobilini park etmək üçün yer axtardığını demiş, həmin sürücü isə «sən get avtomobilini başqa yerdə park elə, sən burada avtomobil saxlaya bilməzsən» deyərək ona cavab qaytarmışdır. Bu zaman həmin sürücünün yanında əyləşmiş qadın da ona eyni sözləri deməyə başlamış və mobil telefonunu çıxarıb onu çəkməyə başlamışdır. O, həmin şəxslərə fikir verməyərək avtomobilinin şüşəsini yuxarı qaldırmışdır. Sonra həmin sürücü avtomobilini irəliyə sürüb getmişdir. Yolun kənarında dayanmış avtomobillərdən biri çıxıb getdiyinə görə o, idarə etdiyi avtomobili həmin yerdə park etmiş və avtomobildən yerə düşmüşdür. Bu zaman «Vo!kswagen» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qarşı tərəfdən qaça-qaça onun üstünə gəldiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxslə əlbəyaxa olmuşlar və aralarındakı anlaşılmazlıq sonuncuya xəsarət yetirməsinə səbəb olmuşdur. Lakin həmin vaxt yaxınlıqda olan şəxslər onların mübahisəsinin daha da kəskin xarakter alamamsı üçün onları ayırmışlar. Bundan sonra, o, hadisə yerinə gəlmiş polis əməkdaşına baş vermiş mübahisə barədə məlumat vermişdir. Polis əməkdaşı əgər şikayəti varsa polis bölməsinə gedərək ərizə ilə müraciət edə biləcəyini bildirmiş, lakin o, imtina etmişdir. Daha sonra o, avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Bu hadisədən 2-3 gün sonra ona Nəsimi rayon Polis İdarəsinin 20ci Polis şöbəsindən polis əməkdaşı zəng edərək qeyd edilən hadisə ilə əlaqədar barəsində şikayət olduğunu bildirmişdir. O, 02 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə gəldikdən sonra 20-ci polis şöbəsinə gələrək izahat vermişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X10 hadisə ilə əlaqədar tanımış və əvvəllər aralarında heç bir ədavət olmamışdır. O, hadisə vaxtı «Volkswagen» markalı **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 26 noyabr 2024-cü il tarixdə saat 15:30-da Nəsimi rayonu ərazisində «28 May» metrostansiyasının yaxınlığında yerləşən rəssamlıq məktəbində təhsil alan balaca bacısını götürmək üçün anası Şahid1 ilə birlikdə həmin gün saat 15 radələrində idarə etdiyi avtomobillə Nəsimi rayonu F.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsi istiqamətində hərəkətdə olarkən həmin küçələrin kəsişməsində avtomobilinin qarşısında yolun hərəkət hissəsində «Mercedes» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmaqla hərəkət üçün maneə yaratmış və həmin yerdə yolun kənar tərəflərində avtomobillər dayandığından «Mercedes» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçmək mümkün olmamışdır. Bu səbəbdən də idarə etdiyi avtomobilin fara işıqları və səs siqnalı ilə qarşısında dayanmış «Mercedes» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə keçib getmək üçün yol verməsi üçün işarə vermişdir. Lakin «Mercedes» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü buna əhəmiyyət verməmişdir. Bu zaman yolun kənarında dayanmış avtomobillərdən biri hərəkətə gəlib yolu boşaltdığına görə o, avtomobilini hərəkətə gətirərək irəliyə sürmüşdür və «Mercedes» markalı avtomobilin yarından keçəndə avtomobili saxlayıb tanımadığı sürücüyə yolu səbəbsiz yerə bağlaması barədə irad bildirmişdir. Bu zaman «Mercedes» markalı avtomobilin sürücüsü saymazyana şəkildə ona cavab vermişdir. Həmin sürücünün kobud hərəkətlərinə görə avtomobilində olan anası Şahid1 da həmin şəxsə öz iradını bildirmiş, lakin sürücü anasının iradına məhəl qoymayaraq ona qarşı nalayiq söyüş işlətmişdir. Bu səbəbdən o, idarə etdiyi «Volkswagen» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili irəliyə sürüb yolun kənarında saxlayaraq yerə düşmüş və «Mercedes» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişdir. Həmin avtomobilin sürücüsü də avtomobildən düşüb onun qarşısına gəlmişdir. O, həmin sürücüyə nalayiq ifadə işlətməsini irad bildirsə də, sonuncu əgər yol hərəkəti qaydasını pozarsa cərimə yazılacağını bildirərək cavab qaytarmışdır. Hadisə yerinə gəlmiş anası mobil telefonu ilə «Mercedes» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəklini çəkmişdir. Bu zaman Naim İsmailov qəfildən yumruqla onun sifətinə zərbə vurmuş, sonra isə əlbəyaxa olub onu yerə yıxmış və nalayiq ifadə işlədərək onu döyməyə başlamışdır. Həmin vaxt ətrafda olan adamlar mübahisəyə müdaxilə edərək onları ayırmağa başlamışlar. Orada olan bir nəfər tanımadığı kişi həmin sürücünü tutub kənara çəksə də Naim İsmailov onun və anasının ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Sonra o, anası ilə «Volkswagen» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib oradan rəssamlıq məktəbinə gəlmiş və bacısını məktəbdən götürmüşdür. Daha sonra anası Sevinc mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra onu Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə dəvət etmişlər və o, bölməyə gedərək şikayətçi olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxs X11 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və sonuncu barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid1 və X1 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən hadisənin 26 noyabr 2024-cü tarixdə saat 15 radələrində Nəsimi rayonu, M.Topçubov və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının yaxınlığında və insanların gediş-gəlişinin sıx olduğu ictimai yerdə baş verməsi faktı müəyyən edilmişdir (i/v 14-19). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X13 canlı şəxsin ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 1589 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan sağ təpə-gicgah və sağ qaşüstü nahiyələrin dərialtı hematomaları, sağ əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (i/v 32-34). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X8 əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i/v 90). İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Naim İsmailovla barışmışdır və sonuncudan heç bir şikayəti, tələbi və iddiası yoxdur (i/v 94). İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, X11 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 138). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxs X11 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X8 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə X8 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X8 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxs X8 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Həmçinin məhkəmə hesab edir ki, X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası cəza hissəsində Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs X8 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-260/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X9 göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar