Məhkəmə qərarları › İş №1(006)-261/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-261/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-261/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Həmzəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 101, mənzil 09da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 46 saylı ünvanda yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında olan zaman qəbul otağında tanışı Zərərçəkmiş şəxs masanın üzərində qoyduğu əl çantasından milli məzənnə ilə 850 manat təşkil edən 500 ABŞ dolları məbləğində pulu gizli yolla talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildə 7 saylı cəzaçəkmə müəssisəsində X4 ilə birlikdə cəza çəkdikləri vaxtdan aralarında dostluq münasibəti yaranmış, onunla əlaqə saxlayan zaman xx.xx.2020-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu barəsində olan cinayət işinə baxılacağını öyrənmişdir. O, həmin tarixdə saat 11 radələrində ora gedib gözləyərkən bir qadın tələsik məhkəməyə daxil olmuş, Mübarizin işi üzrə məhkəmə prosesinin başlayıb-başlamadığını soruşmuşdur. O da həmin qadına yaxınlaşıb Mübarizi hardan tanıdığını soruşanda, bu qadın Mübarizin bacısı Xuraman olduğunu demişdir. O, Xuramana Mübarizin dostu olduğunu və məhkəmə prosesində iştirak etmək üçün gəldiyini bildirmişdir. Onlara məhkəmə prosesinin başladığını, içəriyə əl çantası və mobil telefonla daxil olmağın qadağan olduğunu demişlər, buna görə də o, Xuramanla dəmir yeşiklərin olduğu yerə yaxınlaşmış, orada özünə məxsus iki ədəd mobil telefonu əl çantasına qoyması üçün Xuramana vermişdir. Xuraman əl çantasını açanda o, onun içərisində olan balaca kitabçanın arasında pul görmüşdür. Xuraman əl çantasını yeşiyin içərisinə qoyub oranı açarla bağlamış, açarı da özündə saxlamışdır. Daha sonra onlar birlikdə zala girmiş və işçilər prosesin təxirə salındığını, saat 14 radələrində qəbul otağının yanındakı zalda keçiriləcəyini bildirmişlər. Xuramanla o dəmir yeşiklər olan yerə yaxınlaşmış və Xuraman açarla yeşiyi açaraq oradakı əl çantasının cibindən götürdüyü iki ədəd mobil telefonu ona geri qaytarmışdır. O, yenidən çantanın cibinə diqqətlə baxmış və orada pulun olduğuna tam əmin olmuşdur. Həmin ərəfədə işsiz olduğu üçün bu pulu ələ keçirmək qərarına gəlmişdir. Saat 13:50 radələrində prosesə girmək üçün zala yaxınlaşanda o yenə də özünə məxsus telefonları əl çantasına qoymaq üçün Xuramana vermişdir. Zala girmək istəyəndə məhkəmə işçiləri əl çantası ilə içəri daxil olmağın qadağan olduğunu demiş, Xuraman da zalın yanındakı qəbul otağına girərək orada olan şəxsdən əl çantasını otaqdakı masanın üzərinə qoymağa icazə istəmiş, proses bitdikən sonra gəlib onu götürəcəyini demişdir. Həmin şəxs də buna icazə vermişdir. Bundan sonra onlar zala daxil olmuş və o, uzaqdan Mübarizlə salamlaşmışdır. O, əl çantasındakı pulları əl keçirmək məqsədilə yalandan Mübarizə yaxınlaşaraq onunla görüş almaq üçün çölə çıxdığını demiş, tez çölə çıxıb qəbul otağına yaxınlaşmış, orada əyləşən şəxsə ona məxsus mobil telefonları bir nəfərə zəng etmək üçün götürmək istədiyini bildirərək Xuramanın çantasını masanın üzərindən götürmüşdür. Orada əyləşən şəxs Xuramanla birlikdə onu gördüyü üçün heç nə deməmişdir. O, tez əl çantasının bir cibini açmış, kitabın arasında olan 500 ABŞ dolları məbləğində pulu və özünə məxsus iki ədəd mobil telefonu götürüb çantanın cibini bağlayaraq masanın üzərinə qoymuşdur. Qəbul otağında çox adam olduğundan həmin şəxs onun hərəkətlərinə tam diqqət yetirə bilməmişdir. Saat 14 radələrində pulu oğurlayıb cibinə qoyduqdan sonra otaqdan çıxaraq məhkəmənin binasını tərk etmiş, götürdüyü pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra anası Rübabə ona zəng edərək Xuraman adlı qadının onunla əlaqə saxladığını və onun 500 ABŞ dolları pulu oğurlamasını demiş, o da anasına Xuramandan onun barəsində polisə şikayət etməməsini xahiş etməyi, pulu tapıb sonuncuya geri qaytaracağını bildirmişdir. Anası dediyi kimi Xuramanla görüşərək sonuncudan polisə şikayət etməməsini xahiş etsə də, o, indiyə kimi 500 ABŞ dolları məbləğində pulu Xuramana geri qaytarmamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı X4 barəsində məhkəmə prosesi olduğundan evdən çıxarkən vəkillə müqavilə bağlamaq üçün 500 ABŞ dolları və 150 manat pul götürmüşdür. Götürdüyü 150 manat pulu çantanın yan cibinə, 500 ABŞ dolları pulu isə çantasının içərisində olan balaca kitabçanın arasına qoymuşdur. Saat 11 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində iclasın vaxtını maraqlanan zaman bir nəfər şəxs ona yaxınlaşaraq onun kim olduğunu soruşmuş, o da Mübarizin bacısı olduğunu deyəndə, sonuncu özünü Elçin kimi təqdim edərək qardaşı ilə birlikdə 7 saylı cəzaçəkmə müəssisəsində çəza çəkdiyini söyləyərək onunla yaxşı münasibətinin olduğunu bildirmiş və onun prosesinə gəldiyini vurğulamışdır. Zala daxil olmadan əvvəl onlara telefon və əl çantası ilə birlikdə girişin qadağan olduğunu bildirmişlər. Bu zaman Elçin özünə məxsus iki ədəd mobil telefonu çantada saxlamaq üçün ona vermişdir. O da çantasının ön cibini açaraq telefonları ora qoymuş, daha sonra zalın qarşısında olan dəmir yeşiklərə yaxınlaşıb çantanı ora yerləşdirmişdir. Zala tərəf gedəndə bir nəfər məhkəmə işçisi onlara yaxınlaşıb prosesin saat 14 radələrində çöl tərəfdən girişi olan zalda keçiriləcəyini bildirmişdir. Bundan sonra o, dəmir yeşikdən çantasını götürmüş və Elçinə məxsus iki ədəd mobil telefonu ona geri qaytarmışdır. Saat 14 radələrində Elçinlə birlikdə çöl tərəfdən girişi olan zala yaxınlaşıb oraya daxil olarkən onlara əl çantası və mobil telefonla birlikdə içəriyə girməyin qadağan olduğunu bir daha demişlər. Elçin yenə özünə məxsus iki ədəd mobil telefonu çantasında saxlamaq üçün ona vermiş, o da zalın yanındakı qəbul otağına daxil olub orada əyləşən şəxsdən çantanın yanında qalmasını xahiş etmiş, sonuncu isə buna razı olmuşdur. Çantanı masanın üzərinə qoyduqdan sonra Elçinlə birlikdə zala daxil olmuş, Elçin qardaşı Mübarizlə uzaqdan salamlaşdıqdan sonra ona yaxınlaşıb onunla görüş almaq istədiyini bildirmiş, bu məsələni həll edəcəyini deyib çölə çıxmış və bir daha geri qayıtmamışdır. Proses bitdikdən sonra o, zaldan çıxıb qəbul otağında əyləşən şəxsə yaxınlaşaraq çantasını götürüb içərisinə baxdıqda orada 500 ABŞ dolları pulun və Elçinə məxsus mobil telefonların olmadığını görmüşdür. Qəbul otağındakı şəxsə yaxınlaşıb məsələni ona söyləmiş, sonuncu da Elçinin mobil telefonu götürmək adı ilə çantanı ondan aldığını və daha sonra geri qaytardığını bildirmişdir. Bundan sonra o, pulu Elçinin oğurladığını başa düşüb qardaşı Mübarizlə əlaqə saxlayaraq baş vermiş hadisəni ona danışmış, qardaşı da Elçinin anasının adının Rübabə olduğunu və metronun “Xalqar Dostluğu” stansiyası yaxınlığında yerləşən pərdələrin satışı ilə məşğul olan mağazalardan birində işlədiyini demişdir. xx.xx.2020-ci il tarixdə o, həmin ünvana gedərək Elçinin anasının telefon nömrəsini öyrənmiş, onunla əlaqə saxlayıb görüşmüş və məsələni ona danışmışdır. Rübabə də oğlu ilə münasibətlərin yaxşı olmadığını və Elçinin evə gəlmədiyini demiş, lakin onunla əlaqə saxlayıb məsələni aydınlaşdıracağını söyləmişdir. Bir neçə gündən sonra Rübabə onunla yenidən görüşmüş və oğlunun pulu oğurladığını etiraf etdiyini, onlara pulu qaytarmaq üçün vaxt verməsini və Elçinlə bağlı polisə şikayət etməməsini xahiş etmişdir. O da bir müddət gözləmiş, lakin pulun geri qaytarılmadığını görüb baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən götürülmüş məlumatlara görə hadisə baş verən tarixə (xx.xx.2020-ci il) 01 ABŞ dollarının məzənnəsi 1,70 manat təşkil edir (İ cild, i.v.35); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla 01 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.122-126); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə hökmü və qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi üzrə təqsirli bilinərək 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(103)-1198/2018 qərarı ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər tətbiq olunmaqla onun cəzası 04 il 05 ay 29 günə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-1239/2019 saylı qərarı ilə cəzasının çəkilməmiş 10 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, i.v.44-46, 48-55, 57-63, İİ cild); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə barəsində olan cinayət işi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-595/2020 saylı qərarı ilə o, həbsə alınmış həbsə alınmış, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır(İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Vəliyev X3 Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ödənilməsə də, hazırkı törətdiyi əməl böyük ictimai təhlükəli cinayət olduğu üçün bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə cinayətin residivini yaratmır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanın çəkilməmiş hissəsində ərzində yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə müvafiq olaraq cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(003)-1239/2019 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 7(103)-1198/2018 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 11 gün hissəsi hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli xx xxxxxxx 2020ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(003)-1239/2019 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, ona Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 7(103)-1198/2018 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi – 10 (on) ay 11 (on bir) gün müddət Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hazırda onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar