Məhkəmə qərarları › İş №1(006)-261/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-261/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-261/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvan 3 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Z.A.R.Əzizov 04 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərzisində yerləşən «Qış parkı»nın yaxınlığında şəxsiyyəti istintaqla müəyyən edilməyən «Əli» adlı şəxsdən 50 manat nağd pul müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,142 qram, 0,138 qram 0,127 qram və 0,123 qram olmaqla cəmi 05 bükümdə ümumi təmiz çəkisi 0,698 qram olan narkotik vasitə heroini və ayrı-ayrılıqda təmiz çəkiləri 0,425 qram, 0,415 qram və 0,656 qram olmaqla cəmi 03 bükümdə ümumi təmiz çəkisi 1,496 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 06 yanvar 2021-ci il tarixdə saat 00:05-də idarə etdiyi “Kia Optima” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 4 ünvanın qarşısında hərəkətdə olarkən Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və özünü şübhəli apardığından Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilib polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçənin sol iç cibindən həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Z.A.R.Əzizov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04.01.2021 -ci il tarixdə axşam saatlarında növbəti dəfə narkotik almaq məqsədi ilə «Qış parkı»nm yaxınlığına getmişdir. Bir qədər gəzişdikdən sonra əvvəllər tanımadığı, özünü Əli adı ilə təqdim edən şəxs yaxınlaşıb salamlaşmış, narkotik almaq istədiyini xarici görünüşündən və hərəkətlərindən anladığından kənara çəkilməyi təklif etmişdir. Onlar parkın yanındakı binanın arxa tərəfinə keçmiş, Əli adlı şəxs nə almaq istədiyini soruşmuşdur. O, həm «kakos», həm də «şüşə» almaq istədiyini demişdir. Əli adlı şəxs üzərində cəmi 4 büküm şüşə və 6 büküm kakos olduğunu bildirmiş, qiymət barədə bir qədər danışdıqdan sonra həmin maddələrin hamısını 110 manata razılaşmış və 50 manatı ödəyib 60 manat borclu qalaraq həmin maddələri almışdır. Sonrakı müddət ərzində 1 büküm kakos və 1 büküm şüşəni istifadə etmiş, qalanını isə özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 05 yanvar 2021-ci il tarixdə "20 Yanvar" metrostansiyası tərəfdə fəaliyyət göstərən avtomobil icarəsi şirkətindən günü 40 (qırx) manata "KİA Optima” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürərək sürücülük vəsiqəsi olmadan idarə etməyə başlamışdır. Öz sürücülük vəsiqəsi olmadığından avtomobili tanışı X4 adına götürmüş, icarə haqqını özü ödəmişdir. 05.01.2021-ci il tarixdə gecə saatlarında həmin nəqliyyat vasitəsinin ön işıqlarını söndürərək ünvan 6 ünvanının qarşısından hərəkət edib keçən zaman Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sənədləri yoxlanılmağa başlanılmışdır. Həmin vaxt Ağa Məmmədov da avtomobildə olmuş və o, qabaq sərnişin oturacağında əyləşmişdir. Sürücülük vəsiqəsinin olmadığı, həmçinin sənədələrin yoxlanılması zamanı narkotik vasitənin təsiri altında olduğundan yol patrul xidmətinin əməkdaşları ilə qeyri-dəqiq danışıqları şübhə yaratmış, YPX əməkdaşları onu Nəsimi RPİnin 21 -ci PB-nə dəvət etmişdir. 21 -ci PB-nin getdikdən sonra xidməti otaqların birində üzərinə baxış keçiriləcəyi izah edilmişdir. Həmçinin hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi lazım olduğunu bildirdiklərində o, maddi imkanının olmadığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra 14 saylı hüquq məsləhətxanasının vəkili X7 hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət olunmuşdur. Bundan sonra onun üzərinə YPX-nin inspektorlarının iştirakaları ilə baxış keçirilmiş və üzərində olan 05 büküm "heroin" və 03 büküm "metefetamin", özünə məxsus ümuməvətəndaş pasportu, "Huawei" markalı mobil telefonu və “Aosai” markalı elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı üzərindən aşkar edilmiş narkotik vasitələri qablaşdırıb götürmüş, bu barədə protokol tərtib etmişdir. Özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Z.A.R.Əzizovun təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin inspektoru Şahid1 Muqabil oğlu ifadəsində göstərmişdir ki, 05 yanvar 2021-ci il tarixdə DYPŞ rəhbərliyinin daxili iş bölgüsünə əsasən DYPŞ-nin inspektoru Şahid2 ilə birlikdə 273 nömrəli YPX avtomobili ilə xidmətdə olmuşdur. 06 yanvar 2021-ci il tarixdə saat 00:05-də ünvan 7 ünvanının qarşısında olarkən «Kia Optima» markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön işıqlarının söndürülmüş vəziyyətdə hərəkət etdiyini görüb həmin avtomobili saxladaraq sürücüyə özlərini təqdim etmiş, törətdiyi qayda pozuntusunu izah edib sənədləri təqdim etməsini istəmişlər. Bu zaman həmin avtomobilin sürücüsü, şəxsiyyəti sonradan ona məlum olan Əzizov X1 üzərində olmadığını demişdir. Xidməti avtomobildə olan bort - kompüterlə Təqsirləndirilən şəxs sürücülüq vəsiqəsinin olub olmadığını yoxlayarkən ona məxsus sürücülük vəsiqəsinin məhdudlaşdırıldığını müəyyən etmişdir. Sürücü Təqsirləndirilən şəxs həmin vaxt davranışları, suallara qeyridəqiq cavab verməsi səbəbindən onun narkotik vasitənin təsiri altında olmasından şübhələnmiş və qanuna müvafiq tədbir görülməsi üçün onu ərazi aidiyyəti üzrə 21-ci PBnə dəvət etmişlər. X12 Əzizovun hüquqlarını müdafiə etmək məqsədi ilə vəkil dəvət olunduqdan sonra videoçəkiliş aparılmaqla onların iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin iç sol cibindən şəffaf sellofan torba və üzərində sarımtıl rəngli qaşı olan bənövşəyi rəngli kisə aşkar edilmişdir. Şəffaf sellofan torbaya baxış keçirilərkən həmin torbadan ümumilikdə 08 ədəd büküm aşkar edilmiş, bükümlərdən üçünün içərisində ağ rəngli, kristal şəkilli maddə, beş bükümdə isə tünd qəhvəyi rəngli maddə olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ rəngli, kristal şəkilli maddə «şüşə», tünd qəhvəyi rəngli maddə isə «kakos»dur. Üzərində sarımtıl rəngli qaşı olan bənövşəyi rəngli kisənin içərisindən isə «Aosai» markalı elektron tərəzi aşkar edilmiş, Z.Əliyev zərgər işləməsi səbəbindən həmin tərəzini üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra Z.Əliyevdən aşkar edilmiş ümumilikdə 8 büküm zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYPŞ-nin inspektoru Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Z.A.R.Əzizovun üstünə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan yaşıl rəngli gödəkçənin iç sol cibindən şəffaf sellofan torba və üzərində sarımtıl rəngli qaşı olan bənövşəyi rəngli kisənin içərisində ümumilikdə 08 ədəd büküm aşkar edilmiş, bükümlərdən üçünün içərisində ağ rəngli, kristal şəkilli maddə, beş bükümdə isə tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 21-22-ci vərəqələrində olan 06 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Z.A.R.Əzizov həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 126-130-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Z.A.R.Əzizov barəsində 06 yanvar 2021ci tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Z.A.R.Əzizov barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 61-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2021-ci il tarixli, 6/61 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,142 qram, 0,138 qram, 0,127 qram, 0,123 qram, ümumi təmiz çəkisi 0,698 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitəheroindir. Üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,425 qram, 0,415 qram, 0,656 qram, ümumi təmiz çəkisi 1,496 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyysi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyysi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,060 qram metamfetamin, 0,050 qram heroin sərf olunmuş, metamfetaminin qalığı 1,436 qram, heroinin qalığı 0,648 qram təşkil edir. Cinayət işinin 1-ci cild 62-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 166-167-ci vərəqəsində olan 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd “Aosai” markalı elektron tərəzi, ekspertizaya təqdim edilmiş 0,698 qram narkotik vasitə heroin, qalıq qalmış 1,496 qram psixotrop maddə metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış, 01 ədəd “Aosai” markalı elektron tərəzi, “Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti № 63” məzmunlu ştampla ştamplanmış 01 ədəd zərfdə olan 0,698 qram narkotik vasitə heroin, 1,496 qram psixotrop maddə metamfetamin heroin saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 09-10-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 15 fevral 2021-ci il tarixli, 476 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 yanvar 2021ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Z.A.R.Əzizov ünvan 3 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 207-213-cü vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmündən görünür ki, Z.A.R.Əzizov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Z.A.R.Əzizovun ibtidai istintaq zamanı 07.01.2018-ci il tarixindən 06.06.2018-ci il tarixədək həbsdə saxlanıldığı 150 (bir yüz əlli) gün bir günə iki gün hesablanmaqla, yəni 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, həmin 10 (on) ay təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Z.A.R.Əzizovun üzərində qəti olaraq 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 1-ci cild 199-cu vərəqəsində olan Yasamal rayon icra və probasiya şöbəsinin 28 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 hökmü 16 iyul 2019-cu il tarixdə şöbədə qeydiyyata alınmış və məhkum Z.A.R.Əzizov 13 noyabr 2019-cu il tarixdən şöbənin qeydiyyatındadır. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 06 yanvar 2021-ci il tarixdə saat 02:00-dan 03:40dək qeydə alınmışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin baş təhqiqatçısı Şahin Fərhadov özünü təqdim edir, bundan sonra Nəsimi RPİnin DYPŞ-nın inspektorları Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş Həsənli hasil Nəsir oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və o, özünü təqdim edir. Təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşur, əgər varsa təqdim olunmasını təklif edir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçənin iç sol cibindən şəffaf sellofan torba və üzərində sarımtıl rəngli qaşı olan bənövşəyi rəngli kisəni aşkar çıxarıb masanın üzərinə qoyur. Kisənin içinə baxış keçirilərkən həmin torbadan ümumilikdə 08 ədəd büküm aşkar edilir, həmin bükümlərdən üçünün içərisində ağ rəngli, kristal şəkilli maddə, beş bükümdə isə tünd qəhvəyi rəngli maddə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs, ağ rəngli, kristal şəkilli maddələrin «şüşə», tünd qəhvəyi rəngli maddələrin isə «kakos» olduğunu bildirir və bu hal video görüntü zamanı qeydə alınır Beləliklə, Z.A.R.Əzizovun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, CD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxs Z.A.R.Əzizova cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Z.A.R.Əzizova cəza təyin edərkən özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Z.A.R.Əzizovun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Z.A.R.Əzizovun törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxs Z.A.R.Əzizova cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki hökmlə Z.A.R.Əzizova ünvan 3 hökmü ilə təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 05 (beş) ay 18 (on səkkiz) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Z.A.R.Əzizov həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Z.A.R.Əzizovun azadlığı 06 yanvar 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 15 fevral 2021-ci il tarixli, 476 saylı rəyinə əsasən Z.A.R.Əzizovun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Z.A.R.Əzizova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə digər maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,648 qram narkotik vasitə olan heroin və 1,436 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat 82 (səksən iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Z.A.R.Əzizovun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Z.A.R.Əzizova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Z.A.R.Əzizovun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ünvan 3 hökmü ilə təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 05 (beş) ay 18 (on səkkiz) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X3, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə digər maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,648 qram narkotik vasitə olan heroin və 1,436 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar