Məhkəmə qərarları › İş №1(006)-262/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-262/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-262/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 mart 2025-ci il tarixli, 1(004)-23/2025 saylı hökmü ilə qəti olaraq 02 il 06 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, işləməyən, Beyləqan rayonu, Əmirseyidli kəndində qeydiyyatda olan və barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə cinayətkar niyyətindən məlumatsız olan tanışı Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs özünü guya Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi kimi təqdim edərək sonuncuya 3000 manat pul müqabilində həmin xəstəxanada tibb qardaşı vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə 14 sentyabr 2024-cü il tarixdə X2 rayonu, Moskva prospekti 80 saylı ünvanın qarşısında 1500 manat, 15 sentyabr 2024-cü il tarixdə saat 21:34-də Afiq İbrahimovun ünvan 2 ünvanda yerləşən “Kür market”də quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə onun göstərişi ilə cinayətdən məlumatsız olan tanışı X1 adına olan 541-2498-1311-9422 nömrəli bank kartının hesabına göndərdiyi 500 manat və 25 sentyabr 2024-cü il tarixdə saat 22:27-də Afiq İbrahimovun ünvan 3 ünvanında yerləşən “Araz Supermarket” mağazasında quraşdırılmış “MPay” elektron ödəmə terminalı vasitəsi ilə onun göstərişi ilə cinayətdən məlumatsız olan tanışı Şahid1 adına olan 4098-5844-5842-8503 nömrəli bank kartının hesabına göndərdiyi 1000 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Afiq İbrahimova ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 təxminən 1 il olar ki, Tik-Tok sosial şəbəkəsi üzərindən tanıyır. O zamanlar o, həmin sosial şəbəkədə hesab açaraq özünü hər kəsə Mirqasımov adına xəstəxananın həkimi kimi təqdim edirmiş. Samirə xanım isə Tibb qardaşları və Tibb bacıları hazırlayan kursda müəllimə olaraq çalışırmış. Tanışlıqları isə belə olmuşdur ki, o, Şahid2 yazaraq yalandan bildirmişdi ki, güya çalışdığı xəstəxanada tibb bacıları və tibb qardaşları vakant yerləri boşdur və əgər onun kursunda olan tələbələrə lazım olarsa həmin tələbələri müəyyən ödəniş qarşılığında işlə təmin edə bilər. 2024-cü ilin sentyabr ayında Şahid2 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs adlı tanışının Mirqasımov adına xəstəxanada tibb qardaşı kimi işlə təmin olunmaq istədiyini bildirmişdir. O, isə Şahid2 yalandan bildirmişdir ki, bu işi həll edə bilər. Həmçinin söhbət zamanı o, Şahid2 bildirmişdir ki, bu işin həlli üçün Zərərçəkmiş şəxs 3000 manat pul ödəməlidir. Həmin gün Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış və onlar işlə bağlı müəyyən məsələləri müakirə etmişdirlər. Bu minvalla o, Zərərçəkmiş şəxsla xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə görüşmüşdürlər. Həmin vaxt orada özünü Afiqin dayısı kimi təqdim edən Vüqar adlı şəxs də olmuşdur. O, söhbət zamanı Zərərçəkmiş şəxs məsələnin ciddiliyinə inandırmaq üçün bəzi sənədlərin surətlərini çıxarıb ona təqdim etməsini istəmişdir. Zərərçəkmiş şəxs bunu etmək üçün onlardan uzaqlaşdı o, isə Vüqarla birlikdə bir qədər söhbət etmişdir. Bir müddət sonra isə Afiq sənədlərin surətlərini çıxararaq yenidən onlara yaxınlaşmış, 1500 manat pulu isə ona özünü Afiqin dayısı kimi təqdim edən Vüqar adlı şəxs təqdim etmişdir. Afiqlə razılıqları belə olmuşdur ki, sonuncu ona pulun qalan hissəsini 2024-cü ilin sentyabr ayı ərzində hissə-hissə olmaqla göndərəcəkdir. Bu minvalla Zərərçəkmiş şəxs ona xx.xx.2024-cü il tarixdə onun göndərdiyi lakin tanışı X1 adına olan 541-2498-1311-9422 nömrəli kart hesabına 500 manat, xx.xx.2024-cü il tarixdə onun göndərdiyi lakin tanışı Şahid1 adına rəsmiləşdirilmiş 4098-5844-5842-8503 nömrəli kart hesabına 1000 manat pulu göndərmişdir. Daha sonra o xatırlamadığı tarixlərdə tanışları Elgiz və Fədai ilə görüşərək həmin pulları sonunculardan götürmüşdür. O, Fədai və Elgiz adlı şəxslərə pulun nə ilə bağlı və kimdən alınması barədə məlumat verməmiş və həmin məbləğlərdən sonunculara heç bir vəsait verməmişdir. Lakin o, Zərərçəkmiş şəxs işinin həlli istiqamətində heç bir iş görməmiş və onun tərəfindən göndərilən pulları öz şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə ailə üzvləri razılıq əldə etdiklərini və dəymiş ziyanı ödəyəcəklərini bildirərək məhkmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2 ilə yaxındır ki "Gesko" şirkətində mühafizəçi kimi çalışır. Lakin həmin şirkətdə aldığı nəvacib az olduğu üçün uzun müddətdir ki, iş yerini dəyişmək istəyirmiş. Həmçinin qeyd etmişdir ki, “Yüksəl Tibb” kursunda tibb qardaşlığı kurslarını keçmişdir. İş yerini dəyişmək üçün həmin kursda müəllimə kimi çalışan Şahid2 ona Təqsirləndirilən şəxs məsləhət görmüş və bildirmişdir ki, Təqsirləndirilən şəxs bu kimi işləri həll edə bilir. Bundan sonra da, onun mobil nömrəsin vermişdir. O, Təqsirləndirilən şəxs sonuncunun istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Rahib ona Mirqasımov adına Respublika xəstəxanasında işlədiyini bildirmişdir. Telefon danışığı zamanı onu həmin xəstəxanaya tibbi qardaşı kimi işə düzəldəcəyini vəd etmişdir. Bu işin qarşılığında isə ondan 3000 manat pul alacağını bildirmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs bu məsələ ilə bağlı razılıq vermiş və 14 sentaybar 2024-cü il tarixdə ilkin olaraq həmin şəxsə Nəsimi rayonu, “Şamaxinka” kimi tanınan ərazidə əlbəəl 1500 manat pulu tanışı Vüqarın iştirakı ilə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona göndərdiyi lakin X1 adına olan “Leo Banka” məxsus 541- 2498-1311-9422 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 21:34-də Nərimanov rayonu, Novruzov Qardaşları küçəsində yerləşən “Kür marketdə” quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsilə 500 manat göndərmişdir. Bundan başqa isə sonuncu dəfə yenidən Təqsirləndirilən şəxs ona göndərdiyi lakin Şahid1 adına olan “Leo Banka” aid 4098-5844-5842-8503 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 22:27-də Nəsimi rayonu Mərdanov Qardaşalrı 137 ünvanında yerləşən “Araz” mağazasında quraşdırılmış “MPay” ödəmə terminalı vasitəsi ilə 1000 manat pul göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğ ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək halhazırda dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edildiyini bildirərk ona qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, “Yüksəl” tibb mərkəzində müəllimə olaraq çalışır. Həmin tibb müəssisəsində tibb bacıları və tibb qardaşlarını hazırlayırlar. Bir nəfər tələbənin kursu biritməsi və diplomla təltif olunması prossesi 1 və ya 2 il davam edir. Zərərçəkmiş şəxs da, məhz həmin kursdan tanıyır. Zərərçəkmiş şəxs işlədiyi kursda tələbə olmuşdur. Afiqlə söhbət zamanı sonuncu bildirmişdir ki, əgər tibb qardaşı işi olar isə bu barədə ona məlumat versin. Bir müddət keçdikdən sonra əvvəllər tanımadığı Təqsirləndirilən şəxs “Tik-Tok” sosial şəbəkəsi üzərindən ona yazaraq özünü Mirqasımov adına xəstəxananın həkimi olaraq təqdim etmiş, söhbət zamanı sonuncu bildirmişdir ki, onun çalışdığı xəstəxanaya tibb qardaşları və tibb bacıları lazımdır. Həmçinin Təqsirləndirilən şəxs, söhbət zamanı bildirmişdir ki, əgər işlə təmin olunmaq istəyən hər hansı bir şəxs olarsa sonuncu bu işi müəyyən ödəniş qarşılığında həll edə bilər. Bu minvalla o, Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq sonuncuya Təqsirləndirilən şəxs mobil nömrəsini təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əlaqə saxlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla telefonla danışmış və dayısı ilə birlikdə Təqsirləndirilən şəxsla bu məsələni müzakirə etmək üçün görüşəcəklər. Bundan təxminən 2 ay keçdikdən sonra Zərərçəkmiş şəxs əlaqə saxlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs telefon zənglərinə cavab vermir, o, isə Afiqə bu məsələnin onunla heç bir əlaqəsinin olmamasını bildirmişdir. İş materiallarında olan: - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İ, i.v.72-73); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (cild İ, i.v.93); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 01 il 11 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild İ, i.v.89-90); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 02 ədəd qəbz maddi sübut kimi tanınaraq iş maetriallarına əlavə edilmişdir (cild İ, i.v.127-134) ; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)–178/2023 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 günü bərabər tutulmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 09 gün və 18 oktyabr 2023-cü il tarixdən 16 mart 2024-cü il tarixədək 04 ay 27 gün, ümumilikdə 08 ay 06 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 02 il 06 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - İ-85339 nömrəli və İ-2291 nömrəli vəsiqələrə əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, İ-85339 nömrəli və İ-2291 nömrəli vəsiqələrə əsasən “Vətən müharibəsi iştirakçısı” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərər alır. Eyni zamanda onun cəzasının ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə hazırda da azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək bu dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 16 dekabr 2024-cü il tarixdən hesablanmalı və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 09 gün (Abşeron Rayon Məhkəməsinin hökmü üzrə) və 18 oktyabr 2023-cü il tarixdən 16 mart 2024-cü il tarixədək 04 ay 27 gün (Yasamal Rayon Məhkəməsinin hökmü üzrə), ümumilikdə 08 ay 06 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 07 ay 24 gün (iki il yeddi ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 34 saat üçün nəzərdə tutulan 294 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 mart 2025-ci il tarixli, 1(004)-23/2025 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 09 gün (Abşeron Rayon Məhkəməsinin hökmü üzrə) və 18 oktyabr 2023-cü il tarixdən 16 mart 2024-cü il tarixədək 04 ay 27 gün (Yasamal Rayon Məhkəməsinin hökmü üzrə), ümumilikdə 08 ay 06 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 07 ay 24 gün (iki il yeddi ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd ödəniş qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 34 saat üçün nəzərdə tutulan 294 (iki yüz doxsan dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar