Məhkəmə qərarları › İş №1(006)-263/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-263/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-263/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 564/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmavan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,289 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2025-ci il tarixdə saat 17:40-da Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,289 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci il tarixdən psixotrop maddə olan metamfetamindən istifadə edir. Eyni zamanda o, 03 fevral 2025-ci il tarixdə saat 12-13 radələrində özünə “patı” kimi adlanan psixotrop maddə olan metamfetamin almaq məqsədilə Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan sahəyə getmişdir. Orada yol kənarında dayanan tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq satılıq narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. O, həmin şəxsə 10 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamini almış və içərisinə açıb baxmışdır. Psixotrop maddə metamfetamin aldığına əmin olduqdan sonra aldığı 01 ədəd bükümü əynində olan şalvarın sağ yan cibinə qoyaraq oradan ayrılmış və həmin bükümü gecə istifadə etməyi planlaşdırmışdır. Həmin gün, yəni 03 fevral 2025-ci il tarixdə saat 17:40 radələrində o, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində tək şəkildə piyada hərəkətdə olduğu zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və ondan kim olduğunu soruşaraq şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək üzərində heç bir sənədin olmadığını demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsində və istifadəsində, dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, həmin əməkdaşlara psixotrop maddə metamfetamindən istifadə etdiyini və hazırda da üzərində həmin maddədən olduğunu demişdir. Daha sonra polis əməkdaşları onu 22-ci PŞ-nin inzibati binasına getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmiş və xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı və üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. O, buna etiraz etməmiş, sonradan dəvət edilmiş müdafiəçinin və onu saxlayan polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi prosesi başlanmışdır. Təhqiqatçı tərəfindən üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də qanunsuz nə varsa təqdim etməyi xahiş etmişdir. O, da əynində olan şalvarın sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər polis əməkdaşı tərəfindən videokameraya çəkilmişdir. İçərisində psixotrop maddə metamfetamin olan təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan aşkar edilmiş bükümün içərisində olan maddənin nə olduğu və haradan əldə etdiyi soruşulmuşdur. O, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2025-ci il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını etiraf etmişdir. Bundan başqa təhqiqatçı tərəfindən üzərində aparılan şəxsi axtarış zamanı üstündə heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş 01 ədəd büküm ekspertiza göndəriləcəyi üçün içərisi boş olan zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlənmiş və həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan əlavə o, polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi, həmçinin hər hansı bir digər formada təsir olunmadığını bildirmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 03 fevral 2025ci il tarixdə işlədiyi Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, istifadəsi və üzərində daşınması barədə əvvəlcədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və o da qrupun üzvü seçilmişdir. Daxil olan məlumatı yoxlamaq məqsədi ilə o, 03 fevral 2025-ci il tarixdə saat 17:00 radələrində iş yoldaşı Nəsimi RPİ-nin 22-ci PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə Nəsimi rayonu, S.Vurğun küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsinə gedərək orada 20-25 dəqiqə müddətində gözləmişlər. Həmin gün 03 fevral 2025-ci il tarixdə saat 17:40 dəqiqədə zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin onlara tərəf gəlməsini müşahidə etmiş, sonuncuya yaxınlaşaraq özlərini 22-ci PŞ-nin əməkdaşı kimi təqdim etdikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün kim olması sualını vermiş və şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onları əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərində şəxsiyyətini təsdiq edəcək sənədi, eləcə də əlverişsiz hava şəraiti ilə əlaqədar saxlanıldığı yerdə üzərinə video görüntü vasitəsilə fasiləsiz yoxlama keçirilməsi mümkün olmadığından Təqsirləndirilən şəxs 22-ci PŞ-nin inzibati binasına getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün birlikdə 22-ci PŞ-nin inzibati binasına gəlmişlər. 03 fevral 2025-ci il tarixdə PŞ-nin inzibati binasında təhqiqatçı Azər Aslanlı tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, daha sonra onun, həmkarları Şahid2 və ekspert kriminalist Vahid Kazımovun, müdafiəçinin iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti bir daha müəyyən edilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesi başlanmışdır. Şəxsi axtarış və götürmə başlanmamışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirildikdə orada psixotrtop maddə olan metamfetaminə bənzər ağ kristal şəklində maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda sonuncu üzərindən aşkar edilən maddənin “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm içərisi boş olan zərfə qoyularaq möhürlənmiş, həmin zərfə bütün iştirakçılarla bərabər o da imza etmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23-24); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.69-70); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.91-95); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli kağıza bükülmüş psixotrtop maddə metamfetaminə maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.39-40); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/475 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 190” möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs /imza/; Hüseynov Səfər /imza/; Şahid2 /imza/; Şahid1 /imza/; Kazımov Vahid /imza; təhqiqatçı Azər Aslanlı /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,289 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir (i.v.57-61); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 602 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.123-124); - “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,289 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,239 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.96-97); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,289 qram psixotrop maddə metamfetaminin və üzərinə şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd DVD diskin maddi sübut kimi tanınması haqqında qərar nəzərə alınmışdır (i.v.131- 138); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.113-114); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-564/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 18 iyun 2024cü il tarixdən 20 iyun 2024-cü il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.104-112); - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin 1(004)-564/2024 saylı xx.xx.2024-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs yerini müəyyən etmək və probasiya qeydiyyatına almaq mümkün olmamışdır. Göstərilən səbəbdən Təqsirləndirilən şəxs tərəfindən təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 01 il 11 ay 26 gün təşkil edir. - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü “Kubinka” adlanan ərazidən, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-564/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 564/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 602 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, 16 saata görə 116 (yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-564/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 116 (yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar