Məhkəmə qərarları › İş №1(006)-264/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-264/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-264/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Samux şəhəri, N.Nərimanov küçəsi, döngə-2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 45 saylı ünvanda yerləşən qarajların qarşısında Zərərçəkmiş şəxs1 5 manat müqabilində oral yolla cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu da onunla razılaşaraq əynindəki şalvarın sağ yan cibində olan pulların arasından 5 manat çıxararaq ona verib qalan pullarını şalvarının arxa sağ cibinə qoymuş, bundan sonra o, orada onun şalvarını dizlərinə qədər aşağı endirib onunla oral yolla cinsi əlaqədə olan zaman gizlicə onun şalvarın arxa sağ cibindən 810 manat pulunu çıxarıb hadisə yerindən qaçaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 86 saylı ünvanda olarkən Zərərçəkmiş şəxs2 3 manat müqabilində oral yolla cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu da onunla razılaşaraq yaxınlıqda olan qaranlıq yerə gəlmiş, orada əynindəki şalvarın sol yan cibində olan pulların arasından 3 manat çıxararaq ona verib qalan pullarını şalvarının sol yan cibinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs həmin yerdə onun şalvarının kəmərini açıb dizlərinə qədər aşağı endirərək sonuncu ilə oral yolla cinsi əlaqədə olan zaman gizli yolla onun əynindəki şalvarın sağ yan cibindən yerə düşmüş 516 manat pulu və üzərində 3 manat dəyərində ***-***-**-** GSM nömrə və 2 manatlıq danışıq kartı olan 30 manat dəyərində “Alkatel” markalı mobil telefon aparatını götürüb hadisə yerindən qaçaraq zərər çəkmiş şəxsə ümumilikdə 551 manat məbləğində maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, cinsi azlığın nümayəndəsi olduğu üçün Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi və “Şamaxinka” deyilən ərazidə fahişəliklə məşğul olurdu. xx xxxxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində “Şamaxinka” deyilən ərazidə yerləşən “Məkan” adlı kafenin yaxınlığında dayanıb müştəri gözləyərkən metronun “20 Yanvar” stansiyası tərəfdən bir nəfər tanımadığı şəxsin, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 gəldiyini görüb ona yaxınlaşıb siqaret istəmiş, sonuncu də cibindən siqareti çıxarıb ona vermişdir. Siqareti yandırıb onunla söhbət edən zaman Zərərçəkmiş şəxs1 cinsi azlığın nümayəndəsi olduğunu dedikdə, sonuncu ondan hansı məbləğə intim xidməti göstərəcəyini soruşmuş, o da 5 manat müqabilində bu işi görə biləcəyini söyləmişdir. Bundan sonra o, Loğmana yaxınlıqda olan ağacların arasındakı qaranlıq yerdə bu işi görəcəyini bildirib onunla A.Məhərrəmov küçəsi, 45 saylı ünvanda yerləşən binaların qarşısındakı qarajların yanına gəlmişdir. Bu zaman Loğman əynindəki şalvarın sağ yan cibindən çıxardığı bir neçə 100 manatlıq əsginazların arasından ona 5 manat pul çıxarıb vermiş, qalan pulları isə şalvarının arxa sağ cibinə qoymuşdur. O da bu pulları gördükdə onları götürərək oradan uzaqlaşmaq qərarına gəlmişdir. Buna görə də Loğmanı qarajların qarşısında qaranlıq yerə aparmış və əvvəl onu qucaqlayaraq əynində olan şalvarın kəmərini və zəncirbəndini açaraq bir az aşağıya çəkmiş və əlini onun arxasına aparıb sıxmağa və onu öpməyə başlamışdır. O, Loğmanın ehtirasının oyandığını görüb gizlicə əlini onun əynindəki şalvarın arxa sağ cibinə salıb pulları çıxararaq ovcunda saxlamışdır. Bundan sonra Loğmana “deyəsən səs gəlir, qoy mən baxım görüm gələn varmı” deyərək oradan bir az uzaqlaşıb kənara çəkilmiş, arxaya dönüb baxanda isə onun əlini şalvarının ciblərinə vurduğunu, pulunun olmadığını hiss edib şalvarını bağlayabağlaya onun arxasınca gəldiyini görmüş və “dayan” deyə səslənərkən o, qaçmışdır. Oradan qaçıb yaşadığı evə gəlmiş, pulları sayanda 08 ədəd 100 manatlıq və 01 ədəd 10 manatlıq əsginazların, ümumilikdə 810 manat məbləğində pulun olduğunu görmüşdür. Hadisədən sonra qeydiyyatda olduğu Samux rayonuna getmiş, Loğmandan götürdüyü 810 manat pulu öz ehtiyaclarına xərcləmişdir. xx.xx.2020-ci il tarixdə isə onu 19-cu polis şöbəsinə dəvət etmişlər. O bundan başqa cinayət törətməmişdir. Zərərçəkmiş şəxs2 tanımır və onu heç vaxt görməmiş, onunla görüşməmişdir. Ona məxsus 516 manat məbləğində pulu və 30 manat dəyərində “Alkatel” markalı mobil telefon aparatını götürüb qaçmamış, ona qarşı soyğunçuluq əməlini törətməmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki,xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində usta kimi işlədiyi Xətai rayonu ərazisində yerləşən binaların birində təmir işini bitirdikdən sonra işinə görə 860 manat pul alaraq dostları ilə birlikdə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında olan kafelərin birində yemək yeyib spirtli içki qəbul etmiş, sifarişin pulunu ödədikdən sonra 815 manat pulu qalmışdır. Dostlarından aralaşıb saat 23:30 radələrində “Şamaxinka” adlanan ərazidə yerləşən avtobus dayanacağına doğru gedərkən bir nəfər,adını sonradan istintaq dövründə bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq siqaret istəmiş, o da cibindən siqaret çıxarıb ona vermiş, sonuncu da siqareti yandırıb çəkərək onunla söhbət edərkən 5 manat müqabilində ona intim xidmət göstərə biləcəyini demişdir. O da sərxoş olduğundan cinsi azlığın nümayəndəsi olan Rəşadın təklifini qəbul etmiş və onunla birlikdə oradan bir qədər uzaqda yerləşən yaşayış binaların qarşısındakı qarajların yanına gəlmişdir. Orada əynindəki şalvarın sağ yan cibindən pullarını çıxarıb Rəşada 5 manat pul verib qalan pullarını arxa sağ cibinə qoymuşdur. Rəşad qarşısında əyilib onun əynindəki qara rəngli şalvarın kəmərini və zəncirbəndini açaraq dizlərinə kimi çəkib ona 2 dəqiqə intim xidmət göstərmiş, daha sonra birdən ayağa qalxaraq ətrafa nəzər salıb kiminsə gəlib-gəlmədiyinə baxıb qayıdacağını deyib tez oradan uzaqlaşmışdır. Bu vaxt o, əlini şalvarının arxa sağ cibinə toxunduranda orada 810 manat pulunun olmadığını hiss edib əynindəki şalvarını bağlaya-bağlaya Rəşadın arxasınca qaçaraq ona “dayan” deyə səsləsə də, sonuncu arxaya baxa-baxa qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra baş vermiş hadisə barədə “102” xidmətinə məlumat vermişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə dindirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirakı təmin olunmamışdır. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs2 heç bir yerdə işləmir, Bakı şəhərində müxtəlif yerlərdə kirayə qalır, aldığı təqaüd ilə dolanır, İİ qrup əlildir. Bağırsaqlarında olan xəstəliyi ilə əlaqədar müalicə almaq üçün bankdan əvvəlcə 1.482 manat, daha sonra 2.500 manat kredit pul götürmüşdür. Sonuncu kreditdən onun cibində 519 manat pul qalmışdır. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 05 radələrində qalmağa yeri olmadığı üçün gecədən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 86 saylı ünvanda gəzişərkən ona bir nəfər, adını sonradan istintaq dövründə bildiyi Təqsirləndirilən şəxs yaxınlaşaraq 3 manat müqabilində intim xidmət göstərə biləcəyini bildirmiş, o da cinsi azlığın nümayəndəsinin təklifini qəbul edib onunla birlikdə oradan bir qədər uzaqda yerləşən qaranlıq bir yerə gəlib əynindəki şalvarın sol yan cibindən pullarını çıxararaq ona 3 manat pul vermiş və yenidən qalan pulunu həmin yerə qoymuşdur. Eyni zamanda ona məxsus “Alcatel” markalı mobil telefon aparatı da şalvarının sol yan cibində olmuşdur. Həmin oğlan onun qarşısında əyilib əynindəki şalvarın kəmərini və zəncirbəndini açaraq dizlərinə kimi çəkib ona 2 dəqiqə intim xidmət göstərmişdir. Birdən o hiss etmişdir ki, şalvarının cibindən pullar və mobil telefon yerə düşüb. O əyilib baxdıqda Rəşad yerdən ona məxsus 516 manat pulu və “Alcatel” markalı mobil telefonu götürərək ayağa qalxıb ətrafa nəzər salaraq kiminsə gəlib-gəlməməsinə baxıb qayıdacağını bildirərək tez oradan uzaqlaşmışdır. Bu vaxt o, əynindəki şalvarını bağlaya-bağlaya həmin şəxsin arxasınca qaçaraq “dayan” deyə səsləsə də,sonuncu arxaya baxa-baxa qaçaraq oradan uzaqlaşmışdır. Rəşad onun şalvarının sol yan cibindən yerə düşən 516 manat pulu və 30 manata tanımadığı şəxsdən aldığı “Alcatel” markalı, üzərində 3 manat dəyərində ***-***-**- ** saylı mobil nömrə və 2 manatlıq danışıq kartı olan mobil telefonunu götürüb qaçmışdır (cild İ, i.v.184-187). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki,Zərərçəkmiş şəxs1 qarşı xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 45 saylı ünvanda soyğunçuluq əməlinin törədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədilə keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində Zərərçəkmiş şəxs1 intim xidmət göstərmək adı ilə sonuncuya qarşı soyğunçuluq əməlini törədən şəxsin cinsi azlığın nümayəndəsi Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə dəvət etmiş, sorğu-sual zamanı sonuncu törətdiyi əməli səmimi etiraf etmişdir. Bundan əlavə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1lə telefon danışıqları aparmış, özündə olan cinsi azlıq nümayəndələrinin bir neçəsinin şəkillərini ona göndərmişdir. Həmin şəkillər əsasında Zərərçəkmiş şəxs1 telefonda ona qarşı soyğunçuluq əməlini törədənin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 qarşı xx.xx.2020-ci il tarixdə Moskva prospekti, 86 saylı ünvanda olan soyğunçuluq əməlinin törədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədilə keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində Zərərçəkmiş şəxs2 intim xidmət göstərmək adı ilə sonuncuya qarşı soyğunçuluq əməlini törədən şəxsin də Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 19-cu polis şöbəsinə dəvət edib özündə olan cinsi azlıq nümayəndələrinin bir neçəsinin şəkillərini ona göstərmişdir.Həmin şəkillər əsasında Zərərçəkmiş şəxs2 ona qarşı soyğunçuluq əməlini törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İş materiallarında olan: - “Şəxsin tanınması haqqında” xx.xx.2020-ci il tarixli protokol və fotoşəkillərə əsasən Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 86 saylı ünvana yaxın yerdə intim xidmət göstərmək adı ilə əynində olan şalvarının sol yan cibindən yerə düşmüş 516 manat pulunu və “Alcatel” markalı mobil telefonunu götürərək hadisə yerindən qaçan şəxsin ona təqdim olunan 4 nəfər şəxsdən soldan ikinci yerdə dayanmış, adı ona istintaq zamanı məlum olan Təqsirləndirilən şəxs olduğunu göstərir (İ cild, i.v.154-156); - xx.xx.2020-ci il tarixli “Üzləşdirmə” protokoluna görə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vermiş olduğu ifadəsini təsdiq edir (İ cild, i.v.157- 159); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2020-ci il tarixli, 1296 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.,Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.204-205); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx xxxx 2020-ci il tarixli, 4179 saylı məktubunda qeyd olunur ki, Təqsirləndirilən şəxs 2019-cu il iyun ayının 17-dən 18-dək olan müddət ərzində həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Diaqnoz: “Seksual münasibətlərin pozğunluğu” (İ cild, i.v.189); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)- 215/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.97-98); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.99- 100,103-108); - Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(006)-255/2019 saylı hökmü icraya yönəldilsə də, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 16 saylı ünvanda tapmaq mümkün olmadığı üçün o, qeydiyyata götürülməmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CMnin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq əməllərinin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bununla onun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Orucov X2 Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər talama cinayətinə görə məhkum olunaraq təyin olunmuş cəzasını çəkməsməsini, bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(006)-255/2019 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq 08 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 08 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin.fat Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar